Qızıl qiymətdən düşdü, neft ucuzlaşdı… HƏFTƏNİN İQTİSADİ İCMALI
Bizi izləyin

Ekopublika.az

Qızıl qiymətdən düşdü, neft ucuzlaşdı… HƏFTƏNİN İQTİSADİ İCMALI

Yola saldığımız həftə qiymətli metala həm düşdü, həm də düşmədi . Belə ki, qızıl həftənin əvvəlində revanş götürüb xeyli bahalaşdı. Sonunda isə 8 dollar dəyərdən düşdü. COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 7,60 dollar azalaraq 1 323,40 dollara satıldı.

“Microsoft” maliyyə gəlirlərinin azaldığını açıqladı, Rusiyanın "Lukoil" neft-qaz şirkətinin rəhbərliyinə isə daha bir azərbaycanlı gətirildi.

"Standard and Poors" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini BB+ səviyyəsindən BB səviyyəsinə endirdi. Avropa, Çin və ABŞ-da benzin ehtiyatlarının artımı neftin qiymətinin düşməsinə təsir göstərdi.

Başlayaq neftin qiymətindən. Avropa, Çin və ABŞ-da benzin ehtiyatlarının rekord səviyyədə artımı iyulun 21-də Brent markalı neftin qiymətinin 2% azalmasına səbəb oldu. Benzin ehtiyatlarının rekord artımı adı çəkilən bölgələrdə benzinin ixracının artırılmasına gətirib çıxarıb. Son bir həftədə Avropada benzin ehtiyatları 12% artaraq rekord həddə çatıb.

Çin, son bir il ərzində aqressiv şəkildə neftayırma zavodları üçün topladığı nefti hazırda tam doluluq səviyyəsinə çatdığı üçün benzin şəklində ixrac etməyə başlayıb. Belə ki, iyun ayında Çinin benzin ixracı 2 dəfə artaraq gündəlik 312 min barelə çatıb.

Təəccüb doğuran digər fakt ABŞ-da yay mövsümünə baxmayaraq, benzin ehtiyatlarının artmasıdır. Qeyd edək ki, ABŞ-da yay mövsümü ənənəvi olaraq avtomobil səyahətlərinin artması səbəbindən benzin təlabatını artırıb. Buna baxmayaraq, keçən həftə iyulun 13-20-də ABŞ-da benzin ehtiyatları 0,9 mln. barel və ya 0,4% artaraq 241 mln. barelə çatıb. Bu da keçən ilin analoji dövrü ilə müqayisədə 25% çox olmaqla bərabər son 10 ilin rekord səviyyəsidir.

Rusiyaya kapital axını iyulun 14-20-də 197 mln. ABŞ dolları təşkil edib. Bir həftə əvvəlki göstərici ilə müqayisədə 2 dəfə artıqdır. Hesabat dövründə Rusiyada aktiv idarə olunan maliyyə fondlarına kapital axını 36,8 mln. dollar təşkil edib. Bir həftə əvvəl isə bu kateqoriyadan olan fondlardan 6,4 mln. dollar çıxış olub.

"Sberbank İnvestment Research" araşdırma şirkətinə görə Rusiyada mövcud olan passiv fondlara isə kapital axını hesabat dövründə 160 mln. dollar olub. Xatırladaq ki, bir həftə əvvvəl bu göstərici 103 mln. dollar təşkil edib.EPFR-nin hesabatına əsasən inkişaf etməkdə olan ölkələrin (EM) kapital axını hesabat dövründə kəskin artaraq 4,8 mlrd. ABŞ dollar olub. Bu kateqoriyadan olan ölkələrə kapital axınına əsasən investorların dünya üzrə mərkəzi bankların aldığı antiböhran tədbirləri və FES-in uçot dərəcəsini artırmağı ertələməsi səbəb olub. Bundan başqa investorlar mənfi faizli avropa bazarından qaçaraq yüksək gəlirli inkişaf etməkdə olan bazarlarda qazanc əldə etmək istəyirlər.

"Standard and Poors" beynəlxalq reytinq agentliyi Türkiyənin kredit reytinqini BB+ səviyyəsindən BB səviyyəsinə aşağı saldı.

Agentlik proqnozu da neqativə dəyişdi. Bununla da S&P 3 böyük reytinq agentliyi agentliyi arasında Türkiyəyə ən aşağı kredit reytinqi verib. Türkiyənin kredit reytinqi "Fitch" və "Moody's" tərəfindən "investisiya qoyula biliər" kateqoriyasında dəyərləndirildiyi halda, S&P-nin son qiymətləndirilməsindən əvvəl də bu kateqoriyadan aşağıda idi.

Söz Türkiyədən düşmüşkən, qonşu dövlətdə yaxın 2-3 ay ərzində ABŞ dolları 3,2888 lirəyə yüksələ bilər. "Societe Generale" bankının analitikləri bildirir ki, "Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı" (TCMB), ölkə daxilində iqtisadi artıma və siyasi proseslərə ölkədəki maliyyə sabitliyinə nisbətən daha çox önəm verir. Bu da öz növbəsində Türkiyədəki aktivləri kəskin dalğalanma riskinə məruz qoya bilər.

"Societe General", həmçinin türk lirəsini Orta Şərqi Avropa, Orta Şərq və Afrika (CEEMEA FX) valyuta səbətindən çıxartığını bildirib.

İş dünyası

“Microsoft” maliyyə gəlirlərini açıqladı.

Məlum oldu ki, şirkətin illik və sonuncu rüb gəlirləri azalıb. Ümumilikdə gəlirləri əvvəlki ilə görə 8,8% azalaraq 85,3 mlrd. dollara düşən şirkət, ötən ildə 93,6 mlrd. dollar gəlir əldə edib.Bununla da 2009-cu ildən bu yana ilk dəfə “Microsoft”un maliyyə gəlirlərində azalma müşahidə olunub. Şirkətin mənfəəti isə 7,7% azalaraq 16,8 mlrd.a enib. Xatırladaq ki, “Microsoft” ötən il 18,2 mlrd. dollar mənfəət əldə edib.

Yola saldığımız həftə Rusiyanın "Lukoil" neft-qaz şirkətinin Direktorlar Şurası İdarə Heyətinin yeni tərkibini təsdiqlədi.

Şirkətin prezidenti Vahid Ələkbərov vəzifəsini qorudu. Əsas dəyişiklik İdarə Heyətinin üzvlərinin sayının 15-dək artırılması oldu. İdarə Heyətinin yeni üzvlərindən biri neft məhsullarının daşınmasının koordinasiyası üzrə vitse-prezident Oleq Paşayev təyin edildi.

Qeyd edək ki, Oleq Paşayev əslən azərbaycanlıdır. O, 2010-cu ildə dünyasının dəyişmiş David Hüseyn oğlu Paşayevin oğludur. D. Paşayev Rusiyanın milli qəhrəmanı və Rusiya prezidenti yanında İctimai Palatanın üzvü olub. Vaxtilə Rusiyanın Atom gəmilərinin tikintisi üzrə mərkəzin prezidenti olub.

Gəldik çatdıq öz ölkəmizə…

Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarı ilə “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin bank lisenziyalarını ləğv etdi. Məlum oldu ki, banklarda ümumilikdə 126 mln. manat məbləğində qorunan əmanət var.

"Dekabank" ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat təşkil edir.Bu bankda qorunan əmanətlərin cəmi 3 mln. 767 min manat, kompensasiya olunan əmanətlərin isə 2 mln. 807 min təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.

“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 103 mln. 969 min manat, qorunan əmanətlərin cəmi 61 mln. 949 min, kompensasiya olunan əmanətlərin isə 54 mln. 885 min təşkil edir. Qorunan əmanətçilərin sayı 26 min 324 nəfərdir.

“Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 mln. 632 min manat, qorunan əmanətlərin cəmi 53 mln. 631 min, kompensasiya olunan əmanətlərin isə 36 mln. 350 min təşkil edir. Qorunan əmanətçilərin sayı 10 742 nəfərdir.

“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 24 mln. 272 min manat, qorunan əmanətlərin cəmi 20 mln. 956 min, kompensasiya olunan əmanətlərin isə 32 mln. 914 min təşkil edir. Qorunan əmanətçilərin sayı 3 544 nəfərdir.

Nəzərə çatdıraq ki, kompensasiyaların verilməsi üçün hələ ki agent bank seçilməyib. Bu, məhkəmənin sığorta hadisəsinin baş verməsi ilə bağlı qərarından sonra bəlli olacaq.

Bu arada qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan 100 milyon manat kredit götürəcək.

Məndən bu qədər…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm