Aydın Mirzəzadə: “Ərdoğanla bağlı əvvəlki fikrimdə qalıram”
Bizi izləyin

Qırmızı.az

Aydın Mirzəzadə: “Ərdoğanla bağlı əvvəlki fikrimdə qalıram”

Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə “Azadlıq” qəzetində onunla bağlı səsləndirilən fikirlərə cavab verib.

Publika.az-a açıqlamasında A.Mirzəzadə “Azadlıq” qəzetində dərc olunan yazı hər zaman olduğu kimi qeyri-peşəkar və uydurma olduğunu bildirib.

Xatırladaq ki, “Azadlıq” qəzeti millət vəkilinin bir həftə ərzində Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı mövqeyini dəyişdirdiyini iddia edib.

A.Mirzəzadə özünün əvvəlki fikrində qaldığını dilə gətirib: “Mən o vaxtı cənab Ərdoğanın inauqurasiya mərasiminə Serj Sarkisyanın dəvət edilməsini tənqid etmişəm və bu fikrimdə indi də qalıram. Hesab edirəm ki, Türkiyəyə düşmən Ermənistan prezidentinin Ərdoğanın inauqurasiya mərasiminə dəvət edilməsi düzgün addım deyildi. Türkiyəyə gedən Ermənistan xarici işlər nazirinin Ərdoğanı İrəvanda qondarma erməni soyqırımı abidəsini ziyarət etməyə dəvət etməsinin özü də bu dəvətin acı nəticəsi oldu”.

Millət vəkilinin sözlərinə görə, ümumilikdə bu məsələ Türkiyənin daxili işi olsa da, Azərbaycanda olan Türkiyə sevərlərin məsələyə münasibəti mənfi olub.

“Ancaq bununla belə, mən Rəcəb Tayyib Ərdoğanı əvvəllər olduğu kimi, indi də Türkiyənin görkəmli dövlət xadimlərindən biri hesab edirəm. Hesab edirəm ki, onun Türkiyə prezidenti seçilməsi də tamamilə qanunauyğun idi. İnanıram ki, o, Azərbaycan və Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək”, - deyə A.Mirzəzadə vurğulayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm