Müğənni Samirə: “Onunla yola getmək mümkün deyil” - MÜSAHİBƏ
Bizi izləyin

Magazin1

Müğənni Samirə: “Onunla yola getmək mümkün deyil” - MÜSAHİBƏ

Şəxsi həyatını hər kəsdən gizli saxlayan müğənni Samirə Allahverdi açıb sandığı, töküb pambığı. Sənətdə kiminsə himayəsi olmadan yüksəlməyin mümkünsüzlüyündən, pulun həyatında oynadığı roldan, qayınana və qayınata ilə yaşamağın çətinliklərindən danışan ifaçı oğlu ilə mübahisələrini də gizlətməyib.

Pul olmayanda...

Müğənninin Publika.az-a eksklüziv müsahibəni təqdim edirik.

- Varlısınız?

-Varlı insanam. Baxır varı nədə görürsünüz?

- Özünüz nədə görürsünüz ki?

- İmanda. Yaradanımı tanıyıram. Bundan gözəl nə ola bilər? Pislik etmirəm, doğru yaşamağa çalışıram. Mənim üçün var-dövlət budur.

- Bəs maddi baxımdan?

- (Fikirləşir) Maddi baxımdan varlı deyiləm. Buna baxmayaraq, şükür edən insanam. Heç vaxt pul həvəskarı olmamışam, pul dalınca qaçmamışam. Pul ancaq dolanışığa lazımdır. Vəssalam!

- Varlı olmaq bir sənətçi üçün nə qədər vacibdir?

- Sənətdə vacibdir. Kliplərimiz, konsertlərimiz havayı başa gəlmir, əksinə ağlasığmaz vəsait xərclənir. Sənəti inkişaf etdirmək üçün pul çox vacibdir. Pul olmayanda çox əziyyət çəkirsən.

- Yəqin pulsuzluqdan çox əziyyət çəkmisiz...

- Bəli, elə ilk gündən çox çətinliklərlə qarşılaşdım. Əlimdən tutub nə müsabiqəyə, nə də bəstəkar yanına aparan olub. Hər şeyi təkbaşına etmişəm. Bir-bir qapı döymüşəm ki, məni dinləsinlər. Çətinliklə pul yığıb klip çəkdirmişəm. Konsert vermək istəmişəm, amma pulsuzluq ucbatından arzumu reallaşdıra bilməmişəm. Uzun illərdir səhnədə olsam da, hələ də konsert verməmişəm. Əlbəttə, müğənni konsert verməlidir. Amma nə etmək olar?!

- Elə həmkarlarınız var ki, özünü var-dövləti, bahalı geyimləri, daş-qaşları ilə reklam edir, gündəm yaradırlar. Belələrinə münasibətiniz necədir?

- Çox pis! Xoşagəlməz hal, xoşagəlməz mənzərədir. İnsan heç nəyi ilə öyünməməlidir. Sadaladığınız kimi nə bahalı geyimləri, nə var-dövləti, nə də daş-qaşı ilə. Onların heç biri bizim deyil. Necə verilibsə, elə də alına bilər. Özü də istənilən vaxt. Aldığımız nəfəs belə bizim deyil. Onu da alıb, sonra buraxırıq. Heç vaxt gördüyüm işlərlə öyünməmişəm. Sadəcə, onları tamaşaçılara təqdim etmişəm.

Bunlara görəmi vuruşurdum?

- Bəs müğənni üçün nə önəmli olmalıdır?

- İndi bəziləri üçün qalmaqallarla gündəmdə olmaq daha önəmlidir. Təəssüf! Mənim üçün önəmli olan sənətdir. Amma bugünkü vəziyyəti görəndə illərimə, əziyyətimə, zəhmətimə baxıb özümə bir sual verirəm. Bunlara görəmi vuruşurdum?

- Sizcə, bu, bacarıqsızlığınız deyil?

- Bu insanın xarakteri ilə əlaqədardır. Bəzən deyirlər ki, pul insanı qudurdur. Yox, əslində pul insanın əsl simasını üzə çıxardır. Bəzi müğənnilərin sənətə təzəcə gəldiyi illəri xatırlayıram. Elə məsum sima ilə salamlaşırdılar ki, görən onları mələk sanırdı. İllər keçdikcə elə dəyişdilər ki, indi tanımaq olmur. Bax, pul onları yekəxana edib.

- Sənətdə hansı qadağalarla qarşılaşmısınız?

- Qadağalarım yox, tək olduğum üçün irəli getməyimdə çətinliklər olub. Məni bəstəkara təqdim edən olmayıb. Hansı müsabiqəyə qatılmaq istədim, hansı bəstəkarın qapısını döydüm, sabah gələrsən deyirdi. Amma bunlar qadağa sayılmaz.

- Müsabiqələrdən danışmışkən, səs və dil biliyiniz "Eurovision"da iştirak etməyinizə imkan verir. Nə əcəb özünüzü sınamamısınız?

- Gəlin reallıqdan danışaq. "Eurovision"da nə səs, nə də dil biliyi keçmir. Bir addım atmazdan qabaq yüz ölçüb, bir biçənlərdənəm. Azərbaycanda fərqli düşüncə var. Yarışa qatıldınsa, mütləq qalib gəlməlisən. O zaman hamı səni sevəcək. Vay o gündən, yer tutmayasan. Xalq düşməni olacaqsan. İllərdir "Eurovision"da bu ənənə davam edir.

- Demək gözünüz qorxub?

- Qorxub, deməzdim. Məhz bu münasibət məni çəkindirib. Mən çox həssasam. Ardıcıl tənqid və neqativ enerji gəlsə, yox ola bilərəm. "7-17" mahnı yarışmasında və onun davamı olan yarışlarda iştirak etmişəm. Hələ o vaxt tapşırıqla yer tutanlar olurdu. Bu dünya belədir... Çox nadir hallarda kimsə təkbaşına gedib müsabiqədə qalib ola bilər.

Çəkib kənara, yerlərini başa salmışam

- Sənətdə sözünüzü demisiniz?

- Bəli. Sözümü demişəm, səhnədə yerimi tutmuşam. Sənətə elə-belə gəlməmişəm. Yalnız sənətimlə məşğul olmuşam. Mənə atmacalar olub, amma susmuşam. Problemim olan sənətçi ilə mübahisəmi pərdə arxasında həll etmişəm. Çalışmışam sənətkarların sənətini izləyim. Elə bilirsiz onların qalmaqalları olmayıb? Olub, amma onlar belə xəbərlərlə gündəmə gəlməyib.

- Pərdəarxası aydınlaşdırdığınız məqamlar çox olub?

- Yox, 3-4 belə hal olub. Gənc həmkarlarım olub. Mənə qarşı hörmətsizlik edib. Çəkib kənara, yerlərini başa salmışam. İzah etmişəm ki, sən hələ çox balacasan.

Nə qədər yaxşı olsa da, yenə də qayınana ilə yaşamaq çətindi

- Sənətdə ayağınızı bərkitmək üçün mücadilə verdiyiniz illərdə həyat yoldaşınız hansı mövqeni tutub, sizə mane olub, yoxsa dəstək?

- İlk gündən mənə dəstək olub. Dünya görmüş insandır. Ailə qurandan sonra ana oldum və sənətdən bir müddət kənarlaşdım.

- Göz önündə olmağınız həyat yoldaşınızı qısqandırmırdı?

- Yox. Elə şərait yaratmamışam ki, qısqansın.

- Yoldaşınız nə işlə məşğul olur?

- Keçmiş hərbiçidir.

- Bilirəm ki, ailədə qayınana və qayınata ilə yaşamısınız. Münasibətlər necə idi?

- Sənətçilərdən kim yaşayar? Heç kim! Allah qayınanama rəhmət eləsin. Qayınatam ilə indi də yaşayıram. Nə qədər yaxşı olsa da, yenə də qayınana ilə yaşamaq çətin idi. Nəsil fərqi var idi. Xasiyyətlərimiz də ayrı idi. Qayınanam öz qanunlarını qoymağı sevirdi. Vaxt keçdikdə mən də ona öz xarakterimi göstərdim. Anladı ki, dost olmaq istəyirəm. Küsüb-barışsaq da, 3 otaqlı evdə birlikdə yaşayırdıq.

- Sakit görünürsünüz. Onu nə qane etmirdi?

- Əslində, Samirə sakit deyil. Coşub qışqıra bilərəm. Amma ictimai insan olduğum üçün özümü yığışdırıram. Əsəbiləşə bilirəm. Məsələn, qayınanamın "Hara getdin?", "Axşama nə bişirəcəksən?", - sualları əvvəl-əvvəl məni qıcıqlandırırdı. Sonradan onlara öyrəşdim. Tək qalmaq istdikdə, qala bilmirəm. Sərbəst olmaq mümkün deyil.

- Bəs indi?

- (Gülür) İndi də qayınatam evdədir. Allah ona ömür versin.

- Hansıyla yola getmək daha asandır?

- Qayınatamın çox ağır xasiyyəti var. O insanla yola getmək mümkün deyil. Hətta onunla yola getdiyi, belə ərə dözdüyü üçün qayınanamı qəhrəman sayıram. Mənim üçün onlar qayınana və qayınatadır. Onlar heç vaxt valideynlərimin yerini verə bilməz. Nə qədər hörmət etsələr də... Yoldaşımın anası-atası, üstəlik yaşlı olduğu üçün hörmət etməliyəm.

- Yoldaşınız xasiyyətcə kimə bənzəyib?

- Anasından da, atasından da müəyyən xasiyyətlər keçib. Kişiyə məxsus kaprizləri var. Hətta səhər tezdən yuxudan durub dalaşa bilər. Ac olanda da əsəbi olub.

Tək qalmaq istəyirəm...

- Belə hallarda çıxış yolunu nədə görürsünüz?

- Eh... Samirə də coşur (gülür). Ailədə söz-söhbətlər olur. Amma axır vaxtlar susuram. Yəqin qocalıram, ondandır. Yaşlandıqca insan kamilləşir, müdrikləşir. Həm də çox yorulmuşam. Bəzən oxumaqdan da yoruluram. Əvvəllər tədbirlərə dəvət alanda həvəslə gedirdim. Amma indi yorğunam. Bilmirəm nədəndir. Tək qalmağa çalışıran, heç kəslə dostluq etmək istəmirəm.

- Bunu nə ilə əlaqələndirirsiniz?

- Məncə, din ilə əlaqədardır. 17-18 yaşından dinlə maraqlanıram. Artıq 38 yaşım var. Çalışıram Allahın qayda-qanunlarına tam əməl edim. Amma Allahın istədiyi bəndə ola bilmirəm. Buna çox üzülürəm. Bir var bunu bilməyəsən. Mən isə haqqı bilərəkdən pozuram. Özümü günahkar hesab edirəm. Bunun əzab-əziyyətini çəkirəm. Məsələn, mən mahnı oxuyub, klip çəkdirirəm. Bunu Allah üçün etmirəm. Bunu özüm üçün edirəm. Biz Allaha ibadət üçün yaranmışıq. İnsanlar sanki ibadəti belə tələm-tələsik edir ki, yəni bunu da etdim.

- Düşünmürsünüz ki, Allah bu səsi sizə oxumaq üçün verib?

- Əlbəttə, amma "Quran" oxumaq üçün, səhnəyə çıxıb mahnı oxumaq üçün yox. Hər şey təkəbbürlülükdən irəli gəlir. Məni tanıyırlar və hörmət edirlər. Bütün valideynlər uşağının ali məktəbə daxil olmağını, işlə təmin olunmağını arzu edir. Heç kəs uşağının Allaha yaxın olmağını arzulamır.

- Siz övladlarınız barədə nə düşünürsünüz?

- Mən də bütün valideynlər kimi, universitetə daxil olmağını, gördüyü işdə səmərə verməyini istəyirəm.

- Oğlunuzla aranızda söz-söhbət olur?

- Həddən artıq. Mübahisələrimiz çox olur. Ukraynada təhsil almaq istəyir. Mən isə onun qərib ölkəyə getməyinin əleyhinəyəm. Əslində, onu vətəni də çox maraqlandırır.

- Bəs Ukraynaya niyə getmək istəyir? Deyirlər Ukrayna qızları çox gözəl olur, bəlkə...

- Bilmirəm. Ukrayna onu yaman çəkir. Qız məsələsi deyil. Atası da orada yaşayıb. Məncə, bu genlə bağlıdır. Deyir ki, orada təhsil almaq daha rahatdır. İndi də onun keçid dövrüdür. Xasiyyətinin dəyişkən dövrüdür. Qızımın isə şirin vaxtıdır. Məryəmim hələ 3 yaş yarımdır.

Göstərdiyi köməyə görə Park Bulvarın 4-cü mərtəbəsində yerləşən "Sports Cafe"yə təşəkkür edirik.

İsa Şükürov

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm