Həkim səhvlərinin qurbanları - məsuliyyəti kim daşıyır?
Bizi izləyin

Qırmızı.az

Həkim səhvlərinin qurbanları - məsuliyyəti kim daşıyır?

Ötən ilin payızında Sumqayıtda 26 yaşlı Pərvinə Hüseynova doğuş zamanı dünyasını dəyişdi. Doğuş sancılarıyla xəstəxanaya yerləşdirilən qadının rəsmi olaraq ölüm səbəbləri çoxlu qan itirməsi, cift qalığından qanına zəhərlənmə keçməsi və nəticədə kəskin böyrək çatışmazlığı göstərilsə də, əslində bir və sadə səbəb var idi. Tamamilə sağlam doğuşa girən qadının xəstəxanadan meyitinin çıxmasının səbəbi həkim adına, həkim andına layiq olmayanların səhlənkarlığı idi. Beləcə bir körpə anasız, bir ailə övladsız, bir ev gəlinsiz qalır. Həkim səhlənkarlığı budur! İnsanların həyatı ilə oynamaq, hələ üstəgəl də həmin səhlənkarlığı edənlər, işinə məsuliyyətsiz yanaşanlar cəzasız qalırlarsa, gələcəkdə belə körpələrin yetim qalmayacaqlarına, ailələrin pərən-pərən olmayacağına da heç kim zəmanət vermir.

Bu gün həkimə müraciət edən xəstə yanlış diaqnoz qoyulması və yanlış müalicə aparılması səbəbindən ya şikəst olur, ya da həyatdan məhrum olur. Pasientlərin hüquqlarının etibarlı şəkildə müdafiəsi ilə bağlı hüquqi bazanın olmaması, xəstələrə səhv diaqnozların qoyulması və yanlış müalicələrin aparılması səbəbindən həyat və sağlamlıqlarını itirməsi hallarının artması həkimlərə və səhiyyə sisteminə etibarsızlığı artırır. Buna görə də müalicə və müayinə üçün xaricə üz tutuanların ardı-arası kəsilmir.

Azərbaycan qanunvericiliyində əhalinin sağlamlıq hüquqları Konstitusiyanın 41-ci maddəsi və 1997-ci ildə qəbul edilmiş "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla qorunur. Qanunda əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü, sağlamlığın qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi və s. məsələlər öz əksini tapıb. Qanunda pasientlərin hüquqları ilə bağlı xüsusi maddə yer alıb. Həmin maddədə qeyd olunur ki, pasientin təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla pasientin öz razılığı ilə həkimi və müalicə-profilaktika müəssisəsini seçmək, sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq, stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək, tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək və s. hüquqları var.

Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) İctimai Birliyinin sədri, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırovun bildirdiyinə görə, qanunda göstərilir ki, pasientin hüquqları pozulduqda, o, müalicə olunduğu tibb müəssisəsinin rəhbərliyinə, Səhiyyə Nazirliyinə və ya məhkəməyə müraciət edə bilər: “Xəstəyə kömək göstərməmə, qanunsuz olaraq bio-tibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etmə, təhlükədə qoyma və digər hallarda cinayət qanunvericiliyi həkimin cinayət məsuliyyətinə cəlb edilməsi əsaslarını yaradır".

Vəkilin sözlərinə görə, pasientlərin sağlamlığına həkimlərin səhvi və səhlənkarlığı nəticəsində vurulan ziyanın ödənilməsi və həkimlərin məsuliyyət məsələsi bu qanunla tam tənzimlənmir. Onun sözlərinə görə, qanunvericilikdəki bu boşluq təcrübədə ciddi problemlər yaradır.

Vəkilin bildirdiyinə görə, pasientin hüquqlarının qorunması ilə əlaqədar dünya ölkələrində bu sahədəki münasibətlər "Pasientin hüquqları haqqında Avropa Xartiyası", "Pasientin hüquqlarının təminatına yardım haqqında bəyannamə", "Pasientin hüquqları haqqında Lissabon bəyannaməsi" və s. kimi mühüm əhəmiyyət kəsb edən sənədlərlə tənzimlənir. Azərbaycanda da "Pasientin hüquqları haqqında" qanunun qəbuluna, bu sahədəki qanunveriicliyin beynəlxalq standartlara uyğunlaşdırılmasına ehtiyac var".

Bir müddət əvvəl bu məslə aktuallaşıb mətbuatda geniş müzakirə olunsa da, hazırda bu qanunun qəbulu ilə bağlı məsələ gündəmdən düşüb. Kifayət qədər əhəmiyyətli olan “Pasientlərin hüquqlarının qorunması haqqında” qanun layihəsinin nə vaxt qəbul olunacağı ilə bağlı suallarımızı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevə ünvanladıq. Millət vəkili Publika.az-a açıqlamasında bunun icbari tibbi sığortanın tətbiqi olmadan mümkün olmayacağını dedi: “İcbari tibbi sığorta fəaliyyətə başlamadan bu barədə danışmaq olmaz. Biz bununla bağlı qanun layihəsi hazırlayırdıq, amma yarımçıq qalıb, tam hazır deyil. “Pasient hüquqları haqqında” qanun layihəsinin işləməsi üçün icbari tibbi sığorta ölkə ərazisində tətbiq olunmalıdır. Əgər icbari tibbi sığorta tətbiq olunmadan bu qanun layihəsi qəbul olunarsa, istər dövlət müəssisəsində, istər özəl müəssisələrdə həkimlə rəhbərlik arasında, müəssisə ilə vətəndaşlar arasında ciddi problemlər meydana çıxa bilər”.

Millət vəkili həmçinin bildirdi ki, yeni qanun layihəsində həkimin pasientə düzgün diaqnoz qoyub-qoymadığını müəyyən etmək üçün Səhiyyə Nazirliyinə tabe olmayan müstəqil bir komissiyanın yaradılması nəzərdə tutulub. Komissiyanın tərkibində təcrübəli və öz sahəsi üzrə ən azı 5 il çalışmış mütəxəssislər, Həmkarlar İttifaqının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, hüquqşünaslar yer alacaq. Bu komissiya vətəndaşların şikayətlərinin əsaslı, ya əsassız olduğunu araşdıracaq. Əgər komissiya həmin işdə hər hansı həkim səhlənkarlığı və ya tibb müəssisəsi tərəfindən qanun pozuntusu aşkar edərsə, vətəndaşın şikayətinin əsaslı olmasıyla bağlı qərar çıxaracaq”.

Məlumata görə, sözügedən layihədə həkimlərin səhvlərinə görə inzibati və məhkəmə məsuliyyəti də öz əksini tapacaq.

Qanunda pasientlərin informasiya əldə etmək hüququ da nəzərdə tutulacaq, xəstələrin razılığı olmadan hansısa müalicə üsullarından istifadə qadağan ediləcək.

Hazırda Parlamentin payız sessiyasında bu məsləyə baxılmadığını deyən millət vəkili bildirdi ki, qanunun növbəti yaz sessiyasında müzakirəyə çıxarılacağı da hələ dəqiq məlum deyil. “Əgər icbari tibbi sığortanın tətbiq mexanizmi hazırlanarsa, biz də bu layihəni hazırlayıb Milli Məclisə təqdim edə bilərik”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin Publika.az-a verdiyi məlumata görə, nazirliyə pasientlərin hüquqlarının pozulmasıyla bağlı müxtəlif müraciətlər olur: “Səhiyyə Nazirliyinə çox müraciətlər olur, bunlar etik davranış qaydaların pozulması, tibbi yardımın gecikməsi, həm də səhv diaqnoz qoyulmasıyla bağlı olan müraciətlərdir. Nazirliyə belə şikayətlər olursa, ilk növbədə araşdırma aparılır. İnzibati qaydada tədbir görülür, töhmət də verilə bilər, işdən də çıxarıla bilər. Təzminata gəlincə isə, o bildirdi ki, yalnız məhkəmə yolu ilə qərar çıxarılarsa, pasientə təzminat ödənilə bilər”.


Qeyd edək ki, bir sıra ölkələrdə, o cümlədən, Yunanıstan, İslandiya, İsrail, Litva, Finlandiyada pasientlərin hüquqları ilə bağlı ayrıca qanun qəbul edilib, bir qrup ölkələrdə əhalinin sağlamlığı haqqında qanunda pasientlərin hüquqlarının müdafiəsi ilə bağlı müddəalar əksini tapıb. Digər bir qrup ölkələr var ki, (Çexiya, Fransa, Böyük Britaniya və digərləri) pasientin hüquqları haqqında Xartiya əsas götürülür. Bizdə isə hələki, bütün yollar icbari tibbi sığortaya aparır. Görünür çox gözləməli olacağıq. Amma xəstələr gözləyə bilmir axı. Elə Pərvinə Hüseynova kimi…

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm