Silkələnən birjalar, Sorosun sehirbazlığı, Azərbaycanın itirdiyi 86 milyon – GÜNDƏLİK İQTİSADİ İCMAL
Bizi izləyin

Ekopublika.az

Silkələnən birjalar, Sorosun sehirbazlığı, Azərbaycanın itirdiyi 86 milyon – GÜNDƏLİK İQTİSADİ İCMAL

Bu gün Böyük Britaniyada referendumun nəticələrinin elan edilməsi qlobal bazarlarda sarsıntı yaşatdı.

Funt sterlinq rekord sürətdə dəyər itirdi. Avro isə 1999-cu ildən bu yana ən sərt enişini reallaşdırdı. Neftin qiymətinin 47 dollara düşməsi, sənaye metallarındakı sərt itki əmtəə ixrac edən ölkələrin pul vahidlərini daha da dəyrsizləşdirdi.

Cənub Afrika randı itki siyahısında liderlik etdi. İngiltərə səhmlərinin göstərici indeksi FTSE 100 fyuçə kontraktlarında sərt düşüş yaşadı. Standart & Poor's 500 (S&P 500) indeksi də ciddi zəiflədi.

Avropa birjaları 1987-ci ildən bəri ən böyük itkini yaşadı. Stoxx Europe 600 İndeksi açılışda qlobal bazarlardakı sərt satış dalğasına qatılaraq 8.4 faiz düşdü. İngiltərədə FTSE 100 İndeksi 6.4 faiz düşərək 2008-ci ildən bəri ən böyük itkisini reallaşdırdı. Standard Life Plc, Royal Bank of Scotland Group Plc və Barclays Plc hissələri 26 faizdən çox itki yaşadı.

Avropadakı digər birjalar da sərt satışlarla qarşılaşdı. Almaniyada DAX İndeksi 8.1 faiz, İsveçrə birjası 4.8 faiz, Fransız CAC 40 8.5 faiz, İtaliya və İspaniya birjaları ən az 4 faiz nisbətində düşdü.

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı Standart & Poor's (S&P) İngiltərənin AAA kredit notunun "mövcud şərtlər altında müdafiə oluna bilmədiyini" açıqladı. S&P-nin notun endirilməsi ilə bağlı qərar verəcəyi təqdirdə İngiltərə hökuməti 24 saat əvvəldən xəbərdar ediləcək.

S&P-dan sonra digər dərəcələndirmə təşkilatı “Moody's” da İngiltərənin “Brexit” qərarı ilə bağlı şərh verdi. “Moody's” İngiltərənin AB-dən ayrılma qərarının ölkənin və şirkətlərin kredit notu üçün mənfi nəticələndiyini bildirdi. Təşkilat “Brexit” qərarının uzun sürən bir naməlumluğa səbəb olacağını və ölkənin iqtisadi, maliyyə göstəricilərinə mənfi təsir edəcəyini bəyan etdi.

AB Şurasının rəhbəri Donald Tusk isə İngiltərədəki referendumdan sonra qalan 27 üzvü qoruyacaqlarını bildirdi: “Birləşmiş Krallıqdakı referendumdan başqa nəticənin çıxmasını istədiyimizi gizlətməyə ehtiyac yoxdur. Bunun nəticəsinin siyasi olaraq nə qədər ciddi və hətta dramatik olduğunun fərqindəyəm. Avropa Birliyi mənfi ssenariyə qarşı hazırlıqlıdır”.

Bu arada 765 milyard dollarlıq əmlakı idarə edən “T. Rowe Price Group”-a görə, Böyük Britaniyanın Avropa Birliyindən ayrılma qərarı qlobal resessiya riskini artırıb. Bu risk 50 faizə yüksəlib. “T. Rowe Price” yetkililərinin açıqlamasına görə, “Brexit”in yalnız Birləşmiş Krallığa aid bir problem olduğuna inananlar səhv edirlər: “Onlar Yunanıstanın göstərdiyi təsiri unudurlar. Üstəlik Yunanıstan Birləşmiş Krallıqdan çox kiçikdir, üstəlik maliyyə mərkəzi deyil".

Bu gün qızıl da proqnozlaşdırıldığı kimi dəyər qazandı. GOMEX-də Gold 64,90 dollar bahalaşaraq 1,328.00 dollar, Gold Spot qızılı 67 dollar qalxaraq 1,324.80 dollar oldu. Beləliklə “Societe General”ın proqnozlaşdırdığı kimi Böyük Britaniyanın Avropa Birliyindən çıxacağı halda qızılın unsiyasının 1400 dollar olacağı öz təsdiqini tapdı.

Maraqlıdır ki, “Brexit”dən qazanan maliyyə sehirbazı Corc Soros oldu. Dünyaca məşhur investor 24 il əvvəlki kimi riskli gediş etdi. Avropa Birliyi referendumundan öncə səhm satdı və qızıl aldı. Dünən 1254 dollara qədər geriləyən qızılın unsiyası bildirdiyimiz kimi referendumdan sonra 1358.55 dollara yüksəldi.

Corc Soros verdiyi müsahibədə Çindən kapital çıxışları barədə keçirdiyi narahatlığı ifadə edərək, Avropadakı mühacirət böhranı, Yunanıstandakı çətinliklər və İngiltərənin ayrılmasının Avropa Birliyini dağıda biləcəyini bəyan etdi. Xatırladaq ki, Soros Böyük Britaniyanın AB-dən ayrılması şəraitində bunun funt-sterlinqdə "Qara Çərşənbə"də baş verəndən daha böyük dağıdıcı təsir edəcəyini bildirmişdi.

“Brexit” zəlzələsi Azərbaycanda da hiss olundu. Dövlət Neft Fondu (ARDNF) funt sterlinqin dollarla müqayisədə ucuzlaşması nəticəsində 86 mln. dollar vəsait itirdi. Azərbaycanda bəzi kommersiya bankları nağd dollar satışını dayandırdı.

O ki qaldı dolların məzənnəsinə, Mərkəzi Bank 28.06.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsini 1,5332 səviyyəsində müəyyən etdi. Qeyd edək ki, iyunun 24-də USD/AZN rəsmi məzənnəsi 1,5332 səviyyəsində olub.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm