Tanınmış azərbaycanlı model: “Mənə həmin gecə “evlənək” dedi” - MÜSAHİBƏ/FOTOLAR
Bizi izləyin

Müsahibə

Tanınmış azərbaycanlı model: “Mənə həmin gecə “evlənək” dedi” - MÜSAHİBƏ/FOTOLAR

İnna Kvirtiya Azərbaycanda tanınan modellərdəndir. Ancaq onu daha çox hazırda Bakının AZAL klubunun şərəfini qoruyan gürcü əsilli Nuqzar Kvirtiyanın həyat yoldaşı kimi tanıyırlar. İnnanın damarında azərbaycanlı qanı da var. Çünki onun atası azərbaycanlı, anası isə rusdur. Ancaq İ.Kvirtiyanın həyatı və karyerası tamamilə Azərbaycana - Bakıya bağlıdır. O, hazırda model, moda dizayneri kimi fəaliyyət göstərir.

Vətəninə bağlı olan model xanım Publika.az-a müsahibəsində həyat yoldaşı ilə tanışlığından və işlərindən danışdı:

- İnna xanım, sizi daha çox futbolçu Nuqzar Kvirtiyanın həyat yoldaşı kimi tanıyırlar. Amma moda sahəsində yetərli qədər tanınan birisiniz. Bəs siz özünüzü necə təqdim edərdiniz?

- Mən Bakıda anadan olmuşam. Moskva Sosial Dövlət Universitetinin Moda Dizaynı fakültəsini bitirmişəm. Daha sonra qrafika, illüstrasiya, foto, “foto-retuş” işi ilə məşğul olan sərbəst dizayner kimi fəaliyyət göstərmişəm. Bir çox şou-biznes ulduzuna eskizlər hazırlamışam, dizayner kimi televiziya layihələrində iştirak etmişəm, teatr tamaşalarında kostyumlar üzrə rəssam olmuşam və s.

- Bəs modelliyə neçə yaşından başlamısınız?

- Moda biznesinə 15 yaşımda gəldim. O andan podium modeli və teleaparıcı köməkçisi kimi işə başladım.

- Nuqzar ilə necə tanış oldunuz? O, sizin ürəyinizi necə qazandı?

- Nuqzar dostları ilə şam yeməyində olarkən onunla tanış oldum. O zaman AZAL futbol klubunda oynamaq üçün gəlmişdi. Biz əvvəlcə dost olmaq qərarına gəldik. Amma 3 görüşdən sonra daha fərqli şeylər hiss etdik (gülür). Və beləliklə, münasibətimiz başladı.

- Nuqzar sizə romantik bir evlilik təklifi edib? Sirr deyilsə, bizimlə bölüşə bilərsinizmi?

- Yeni il gecəsi idi. O, Qızıl meydanda mənə onunla evlənməyi təklif etdi. Təbii ki, bu da mənim üçün böyük sürpriz oldu və qəbul etdim (gülür).

- Səhv etmirəmsə, sizin tanışlığınızda hansısa azərbaycanlı futbolçunun da rolu olub. O, kim idi?

- Bəli, İlqar Qurbanov. O və Vaqif Cavadov bizim toy mərasiminin ən yaxşı oğlanları idi.

- Maraqlıdır, Nuqzar sizin üçün nəyəsə məhdudiyyətlər qoyurmu?

- Ola bilməz. Çünki bizim münasibətlərimiz hər iki tərəfin də inam və hörməti əsasında qurulub.

- Sualı bir də belə verim. Siz peşəkar modelsiniz. İşinizlə əlaqədar olaraq, bir kişi ilə fotosessiyanız ola bilər. Bu zaman Nuqzar qısqanclıq edir?

- O, elə deyil (gülür). Amma mən onun hisslərinə hörmətlə yanaşdığım kimi yad kişilərlə çəkilişlərin də qarşısını almağa çalışıram.

- Futbolçu ilə ailəli olmaq necədir? Bu evliliyin çətin tərəfləri nələrdir?

- Ən çətini bir-birindən uzaq qalmaqdır - Rusiya, Gürcüstanda oynadığı vaxtlar... Ən pisi isə onun Tunisdə çıxış etdiyi dövr idi.

- Dediyiniz kimi futbolçular karyerası ilə bağlı olaraq, bu gün burada, sabah başqa ölkədə çıxış edə bilər. Belə olan halda sizin modellik işiniz necə olur?

- Vətənə bağlı biri olduğum üçün yoldaşım məni onunla birlikdə getməyə məcbur etmir. Belədə biz ancaq məzuniyyət günləri görüşməyə, bir-birimizə vaxt ayırmağa imkan tapırıq. Şükürlər olsun ki, indi biz ən yaxşı vaxtlarımızda birlikdə, bir damın altındayıq. Təbii ki, bunun üçün AZAL klubuna çox minnətdaram.

- Deyəsən, Nuqzar da kameralar qarşısında olmağı xoşlayır. Sosial şəbəkələrdən də gördüyümüz kimi sizin birlikdə maraqlı, gözəl şəkilləriniz var. Maraqlıdır, şəkil çəkdirərkən ideyanı kim verir? Düzdür, siz bu işin peşəkarısınız. Bəs Nuqzar?

- Deyəsən, Nuqzardakı bu istedad anadangəlmədir (gülür). O, çox yaradıcıdır. Kameralardan çəkinmir. Hətta studiyada özünü çox rahat hiss edir.

- Nuqzarın ağır məşqlərdən sonra əhvalı necə olur?

- Onun məşqlərdən sonrakı vərdişi PES və FIFA kimi (Play-Station) kompüter oyunları oynamaqdır. Əlbəttə onun əhval-ruhiyyəsi komandasının nümayiş etdirdiyi oyundan asılıdır. Lakin o, heç vaxt aqressiv və əsəbi olmur.

- Bəs sizin futboldan anlayışınız nə qədərdir? Adətən deyirlər ki, ofsaydı bilən xanımdan qorxmaq lazımdır...

- Onda siz məndən qorxmalısınız (gülür). Mən onu sevdiyim üçün kifayət qədər başa düşürəm. Futbol çox strateji oyundur və siz sadəcə özünüzü düşünməməlisiniz. Komandanı düşünməli və hiss etməlisiniz.

- Yəqin ki, yoldaşınızı dəstəkləmək üçün stadiona da gedirsiniz?

- Hər zaman ora getmək üçün bir şans var.

- Stadionda çılğın azarkeş kimi olursuz, ya sakit?

- Stadionda çılğın azarkeş kimi görünmürəm. Çünki duyğularımı, hisslərimi qorumağa, sakit olmağa çalışıram. Amma hər dəfə buna nail ola bilmirəm. Futbol çox emosional və möhtəşəm şoudur, xüsusilə mənim həyat yoldaşım oynayarkən.

- Heç olubmu Nuqzar desin, bu matça gəl, ya gəlmə?

- İndi bunu etməyə başlayıb, çünki uşaq gözləyirik. O, sağlamlıq mövzusunda çox qayğıkeşdir. Amma əvvəllər bizim bu barədə heç bir müzakirəmiz olmayıb. Mən ona dəstək olmaq üçün stadionda olurdum. Həmçinin öz zövqüm üçün başqa oyunlara da gedirdim.

- Sizin ailədə gəlin-qayınana münasibətləri necədir?

- Çox yaxşı (gülür). Biz başqa-başqa ölkələrdə yaşayırıq. Lakin hər zaman onu ziyarət etmək şansımız var. Təbii ki, bunu sevə-sevə edirik. Tanrı bizim analarımızı qorusun, onlara sağlam və xoşbəxt həyat versin.

- Nuqzar Azərbaycan mətbəxini sevirmi? Bizim mətbəxdən ən sevimli yeməyi hansıdır?

- Əlbəttə sevir. Gülməyin, amma deyəcəyəm. Onun ən sevdiyi yeməklərdən biri qutabdır.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm