Tramp Ukrayna ilə təhlükəsizlik razılaşmasını ləğv edə bilər
Bizi izləyin

ABŞ

Tramp Ukrayna ilə təhlükəsizlik razılaşmasını ləğv edə bilər

Donald Tramp 2024-cü ilin payızında yenidən ABŞ prezidenti seçilərsə, Vladimir Zelenski və Co Bayden tərəfindən ABŞ və Ukrayna arasında imzalanmış ikitərəfli təhlükəsizlik sazişini ləğv edə bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Washington Post” amerikalı rəsmilərə istinadən məlumat yayıb.

“Tramp və ya hər hansı gələcək prezident qanuni qüvvəyə malik olan sazişdən çıxa bilər”, - deyə yüksək səviyyəli rəsmilər bildirib.

Məqalədə o da deyilir ki, saziş yalnız ABŞ və Ukraynanın hazırkı administrasiyaları arasında bağlanıb və buna görə də Trampın seçki yarışında Baydeni qabaqladığını nəzərə alsaq, bu razılaşmanın gələcəyi hələ də bəlli deyil. Bundan əlavə, imzalanmış sənəd Ukraynanın NATO-ya daxil olmasına heç bir zəmanət vermir.

“The Washington Post”un iddiasına görə, Bayden-Zelenski razılaşması ABŞ Konqresi tərəfindən ratifikasiya olunmayacaq.

Xatırladaq ki, iyunun 13-də ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Vladimir Zelenski İtaliyada keçirilən G7 sammiti çərçivəsində 10 il müddətinə qüvvədə olan təhlükəsizlik sazişi imzalayıblar. Bildirilir ki, saziş Ukraynanın müdafiəsini gücləndirmək məqsədi daşıyır. Tərəflər hesab edirlər ki, bu saziş Ukraynanın NATO-ya mümkün üzvlüyünə körpüdür.

Vazeh BƏHRAMOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm