Azərbaycanlı müğənninin əmisioğlu qız qaçırdı - VİDEO, FOTOLAR
Bizi izləyin

Könlüm keçir

Azərbaycanlı müğənninin əmisioğlu qız qaçırdı - VİDEO, FOTOLAR

Həmsöhbətim Laçının Şəlvə dərəsindən olan xanəndə Ehtiram Hüseynovdur. "Könlüm keçir"də dərdləşmək üçün onu redaksiyamıza dəvət etdim. Uşaqların məndən bir təmənnası da oldu: “Bax, onu oxudarsan ha!” Amma vəd vermədim, çünki Ehtiramın hansı ovqatda olacağını qabaqcadan bilirdim. Onun kövrələcəyini, qəhərlənəcəyini nəzərdə tuturam. Elə zənn etdiyim kimi də oldu. 12 yaşında ikən Laçından çıxan laçınlı balası xatirələrini paylaşdıqca, hansı hisslər keçirdi, onu bir Allah bildi. O yerlərdən bir fotosu belə yadigar qalmayan Ehtiram o xatirələri içinə yığıb gətirmişdi. Sözün düzü, uşaqların xahişini ona çatdıra bilmədim. Gərək məni bağışlayasınız...

Xatirələrin gizləndiyi Şəlvə dərəsi…

“Laçının Daşlı kəndindənəm. Biz tərəflərdə müxtəlif yerlər var idi ki, insanları məhz o yerlərin adı ilə çağırardılar. Məsələn, filankəs Şəlvə dərəsindəndir, ya Qorçu dərəsindən, Minkənd tərəfindən. Mən də Şəlvə dərəsindənəm. Ailəmizdə iki bacı, iki qardaş olmuşuq. Atam fizika-riyaziyyat müəllimi idi. Mən Laçından çıxanda 12 yaşım vardı, amma sanki həyatımın bütün hissəsini Laçında keçirmişəm. Uşaqlıq illərim Zavod kəndində keçib. Tez-tez babamgilin Qovuşuq kəndindəki evlərinə gedərdim, Dəlidağın dibində yerləşirdi o kənd. Çaydan balıq tumağımız yadıma gəlir. Uşaqlarla yığışıb, çayın axınının qarşısını kəsərdik, su yığılan yerdə balıqları tutardıq”.

“Qarın yağa-yağa gəlməsini gözümlə görmüşəm”

“Laçında nadir təbiət hadisələri baş verirdi ki, mən hələ bu qədər bölgədə olmuşam, o hadisələrin birinə də rast gəlməmişəm. Məsələn, qarın yağa-yağa gəlməsini gözümlə görmüşəm. Evimizin yanında dayanardıq, görərdik ki, iki dağın arasından qar yağa-yağa gəlir. Üç dəqiqədən sonra o qar bizim yanımıza çatardı. Bir dəqiqə fasilə verərdi, sonra yenidən qar yağa-yağa bizə sarı gələrdi. Məsələn, mən İsmayıllıda görmüşəm, bir tərəfə yağış yağır, o biri tərəfdə quraqlıq olur. Amma qarın yağa-yağa gəlməsini Laçından başqa heç yerdə görmədim.

Minkəndin isti suyu...

“Minkənddə isti su vardı, hər yay camaat gəlib orda alaçıq qurub dincələrdi. Dağın döşündə keçmişdən qalma bir mağara vardı və o mağarada restoran yerləşirdi. Babamın anası Minkənddən idi və o mağaradakı restoranı babam işlədirdi. Vaxtilə yaylağa gedənlərin o mağara yaxşı yadında olar, çünki çox məşhur idi”.

Cəhənnəm dərəsində yaşanan faciə

“Atamın ana tərəfi tanınmış seyidlərdən idi. Onlar Laçında çox məşhur olan Cəhənnəm dərəsi deyilən bir yerdə yaşayırdılar. Çox adam yaşamırdı orda. Yalnız babamgilin nəslinə məxsus idi. Heç bilmirdik ora niyə məhz Cəhənnəm dərəsi deyirlər, bəlkə də çox mənzərəli, əsrarəngiz bir yer olduğuna görə. Bakıdan bir çox ziyalılar, şairlər, yazıçılar o dərəyə, babamgilə qonaq gələrdilər. Bura onların o qədər xoşuna gəlibmiş ki, Cəhənnəm dərəsinin adını dəyişdirib öz aralarında Cənnət dərəsi qoyublar. İndiyə qədər gəzdiyim yerlərdə Cəhənnəm dərəsi qədər gözəl, mənzərəli məkan görməmişəm. Qədimi yer idi. Orda böyük bir mağara vardı, o mağaranı ikiotaqlı ev kimi istifadə edirdilər. Təsəvvür edin, böyük bir dağın dərəsində, babamgil belə bir mağarada yaşayırdılar. Cəhənnəm dərəsi ilə bağlı faciəli bir hadisə də uşaqlıq yaddaşıma həkk olunub. Həmin o mağaranın böyük bir daşı uçmuşdu, anamın nənəsi və bacısının üstünə düşərək hər iki qadını öldürmüşdü. Yadımdadır ki, o biri mağarada bir təbii daş vardı, böyük ölçüdə, amma əlinə alırdın, sanki quş kimi yüngül idi. Orda işıq-zad yox idi, 1990-cı ilin əvvəlində babam öz əliylə ora işıq çəkdi. Bax, o hadisə mənim yadımda işıqlı bir xatirə kimi qalıb”.

Dağaşağı yumalanan təkərlər…

“Fevral ayında Laçında Xıdır Nəbi deyilən bayram olurdu. Laçın camaatı o bayramı təmtəraqla qeyd edərdilər, xüsusən də uşaqlar çox sevinərdi həmin gün. Biz uşaqlar bayram günü evlərə gedib, un yağ, şəkər yığardıq, gətirib anamgilə verərdik. Qadınlar gecə səhərəcən gətirdiklərimizdən kömbə deyilən şirin çörək bişirirdilər. Neçə nəfər uşaq arasında o kömpə paylanardı. Novruz bayramına da xüsusi hazırlaşardıq. Dağın döşündə yal vardı, biz uşaqlar təkər yığıb dağın başına dırmaşardıq. Hansı ki, oranı bütün kənd görürdü. Novruz gecəsi həmin dağın başından təkərləri fırlada-fırlada aşağı düşürərdik, ta çaya çatana qədər. Bir yandan da lopa yandırıb göyə tullayardıq. Kimin lopası uzaqlara gedib çıxacaq deyə yarışardıq”.

“Qızları qaçırıb Cəhənnəm dərəsinə aparırdılar”

“Ən çox yadımda qalan Laçın camaatının comərdliyi olub. Dağ adamlarının özlərinə məxsus keyfiyyətləri vardı. Sözü dedisə, həmin sözün ağası olurdular. Bizim tərəflərdə qız qaçırmaq adətdən idi. Bir də görürdün kiminsə qızını qaçırdılar, qızın yiyələri əli silahlı bir ay, iki ay qızı axtarardılar. Qaçırılan qızı tapmaq hər oğulun işi deyildi. Handa bir zəfi adamın əlindən qaçırılan qızı almaq mümkün olurdu. Babamgilin Cəhənnəm dərəsinə o qədər qızları qaçırıb aparmışdılar ki… Babamın əlindən qız almaq olardı? Bu mümkünsüz idi. Əslində qaçırılan qızların yüzdə doxsan doqquz faizi qabaqcadan razılaşıb qaçırdılar. Elə bugün də bu adət bizim Laçın camaatında davam edir. Əmimoğlu bu yaxınlarda qrup yoldaşını qaçırdı. Özü də Bakıda. Dedik ə, bu qızı niyə qaçırmısan, elə istəyirdin gedib alardın də. Deyir nə bilim e, ağlıma doldu qaçırdım də”.

“Atamı yandıran bu oldu ki…”

“O qədər çox yaşım olmasa da, Laçından çıxdığım günü dəqiqliklə xatırlayıram. Xocalı faciəsindən sonra, bizim tərəflərdə yaşayan camaatın nə ki, uşaqları vardı, hamısını yığıb rayondan çıxardılar. Hansı ki, bir ay sonra Laçın əldən gedəcəkdi. Uşaq olsaq da, Laçından çıxmaq istəmirdik. Yadımdadır ki, ordan ağlaşa-ağlaşa çıxdıq. Atamgil o vurhavurdu 8 ailə bir yük maşınına doluşub Laçından çıxmışdılar. Evdən heç nə götürə bilməmişdilər. Laçında təbiət hadisələri baş verirdi. Məsələn, orda göy guruldayanda, ildırım çaxanda, sel gələndə, ayrı bir aləm olurdu. Atam o göy guruldamağının, selin səsini maqnitafona yazırdı. Elə onu ən çox yandıran da bu oldu ki, həmin lent yazılarını Laçından çıxanda özüylə götürə bilməmişdi. İndi Laçından danışanda deyir ki, kaş o lent yazılarını gətirəydim, indi qulaq asıb Laçının ətrini o göyün guruldamasından alardım. Orda çəkdirdiyimiz şəkillərin də hamısı Laçındakı evimizdə qaldı”.

“Laçından çıxmadılar, nə öldüsü bilindi, nə də qaldısı”

“Laçın camaatı Laçını o qədər çox sevirdi ki, ordan zülümlə çıxdılar. Amma nə illah eləyiblərsə də, babamın dayısı oğlu 75 yaşlı Kamran və onun oğlu İmamverdi Laçından çıxmayıb. Ermənilər yaxınlaşıb, hər yeri alıblar, amma onlar ikisi də kənddə qalıblar. Erməni gələndə onlar güllə ilə düşmənin qabağında dayanıblar. Deyilənə görə, erməni geri çəkilib, ikinci dəfə hücum edib kəndi almışdılar. Amma həmin qohumlarımızın nə öldüsünü bildik, nə qaldısını. Sonradan qohum-əqrəba çox axtardılar onları. Əsir olanların siyahısında da yox idi adları. Bəlkə də Laçının o dağlarında bir müddət xəlvətcə yaşayıblar, kim bilir. Çünki olub elə insanlar ki, ermənilər rayonu mühasirəyə alandan bir-iki ay sonra kənddən xəlvəti çıxıblar".

“Qaçıb güclə canlarını ermənidən qurtara bilmişdilər”

"Bu hadisəni hər kəs bilir, bizim uzaq qohumlarımız erməninin Laçını alacağına inanmayıb, kənddə qalıblar. Bir onda görüblər ki ermənilər kəndi əsir alıb. Dağda-dərədə bir müddət gizlənsələr də, ermənilər duyuq düşüblər. Buna görə də onlar məcbur qalıb kənddən çıxmalı olublar. Həmin vaxt onlar çayaşağı suyun içiylə istiqamət götürüb Laçından çıxmışdılar. Sonra onlar danışırmış ki, dərədə gizləniblər, amma ermənilər onları izləyib, arxalarınca düşüblər. Gecə beş-üç dəqiqə mürgüləyən zaman yuxuda görüblər ki, seyid olan nənələri bu “çayaşağı gedin, xilas olacaqsınız”-, deyib. Elə də olub. Onlar qaçıb güclə canlarını ermənidən qurtara bilmişdilər. Deməyim odur ki, Laçın camaatı erməni rayona girəndən sonra da ordan çıxmaq istəmirdilər”.

“Hay düşürdü ki, sel gəldi…”

“Göyün guruldamasını, sel gəlib çayın daşmasını çox görmüşəm. Kənd camaatı üçün bu adi hadisə idi. Dağın o tərəfindən hava qaralanda artıq bilirdilər ki, sel gələcək. Yazbaşı camaatın ot biçini olurdu. Otu sərirdilər ki, qurusun. Çox vaxt görürdün sel düşdü, ot-ələf çürüdü. Camaatın əli göydə olurdu ki, ay Allah sel düşməsin”.

Ayını dəhrə ilə öldürən “mamaoğlu”...

“Bizim kənddə yırtıcı heyvanlar çox olurdu. Yadımdadır ki, Mübariz adlı atamın bibisi oğlu vardı. Biz ona mamaoğlu deyərdik, dağa gedəndə qarşısına ayı çıxmışdı. Əlindəki dəhrə ilə həmin ayını öldürmüşdü. Bizim yerin camaatı qorxmaz idi. Sıldırım qayalıqda, dağda, dərədə o qədər təhlükə ilə qarşılaşırdılar ki…”

“Atam gecələr Şəlvə dərəsində…”

“Laçın tez-tez yuxuma girir. Amma qarışıq olur o yuxular. Harasa gedirəm, gah evimizi tapa bilmirəm, gah dağda azıram. Amma atam demək olar ki, ikigündən bir yuxudan durub anama deyir ki, yuxuda Laçına getmişdim, Şəlvə dərəsindəydim, nə bilim, Cəhənnəm dərəsində mağarada söhbətləşirdik… Yaşlı adamlar üçün Laçınsız yaşamaq daha ağırdır, zarafat deyil, bir ömür yaşayıblar orda. Atamgil öz qohum-əqrəbaları ilə görüşəndə həmişə söz-söhbətləri Laçınla bağlı olur. İnanın, Laçından danışanda qıraqdan baxan elə bilər ki, bunlar elə Şəlvə dərəsində dayanıb söhbətləşirlər”.

“Toyda atılan tüfəng, masanın altında gizlənən qonaqlar…”

“Laçının toyları ayrı bir aləm olardı. Bu qədər bölgələrdə toylarda olmuşam, amma hələ Laçındakı kimi maraqlı toy heç yerdə görməmişəm. Toylarımız 3-4 gün olurdu. Hətta elə adamlar vardı ki, beş gün toy çaldırırdı. Yaxşı toy adətlərimiz vardı. Bəyin çıxması mərasimində mütləq tüfəng atılırdı, lopa düzəldilir, göyə atırdılar. Mən uşaq idim. Amma yadıma gəlir ki, Bakıdan, ya başqa bölgələrdən toya gələn qonaqlar tüfəng atılanda çox qorxurdular. Çoxu gedib masanın altında gizlənirdi. İndinin özündə məni görəndə həmişə deyirlər ki, ə, filan vaxtı Laçında toyda idim, güllə atdılar, qaçıb masanın altında gizləndim. Dağ yeriydi, o vaxt hamının evində silahı olurdu. Malını-heyvanını, özünü qorumaq üçün”.

Surxayın qara atı…

“O vaxt mənim ən böyük arzum vardı ki, bir yaxşı atım olsun, bir də silahım. Kənddə çox öyünərdilər yaxşı atla, deyərdilər ki, filankəsin bir kəhər atı var, heç kimin atı ona çata bilməz. Babam həmişə danışırdı ki, Surxayın bir qara atı var idi ha! Hansı ki, o Surxay 50-60 il idi e, rəhmətə getmişdi. Sözümün canı budur ki, bizim yerin camaatı yaxşı atla öyünüb həmişə. At çox idi kənddə, amma hər adamda yaxşı at olmazdı”.

Cəvahir Səlimqızı

Foto:Elçin Murad

)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm