• USD 1,7001 0,00% EUR 2,0032 -0,42%
    • GBP 2,2846 +0,01% RUB 0,0289 -0,35%

“Kişilərdə bəxtim gətirmir” - FOTOLAR

“Kişilərdə bəxtim gətirmir” - FOTOLAR

Amerikalı aktrisa gözəl olmaqla yanaşı, müdrik, təvazökar və cazibədardır. Əlbəttə ki, istedadlıdır, lakin Hollivudda istedadlar çoxdur, təvazökarlar isə barmaq sayıdır. Enn isə başqa məsələ, o təmizdir, sadədir...

"Taleyim mənə qarşı çox səxavətlidir, onun mənə bəxş etdiklərini korlamaq istəmirəm" – aktrisa yüzüncü kərə bu kəlmələri işlətməkdən yorulmur...

O, Hollivudun təravətli simasıdır. İri gözləri, hissiyyatlı qalın dodaqları... Hər hərəkətində bir kübarlıq, bir incəlik var. Təbəssüm – saatlarla güzgü önündə məşq edilmiş təbəssüm deyil - təbiidir, uşaqcaşına təbii... Bu xanım sanki işıq saçır... O, daha qapalı, daha gizli, daha özündənrazı ola bilərdi. Lakin bu zaman da o, indiki Enn Heteuey olmazdı...

Culiya Robertsə bənzəmək...

Onu ulduzların şəxsi həyatı heç vaxt maraqlandırmayıb, daha dəqiq desək, onların kiminlə yatması, hansı plastik əməliyyat etməsi və s... Enn sadəcə, uşaqlıqdan kinonu sevib və "Gözəlçə"dəki Culiya Robertsə bənzəməyi arzulayıb. O qədər çox arzulayıb ki, nəticədə, bu gün Ennin xarici görünüşünü və mimikalarını məhz Culiya Robertsə bənzədirlər. Culiya ilə yanaşı,Heteueyi eleqant, təkrarolunmaz Odri Hepbernə də bənzədirlər. Enn etiraz etmir...

Enn Heteueyin adı və soyadı Şekspir mütəxəssislərinin bu dahi dramaturqun bioqrafiyasını yenidən nəzərdən keçirməyə məcbur edir. Axı Şekspirin həyat yoldaşının adı da məhz belə idi. Bütün həyatı boyu Enn İngiltərəyə, buranın adət-ənənəsinə və teatrına maraq göstərib.
Uşaq ikən Enn teatr dərnəklərinə gedir, tez-tez kinosınaqlara qatılırdı. Məktəbi bitirdikdən sonra Brodveydəki tamaşalarda uşaq rollarını oynamağı arzulayırdı. Ancaq teatr prodüserləri onun uşaq rollarını oynamaq üçün çox hündür olduğunu, yaşca böyük rolları canlandırması üçün də çox gənc olduğunu hesab edirdilər. Lakin gələcək aktrisa həvəsdən düşmür və bir neçə serialda çəkilir,daha sonra isə "Şahzadənin gündəliyi" filmi üçün sınaqlara qatılır və rola təsdiq edilir.

Meril Strip zirvəsinə çatmaq...

Kino karyerasındakı uğurlu başlanğıca baxmayaraq, Enn təhsilini davam etdirməyi qərara alır və "Vassar" kollecinə daxil olur. Burada aktrisa ingilis ədəbiyyatını dərindən öyrənir.
- "Kollecdə keçən vaxt gözəldir, çünki burada sən böyük olmağı öyrənirsən" – aktrisa söyləyir. Həm də "Vassar"ı onun sevimli aktrisası Meril Strip də bitirmişdi...

Meril Striplə Enn Heteuey ilk dəfə "İblis Prada geyinir" filmində rastlaşırlar. Filmin sonunda Ennin qəhrəmanı tələbkar müdirənin etibarını qazanır. Lakin Ennin qəhrəmanı işində irəliləyiş baş verdiyi zaman prestijli iş yerindən çıxır, bununla o, azadlığı seçir. Ancaq Enn özü söyləyir ki, heç vaxt qəhrəmanının atdığı addımı atmazdı. Əksinə, işdə qalar və bacardıqca işində irəli gedərdi...

Meril Strip haqqında isə aktrisa bunları söyləyir: "Mən Merilin işə münasibətinə heyranam. Onu bir insan kimi də sevirəm. Onunla eyni filmdə çəkilmək dünya çempionu ilə tennis oynamağa bənzəyir. Çəkilişlər zamanı Meril məni göylərə qaldırırdı. Göylərə qalxdıqdan sonra aşağıya onun köməyi olmadan necə düşəcəyimi düşünürdüm..."
Təəccüblü deyil ki, Ennin həyatda ən çox arzuladığı mükafat... xeyr, Oskar deyil, o "Meril Striplə indiyə qədər çəkilmiş ən uğurlu gənc aktrisa" adını qazanmağı arzu edir.

Enn Heteuey olmaq...

Lakin Culiya Robertslə bənzərliyi olan və Meril Strip səviyyəsinə ucalmağı arzulayan aktrisa hər bir halda, özüdür. Və ən maraqlısı da burada başlayır. Hollivud divası, milyonlarla dollar qazanan aktrisa gülməli vəziyyətlərə düşmək üzrə böyük mütəxəssisdir.

Premyerada təsadüfən lüt...

Hər şey çox yaxşı başlamışdı. Enn ziyafət üçün gözəl, uzun qara rəngli paltar seçmişdi. Eleqant və eyni zamanda sadə bir libas olacaqdı, amma... Fotoaparatlar olmasa... Onlar Ennin gizli qaldı deyə düşündüyü hər şeyi işıqlandırdı. Əsasən də, onun heç göstərmək istəmədiyi döşlərini hamı görür...
Müsahibələrinin birində bununla bağlı sualları cavablandırarkən aktrisa söyləyir: "Yalnız premyera zamanı kameraların işıqları məni çəkərkən paltarımın altından bütün bədənimin göründüyünü anladım. Bunu xatırlayarkən yerin dibinə girmək istəyirəm. Buna görə elə utanıram ki! Kino başqa məsələdir, burada sən öncədən bəlli ssenarini oynayırsan, ancaq bu ayrı məsələ, təsəvvür edin ki, insan büsthalterini geyinməyi unudub və indi hər kəs onun bədəninin hər yerini görür...

Fırıldaqçıya aşiq olmaq...

Nəinki aşiq olub, onunla dörd il yaşayıb. Gələcəyə ciddi planlar qurmuşdu, ailə və övladlar barədə arzulayırdı. İtaliyalı biznesmen, yaraşıqlı və gözəl yumor hissi olan Rafaello Follyeri özü də Ennə aşiq olmuşdu. Onlar nəinki məşuq idilər, onlar həmçinin, dost idilər və birgə xeyriyyəçiliklə də məşğul olurdular. Ancaq sonradan məlum oldu ki, Rafaello özü bir çox maliyyə fırıldaqları ilə məşğul olub, düzgün insanları aldadıb. Bütün bunlardan sonra o, axşam evə qayıdıb sevgilisi ilə kasıb və xəstə insanlara necə yardım etməyin yolları barədə fikirləşirdi... Bir çox fırıldaqlarda şübhəli bilinən Follyeri həbs edilir, Ennlə münasibətlərə də son qoyulur.
Baş verənlər Enn üçün əsl zərbə olur. Mənəvi sarsıntıdan yaxa qurtarmaq üçün Enn psixoloq yanına gedir: "Sevgidə yaşadığım uğursuzluqdan sonra sanki bütün qapılar üzümə bağlanmışdı. Ancaq psixoloqum məni hadisələrə fərqli yanaşmağı öyrətdi. İnsan həyatında emosiyaların baş qaldırmasına səbəb olan bir çox hadisə baş verə bilər. İnsan iki yanaşmadan birini seçməlidir. Ya əzab içində məhv olursan, ya da azadlığa sevinir və hər şeyin yaxşılığa doğru olduğuna inanırsan".

Cenifer Enistonu təhqir edir...

Sevgilisindən yenicə ayrılan Enn özü də bilmədən kolleqası Cenifer Enistonun xətrinə dəyir. Verdiyi müsahibələrin birində Enn özünü Ceniferlə müqayisə edərək : "Kişilərdə Cenifer kimi bəxtim gətirmir. Biz pis kişiləri seçirik" - söyləyir. Eniston müqayisənin yersiz olduğunu hesab edir və: "Hər halda, mən heç vaxt cinayətkarlarla görüşməmişəm" - deyə Ennin fikrini cavabsız qoymur...
Əslində, Enn heç də kolleqasının xətrinə dəymək istəməmişdi...

Amerikalı ola-ola daim İngiltərəyə aşiq olduğunu söyləyir...

Amerikalılar öz vətənpərvərlikləri ilə seçilirlər. Bir çox amerikalılar bu səbəbdən öz ölkələrindən kənara çıxmırlar, çünki onların ölkəsindən daha yaxşısı onsuz da yoxdur. Onlar belə zənn edir. Demək olar ki, hər bir amerikalı evinin görkəmli guşəsində ölkəsinin bayrağını asıb.Və məhz bu yerdə hansısa Heteuey daim İngiltərəni sevdiyini söyləyir. "Mən britaniyalıların yumor hissini sevirəm. Onların özlərinə olan pafossuz, sadə münasibətini xoşlayıram. Təəssüf ki, Amerikada bu ölkəyə olan sevgimi dilə gətirərkən ehtiyatlı olmalıyam. Burada İngiltərəyə olan sevgi özünədəyərin dəhşətli dərəcədə aşağı düşməsi kimi qiymətləndirilir"...

Aytən Cavanşir

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>