“Lotu Quli”nin cəzalandırdığı “Zayka”nın bandasının cavabı
Bizi izləyin

Cinayət tarixçəsi

“Lotu Quli”nin cəzalandırdığı “Zayka”nın bandasının cavabı

Bir müddət əvvəl Moskvada yerləşən "Matrosskaya Tişina" cəzaçəkmə müəssisəsində məhbuslar arasında kütləvi dava baş verdi.

Azərbaycanda həbsdə olan məşhur "qanuni oğru" "Lotu Quli" ləqəbli Nadir Səlifovun tərəfdarları "Zayka" ləqəbli Zaur Əliyevə inanılmaz işgəncələr verdilər.

Ancaq Lotu Quli tərəfdarlarının kriminal avtoriteti döymələri cəzasız qalmadı. Ertəsi gün həbsxanaya nəzarət edən "vorzakon" ("smotryaşiy") Nukri Doçiya (ləqəbi Nukri Qalskiy) tərəfdarları ilə birgə Zaur Əliyevə hücum edənlərdən 7 nəfərini döydülər.

Həmçinin Nazim Hümbətov və Erdak Lənkəranski də cəzalandılar. Konflikt hələ də davam edir. Bəs Rusiya kriminal aləmində birdən-birə peyda olan Zaur Əliyev kimdir, tanınmış oğrulara niyə başağrısı olub?

Yeni qruplaşma

İndiki Rusiya 90-cı illərdəki kimi kriminal bandalarla qaynamır. Slavyan qruplaşmaların sayı xeyli azalıb. Polis orqanları kriminogen duruma əvvəlkindən daha yaxşı nəzarət edirlər. Dəyişməyən yeganə şey Qafqazdan və Orta Asiyadan Moskvaya axın edən kriminal ünsürlərin sayıdır.

Zaur Əliyev Rusiya paytaxtına gələnədək vətəndə 15 il həbs cəzası cəkmişdi. Azərbaycanda qalmaq sərf etmirdi, bütün perspektivlərini Rusiya ilə bağlamışdı.

Təxminən 2 il əvvəl banda topladı. Az bir zamanda başqa qruplaşmaların ərazilərinə soxularaq sıxışdırdılar. Banda reketliklə də məşğul olurdu.

"Məzarını özün qaz"

Rusiya mətbuatının yazdığına görə, Zaykanın bandası sahibkarları lap kinodakı kimi qorxudurdular. Əgər sahibkar aylıq pul ödəməkdən imtina edirdisə, onun əl-qolunu bağlayıb şəhər kənarındakı meşələrdən birinə aparırdılar. Əlinə bel verib qəbir qazdırırdılar. Əgər pul verməyə razı olmasa, elə öz əli ilə qazdığı məzarda basdıracaqlarını deyirdilər. Belə "səhnəcik", adətən, effekt verirdi.

Banda üzvlərinin əksəriyyəti çox bahalı avtomobillərdə gəzirdi. Heç biri maşınlara görə pul ödəməmişdi. Maşın əldə etməyin də sadə bir sxemi vardı.

Bahalı maşını olan hər hansı bir sahibkar haqda banda informasiya toplayırdı. Zəif cəhətlərini, psixologiyasını öyrənirdilər. Sonra həmin sahibkar Moskvanın mərkəzində hansısa kafedə olarkən onun masasına Zaykanın bandasından olan bir neçə quldur əyləşirdi. Qorxunc görkəmləri, həm də silahları ilə qurban qorxudulurdu. Günün-günorta çağı çəkinmədən paytaxda silah gəzdirən quldur obrazı sahibkarlara, adətən, hipnoz kimi təsir edir. Bir balaca "profilaktik" söhbətdən sonra maşının açarlarını və sənədlərini könüllü olaraq quldurlara verirdi. Demək olar ki, heç biri də şikayət etmirdi. Bandanın qisasından çəkinirdilər.

İaşə obyektləri də orijinal üsulla özlərinə tabe edilirdi. Zaykanın adamları gəlib restoran, yaxud kafedə nahar edir. Pulunu verib gedirdilər. Üstündən bir gün keçmiş yenidən kafeyə qayıdır. Obyektin yiyəsinə deyirdilər ki, dünən burada yemək yeyənlər zəhərlənib. Bu adla sahibkarı qorxudub aylıq haq verməyə məcbur edirdilər.

Evindən polis geyimi tapıldı

Zayka "bespredel" imici qazanmışdı. Tabe olmayan sahibkarlar dərhal cəzalanırdı. 2013-cü ilin 18 sentyabrında "Sadavod" bazarında ticarət obyektləri olan Hüseynov familiyalı sahibkar məhz Zaykanın adamları tərəfindən öldürüldü.

2014-cü ilin 9 sentyabrında "qanuni oğru" Rövşən Tsomayın ölümünü də Zaur Əliyevin ayağına yazırlar.

Zayka kimilərini kriminal aləmdə "stremyaqa" adlandırırlar. Yəni zamanla Zayka özü də "qanuni oğru" adı almağı planlaşdırırdı.

Lakin bazarlar uğrunda savaşda tanınmış qanuni oğrulara da əlcək atmaqdan çəkinmirdi. Deyilənə görə, Lotu Quli özbaşınalığına görə Zaur Əliyevə zəng edib iradını bildirmişdi. O isə cavabında "qanuni oğru"nu söyərək təhqir etmişdi.

Odur ki, "Matrosskaya Tişina" həbsxanasına düşəndə Lotu Qulinin adamları tərəfindən "sındırıldı."

Həbsdə isə uzun müddət qalacağı indidən bəllidir.

Polis Zayka ilə yaxından maraqlanmağa hələ bu ilin avqustundan başlamışdı.

Həmin vaxt onun qruplaşması "Bulatnikovski pereezd" bir biznesmeni oğurlamışdı. Girova görə onun ailəsindən 50 milyon pul qopara bildilər.

6 noyabrda əməliyyatçılar Zaur Əliyev və onun bandasının yerini müəyyənləşdirdilər. Banda üzvləri bilyard salonunda həbs olundular. Saxlanılan zaman Zaykanın üstündə "İJ" tapançası aşkarlandı. Banda üzvlərinin qaldıqları evdə isə daha çox silah vardı. Axtarış zamanı onların evindən "Kalaşnikov" avtomatı, "Makarov" və "Volter" tipli tapançalar, həmçinin "Sayqa" karabini tapıldı.

Bundan əlavə, evdən maskalar, hətta polis forması da aşkarlandı.

Rusiya mətbuatı yazır ki, hazırda istintaq davam edir. Banda üzvləri ilə bağlı cinayət işinə hər gün yeni epizodlar əlavə olunur. Odur ki, istintaq yekunlaşandan sonra Zayka və bandasının uzunmüddətli həbs cəzası alacaqları şübhəsizdir.

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm