Çoxmərtəbəli ölüm KABUSU: Yerdən uzaqlaşdıqca yerin altına yaxınlaşanlar – “Müfəttiş”
Bizi izləyin

Müfəttiş

Çoxmərtəbəli ölüm KABUSU: Yerdən uzaqlaşdıqca yerin altına yaxınlaşanlar – “Müfəttiş”

Elə buradaca ürəyim sıxılmağa, nəfəsim daralmağa başlayır.

100-cü mərtəbədən ətrafa baxmaq görəsən, necə hissdir. Yaşamamışam, amma xəyal edə bilərəm. Hər şey, hər kəs səndən aşağıda. Əgər bina Bakı kimi şəhərdədirsə, möhtəşəm mənzərə…

Elə buradaca ürəyim sıxılmağa, nəfəsim daralmağa başlayır.

Deyilənə görə, hündür mərtəbəli binalarda yaşamaq ürək və astma xəstələri üçün uyğun deyil. Hələ bu nədir ki, hündür mərtəbəli binalar yeni xəstəliklər də yaradır.

Bunları isə mən demirəm, alimlər deyir. Alimlər deyirsə, bir şey bilib deyirlər. Amma siz də hər deyilənə inanmayın!

Odur ki, Publika.az-ın “Müfəttiş”i məsələni araşdırmaq qərarına gəldi.

Öncədən deyim ki, mənim kimi xoşbəxt xəyallarınızın bir anda kabusa çevrilməsini istəmirsinizsə, yazını oxumağınız məsləhətdir.

Hündür mərtəbəli binalar bizim icadımız deyil. Onları “yaradanların” ağlına şübhə də edə bilmərik. Ən azı böyük şəhərlərdə torpağa qənaət etmək üçün bu, yaxşı ideyadır. Bu ideyaya heç bir şəkkimiz yoxdur. Bizim işimiz orada yaşayan və yaşamaq həvəsində olanlarladır.

7-ci mərtəbədən yuxarı qalxmayın…

Adına göydələn deyin, ya da hündür mərtəbəli bina fərqi yoxdur. Məlumunuz olsun ki, həvəslə ən hündür mərtəbəsində qalmaq istədiyiniz, metal və yüksək texnoloji avadanlıqlardan ibarət olan bu binalar radiasiya toplayan alət kimi işləyir. Sintetik maddələrdən hazırlanan izolyasiyalar binanın nəfəs almasına mane olduğuna görə, bina təmiz havadan məhrum olur. Bina məhrum olursa, demək orada yaşayanlara da bundan pay düşür.

“Müfəttiş” bu mövzunu araşdırarkən kanadalı alimlərin fikirlərinə əsaslandı. Belə ki, alimlərin apardığı araşdırmaya görə, hündür mərtəbəli binalarda yaşayanlar daha çox əsəbi olur və infarkt keçirirlər. Həkimlərin gəldiyi qənaətə görə, isə yeddinci mərtəbədən yuxarıda olan mənzillərdə yaşamaq insan səhhətində ciddi problemlər yarada bilər. Belə ki, hündürlüyə qalxdıqca yerin maqnit sahəsi zəifləyir. Bu zəifləmə insan orqanizmində müşahidə olunur ki, bu da öz növbəsində bir çox xəstəliklərin inkişafı üçün zəmin yaradır. Yeddinci mərtəbə ilə bağlı iddia da məhz buna əsaslanır. Çünki yerin maqnit sahəsi artıq yeddinci mərtəbədən başlayaraq zəifləyir.

Geomaqnit sahənin zəifləməsi insanın ürək-damar, sinir və immun sisteminə mənfi təsir göstərərək orqanizm üçün gərginlik yaradır, bədənin artıq yüklənməsinə səbəb olur. Mütəxəssislər hesab edir ki, beton binada maqnit sahəsi 10 faiz, kərpic binada 7 faiz, ağacdan tikilmiş evlərdə isə 1 faiz zəifləyir.

İndi haradan tapaq ağac evləri?

Ağac evlər bir tərəfə, biz yaşıllığı qırıb bina tikən adamlarıq. Amma hər ağac kötüyünə dəyən balta ömrümüzdən ömür aparır. Alimlər deyir ki, yaşıllığın bol olduğu məkanla göydələnlərin çox olduğu məkan arasında temperatur 2-3 dərəcə fərqli, yəni yaşıllıqda daha aşağı olur.

Ard-arda sıralanan binalar yerin üstündəkilərin yox, həm də göydəkilərin işinə mane olur. Onlar külək, günəş və yağışa təsir göstərir. Alimlər araşdırıb ki, bu binalar ətrafının Günəş şüaları qəbul etməsini əngəlləyir və küləyin istiqamətini dəyişir.

Bu nədir ki? Bu binalar Yerin alt qatlarının da dəngəsini pozur, təbii su qaynaqlarının yatağını dəyişdirir. Bəzi ekspertlərin fikrincə, betonlaşma ilə birlikdə ağaclar məhv edilir ki, bununla da ekosistem pozulur. Su qaynaqlarının üzərinə çəkilən beton qatı su yatağını dəyişdirməklə yanaşı, su qaynaqlarının bəslənməsinə, hətta bölgəsinin su ehtiyacının ödənilməməsi kimi problemlərə yol açır.

Şah niyə 2 mərtəbədən yüksəkdə yaşamayıb?

Bura qədər araşdırdıqlarımız xarici alimlərin, həkimlərin qənaətləridir. Bəs bizimkilər nə düşünür?

Memar Nəriman Əliyev doqquzuncu mərtəbədən hündürdə yaşamağı məsləhət görmür. Bunun üçün onun öz əsaslandırması var: “ABŞ-da mərtəbələrin sayı 100-dən çox olan binalar külək əsəndə yerlərini 1 metrə qədər dəyişə bilirlər. Təsəvvür edin ki, küləkli havada bu mərtəbələrdə insan özünü maşındakı kimi hərəkətdə hiss edir. Düzdür, bizdə bu qədər hündür binalar yoxdur. Lakin adətən, 9-cu mərtəbəyə qədər dözmək mümkündür, ondan sonrakı mərtəbələrdə yaşamaq əlverişli deyil. İlk növbədə bu yüksəklik qorxusu yaradır. Hər hansı müalicə ilə bunu aradan qaldırmaq olmur. Hündür mərtəbəli binalar şəhərlərdə sıxlığın qarşısını almaq üçün yaxşı üsuldur. Ancaq bu, özü ilə əlavə problemlər yaradır. İnsanın anadangəlmə xüsusiyyəti var ki, ayaq mütəmadi yerə dəyməlidir. Bu, insanda daxili rahatlıq yaradır”.

Memarın sözlərinə görə, torpağa qənaət anlaşılan səbəb olsa da, tikilinin insan üçün olduğunu da unutmamalıyıq. O, bu məsələdə bugünkü günlə kifayətlənməyib, tarixə də nəzər saldı: “Axı bu binalarda yaşayanlar xəstəlik tapacaqsa, nəyə lazımdır bu tikili? Şəhər ərazisi çox böyüməməlidir. Buna görə də, xarici ölkələrdə hündür binaların müəyyən bir mərtəbəsinə qədər yaşayış olur, digərlərini ofislərə icarəyə verirlər. Bakı təbii amfiteatr üzərində yerləşir. Bugünkü İçərişəhər, tarixi Bakı amfiteatrın aşağı hissələrində salınıb. Bu, yaşayış üçün daha əlverişlidir. Oradakı evlərin 1 mərtəbəlidir. Şirvanşahlar sarayı da məhz burada salınıb. Saray isə 2 mərtəbədən çox deyil. Şah daha hündürdə saray tikdirə bilərdi. Hər halda məqsədli şəkildə belə tikilib”.

25-ci mərtəbədən sonra bir nəfər sağ qalmır

Şahın nə üçün daha hündür bina inşa etdirməməsinin sirri məlum deyil. Bəlkə də, elə məqsəd hündürlüyün yaratdığı problemlər olub.

Şahı və saray əhlini deyə bilmərik, kardioloq Fuad Səmədov bu məsələyə bugünkü gündən yanaşır və həm məntiq, həm də elmi baxımdan təhlili vacib sayır: “Məntiqlə baxanda normalda 30-cu mərtəbədə yaşamaq normal hesab edilmir. Bu gün bilinib-bilinməməsindən asılı olmayaraq bunun bir fəsadı ola bilər. Elmi sübutlara gəldikdə, təəssüf ki, bu vaxta qədər ciddi araşdırmalara az rast gəlinir”.

F.Səmədov hündür mərtəbəli binaların ürək xəstəliklərinə təsirinə gəldikdə, deyir ki, bu, daha çox ani ürək tutmalarında ölümlə nəticələnə bilir: “İnfarkt və digər ani ürək tutmaları zamanı təcili həkim müdaxiləsi olmazsa, xəstə həyatını itirə bilər. Alimlər 2 və 20-dən yuxarı mərtəbədə yaşayan xəstələrin vəziyyətini təhlil ediblər. 1 və 2-ci mərtəbədə yaşayan xəstələrin ürək tutması ilə bağlı müraciəti, həkim müdaxiləsi və xəstəxanadan sağ-salamat evə qayıtma ehtimalı 3 və sonrakı mərtəbələrə nisbətən daha çoxdur.16-cı mərtəbədən sonra bu vəziyyətə düşən xəstələrin 1 %-dən azı sağ evə qayıda bilir. 25-ci mərtəbədən sonra bir nəfər belə xəstə sağ qalmır. O xəstələr xəstəxanaya çatdırılsa da, orada həyatlarını xilas etmək mümkün olmur. Bunun səbəbi də xəstəyə müdaxilə müddəti ilə bağlıdır. Təcili yardım binaya eyni saatda gələ bilir, lakin həmin mərtəbəyə istər lift, istərsə də pilləkənlə qalxması müəyyən vaxt aparır. Bəlkə də, bu sadaladığımız məqamlar bir-iki dəqiqə vaxt aparır. Lakin insan həyatı üçün bir dəqiqənin belə böyük önəmi var. Hər əlavə bir dəqiqə, sağ qalma şansını 10% azaldır”.

Kardioloq ağır ürək çatışmazlığı olan xəstələrə təyyarə səfərini, habelə 200 metrdən yüksəkdə qalmağı məsləhət görmür. Səbəb hündürə qalxdıqca oksigenin təzyiqinin düşməsidir. Həkimin sözlərinə görə, xəstələrin özlərinin hündür mərtəbədə təngənəfəslik, tez yorulma halları ilə bağlı şikayətləri artıb.

Psixi xəstələr 6-cı mərtəbəyə qədər

Terapevt Elnur Rəhimov hesab edir ki, 8 mərtəbədən daha hündür binalarda yaşayanlarda nəinki ürək damar xəstəlikləri, neyrosirkulyator distoniya son vaxtlar daha çox yayılmış panik-atak problemlərini artırır. Kiçik qan dövranında durğunluq yaradır. Nəticədə ürək-qan damar və ağciyər xəstəlikləri inkişaf edir.

Həkim panik-atak problemi yaşayanların psixatrik xəstəxanada 6-cı mərtəbədən aşağılarda yerləşdirilməsinə diqqət çəkir. Onun sözlərinə görə, 10-cu mərtəbədən yüksəkdə yaşayan insanlar nevrozdan əziyyət çəkir. Çünki təzyiq nəticəsində damarda daralma prosesi baş verir, təzyiq yüksəlir, vegetativ sinirlər daha oyanıq olur. Hündürmərtəbəli binalar endokrinoloji xəstəliklərə də səbəb ola bilir. Əsasən, böyürəküstü vəzdə kortizon hormonunun artması daha çox müşahidə edilir.

Harada yaşayırsınız?

Terapevt hesab edir ki, insanlar neçənci mərtəbədə yaşamaları ilə yanaşı, binanın paytaxtın hansı ərazisində olmasına da fikir verməlidirlər: “Hündürlük dəniz səviyyəsinə uyğun hesablanmalıdır. Məsələn, Yasamal rayonu ərazisindəki 8 mərtəbəli ev hündürlük baxımdan, Həzi Aslanov metrostansiyası yaxınlığındakı 12 mərtəbəli evə bərabərdir. Burada təkcə torpaqdan olan məsafə deyil, dəniz səviyyəsi də nəzərə alınmalıdır”.

Bronxial-astma xəstələrə isə hündür binalarda yaşamaq məsləhət görmədiyini deyən terapevt bunu oksigenlə yüklənmiş zonalarda bronx əzələləri sıxılması ilə əsaslandırır. Bu binalarda yaşamaq ürəyin işemiyası xəstəliyinin də inkişafına səbəb olur. Hələ ki, bu deyilənlər elmi təsdiqini tapmayıb. Səbəb isə nə yerli, nə də dünya səviyyəsində tibbi baxımdan dərin araşdırmanın aparılmamasıdır.

Kasıb həbsxanası

Bu istiqamətdə araşdırma aparılmasa da, qeyd edək ki, hündür mərtəbəli binalarda yaşayanların ətrafa qarşı daha diqqətsiz və rəhmsiz olurlar. Qərb alimlərinin fikrincə, zənginlər bu cür binalarda yaşamır. Göydələnlər daha çox kasıb həbsxanası hesab edilir. Qərbli zənginlər qısa bir müddətdə göydələndə yaşasalar da, bu həyatın çətinliyini görəndən sonra tez bir zamanda oranı tərk ediblər. Burada yaşayanların ətraf mühitlə əlaqənin kəsilməsi psixoloji problemlərə yol açır.

Psixoloq Elnur Rüstəmovun fikrincə, Azərbaycanda hündür mərtəbəli yaşayış binalarının sayı çox deyil. Lakin bizim insanları qorxuya salan səbəb binalardakı təhlükəsizliklə bağlıdır: “Təşviş-həyəcan yaşayanlar, aerofobiyası olanlar üçün hündür mərtəbədə yaşamaq çox qorxuludur. Uzağa getməyək 2000-ci il zəlzələsi zamanı bir qisim insanlar bina evlərini satıb həyət evlərinə köçdülər. Binanın təhlükəsizliyi, lift problemi psixoloji problemləri olanların narahatlığını bir az da artırır. Psixoloji problemi olanlar ev alarkən hündürlüyü nəzərə alsalar yaxşıdır”.

Bu binalarda yaşamağın psixoloji problemlər yaratmasına gəldikdə, E.Rüstəmov bunu istisna etmədiyini dedi: “Bir nəfərin hündür mərtəbədən yıxılması kimi xəbəri belə insanlarda qorxu hissi yarada bilər. Bəzi insanlar var ki, hətta eyvana çıxanda özünü atacağından qorxub, qapıları daim bağlı saxlayır. Psixoloji problem hər bir şeydən yarana bilər”.

Bu qədər alim və həkimin sözlərindən sonra siz hələ də, Xəzərə 20-ci mərtəbədən baxmaq istəyirsiniz? Təbii ki, bu, sizin öz seçiminizdir. Ürəyiniz harada istəsə, yaşaya bilərsiz, amma “Müfəttiş”in qeydlərini gözardı etməyin...

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm