ABŞ üçün faciə, Putin üçün hədiyyə, 240 ildən sonra ilk... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida.az

ABŞ üçün faciə, Putin üçün hədiyyə, 240 ildən sonra ilk... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İyulun 27-si Ermənistanda vəziyyətin daha da kəskinləşməsi ilə yadda qaldı. ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonun prezidentliyə namizədliyi rəsmi olaraq təsdiqləndi. Suriyanın şimalında isə dəhşətli terror aktı törədildi.

İrəvanda atışma: 3 yaralı - İki silahlı təslim olub

Ötən gecə İrəvanda silahlılar tərəfindən ələ keçirilən polis alayının binasının həyətində atışma baş verib. Nəticədə polis zabiti və silahlı qrupun üzvləri Pavel Manukyan və onun oğlu Aram yaralanıblar.

İrəvanda polis alayının binasını ələ keçirmiş silahlı qrupun iki üzvü polisə təslim olub. Etiraz aksiyası zamanı 30 nəfər saxlanılıb. Məlumata görə, polis binasını ələ keçirən silahlı qrupa yardım etməkdə şübhəli bilinən hər kəs saxlanılır.

Bu gün günorta saatlarında İrəvanda polis alayının binasının ələ keçirən silahlı qrup dünən axşam atışma nəticəsində yaralanan üzvlərinə tibbi yardım göstərmək məqsədilə binaya daxil olan təcili-tibbi yardımın həkimlərini girov götürüb.

Klintonun namizədliyi təsdiqləndi - 240 ildən sonra ilk

ABŞ-ın Demokratlar Partiyası sabiq dövlət katibi Hillari Klintonu ölkə prezidentliyinə namizədi kimi təsdiq edib. Bu barədə qərar partiyanın Filadelfiyadakı qurultayında keçirilən səsvermə nəticəsində qəbul olunub.

Bununla da, Birləşmiş Ştatların 240 illik tarixi ərzində ilk dəfə sistem formalaşdıran iki siyasi partiyadan biri tərəfindən ali dövlət postuna qadın namizəd irəli sürülüb.

Obama: "Tramp dəfələrlə Putinə..."

"Rusiyanın ABŞ-da keçiriləcək prezident seçkisi prosesinə təsir göstərməyə çalışacağı istisna edilmir". Bunu ABŞ prezidenti Barak Obama NBC telekanalına müsahibəsində deyib.

"İstisna etmirəm ki, Rusiya seçki prosesinə təsir göstərməyə çalışacaq. Hər şey mümkündür", - Obama bildirib.

Dövlət başçısı ABŞ Demokratlar Partiyasının Milli Komitəsinin elektron poçtunun qırılmasında Rusiyanın mümkün iştirakı ilə bağlı suala birbaşa cavab verməyib. Amma o, xatırladıb ki, ekspertlər kiber hücumda məhz Rusiya hakerlərindən şübhələnirlər: "Bizə məlumdur ki, rusiyalılar bizim elektron sistemlərimizi qırırlar. Yalnız hökumətin deyil, həm də şəxsi elektron sistemlərinə hücumlar edilir".

Obama bildirib ki, Rusiyada respublikaçı namizəd Donald Trampın seçkiqabağı kampaniyası daha çox işıqlandırılır. Prezident xatırladıb ki, Tramp Rusiya prezidenti Vladimir Putinə heyran olduğunu dəfələrlə dilə gətirib.

Olbrayt: "Bu, ABŞ üçün faciə, Putin üçün hədiyyə olacaq"

"Respublikaçı namizəd Donald Tramp seçkiqabağı prosesdə iştirakı ilə artıq ABŞ-ın milli təhlükəsizliyinə zərər vurub". Bunu isə Demokratlar Partiyasının milli qurultayında çıxış edən ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt deyib.

"Onun qələbəsi ölkə üçün faciə və Vladimir Putin üçün hədiyyə olacaq. Payızda bacardığımız hər şeyi etməliyik ki, Hillari bizim növbəti baş komandanımız olsun", - Olbrayt qeyd edib.

Olbrayt həmçinin xatırladıb ki, Tramp Rusiya prezidenti Vladimir Putinin siyasətinə yüksək qiymət verir: "Həqiqət budur ki, Trampın noyabrda qələbəsi Vladimir Putin üçün hədiyyə olacaq. Bu, ABŞ üçün faciə olacaq. Putin Trampın qələbəsini istəyir və bu, hər bir amerikalını həyəcanlandırmalıdır".

Dəhşətli PARTLAYIŞ: 44 ölü, 170 yaralı

Suriyanın şimali-şərqində yerləşən Haseke vilayətinin Qamışlı mahalında minalanmış avtomobil partladılıb.

Suriya dövlət televiziyasının yaydığı xəbərə görə, partlayış nəticəsində ölənlərin sayı 44-ə, yaralıların sayə isə 170 nəfərə çatıb. Terror aktı PKK terror təşkilatının Suriya qolu olan PYD-ə aid bir qərargahın yaxınlığında törədilib. Partlayış 30-dan çox binaya ciddi ziyan vurub.

Qiyamçılar Ərdoğana qarşı 74 tank, 35 təyyarə və... - RƏSMİ

Türkiyə Silahlı Qüvvələri hərbi çevriliş cəhdində iştirak edən qiyamçılar və onların istifadə etdikləri hərbi texnikanın sayını açıqlayıb.

Açıqlamada hərbi formalı terrorçuların sayı 8 min 651 nəfər olduğu bildirilib. Məlumata görə, bu, Türkiyə Silahlı qüvvələrinin şəxsi heyətinin 1,5 faizidir.

Hərbi çevriliş cəhdində üç gəmi (1 faizi), 74 tank və 246 zirehli maşın (2,7 faizi), odlu silahın 3992 vahidi (0, 7 faizi), 35 təyyarə (7 faizi) və 37 (8 faizi) vertolyotdan istifadə edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm