77 yaşlı qatil və ya qocalıqda yorğalıq – BİR QƏTLİN TARİXÇƏSİ
Bizi izləyin

Hadisə

77 yaşlı qatil və ya qocalıqda yorğalıq – BİR QƏTLİN TARİXÇƏSİ

Publika.az “Bir qətlin tarixçəsi” rubrikasında ailə münaqişəsi zəminində törədilmiş daha bir qətlin təfərrüatını təqdim edir.

Qazax rayon sakini, 1937-ci il təvəllüdlü Nüsrət Balakişiyev həyat yoldaşını qətlə yetirib. N.Balakişiyev ailəsi ilə birlikdə Bakı şəhərinin Pirallahı qəsəbəsində yaşayıb. Qazax rayonunun Kəmərli kəndində evi olan Balakişiyevlər hər il paytaxtdan istirahət məqsədilə kəndə gediblər. Qanlı cinayət də Balakişiyevlərin son istirahəti zamanı törədilib.

Cinayət...

Belə ki, Nüsrət Balakişiyev 1949-cu il təvəllüdlü həyat yoldaşı Banıçiçək Balakişiyeva ilə 2014-cü ilin yayında dincəlmək üçün Kəmərliyə gedib. Həmin il sentyabrın 11-də saat 15.30 radələrində Nüsrət kişi evinin həyətində kəsilmiş ağac budaqlarını daşımağa kömək etməsini arvadından xahiş edib. Banıçiçək isə ərinə kömək etməyib...

... Bu səbəbdən ər-arvad arasında mübahisə yaranıb. Mübahisədən sonra bağa gedən Nüsrət kəsilmiş ağac budaqlarını daşıyaraq çəpərin yanına yığıb. Sonra evin həyətindəki çardağın altına qayıdıb. Bu zaman Banıçiçək yenə əri ilə mübahisə edib. O, “qul” kimi alındığını və işlədildiyini, artıq birgə yaşaya bilməyəcəklərindən evdən getmək istədiyini bildirib.

Sonra da polietilen torbaya paltarlarını yığaraq həyətdən çıxmaq istəyib. Amma Nüsrət arvadının qarşısını kəsərək getməsinə mane olmaq istəyib.

Bundan əsəbiləşən Banıçiçək Balakişiyeva ərini nalayiq sözlərlə təhqir edib. Bu zaman N.Balakişiyev həyətdəki masanın üstündən mətbəx bıçağını götürərək evə qayıtmayacağı təqdirdə bıçaqla onu vuracağını bildirib. Qadın isə itələyərək ərini çardağın altındakı taxtın üstünə yıxıb, onu yenə də nalayiq sözlərlə təhqir edib. Bu zaman Nüsrət Balakişiyev qisas almaq niyyəti ilə arvadını öldürmək qərarına gəlib. Və bıçaqla qadının bədəninin müxtəlif nahiyələrinə 7 zərbə vurub. Qadın aldığı yaralardan ölüb.

... Və cəza

Nüsrət Balakişiyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham edilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum olunub.

Lakin hökmdən narazı qalan N.Balakişiyev apellyasiya şikayəti verib, cəzasını daha yüngül cəza ilə əvəz edilməsini istəyib. Onun şikayəti araşdırılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib, hakim Bədəl Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

Zərərçəkmiş şəxsin hüquqi varisi Bəxtiyar Balakişiyev bildirib ki, birinci instansiya məhkəməsinin hökmü ilə razı deyil: “Hesab edirəm ki, hökm dəyişdirilməli və atam Nüsrət Balakişiyev barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasının aşağı həddindən az cəza təyin olunmalıdır. Nüsrət Balakişiyevin anam Banıçiçək Balakişiyevanı öldürməsində təqsirli olduğunu bilirəm. Bilirəm ki, anam atama qarşı sərt rəftar edirdi və onun belə rəftarı istər-istəməz əsəb gərginliyi yaradırdı və belə gərginlik anında hazırkı cinayətin baş verdiyi göz qabağındadır”.

Təqsirləndirilən şəxsin vəkili İbrahim Sadıqov da müdafiə etdiyi şəxsin cəzasının yüngülləşdirilməsini istəyib.

O, hakimlərdən N.Balakişiyevin 78 yaşı olmasını da nəzərə almalarını xahiş edib.

Tərəfləri dinləyən məhkəmə heyəti sonda qərarını verib. Qərara görə, Nüsrət Balakişiyevin cəzasının yüngülləşdirilməsi ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm