• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Anasının qəbrini Qaraçöpdə qoyub gələn məşhur - FOTOLAR

Anasının qəbrini Qaraçöpdə qoyub gələn məşhur - FOTOLAR

“Könlüm keçir”in qonağı tanınmış yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlıdır. Ömrünün 17 ilini Gürcüstanın Qaraçöp mahalının Qarabaqlı kəndində keçirən Nəriman müəllim söhbət əsnasında həm də o yerləri bizə tanıtdı…

Şəhər qayğısı, kənd duyğusu…

“Əlli altı il əvvəl Gürcüstanın Qaraçöp mahalının Qarabaqlı kəndində doğulmuşam, ömrümün on yeddi ilini Qaraçöpdə yaşamışam. Bakı Dövlət Universitetində oxuyanda qış-yay tətillərində kəndə üz tutmuşam, tələbə-inşaat dəstəsindən, təcrübədən kənar vaxtlarımı kənddə keçirmişəm, təyinatla Daşkəsən rayonunda işləyəndə hər il məzuniyyət götürüb kəndə getmişəm, sonra beş il kənddə yaşamışam. 1987-ci ildə Bakıya köçəndən sonra isə ən azı ildə üç-dörd dəfə Qaraçöpə gedirəm. Bir sözlə, yaşadığım ömür şəhər qayğılarıyla unudulmaz kənd duyğusunun qarışığından ibarətdi”.

“Qaraçöp yaddaşımın qılınc tiyəsi”

“O yerlər tez-tez yuxuma girir. Nə sirdirsə, Qaraçöp yaddaşıma qılınc tiyəsi şəklində həkk olunub. Elə yuxularımda da tez-tez dumanlar, qaranlıqlar içindən gün işığı kimi göz qamaşdıran bir qılınc tiyəsi çıxır, obalara, məhələlərə, yurd yerlərinə dönür. Yuxum çin olanda bilirəm ki, duşumdakı o qılınc tiyəsi Qaraçöpmüş, yaddaşımı qurdalayırmış.

Sonra şair dostum Nurafizlə bir səfərimdə Kaxet anayolundan sağa burulub qəlbi təpələrə çatanda maşını saxlatdım. Gördüm ki, nə yaddaşım aldadıb məni, nə də duşum. Qavrı (İori) çayının sağ tərəfi boyunca uzanan bu mahal qılınc tiyəsidi ki, düşüb qalıb. Bəlkə “Kaxetdə bir bağım ola”, - deyən qoç Koroğlunun Misri qılıncıdı, yağı düşmənin gözünü odunu almaq üçün qoyulub bura…

Hər dəfə kəndə üz tutanda da yurd yerimizdən başqa üç yerə mütləq baş çəkirəm. Əvvəlcə qəbristanlığa üz tuturam, anamın, doğmalarımın, dünyasını dəyişmiş müəllimlərimin qəbrinə baş çəkirəm, onlardan halallıq istəyirəm. Sonra on il oxuduğum məktəbə gedirəm, müəllimlərlə görüşürəm. Bir də əziz dostum, böyük qardaş saydığım bənzərsiz ziyalı, pedaqogika üzrə fəlsəfə doktoru Fərhad Xubanlının qonağı oluram, söhbətimizin əvvəli də axırı da Qaraçöplə bağlı olur”.

Təşnə ürəkləri sakitləşdirən Süleyman bulağı

“Dağ ətəyində, İori (tarixi mənbələrdə Qabırrı, Qavrı adlanır) çayının sağ sahilində yerləşən Qaraçöpün təbiəti gözəldi. Qəlbi təpələrdən enib Dəyirman yerini ötürsən, Malxazın cələsini keçib Qaraçöpü dünyanın o biri bölgələrilə birləşdirən körpünü adlayırsan, uca çinarlar xiyabanının qurtaracağındakı Süleyman bulağınnan bir qoşa ovuc içib sərinləyirsən. Burdan o tərəfə Qaraçöpün evləri başlanır, Baldoyun, Əyrəmin, Qarabağlının, Muğanlının, Keşəlinin, Ləmbəlinin, Tüllərin ocaq yerləri bir-birinə söykənib, bir ağac o yanda Qızlar obası dəstədən gen düşmüş qərib durnanı andırır. Həmişə bu barədə fikirləşəndə gözümün önünə Azərbaycan xəritəsi gəlir: özümlü bölgələri və qərib durnası - Naxçıvan torpağı ilə…

Ağlım kəsənnən “Qaraçöp” deyiminin sirrinə yetməyə, açımını tapmağa cəhd göstərmişəm. Bu həndəvərdəki yer-yurd adlarını ağlıma gətirdikcə çoxunun “qara” sözünə söykəndiyini görmüşəm: Qaradel (Qaradil), Qaradüz, Qaradərə, Qarayazı, Qarayol, Qaraarx, Saqareco (Abbas Abdullanın mülahizəsinə görə «Qaraca torpağı» deməkdi), «David Qareci» (“Qaraca David?!”) monastırı… Sonralar belə qənaətə gəlmişəm ki, “Qaraçöp”, - “böyük oba”, “böyük yurd” mənasına uyuşur. Bəs, Pirməmməd, Töyrə, Qaravul dağı, Ağdərə, Bualı dərə… Hansı olaylarla, yaddaşımızın hansı qatlarıyla bağlıdı?! Görək bu deyimlərin izinə düşüb gedəsən, üstünnən Vaxtın, Zamanın tozunu siləsən, kökü tarixin dərinliklərinə, ilişkiləri türk torpaqlarının yaxın-uzaq bölgələrinə gedib çatan obaların keçdiyi yolları əsərlərin dumanı içərisində axtarıb tapasan…”

Adına qonaq damğası vurulan qaraçöplülər…

“Neçə il qabaq yenidənqurma oyunları başlanan vaxt zatıqırıqların, qanında yeddi arxın suyu axanların fitvası ilə milli mənsubiyyət, yerli-gəlmə söhbətləri də ortaya çıxdı, mətbuatda borçalıların, o cümlədən də, qaraçöplülərin adına «qonaq» damğası yapışdırıldı. Hərə dediyini isbata yetirmək üçün tarixi şahid gətirdi. Amma tarix bu haqda nə deyir? Həmin vaxtlarda nəyisə sübut eləmək üçün qədim türk və gürcü tarixi qaynaqlarına mən də üz tutmuşam. Üzə çıxardığım bu olub ki, türk tədqiqatçısı Fəxrəddin Kırzıoğlunun «Qarapapaqlar» əsərində bu yerlərdə oğuz tayfalarının yaşadığı bildirilir. Qafqaz Albaniyası zamanında Qaraçöpün ərazisindəki KOÇKEBAN adlı alban şəhəri olub. Buranın əhalisi öz igidliyi, döyüşkənliyi ilə ad çıxarıbmış. Bəlkə də elə indi Parməmməd dağının yamaclarındakı tikinti qalıqları həmin şəhərin nişanələridir. Kim bilir?!”

Məşhur Qaraçöp xalçaları

“Orta əsrlərdə bu yerlərdə türkmən obalarının olduğu qeyd olunur. Obaların sakinlərinnən ibarət süvari dəstələri gürcü çarının qoşununda yadelli işğalçılara qarşı mərdliklə vuruşurmuş. 70-ci illərdə Qazlar ərazisində və Əyrəmin bir kilometrliyindəki Yumru təpədə aparılan qazıntılar da hər halda burda türkdilli tayfaların yaşadığını təsdiqlədi. İndi yaşı yüzü haqlamış ağsaqqalların, ağbirçəklərin söyləmələrində XVII-XVIII əsrin ab-havası, olayları açıqca duyulur. Onnan bu tərəfəsinə nə var ki, yazı-pozuda da qalıb, yaddaşlarda da…

Qaraçöpün bir yanı köçəri olub, bir yanı oturaq. Qaraçöplülərin bir parası at belində ömür sürüb, bir parası ocaq başında, əkində-biçində. Bu yurdun kişiləri düşmən qabağı qaytaranda, var-dövlət bəsləyəndə, qadınları oğul böyüdüblər, özümlü çeşnisi, naxışı olan məşhur Qaraçöp xalçaları toxuyublar. Hər yaz başı Borçalı taciri Cındır Osman sövdələşib xalçaları alar, yükləyib İrana, Türkiyəyə satmağa apararmış. İndi Qaraçöp xalçaları hansı muzeyləri, mülkləri bəzəyir, görəsən?!”

Qaraçöpün Qaçaq Allahverəni…

“Adıbəlli Qaçaq Kərəm yağılarla qovğada nəfəs dərmək üçün hərdən atının başını Qaraçöpə döndərərmiş, Talıbların, Murğuzların topdağıtmaz mülkündə beş-on gün qalır, ev sahibinnən də, camaatdan da hörmət-izzət görərmiş. Tovuzlu Qaçaq Tanrıverdi, Qandal Nağı hökumətdən gizlənəndə Qaraçöpə üz tutarlarmış, ara səngiyənə qədər Hacı Qəhrəmana sığınarlarmış. Qaraçöpün Qaçaq Allahverəni, Qaçaq Mahmudlu, Dəfçi oğlu Dəli Hasanı Qafqazbərisində adnan tanınıb, barmaqnan göstərilib. 1918-ci ildə Qaraçöpün yeddicə ikidi, mahalın üstünə gələn bir bölük azğınlaşmış əlisilahlının qabağını qaytarıb, bu torpağa namərd ayağı dəyməyə qoymayıb”.

Qaraçöplü Aşıq Musa, Şair Bağı, Əsli Oğlu Məhəmməd…

“Qaraçöpdə sözün də qiyməti olub. XVIII əsrdə bizə söz yadigarları qoymuş Misgin Vəlidən, Molla Qasımnan üzübəri neçə-neçə el sənətkarının ağırçəkili qoşğuları, hikmətamiz söyləmələri indi də dillər əzbəridi. Qaraçöplü Aşıq Musa, Şair Bağı, Əsli Oğlu Məhəmməd, Aşıq Teymur, Şair İvad, Tükəzban Abbasqulu qızı, Həsənəli Təhməzoğlu, Şair Bəyzadənin… axar suya bənzər dumduru sözləri sərhəd-qadağa tanımayıb, Borçalı çökəyiynən Göyçə malahınadək yol keçib, könüllər oxşayıb. İndi də sazın-sözün çətin vaxtında Ağabala Mahmudovun, Şair Mədədin, Həsən Sadıqlının yazıb-yaratdıqları camaatın ürəyinə təpər, dizinə qüvvət gətirər…

…Musa eldən aralanmaz,

Mərddi, qəlbi qaralanmaz.

Yüz ox dəysə, yaralanmaz,

Xatası dostdan olmasa”.

Bu da tarixin bir səhifəsi

“Tarixin təkərinin zorla döndərildiyi bir vaxtda, əsrimizin ikinci onilliyinin sonlarında üzdəniraq dostlarının xatası Qaraçöpə çox dəyib. Hardan gəlməsi bəlli olmayan quldur dəstələrinin basqınınnan qorunmaq üçün oğullar at belinə qalxıb, gecələr əldə tüfəng həndəvərin keşiyində durublar. 1918-ci ilin mayında Gürcüstanda milli hökumət qurulanda camaat böyük şadyanalıq keçirib, Tiflisə adam göndəriblər ki, yeni quruluşu müdafiə elədiklərini hökumətə çatdırsın.

Doxsanıncı illərin əvvəllərində Azərbaycan Dövlət Arxivində işləyəndə əlimə çox maraqlı bir sənəd keçdi. 1918-ci il iyul ayının 10-da Qaraçöpün ümumi yığıncağında Azərbaycan Demokratik Cümhuriyyətinin qurulması alqışlanır. Milli Şuraya və onun rəhbəri Məmməd Əmin Rəsulzadəyə müraciətdə qaraçöplülərin yeni hakimiyyəti müdafiə etdikləri, hər cür köməyə hazır olduqları bildirilir.

Bu da tarixin bir səhifəsidi…

O vaxtın adamları danışırdılar ki, Şura hökumətinin qurulmasını Qaraçöpdə razılıqla qarşılayan az tapıldı. Beş-on nəfər qabağa düşüb “hökumət” oldular, camaatı yuxarıların yedəyində oturub-durmağa çağırdılar. Amma bu quruluşun ab-havası Qaraçöpə lap gec, müharibə başlananda çatdı. Ona qədər Şura hökumətinnən gözü su içməyənlərin çoxu var-dövlətini yığışdırıb Türkiyəyə, İrana keçdi. Uzun illər əlçatmazlarda yaşayanlar, qanunlara baş əyməyənlər az deyildi. Müharibə başlananda ələ keçənləri cəbhəyə göndərdilər. Sinəsi orden-medalla qayıdanlar da oldu, əlli-ayaqlı itənlər də. Cəbhədən sağ-salamat qayıdanlar sovet qaydası ilə hörmətə minirdilər. Qaraçöp zamanla, quruluşla mübarizədə yavaş-yavaş məğlub olurdu…”

“Vətənin qıraqda qalan yerisən…”

…Hələ söz altında qalmamısan heç,

Hələ susmamısan söz qabağında.

Vətənin qıraqda qalan yerisən,

Vətənin görünən yerisən, vətən,

Yaxşın da, pisin də - göz qabağında.

(Səməd Qaraçöp)

““Vətənin qıraqda qalan yerisən…” İndi çəkdiyimiz bütün ağrıların səbəbi də budu. Əsrlər boyu taleyin gərdişilə Azərbaycan ikiyə bölünüb, indi Ermənistana qatılmış torpaqlarımızı itirmişik, Naxçıvana yol şeytan körpüsündən keçir, Dərbənd, Borçalı peşkəş olunub, Başkeçid, Qarayazı, Qabal saya alınmayıb, Kaspi, Msxeta, Qori, Karelii rayonlarında azəri türkləri, neçə-neçə kəndlər büsbütün unudulub. Qaraçöp də elə…

1988-ci ildə Gürcüstanda suyu bulandıranlar daha da azğınlaşan vaxt Qaraçöpün daxil olduğu Saqareco rayonunda da ağla gətirmədiyimiz olaylar baş verdi. Rayon qəzeti “İvris qantiadi”nin (“İorinin işıqları”) dalbadal təhrikçi yazılar çap olundu, bizi “gəlmə”, “qonaq” adlandıranlar da oldu, köçüb getməyi təklif eləyənlər də. Onda Qaraçöpün ziyalıları Səməd Qaraçöp, Tofiq Mirzəyev, Fərhad Xubanlı, Həmzəli İlyaslı, Ağabala Xeyirxəbərov bu mövqedə dayananları açıq dialoqa çağırdılar. Dialoqun nəticəsi uğurlu oldu. Hər halda, kütləvi və açıq hücumların qarşısı alındı.

Sonra torpaq ağrıları başlandı. Uzun illərin süründürməçiliyindən sonra təzə ailə quranlara, torpaqsızlara paylanmış bir parça həyətyanı sahələr camaata sevinc yox, dərd gətirirdi. Mənə görə, bundan da çətin vaxtlar 1989-1990-cı illər idi. Borçalıda araqarışdıranlar camaatı yerindən tərpətmişdilər. Başkeçiddən üzü Bakıya köç başlanmışdı, Qarayazda narahatlıq idi. Onda Qaraçöpün büdrədiyini ilk dəfə gördüm. İmkanı olan beş-on nəfər Bakıya köçəndə, az qala, camaat ümidini itirmişdi. Nə yaxşı ki, hələ ağsaqqal məsləhətinə, ziyalı sözünə inam yox olmayıb. Bu fikrə düşənlərin çoxu yarıyoldan qayıtdı, illər boyu qurduğu ocağını soyutmadı. Qaraçöp özünə qayıtdı, öz yoluna döndü…

Tbilisidəki 9 aprel faciəsini qaraçöplülər öz ağrıları kimi qəbul elədilər. Bakıda 20 yanvar qırğınında bu torpaq bir oğlunu şəhid verdi: Ələsgər Qayıbovun məzarı Dağüstü parkda, “Şəhidlər xiyabanı”nda uyuyan mübarizlərin arasındadı. Qaraçöpün yetirməsi, Ə.Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, mərhum monumentalçı-rəssam Zahid Hüseynov camaatın köməyilə kəndin girəcəyində abidə ucaltdı: heykəl Azərbaycan və gürcü xalqlarının azadlıq uğrunda mübarizəsinə həsr olunub, elə bil, bu iki qonşu millətin tale yaxınlığının nişanəsidir”.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR