• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Arzunu ağaclığa doğru dartdığını görəndə tez qapıya qaçdım” – Bir cinayətin tarixçəsi

“Arzunu ağaclığa doğru dartdığını görəndə tez qapıya qaçdım” – Bir cinayətin tarixçəsi

İttihama görə, Yeni Günəşli qəsəbəsində təqsirləndirilən şəxs qonşusu və dostu olan Novruz Novruzovu bıçaqlayaraq qətlə yetirib. Hadisəyə yeniyetmələr arasında mübahisə səbəb olub.

Nurməmməd Hacıməmmədov eyvanda dayanarkən 19 yaşlı bacısının qonşusu Novruz Novruzov tərəfindən zorla binanın arxasına dartıldığını görüb. Bundan əsəbiləşən Nurməmməd mətbəxdən bıçaq götürərək həyətə düşüb, dostu Novruzdan bunun səbəbini soruşub.

Bacısından evə getməyi tələb edən Nurməmməd Novruzla mübahisə edib. Yaranmış mübahisə dava-dalaşsız ötüşməyib. Əsəblərini cilovlaya bilməyən gənc Novruza bıçaqla zərbələr endirib. Yaralı qan içində qaçaraq hadisə yerindən təxminən 200 metr kənarda dünyasını dəyişib.

"Bacımın qolundan tutub dartırdı"

Məhkəmədə Nurməmməd Hacıməmmədov ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilib: "Hadisə baş verən gün atamla anam bazara getmişdilər. Evdə bacım Arzu ilə ikimiz qalmışdıq. Arzu mənə rəfiqəsigilə gedəcəyini söylədi. O, evdən çıxanda mən eyvanda idim, küçəyə, binanın qarşısına baxırdım.

Bacım blokdan çıxanda gördüm ki, Novruz Arzunun rəfiqəsinin yaşadığı mənzilin blokunun qarşısında dayanıb. Bacım yaxınlaşanda Novruz onun qolundan tutaraq binanın arxasına sarı dartdı.

Bunu görüb hirsləndim. Mətbəxdən bıçaq götürüb, gödəkcəmin cibinə qoyub evdən çıxdım. Fikirləşdim ki, dalaşsam, birdən ona gücüm çatmaz. Heç kim olmadığını görüb binanın arxasına keçdim. Novruzun bacımın əlini buraxmadığını, Arzunu ağaclığa doğru dartdığını, bacımınsa: "Burax məni, elə eləmə qışqırım, səsimə bütün qonşular gəlsin" deyərək qışqırdığını gördüm.

Novruz məni görən kimi Arzunun əlini buraxdı. Bacım qaçıb evə getdi. Novruza: "Axı sənə demişdim, bacımdan uzaq ol, sən isə qatıqladın, deyəsən, məndən qorxmursan" dedikdə məni söydü.

Əlimlə onu itələmək istədikdə, fənd işlədərək məni yıxdı, cibimdəki bıçaq yerə düşdü. Novruz bıçağı yerdən götürmək istədikdə, onu qabaqladım. Bıçaqla Novruzu vurdum. Zərbə kürək tərəfinə dəydi. Bıçağı əlimdən almaq istədikdə, təkrar zərbə endirdim. Təpiklə qarın nahiyəsindən vurdum. Bu zaman bıçaq əlimdən düşdü. Novruz evlərinə tərəf qaçdı. Bıçağı gödəkcəmin cibinə qoyub evə getdim. Arzu mənə yaxınlaşıb nə baş verdiyini soruşdu. Ona "heç nə, dalaşdıq", - dedim.

Təxminən 2 saatdan sonra atamla anam evə gəldilər. Onlara hadisəni olduğu kimi danışdım. Atam Novruza bir şey olub-olmadığını soruşdu. Mənsə Novruzu Arzuya sataşdığına görə ona 3-4 zərbə endirdiyimi söylədim.

Atam Novruzu axtarmaq üçün küçəyə çıxdı. Təxminən 20-25 dəqiqədən sonra qayıdaraq Novruzun öldüyünü söylədi. Atama polisə təslim olmaq istədiyimi dedim. Atamla birlikdə 33-cü polis bölməsinə gedərək təslim oldum.

"Onu öldürmək fikrim yox idi"

Evdən çıxanda bıçaq götürsəm də, Novruzu öldürmək məqsədim olmayıb. Bıçağı ona görə götürmüşdüm ki, Novruzla dalaşsaq, onu qorxuda bilim, çünki Novruz güclü idi. Əgər üzr istəsəydi, bu hadisə baş verməzdi. İstintaq zamanı mənə verilən suallara cavab olaraq bildirmişdim ki, hadisə baş verən gün Novruzla nə telefonla danışmışam, nə də görüşmüşəm.

Sonuncu dəfə Novruzu hadisədən 2-3 gün qabaq məhəllədə görmüşdüm. Həmin gün münasibətimiz normal olub. Hadisədən bir gün qabaq isə Novruz cavabsız zəng etmişdi, konturum olmadığından ona zəng etmədim".

Xınayaxdıdan qayıdan ana...

Zərərçəkmiş şəxs qismində dindirilən Sevinc Novruzova (mərhumun anası) ifadəsində hadisə baş verən gün xınayaxdıda olduğunu göstərib: "Qızım Səmayə ilə xınayaxdıya getmişdim. Evdə qardaşımla əmim oğlu Vüqar qalmışdı. Oğlum Novruz səhər tezdən idmana getmişdi. Digər oğlum Orxan əmisigildə idi.

Xınayaxdıda olarkən evimizdə nəsə hadisə baş verdiyini dedilər. Qohumlarımla birlikdə evə gəldim. Evdə çoxlu adamlar vardı. Nə baş verdiyini soruşduqda, Novruzun hamamda ürəyinin qısıldığını, xəstəxanaya aparıldığını, artıq xəstəxanadan gətirəcəklərini dedilər.

Gecə saat Novruzun meyitini evə gətirdilər. Oğlumun həmin vaxt öldüyünü bilmişəm. Bundan sonra qonşular Novruzu dostu Nurməmmədin öldürdüyünü söylədilər.

Nurməmmədin bacısı Arzunu tanıyıram, çox yaxşı, tərbiyəli qızdır. Heç vaxt Arzu barədə pis bir şey eşitməmişəm. Arzu bizə də tez-tez gəlirdi. Sonuncu dəfə hadisədən 2 ay qabaq bizim evdə olub. Arzunun Novruz ilə də münasibəti yaxşı idi. Novruzun kompüterində ayrı bir qovluqda Arzunun şəkilləri olduğunu bilirdim".

Araşdırma zamanı mərhum Novruz Novruzovun kompüterində Arzunun müxtəlif məkanlarda, müxtəlif paltarlarda şəkilləri və ayrı bir "Vefasizlara" qovluğunda həmin şəkillərdən düzəldilmiş video-klip aşkar olunub.

"O, qardaşımla dost idi"

Şahid qismində dindirilən Arzu Hacıməmmədova ifadəsində Novruzla qardaşı Nurməmmədin dost olduqlarını göstərib: "Qonşu blokda yaşayan rəfiqəm zəng vurub məni evlərinə çağırmışdı. Qardaşıma Günaygilə gedəcəyimi deyib evdən çıxdım. Binanın həyətinə düşdüm. Rəfiqəmgilin blokuna girən zaman blokun yanında dayanan Novruz, "dayan, sənə sözüm var", - dedi. Fikir verməyib getmək istədim. Novruz qolumdan tutaraq məcburi binanın arxasına dartdı.

Bu zaman Nurməmməd gəlib çıxdı. Novruz məni buraxdı. Qardaşım mənə evə getməyimi söylədi. Evə gəldim. Nurməmməd özü isə 15-20 dəqiqədən sonra gəldi. Qardaşımdan nə olduğunu soruşdum. Mənə heç nə demədi. Saat təxminən 20:00 radələrində qardaşım anamın işlədiyi dükana getdi. Bir saatdan sonra isə atamgillə birlikdə evə gəldi.

Anamın ağladığını görüb nə baş verdiyini soruşdum. Anam Nurməmmədin Novruzu bıçaqla vurduğunu dedi. Atam Novruzu axtarmaq üçün evdən çıxdı. 30-40 dəqiqədən sonra evə qayıdaraq Novruzu tapmadığını söylədi. Qonşulardan Novruzun öldüyünü eşitdik. Nurməmməd polisə gedərək təslim olmaq istədiyini bildirdi və atamla birlikdə polis bölməsinə getdilər.

"Sənin xətrini bir qardaş kimi çox istəyirəm"

Novruzgilin ailəsi bizim yaşadığımız binaya 2003-cü ildə köçmüşdülər. Həmin vaxtdan sonra Novruzla qardaşım Nurməmməd dostluq edirdilər. Novruz bizim evimizə tez-tez gəlir, hərdən zəng edirdi. Novruzla münasibətim normal idi. Anasına nəsə kömək lazım olanda məni çağırırdı. Hərdən Novruzgilin evinə gedirdim.

2010-cu ilin təxminən avqust ayında Novruz ev telefonumuza zəng etdi, məndən xoşu gəldiyini, sevdiyini söylədi. Ona cavab verməyib telefonu yerə qoydum. 2-3 gündən sonra Novruz yenidən zəng vurub məni sevdiyini söylədi. Bu dəfə Novruzla danışıb ona: "Mən də səni çox istəyirəm, lakin qardaş kimi, həm də bizim aramızda yaş fərqimiz var" dedim. Novruz isə yaş fərqinin olmadığını, hər dəfə zəng edərək məni sevdiyini söyləyirdi.

Haradansa mobil telefon nömrəmi tapıb mənə SMS yazmışdı. Bundan sonra hadisə baş verən günə kimi bir-birimizə SMS yazır, telefonla danışırdıq. Novruz SMS-lərində həmişə olduğu kimi məni sevdiyini yazırdı.

Novruzun bacısı Səmayə ilə də tez-tez telefon vasitəsilə əlaqə saxlayırdıq. Səmayəyə Novruzla olan münasibətlərim barədə heç bir şey deməmişdim. Lakin Səmayə mənimlə danışarkən həmişə Novruz barəsində söhbət açırdı. Rəfiqələrimlə binanın ətrafında gəzəndə Novruz da bizim yanımıza gəlirdi. Bu söhbətlərdən Nurməmmədin xəbəri yox idi.

Nurməmməd hərdən mobil telefonumun yaddaş kartını Novruzun kompüterindən nə isə götürmək üçün Novruzgilə aparırdı. Bir gün Novruz zəng edərək şəkillərimin onun kompüterində olduğunu söylədi. Novruza şəkillərimi silməyi tapşırsam da, o, bunu etməyəcəyini deyirdi.

"Sənə deyiləsi sözüm var"

Novruz heç vaxt mənə evlənmək təklifi etməyib. Deyirdi ki, mən səni istəsəm də, səni mənə verməzlər. Bu barədə Novruza heç bir şey demirdim. Hadisə baş verən gün Novruz bizə zəng vurmuşdu. Ona rəfiqəmgilə getməyə hazırlaşdığımı söylədim. İsrarla görüşmək istədiyini dedikdə, ona qardaşımın evdə olduğunu dedim.

Novruz yenidən zəng edərək: "Gəl görüşək, sənə deyiləsi sözüm var" dedi. Gələ bilməyəcəyimi deyib telefonu söndürdüm.

Saat 17:00 radələrində rəfiqəmgilə gedərkən blokun qarşısında əlimdən tutub məni binanın arxasına doğru çəkdi. Novruzla könüllü olaraq təxminən 100-150 metr yol getdim. Orada Novruz məni qucaqlayıb: "Səni çox istəyirəm" dedi və öpmək istədi. Başımı arxaya çəkərək öpməyə qoymadım. Elə bu vaxt qardaşımın bizə tərəf gəldiyini gördüm. Novruz onu görən kimi məni buraxdı. Mən də çıxıb evə getdim".

Bu cinayət işinə hakim Eldar Mikayılovun sədrlik etdiyi kollegiyada baxılıb. Məhkəmənin hökmü ilə Nurməmməd Hacıməmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR