Xalq artistinin oğlunun səsi Rusiyadan gəldi – FOTO
Bizi izləyin

Tabloid.az

Xalq artistinin oğlunun səsi Rusiyadan gəldi – FOTO

Vasili Safonov adına Rusiya Akademik Federal Filarmoniyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin iştirakı ilə görkəmli rus bəstəkarı və pianoçusu Anton Rubinşteynin “Demon” operasının premyerası keçirilib.


Təssüratlarını Publika.az-la paylaşan Əyyub Quliyev tamaşanın dahi rus şairi və mütəfəkkiri Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edildiyini bildirib: “Layihənin rəhbəri və təşkilatçıları Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və V.Safonov adına Rusiya Dövlət Filarmoniyası idi. Əsərin ifasını böyük maraqla izləyən dinləyicilər tamaşanın sonunda bizi və rusiyalı ifaçıları uzun müddət alqışlarla qarşıladılar”.


Operada əsas rolları beynəlxalq müsabiqələr laureatları Sergey Maydanov, Yelena Filimonova, Mixail Xojigirov, Natalya Starkova, Aleksey Ronçuqov və Yevgeni Bulıçevski oynayıblar. Tamaşada, həmçinin filarmoniyanın akademik simfonik orkestri və xoru (bədii rəhbər Alina Muxamedjanova) iştirak ediblər.


Öyrəndik ki, tamaşanı izləmək üçün Moskva və Sankt-Peterburq şəhərlərindən qonaq gəlmiş görkəmli musiqiçilər – Rusiya Federasiyasının xalq artisti, Sankt-Peterburq Musiqi Evinin rəhbəri, P.Çaykovski adına beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, Marinski Teatrının dirijoru, professor Sergey Roldugin, Rusiyanın xalq artisti, professor Yelena Mirtova, bu ölkənin əməkdar artisti, məşhur orqan ifaçısı Svetlana Berejnaya, beynəlxalq müsabiqələr laureatı, bəstəkar və pianoçu Aleksey Orlovetski dirijor Əyyub Quliyev və digər ifaçılara bu mürəkkəb əsərin məharətli təfsirinə görə minnətdarlıqlarını bildiriblər.


V.Safonov adına Rusiya Akademik Filarmoniyası bu ölkənin ən qədim musiqi ocaqlarından biridir. 2015-ci ildə filarmoniya 200 illik yubileyini qeyd edəcək. 2013-cü ildə Əyyub Quliyev həmin orkestrin baş dirijoru təyin olunub. Bununla bərabər, o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi kimi musiqi mədəniyyətimizin inkişafı prosesində iştirak edir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm