Hayko Lanqner: “Berlin Krımla bağlı mövqeyini Qarabağa da tətbiq etməlidir”
Bizi izləyin

Nida.az

Hayko Lanqner: “Berlin Krımla bağlı mövqeyini Qarabağa da tətbiq etməlidir”

“Rusiyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəf kimi çıxış etməsi nəzərə çarpmır. Bu ölkə Minsk qrupunda əhəmiyyətli vasitəçilərdəndir. Almaniya kanslerinin Rusiyanın münaqişədə tərəf tutmasına dair açıqlaması bir qədər səmimiyyətdən uzaqdır”.


Publika.az xəbər verir ki, bu barədə almaniyalı politoloq Hayko Lanqner deyib.


Qeyd edək ki, yanvarın 21-də Almaniya kansleri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tənqid edib.


Almaniyalı politoloq isə Merkelin bu mövqeyinin Minsk qrupunun fəaliyyətində qarışıqlığa səbəb ola biləcəyini düşünür. Onun fikrincə, indiyə qədər işğalçı Ermənistanı pisləməyən Berlinin hazırkı mövqeyi suallar yaradır.


“Avropa Birliyi Azərbaycan ərazilərini işğal edən Ermənistana qarşı indiyə qədər sanksiyaları dəstəkləməyib. Almaniya kanslerinin Dağlıq Qarabağ haqda danışaraq, Rusiyanı tənqid etməsi başqa mətləblərdən xəbər verir. Bu, daha çox Avropa Birliyinin Ukraynadakı vəziyyətə yanaşması və Rusiyaya qarşı sanksiyaların tətbiqi ilə bağlıdır. Görünür, Avropa ümumi planda hücuma keçmək niyyətindədir. Bu baxımdan, Merkelin bəyanatını konstruktiv hesab etmirəm. Çünki bir müddət öncə Bundestaqın sorğusuna cavabında federal hökumət münaqişə ilə bağlı Rusiyanın mövqeyini dəstəklədiyini açıqlamışdı. Əgər münaqişənin həllində doğrudan da irəliləyiş istəyiriksə, mövcud həmsədrlərə dəstək verilməlidir. Münaqişənin həlli onsuz da ağır və mürəkkəbdir. Vacib olan Minsk qrupu üzvlərinin vahid mövqedən çıxış etməsidir”, - deyə o vurğulayıb.


H. Lanqner rəsmi Berlinin Dağlıq Qarabağ münaqişəsinə Krım probleminə yanaşması kimi mövqe sərgiləməsinin vacibliyini bildirib: “Almaniya Krımın ilhaqını qəti şəkildə pislədi. Lakin Dağlıq Qarabağ münaqişəsinə yanaşmada daha çox ehtiyatlı mövqe tutur. Təbii ki, bu da anlaşılmaz ziddiyyətləri ortaya çıxarır. Çünki Ukraynanın ərazi bütövlüyünü dəstəkləyibsə, bu prinsiplər Azərbaycana da şamil edilməlidir. Beynəlxalq hüquq Dağlıq Qarabağ münaqişəsində tamamilə açıq şəkildə özünü göstərir. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır və bu ölkənin ərazi bütövlüyü pozulub. Rəsmi Berlin Azərbaycanın torpaqlarını işğal edən Ermənistana qarşı hərəkətə keçməklə öz mövqeyini aydınlaşdırmalıdır”.


H. Lanqnerin fikrincə, əks təqdirdə, bütün addımlar ikili standart yanaşması olacaq.


“Hətta BMT Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini qəbul etdiyi qətnamələrlə aydın şəkildə ifadə edib. Almaniya bu məsələdə geri qalmamalıdır”, - deyə almaniyalı politoloq əlavə edib.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm