“Donuz Başı” nəyi sübut etdi: Qafqazda dini savaş - TƏHLİL
Bizi izləyin

Nida.az

“Donuz Başı” nəyi sübut etdi: Qafqazda dini savaş - TƏHLİL

Ötən həftə Batumidə Quran kursunun qarşısından donuz başı asılması şok effekti yaratdı. Ötən il ölkənin cənub-qərbindəki Samtsxe-Cavaxetiya bölgəsindəki Çala kəndində bir məscidin minarəsinin səlahiyyətlilər tərəfindən zorla sökülməsindən sonra bu, Gürcüstanda müsəlmanlara qarşı ikinci qeyri-insani davranışdır. Lakin medianın diqqətindən yayınan belə hadisələr də zaman-zaman təkrarlanır. Bundan başqa, Marneulidə və Bolnisidə məscid tikintiləri ilə bağlı yaranmış səs-küy də artıq həyəcan siqnallarının ilk eşidilən səsləri idi.

Ötən həftədə baş vermiş hadisənin Türkiyə Diyanət İşləri başçısı Mehmet Görmezin Gürcüstana səfəri ərəfəsində olması da təsadüfi deyil.


Lakin əvvəlcə ötən ildə baş vermiş minarə insidentinə nəzər salmaq lazımdır. Belə ki, Gürcüstanın Adigeni rayonunun Çala kəndində məscid minarəsinin sökülməsi yerli müsəlmanların etirazın səbəb oldu və nəticə etibarilə qarşıdurma yarandı. Hökumət minarənin sökülməsini Türkiyədən gətirilən materialların gömrük rüsumlarının ödənilməməsi ilə əsaslandırırdı. Qarşıdurmanın sonunda isə hökumət güzəştə gedərək, sökülərək Tiflisə aparılmış minarəni yerinə qaytaracağına söz verdi. Lakin bu dəfə qərara pravoslavlar etiraz etdi. Müsəlmanların əhalisi əsasən gürcü müsəlmanlarından ibarət olan Acarıstana üz tutaraq mitinqlərini muxtar respublikanın paytaxtı Batumidə davam etdirməsinə də qarşı çıxan pravoslavlar yolları belə bağladılar. Gürcü hökumətinin məlum qərarından sonra Axaltsexidə keşişlərin iştirakı minə yaxın radikal pravoslavın iki gün davam edən etirazında bütün yollar bağlanmaqla yanaşı, “minarəni yalnız bizim meyitlərin üzərindən apara bilərsiniz” şüarı da səsləndi.
Son olaraq hökumət ortalığı sakitləşdirə bildi, amma bu günə qədər minarə məsələsinin fonunda həllini tapmayan məsələ müsəlmanlara təzyiqlərin olmasıdır. Əslində bu, indinin, yaxud yaxın keçmişin təzyiqləri də deyil.

Pravoslavların baş verən minarə hadisələrində Türkiyəni ittiham etməsi də sıradan bir məsələ deyildi. İttihamlarsa birbaşa Türkiyə Baş naziri (o vaxt baş nazir idi-red) Rəcəp Tayyib Ərdoğana ünvanlanmışdı. Pravoslavlar iddia edirdilər ki, əslində, bütün bunları Ərdoğana bağlı xüsusi xidmət orqanları ortalığı qarışdıraraq bölgədə islam dininin təsirini artırmaq məqsədi daşıyır.

“Ərdoğan Acariya və Samsxe-Cavaxetiya bölgəsini Gürcüstandan zorla qoparıb islamın gücünü artırmaq istəyir”. İttihamlar əsasən bu səpkidə idi.


Publika.az Acariyada baş verənlərin altqatını şərh edir, əslində “nə baş verir?” sualına cavab tapmağa çalışır.


Acarıstan: pazlın tamamlanmayan hissəsi

Bu hadisələrin ardından bir il keçir və Türkiyənin dini məsələlərə baxan nazirinin səfəri ərəfəsində “donuz başı” insidenti yaşanır. Bütün bunlar sıradan bir məhəlli insident ola bilərmi? Bəlkə də, məişət zəminində baş vermiş dini qarşıdurma hesab etmək olar, lakin sökülən minarə, hazırda azlıqda qalan müsəlmanların etirazı, pravoslavların radikal dirənişi, “donuz başı” insidenti, proseslərdə kənar izlərin axtarışı belə düşünməyə əsas vermir.


Bölgənin dini mənzərəsində şəkilləndirmələr, proseslərin axınına müdaxilələrlə dəyişdirilənlər məlum olayların bütöv pazlın kiçik hissəsi olduğunu göstərir. Hansı ki, pazl kimi təsəvvür etdiyimiz dini şəkilləndirməni daha öncə, uzun illərdən bəri bütövləşdirmək üçün işlər gedir. Amma bunu tamamlanmış hesab etmək olmaz. Bu, o zaman tamamlana bilər ki, Cənubi Qafqazın başıbəlalı məhz belə adlandırmaq olar bölgələrindən olan Acarıstan tamamilə xristianlaşdırılmış olsun. Ona görə başıbəlalı ki, bu bölgə zamanında Osmanlı və Çar imperiyaları, daha sonra Türkiyə və Rusiyanın üstünlük qazanmaq uğrunda mübarizə meydanlarından biri olub. Belə ki, XVI əsrin ortalarından Osmanlı imperiyasının nüfuzuna daxil olan Acarıstanda əhalinin çox hissəsinin müsəlmanlığı qəbul etməsi də həmin dövrə təsadüf edir. 1878-ci ildə müharibəni Çar Rusiyasına uduzan Osmanlı bölgəni güzəştə getməyə məcbur oldu, lakin bu, onun ərazidən birdəfəlik əl üzdüyü demək deyildi. Məhz I Dünya müharibəsi gedişində və sonra da Cənubi Qafqaz, eləcə də onun daxilində olan Acarıstan Türkiyə və Rusiyanın mübarizə obyekti idi. Acarıstanın muxtar respublika olmasına səbəb də əslində bu mübarizə olmuşdu. Belə ki, 1921-ci il martın 16-da Moskvada imzalanmış Türkiyə-Rusiya müqaviləsinin və həmin il oktyabrın 13-də Türkiyə və üç Cənubi Qafqaz respublikası arasında imzalanmış Qars müqaviləsinin müddəalarına əsasən Acarıstan Gürcüstanın tərkibində muxtar respublika oldu. 1991-ci ildə SSRİ-nin dağılmasının ardından Gürcüstanın müstəqillik əldə etməsi ilə bərabər Acarıstan da onun tərkibində muxtar respublikaya çevrildi. Bu zamandan etibarən, 1878-ci ildən sonra Rusiya imperiyasında bölgənin xristianlaşdırılması siyasəti daha kəskin forma aldı ki, nəticədə bu gün gürcülər üçün müsbət mənzərə yaranıb.


1991-ci ilin məlumatına görə, Cənub-Qərbi Gürcüstanda etnik azlıq olan acarların 75 faizi müsəlman idi. Bu yaxınlarda açıqlanmış rəsmi sənədlərə görə isə, Acariya Respublikasında Batumidə və ətraflarda yaşayan sakinlərin 75 faizi Gürcü pravoslav kilsəsinə aiddir. Son 22 ildə dəyişən bu mənzərə haqqında İtaliyanın “Vatican Insider” nəşrində dərc olunmuş məqalədə maraqlı faktlara toxunulub. Nəşr Gürcü hökumətinin Acarıstan üzərindəki dini siyasətinə toxunaraq yazır ki, bölgədə bu gün keşişlərin çoxu islam ailələrindən çıxır. Onu demək kifayətdir ki, Batumi seminariyasının rektoru İstanbulda təhsil almış mollanın nəvəsidir.
Acarların pravoslavlığa kütləvi axını haqqında danışan Mitropolit Dimitriy hələ ötən il bildirib ki, 1991-ci ildə beş min insan müsəlman və ateistlər pravoslavlığa keçdi. Bununla da Xoluda ən yüksək teoloji məktəb açıldı ki, bu, SSRİ məkanında ilk dini məktəb idi.

Hazırda Acarıstanda kiçik islam anklavları qalır ki, onlar da regionun mərkəzi hissəsinə yaxın kəndlərdədir. Xuloda isə məscid və mədrəsələr var, yaşlı nəsil də türkcə danışır.


Qeyd edək ki, bu ilin avqust ayında Batumidə olan Publika.az-ın müxbiri maraqlı bir mənzərəni müşahidə edib. Belə ki, bu bölgədə gənclərin əksəriyyətinin, demək olar ki, hamısının boynundan xaç asılıb. Sanki onlar, xristian olduqlarını nümayiş etdirmək üçün sıraya durublar. Nəzərə alsaq ki, Acariya müsəlman kökənli bölgədir, o zaman bu, xüsusi diqqət çəkir. Lakin müsəlman yaşlı nəsil gənclərin “xaç sevgisindən” heç də razı görünmür. Onlar bunu hökumətin apardığı siyasətlə əlaqələndirir. Hansı ki, gənclər xaç asmaqla xristianlardan seçilmək istəmirlər, beləliklə də, gizli ayrı-seçkilik problemindən uzaqda qalırlar.

Göründüyü kimi, gürcü hökuməti öz dini bütövlüyünü qoruyub saxlamaqda maraqlıdır. Lakin bölgədə dini şəkilləndirməni öz təsirinə almaq istiqamətində yerli hökumətlə yanaşı, Rusiya, İran və Türkiyə də fəal çalışır. Son dövrlərə qədər də Azərbaycan müəyyən addımlar atmaqda maraqlı görünürdü. Ermənistan isə özünəməxsus formada daha çox iddialı çıxışlar edir ki, bu da təsir qüvvəsi baxımından zəif görünür.

İran isə son bir neçə ildə daha aktiv şəkildə bölgəyə müdaxilə edir. Xüsusən də dini mədrəsələrin açılması, dini təbliğatın gücləndirilməsi prosesi fonunda. Amma Tehranın dini müdaxiləsi Acariyadan daha çox Borçalı bölgəsinə, azərbaycanlıların yaşadığı məkanlaradır. Çünki Acariya uzun illər Türkiyənin təsirində qalmaqla daha çox sünni məzhəbinin dominantlığını qazanıb. Borçalı bölgəsi isə QMİ-nin təsiri altında idi. QMi burdan çıxarıldıqdan sonra boş qalmış yeri İran doldurmağa çalışırdı.


Rusiya: hədəfləri və ehtiyat etdikləri


Burada Rusiya və Gürcüstan İslamı hədəf olaraq seçdikləri üçün eyni müstəvidə yer alır. Düzdür, bu müstəvidə onlar qarşılıqlı olaraq bir-birinə də hədəf olaraq yanaşırlar.

Türkiyə və Azərbaycan isə ayrıca, daha çox İslamın bölgədəki mövcud təşəkkülündə maraqlı qüvvələr kimi eyni müstəvidədirlər.


Əvvəlcə Rusiyanın siyasətinə nəzər salaq, çünki bu ölkə həm gücü, həm də amansız siyasəti baxımından digərlərindən olduqca fərqlənir.
Rusiya sovetlərdən sonra iki dinin - İslam və xristianlığın mövcud olduğu bölgədə daha çox İslam faktorundan ehtiyatlanır. Çünki xristianlığın pravoslav icması Gürcüstanda kifayət qədər geniş təsirlərə malikdir ki, bu da rus cəmiyyəti ilə eynilik təşkil edir. Ermənistan isə Qriqoryanlığı ilə idarəolunan səviyyədə saxlanılıb.


İslam faktorunu diqqətdə saxlamaq Moskva üçün həm də ona görə vacibdir ki, etnik mənzərəsi ilə müxtəliflik kəsb edən Şimali Qafqazda bu din hakimdir. Qafqazın Şimalındakı hakim din üzərində təsir gücü saxlamaq üçün Kreml “Rusiya Müsəlmanları Birliyi”, “Rusiya Müftilər Şurası”, “Rusiya Müsəlmanları Ali Ruhani İdarəsi” strukturlarını yaratdı. Bu strukturların hər birinin baş idarəsi də Moskvada yerləşirdi. Bunun ardınca yaradılan “Şimali Qafqaz Müftilər Şurası”nda konfederativ əsaslarla fəaliyyət göstərən strukturlar formalaşdı.

Tiflisin demarşı: Rus və erməni kilsəsinin ardınca QMİ təsirini itirdi


Gürcüstan isə dinin gürcü dövlətinin monopoliyası altına alınması prosesini 2003-cü ilin “qızılgül inqilabı”ndan sonra başladı. Buna qədər, islam faktorunu bir kənara qoysaq, Rusiya və Ermənistanın xristianlıqdan yetərincə yararlandığını görmək olar. Həmin dövrdən başlayaraq Gürcüstan Rusiyanın bütün təsirlərini öz üzərində azaltmaq siyasətini seçdi, o cümlədən “Rus və Moskva Provoslov Kilsəsi Patriarxlığı”nın gürcü cəmiyyətindəki rolunu azaltmağa başladı. Burda Tiflisdən bütün Gürcüstan üzrə fəaliyyətini quran “Erməni Apostol Kilsəsi”nin də təsir dairəsi geniş idi. Məhz buna görə Gürcüstan-Ermənistan, Gürcüstan-Rusiya münasibətlərində dini şəbəkələrin idarəolunması uğrundan mübarizə gedirdi. Rəsmi Tiflis bunun hüquqi tərəfinə istinad edərək hər iki tərəfi Gürcüstandan müəyyən qədər sıxışdırmağa nail oldu və gürcü patriarxlığının hegemonluğunu təmin etdi. Amma Abxaziya və Cənubi Osetiya üzərində “Rus və Moskva Pravoslav Kilsəsi Patriarxlığı”nın təsiri qalmaqdadır.

Əslində, lap əvvəldən Gürcüstan ərazisinin bu bölgələrində Rus kilsəsinin təsiri digərləri ilə müqayisədə daha çox idi. 2008-ci ilin dördgünlük müharibəsində bu bölgələrin Rusiya tərəfindən işğal edilməsində, həmçinin yerli əhalinin əksər hissəsinin Rusiyadan yana olmasında da məhz Rus kilsəsinin rolu, yəni dini faktorun gücü danılmazdır.


Son 10 ildir başlanan bu prosesdə Rus kilsəsinin, Erməni Apostol kiləsinin üzləşdiyi problem Azərbaycanın bölgədəki dini təsirini yerinə yetirən Qafqaz Müsəlmanları İdarəsini də gözləyirdi. Ağrılı keçən bu prosesdə gürcü dövlətinin sərhədləri daxilində hegemonluğunu qurması prosesində QMİ özünü kənarda saxlamağı bacarmışdı. Amma əvvəldən baş verənlər bir gün bu məsələ ilə QMİ-nin də qarşılaşacağınına dair kifayət qədər ehtimallar yaradırdı.


Belə bir problem 2011-ci ildə QMİ-yə alternativ olaraq Gürcüstan Müsəlmanları İdarəsi (GMİ) adlı qurum yaradılmaqla ortaya çıxdı. Əslində, bu qurumun yaradılması prosesi 2009-cu ildən başlamışdı. Lakin Azərbaycan tərəfinin ciddi etirazı və qarşılıqlı görüşlər bir qədər vaxt qazanmaqdan başqa heç nəyə yaramadı. Nəticə etibarilə QMİ öz səlahiyyətlərini Gürcüstanda itirdi.


Faktiki sınma nöqtəsi: Acarıstan


Gürcüstan artıq öz sərhədləri daxilində dini hegemonluğu ələ almağı bacarıb, lakin bu hegemonluq müəyyən qədər axsayır. Məhz bu baxımdan, pazlın tamamlanmayan hissəsi də budur. Acarların dirənişi onu göstərir ki, onlar heç də iddia edildiyi kimi, İslamı məcbur qəbul etməyiblər. Bu dirənişdə ən böyük rol oynayan amillərdən biri də muxtar respublikanın rəhbəri Aslan Abaşidzenin siyasətidir. Təsadüfi deyil ki, gürcü mətbuatı 2003-cü ildə hakimiyyətə gələn Saakaşvilinin “Acarıstan Aslanı”na qalib gəlməsə, hakimiyyəti saxlaya bilməyəcəyini yazırdı. Həmin dönəmdə Saakaşvili Abaşidze ilə müəyyən kompromislərə nail olmuşdu. Amma Mişanın hakimiyyəti illərində ən çox təzyiq etdiyi bölgə də Cənubi Osetiya ilə yanaşı, Acarıstan olub. Və bu gün Gürcüstanda islam dinini dirənişlə qoruyub saxlayanlar da acarlardır. Təbii ki, onların müəyyən hissəsi boyunlarından xaç asmağa çoxdan razılıq verib, amma bölgədə kompakt şəkildə islamın mövcudluğu da bu bölgəyə aiddir. Bir çox müsəlmanın xristianlığa üz tutması Gürcüstanda qalan islam azlığı üçün təhlükə hesab edilir. İslam daşıyıcıları Çeçenistan və Dağıstanla sərhəddə yaşayan çeçenlər, eləcə də Azərbaycanla sərhəd yaxınlığında yaşayan Şərqi Gürcüstanın şiələridir.


Türkiyə və Azərbaycan: hesabda geri qalmamaq üçün hansı addımlar atılmalıdır?


Bu gün acarların yeganə ümidi, bəlkə də, Türkiyə və Azərbaycandır. Türkiyə Gürcüstanda dini siyasətini əvvəldən humanitar istiqamətdə aparırdı. Türkiyə ilə cənubda həmsərhəd olan Acarıstanda islamın inkişafını ən çox dəstəkləyən də elə Ankaradır.

Azərbaycanın QMİ-nin Gürcüstan üzərində imtiyazının ləğvi ilə itirdikləri Acarıstandakı müsəlmanlara da təsirsiz ötüşmür. Bu, Azərbaycanın Gürcüstana kapital yatırımları etdiyi bir dövrdə, yəni iqtisadi faktorunu gücləndirdiyi bir vaxt baş verdi ki, bununla Azərbaycan bir tərəfdən qazandığı halda, digər tərəfdən böyük bir itkiyə məruz qaldı.

Hazırda hesabın Türkiyə və Azərbaycanın xeyrinə olmadığı ortadadır. Dini təsirin itirilməsi isə sıradan bir məsələ deyil, əksinə, olduqca mühüm faktorun əldən çıxması kimi qəbul edilməlidir. Misal üçün, Abxaziya və Cənubi Osetiya xalqının Rus kilsəsinin təsiri altında Moskvaya yaxın olması 2008-ci il müharibəsində Kremlin işinə yaradı. Bundan başqa, Ukraynada Rusiyayönümlü Yunakoviçin hakimiyyətə gəlməsində də Rus kilsəsinin təsiri güclü olub.

Dini təsirin qorunması üçün atılan addımlara ən bariz nümunə kimi, Azərbaycanda çox az sayda olan katoliklərə Vatikandan dəstək göstərilməsi, onların kilsələrinin inşa edilməsinə birbaşa Papa səviyyəsində qatılmaların olmasını göstərmək olar.


Acarıstanda itirilən dini təsir isə iqtisadi tərəfdən də Gürcüstanın xeyrinə işləyir. Belə ki, bölgənin gözü hesab edilən Batumi limanı regiondakı iri transmilli layihələrin, o cümlədən Avropa-Asiya nəqliyyat dəhlizinin əsas qovşaqlarındandır. Əslində aparılan mübarizənin digər bir səbəbi də bununla bağlıdır.


Bu baxımdan, Türkiyə və Azərbaycan hərəkətə keçməsi lazımdır. Acarıstanda islamın dominantlığının qorunması Azərbaycana itirilmiş təsirini qaytara, eləcə də Borçalıdakı soydaşlarımızın da dini aşınma siyasətindən kənarda qalmasına kömək edə bilər. Türkiyənin də burda qazancı dini faktorun oynaya biləcəyi rol, həmçinin bununla Batuminin əldən çıxmamasıdır. Bütün hallarda hər iki ölkəyə Acarıstanda islamın təzyiqlərdən qorunması divident gətirə bilər. Təbii ki, burda dini təəssübkeşlik də əsas amildir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm