• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xəyanət edən arvadını 135 milyon dollarla cəzalandırdı... FOTOLAR

Xəyanət edən arvadını 135 milyon dollarla cəzalandırdı... FOTOLAR

“Qoy sevdiyi qadından iyrənsin, ona nifrət etsin, əvəzində 135 milyon dollar verəcəm!...”

İstənilən erotika – incəsənətdir!

Varlı bir yəhudi arvadının ona rəssamla xəyanət etdiyini öyrənir. Yəhudi rəqibinə həyat yoldaşının rəsmini çəkməyi sifariş edir və qarşılığında ona böyük pullar vəd edir.

Nəticə: möhtəşəm rəsm əsəri. Düzdür, daha heç bir məhəbbət yox idi...

Bu hekayə məhəbbət və nifrət, xəyanət və qisas, təqib və qurbanlarla zəngindir. Burada heç bir mənəvi dəyər yoxdur. Özünüz düşünün, bir hekayədə ki, dahi Qustav Klimt, bədbəxtlik gətirən qadın Adel Blox Bauer, qiyməti 135 milyon dollar olan rəsm əsəri, Adolf Hitler, Corc Buş, ABŞ höküməti və Avstriya xalqı iştirak edir, burada hansı mənəvi dəyərdən söhbət gedə bilər?

Yəqin, hamınız söhbətin nədən getdiyini anladınız... Söhbət Qustav Klimtin “Adel Blox-Bauerin Portreti” və ya “Qızıl Adel” rəsm əsərindən gedir. Bu rəsmi, həmçinin, “Avstriyalı Mona Liza” da adlandırırlar...

Hər şey belə başlamışdı:

1904-cü il. Ferdinand Blox-Bauer dodağının altından şən mahnı zümzümə edə-edə, əl ağacını əlində oynadır və qarşısına çıxan cənablara nəzakətlə baş əyərək səkiylə addımlayırdı.
O artıq hər şeyi qərarlaşdırmışdı. Əvvəlcə, əlbəttə ki, həyat yoldaşını öldürməyi düşünürdü, ancaq yəhudi ailələrində arvadı xəyanətə görə öldürmək qəbul edilmir. Boşana da bilmirdi, yəhudi ailələrində boşanmaq da qadağan idi. Xüsusilə, onun kimi ailələrdə - Avstriya-yəhudi diasporalarına məxsus elit ailələrdə bu heç cür qəbul oluna bilməzdi. Belə ailələrdə nikah ömürlük bağlanır. Hər iki tərəf bu nikaha xeyir-duasını vermişdi. Adelin atası Moris Bauer, Avstriya bankirlər birliyinin sədri idi. O, qızları üçün layiqli həyat yoldaşları axtarırdı və seçimi Ferdinand və Qustav Bloxlarda saxlamışdı.

Toyu demək olar ki, bütün Vena qeyd etdi. Beləliklə, hər iki ailənin kapitalı birləşdi və indi Ferdinand Blox-Bauer Avropanın ən iri şəkər zavodunun sahibi idi.

Bu an ağır-ağır gəzən Ferdinandın nə hisslər yaşadığını anlamaq çətin olmazdı. Elə bir insan tapılmazdı ki, onun arvadı Adelin rəssam Qustav Klimtlə ehtiraslı eşq macərasını müzakirə etməsin.
Ferdinand neçə gecə yuxusuz qalır və nəyahət, Adelkasından qisas almağın yolunu tapır. Bəli, o arvadını məhz belə çağırırdı - Adelka...

Bəli, o, Adel kimi təhsilli olmaya bilərdi, ancaq Ferdinand bir şeyi çox gözəl bilirdi. Məsələn, qədim hindlilər iki sevgililəri ayırmaq üçün onları bir-birilərinə zəncirlə bağlayırdılar, ta onlar bir-birilərinə nifrət edənə qədər.
Bu ideya onun ağlına yuxuda gəlir. O, Klimtə Adelin rəsmini sifariş edəcək! Qoy rəssam 100 eskiz etsin, ta Adeldən iyrənənə qədər. O, çox tab gətirə bilməyəcək. Rəssam modelləri, məşuqələri, qadınları mütəmadi olaraq dəyişməlidir, əks halda, o boğulacaq... Qoy bu portretin üzərində illərlə işləsin və qoy Adel Klimtin ona olan hisslərinin söndüyünü öz gözləri ilə görsün! Qoy görsün ki, Ferdinand Blox-Bauerə kiminlə xəyanət edib! Ayrıla da bilməyəcəklər, müqavilə çox ciddi məsələdir. Üstəgəl, cərimə çox yüksəkdir. Ferdinand asanlıqla Klimti müflis edəcək.

O, yuxuda şəkər imperiyasının çökdüyünü və yeganə var-dövlətinin yeganə Adelin portreti olduğunu görür. Ferdinand Adelin portretini sifariş edir və rəsmin adını “Adel Blox-Bauerin Portreti” qoyur və beləcə, soyadını əbədi yaddaşlara həkk edir.
Klimt tələb olunan rəssam idi, onun rəsmi yaxşı sərmaye demək idi, Ferdinand da bunu əla başa düşürdü.
Ferdinand Klimtlə müqaviləsini ən yaxşı hüquqşünaslara həvalə etmişdi, indi vacib olan rəssamın həmin sənədləri imzalaması idi...

Ferdinand evə gələndə Adel həmişəki kimi qonaq otağında siqaret çəkirdi. O, alma ətirli tütün sevirdi. Adel ecazkar idi... İncə üz cizgiləri, və tünd qara saçlar... Adel xoşbəxt bekarçılığa adət etmişdi, o, çoxsaylı xidmətçilərin olduğu varlı ailədə böyümüşdü.
O dövr nədənsə qızların universitetdə təhsil almasına yaxşı baxmırdılar, lakin Adelin valideynləri ona ev şəraitində gözəl təhsil vermişdilər. Bu romantik hisslərlə yaşayan xanım idi, klassik ədəbiyyatı dörd dildə oxuyurdu... Evlənəndən sonra o, özünə əyləncə tapmışdı - dəb salonu açmışdı. Bura şairlər, rəssamlar və Venanın bütün kübar insanları axışırdı. Qustavla da Adel burada tanış olmuşdu.

Ferdinand qonaq otağına keçib ondan əynini dəyişməyi xahiş edir və Klimti nahara dəvət etdiyini əlavə edir. Klimtin adını eşidən Adelin fərqli reaksiyası Ferdinandın gözündən yayınmır. Qustav Klimt təyin olunmuş vaxtda gəlir. (O, hər ehtimala qarşı özü ilə rəsm üçün çərçivə gətirmişdi.)
Nahar sakit keçir. Adel və Qustav bir-birilərinə baxmaqdan çəkinirdilər, Ferdinand isə əksinə, çox şən idi və nahar boyunca zarafatlarından qalmırdı... Nahardan sonra qonaq otağına keçirlər və burada təxminən belə bir dialoq baş tutur:

Ferdinand: - Cənab Klimt! Çox güman ki, dəvətimin səbəbini anlamısınız. Sizə sifariş vermək istəyirəm, görürəm özünüzlə çərçivə də gətirmisiniz. Mən həyat yoldaşım Adelin qeyri-adi portretini sifariş vermək istəyirəm.

Klimt: - Qeyri-adilik deyəndə nəyi nəzərdə tutursunuz?
Ferdinand: - Bu əsər əsrlərə qalmalıdır!
Klimt: - Maraqlıdır... bir neçə əsrə qalmalıdır... Bilmirəm. Mənə insan həyatının ən vacib məqamlarını çəkmək vacibdir – Mayalanma, Hamiləlik, Anadanolma, Gənclik, Həyatin yarısı, Qocalıq...
Ferdinand: - Ancaq Bibliyanı insanlar yazıb, Sikstin Madonnasını da insan çəkib və bu əsərlər əsrlərdir ki, yaşayır. Siz də mənim həyat yoldaşımın portretini Avstriya-Macarıstan imperiyasının Madonnası kimi çəkin və qoyun bu portret əsrlər boyu yaşasın!
Klimt: Çox çətindir...
Ferdinand: - Biz heç yerə tələsmirik. Sizə yaxşı avans ödəyəcəm. Pul barədə düşünməyin. İstəyirəm ki, həyat yoldaşımın portretində çılpaq məqamlar olmasın. Yudifinin portretini çəkdiyiniz kimi.
Klimt: - Sözsüz, mən əvvəlcə eskiz edərəm və yalnız sizin razılığınızdan sonra əsas işə keçərəm.

Müqavilənin qiymətini görən Qustav Klimt onu oxumadan imzalayır. Əlbəttə ki, Qustav dahi rəssam olduğunu anlayırdı, fəqət Ferdinandın ona təklif etdiyi məbləğ onu heyrətə gətirmişdi...
O, portretə yüzə yaxın eskiz çəkir və dörd ilə portret üzərində işi bitirir.
Ferdinand razı idi. Onlar portreti Venadakı evlərinin qonaq otağından asırlar.
Klimt və Adel arasındakı münasibətlərin bitdiyi açıq-aşkar görünürdü. Porteri çəkməyə başlayandan sonra Adel xəstələnir və Qustav portreti fasilələrlə işləməli olur.

Adel xəstə idi, bununla yanaşı, çoxlu siqaret çəkir, bütün gününü yataqda keçirirdi. Ərindən övlad dünyaya gətirmək ona nəsib olmur. O, üç dəfə uşaq dünyaya gətirməyə cəhd edir və hər dəfə uşaqlar ölür. Öz övladları olmadığından Adel bacısının övladlarına bağlanmışdı. Mariya Blox-Baueri isə xüsusilə çox istəyirdi. Mariya tez-tez xəstə xalasına baş çəkir və onlar saatlarla dəb barədə söhbətlər edirdilər...
Ferdinand isə vaxtını şəkər imperiyasının işlərinə həsr edirdi. O, Adelə onun Qustavla əlaqəsindən agah olduğunu heç vaxt söyləmir...

Vaxt keçirdi.., Birinci Dünya Müharibəsi yaxınlaşırdı. Klimtin həyatındakı “Qızıl dövr” də bitirdi. Onun rəsmlərinin mövzusunu artıq ölüm və dünyanın sonu kimi mövzular təşkil edirdi. Rəssam dünyada baş verənləri ağır keçirirdi. Müharibə ona məhvedici təsir bağışlayır və 1918-ci ildə 52 yaşında ikən rəssam ömür-gün yoldaşı Emiliya Fleqenin qollarında vəfat edir.

Adel isə Qustavın ölümündən yeddi il sonra 1925-ci ildə meningit xəstəliyindən vəfat edir. Ölümüdən öncə o, üç rəsmi, o cümlədən, “Adel Blox-Bauerin Portreti”ni Vena muzeyi Belvederə vəsiyyət edir.

Ferdinand tək yaşayırdı, onun həyatı günü-gündən daha da dözülməz olmuşdu. Belə ki, Avstriya 1938-ci ildə Almaniyanın tərkibinə qatılmışdı və nasistlər avstriyalı yəhudilərin həyatını zəhərləməyə başlamışdılar. Elə həmin il, Ferdinand İsveçrəyə qaçır və bütün var-dövlətini qardaşının ailəsinə təhvil verir...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR