Nida Təhlil
Liderlər azərbaycanlı namizədə görə Xamenei ilə görüşdü: Pezeşkian qalib gələrsə...
İranda iyunun 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı ilk teleçıxışlar seçkinin yekunları barədə ilkin qənaətləri müəyyən qədər dəyişir. İstər İran, istərsə də ərəb və Qərb mediasında ən çox diqqət yetirilən namizəd Məsud Pezeşkiandır.
Pezeşkianın mövqeyi - Məni türk yaratdığına görə Allaha şükr edirəm
Amma bu islahatçı namizədin ilk televiziya seçki proqramı onun bir qrup tərəfdarını qane etməyib. Müşahidəçilərə görə, o, bəzən alovlu çıxışlar etməyi bacarsa da, televiziya müsahibələrindəki sözlər darıxdırıcı kimi qəbul edilə bilər. ABŞ-ın CIP analitik mərkəzinin baş elmi işçisi Sina Tusi yazır: “Pezeşkianın ilk çıxışında zəif görünməkdə məqsədi rejimin əsas mühafizəkar dayaqları ilə siyasi qarşıdurma istəmədiyini vurğulamaq idi”.
Pezeşkianın müxtəlif məsələlərlə bağlı mövqeləri xarici siyasətdə islahatçı mövqe ilə Mahmud Əhmədinejadın iqtisadiyyat və ədalətə yanaşmasının birləşməsini əks etdirir. Əhmədinejad 2005-ci ildə neft gəlirlərini birbaşa xalqın masasına çatdırmağa çalışdığı kimi, Pezeşkian da diqqətini müxtəlif sahələri, xüsusən də səhiyyəni birləşdirməyə yönəltdi.
Milli mədəni haqlar Pezeşkianın ən ağrılı mövzusudur. Onun bu mövzu ilə bağlı mövqeyini ifadə etdiyi videoları son günlər yenidən gündəmə gəlib. Təbriz təmsilçisi tez-tez deyir: “Ölkəmizin əsas dili fars dilidir, amma mənim kimliyimi heç kim inkar edə bilməz”. "Aljazeera" xatırladır ki, parlamentin 26 fevral 2016-cı il tarixli plenar iclasında o, “Allahın onu türk yaratdığına şükür etdiyini, Konstitusiyanın 15-ci maddəsinə görə heç kimin türklərin dilini və mədəniyyətini ələ salmağa haqqı olmadığını” bildirib. O deyir ki, İrandakı türklər və digər etnik qruplar məktəblərdə öz ana dillərində yazmağı, danışmağı və öyrənməyi bacarmalıdırlar.
Pezeşkianın 10-cu parlamentdə vitse-spiker olduğu dövrdə mübahisə doğuran məsələlərdən biri də Urmiya nümayəndəsi Nader Qazipurun “İran” qəzetinin müxbirinə hücumu olub.
Pezeşkian Maliyyə Fəaliyyəti İşçi Qrupunun (FATF) reqlamentinin həyata keçirilməsi ilə bağlı qanun layihələrinin təsdiqini ardıcıl olaraq dəstəkləyib. Pezeşkian hesab edir ki, FATF ( G7-yə bağlı nəzarət qurumu) İranın mailiyyə sisteminə müdaxilə etməlidir. Bu baxışı ölkənin maliyyə sistemini ABŞ-ın nəzarətinə vermək kimi qiymətləndirənlərə də cavabı odur ki, İranda 100 milyardlarla dollar məbləğində pullar oğurlanır, bunun qarşısını almaq üçün ciddi nəzarət mexanizmi olmaldır. Prezident seçkilərində 5 fundamentalist namizəd, xüsusilə parlamentin hazırkı rəhbəri Məhəmməd Baqir Qalibafa qarşı mübarizə aparan yeganə islahatçı namizəd deyib: “Cəmiyyətimizdə baş verən hadisələrdə günahkar bizik və Amerikanı günahlandırmamalıyıq".
Məhsa Əmininin ölümü ilə də bağlı Pezeşkianın açıqlamaları yenidən xatırladılır. O, Əmininin ölümünə görə səlahiyyətlilərdən izahat tələb edirdi: “Elmi cəhətdən kimsə belə yxılıb ölə bilməz”. (Rəsmi məlumatlarda Məhsa Əmininin yıxılaraq öldüyü deyilir - red.).
Pezeşkian Yaşıl Hərəkat liderlərinin ev dustaqlığına son qoyulmasını dəstəkləyir, onun fikrincə, Məhəmməd Xatəmiyə qoyulan qadağanın aradan qaldırılması həm də sosial birliyi artırardı. Pezeşkian dəfələrlə heç bir partiyaya və ya hərəkata mənsub olmadığını bəyan etməklə yanaşı, islahatlara ehtiyac olduğunu vurğulayır. O deyir ki, “özünü ifadə etmək istəyən hər kəsi İslam əleyhinə respublikaçı adlandırmaq olmaz”.
“Financial Times” isə yazır ki, keçmiş səhiyyə naziri olan Pezeşkian əvvəlcə islahatçıların aparıcı namizədi kimi qəbul edilmirdi, lakin o, açıqlığı, İslam Respublikasının sərt siyasətini tənqid etmək istəyi, ədalət və bərabərliyə sadiqliyi ilə pərəstişkarlar qazanıb. Onun “İran naminə” kampaniyası rejimlə əhali arasında münasibətlərin yeni dövrünün başlanmasına və siyasətçilərə qarşı geniş yayılmış “inamsızlığın” milli “barışıq” prosesi ilə aradan qaldırılmasına çağırıb. İslahatçı siyasətçi Məhəmməd-Sadegh Cavadi-Hesar deyib: "Pezeşkian bu prezident seçkilərində fenomen olacaq".
O, artıq keçmiş Birinci vitse-prezident, islahatçı, Keşikçilər Şurası tərəfindən namizədlik hüququndan məhrum edilmiş İshaq Cahangiri və 2015-ci ildə dünya gücləri ilə nüvə sazişi üzrə danışıqlar aparan keçmiş xarici işlər naziri Cavad Zərif tərəfindən dəstəklənib. İslahatçı keçmiş prezident Məhəmməd Xatəminin də eyni addım atacağı gözlənilir. Analitiklərin fikrincə, mötədil qüvvələrə yaxınlaşan yüksək səviyyəli mühafizəkar Əli Laricaninin tərəfdarları bəzi şəhərlərdə Pezeşkian kampaniyasına qoşulublar.
Təhlilçilər həmçinin deyirlər ki, Pezeşkianın Quran müəllimi və şiə müsəlmanları üçün əsas mətn olan “Nəhcül-Bəlağə” qaresi keçmişi onu cəmiyyətin digər təbəqələri, o cümlədən ənənəvi mühafizəkarlar üçün məqbul namizəd edə bilər. Keçmiş islahatçı vitse-prezident Məhəmməd-Əli Abtahi təklif etdi ki, bu ay keçirilən sorğu 1997-ci ildə Xatəmi sürpriz qalib olduğu zaman səsverməyə və ya 2013-cü ildə mərkəzçi Həsən Ruhaninin nüvə sazişini imzalamaq vədi ilə qazandığı seçkilərə bənzədilə bilər.
Bəs belə namizədi seçkiyə buraxmaqda məqsəd nədir?
Əvvəlki yazılarda onun digər islahatçılara nisbətən zəif olmasının seçkiyə buraxma qərarı üçün həlledici olduğunu qeyd etmişdik. Eyni zamanda rejimin beynəlxalq legitimliyinin qəbul edilməsi üçün son illər kəskin şəkildə aşağı düşmüş seçici fəallığını, ümumən siyasi iştirakçılığı artırmağa ciddi ehtiyac var. Bunun üçün islahatçı səslərini də, etnomədəni haqlar tələb edən seçici kütləsini də səsverməyə cəlb edilməlidir. Üstəlik, II Qarabağ savaşından sonra azərbaycanlıların etnomədəni haqlar uğrunda mübarizəsi İranın müəyyən dairələri tərəfindən “dörd şimal vilayətinin” etno regional sepratizm kimi nəzərdən keçirilir, yəni mədəni haqlar uğrunda mübarizə bəzilərində ciddi təşviş yaradır. Odur ki, etnoregional fəallığı nəzarətdə saxlamaq üçün rejim özü üçün təhlükə görmədiyi namizədi irəli verir.
Qərargahı İsveçdə yerləşən Azərbaycan Mərkəzi Partiyasının sədri Salih Kamraninin sözlərinə görə, Məsud Pezeşkian rejimin yetişdirdiyi və dini liderə sədaqətini hər fürsətdə dilə gətirən bir şəxsiyyətdir. Onun islahatçı türk kimi tanıdılması Azərbaycan bölgələrini sevindirməkdir.
Bu ehtimalları İran fundamentalistlərinə yaxın mənbələrin mediaya sızdırmaları da təsdiq edir. İran hakimiyyətindəki mənbə “Aljarida”ya bildirib ki, mühafizəkarlara sadiq qurumların tərtib etdiyi statistikaya əsasən, onlar arasında mövcud parçalanma və islahatçıların namizəd Pezeşkianın arxasında səfərbər olmaları fundamentalist hərəkatın seçkilərdə birinci turda məğlub olmasına gətirib çıxara bilər. Bu, olduqca gözlənilməz proqnozdur, çünki adətən İranda seçkilərin taleyi ilk turdaca həll olunur. Amma yuxarıda qeyd etdiymiz kimi, rejimin beynəlxalq aləmdə legitimlik problemi olduğu üçün seçkini iki turda keçirirək əsl seçki mübarizəsi görüntüsü yaratmaq istəyə bilər.
Qalibafın inadı, Xameneinin oyunu
Mənbə “Aljarida”ya bildirib ki, mərhum prezident İbrahim Rəisinin hərəkatı ilə əlaqəsi olan indiki hökumət üzvlərinin əksəriyyəti Qalibafın parlament sədri kürsüsünü saxlayıb prezident kürsüsünü Cəliliyə təhvil verməsini istəyir. Amma indiki parlamentdə çoxlu sayda fundamentalist nümayəndələrin dəstəyini alan İslam Şurasının (parlament) rəhbəri Məhəmməd Bəkir Qalibafı namizdəliyini geri götürməyə inandırmaq mümkün olmayıb. Qalibaf bütün fundamentalist namizədlərin yarışdan kənarlaşacağı təqdirdə birinci turda islahatçı namizədi məğlub edə biləcəyinə əmindir.
Amma ortada qəribəlik də var; medianın və fundamentalistlərə sadiq mərkəzlərin araşdırmaları göstərir ki, səsvermyə qatılanların sayı 40 faizdən az olarsa, o zaman mühafizəkar namizədin şansı daha yüksək olacaq, lakin bu faizi keçəndə islahatçı namizədin şansları daha da artacaq.
Buna görə də fundamentalistlər çalışır ki, insanları seçki qutusundan uzaq tutsun. Bu, Ali Rəhbər Əli Xameneinin seçkilərdə səsvermə gücünün artırılması və insanları seçkilərdə iştiraka təşviq edilməsinin vacibliyi barədə təkid etməsinə, həm də rejimin beynəlxalq legitimlik qayğılarına ziddir. Mənbə bildirib ki, ilk dəfədir ki, fundamentalistlərin strategiyası müxalifətin strategiyası ilə üst-üstə düşür: müxalifət insanları seçkiləri boykot etməyə çağırır. Rəisinin prezident seçildiyi 2021-ci ildə cəmi 40 faizdən bir qədər çox seçici səsvermədə iştirak etmişdi, qeyri-rəsmi rəqəmlərin daha da aşağı olduğu deyilirdi. Ekspertlər bildiriblər ki, Pezeşkianın şans qazanması üçün ən azı 60 faiz seçici fəallığı lazımdır. Pezeşkianın tərəfdarlarının ziyalılar və işgüzar dairələrdən, eləcə də iqtisadi təzyiq altında özünü əzilmiş hiss edən ailələrdə çörək verənlərdən olması gözlənilir.
“Aljarida”nın mənbəsi bildirib ki, fundamentalist hərəkatın bəzi liderləri ötən çərşənbə axşamı Xamenei ilə görüşüb və ona Pezeşkianın rejimə müxalif hesab etdikləri çıxışlarını, xüsusən də Məhsa Əmini etirazları zamanı verdiyi bəyanatları təqdim ediblər. Rəhbər cavab verib ki, bunlardan xəbərdardır və Pezeşkianın iştirakında israrlı olması bu seçkilərin ölkədə müxalifətin, xüsusən də son illərdə küçələrə çıxanların gücünü ölçmək üçün bir növ referendum etməkdir. Etiraz elektoratı Pezeşkianı hakimiyyətə gətirə bilsə belə, dini lider əmindir ki, o, rejimin yetirməsidir və sistemin əleyhinə işləməyəcək. Mənbə qeyd edib ki, liderin bu mövqeyi görüş iştirakçılarının təəccübünə səbəb olub, xüsusən də o, fundamentalistlərin parlament seçkilərində bir-birini təhqir etməsi onu qane etmədiyinə inandırıb.
İranın fundamentalist nəşrləri 2009-cu il seçkilərində Mahmud Əhmədinejadın islahatçıların saxta olduğunu söylədiyi seçki bülletenində yenidən seçilməsinə etiraz etmək üçün "Yaşıl İnqilab" hadisələri baş verdiyi zaman olduğu kimi, islahatçıları "qiyam və xaos planlaşdırmaqda" günahlandıraraq Pezeşkiana qarşı sərt hücumlara başlayıb. İddia eilir ki, seçkilərin birinci turu onların namizədi yekun qalib kimi çıxmasa, seçki bitdikdən sonra xaos və iğtişaşlar yaratmaq niyyətlərini ortaya qoyur. Pezeşkianın dünən verdiyi ilk televiziya müsahibəsi məzmunca zəif kimi qiymətləndirilib.
Pezeşkianın səslərini parçalamaq üçün Qalibaf etnik azərbaycanlı Əli Nikzadı seçki qərargahına rəhbər təyin edib. Müxalif “İran Wire” saytının yazdığı kimi, İran siyasi isteblişmentində Əli Nikzad “buqələmun” – tez-tez bir düşərgədən digərinə keçən siyasətçi kimi tanınır: Əhmədinejad hökumətində nazir vəzifəsində çalışıb, 2021-ci ildə isə mühafizəkar İbrahim Rəisinin seçki qərargahında işləyib.
Təhlilçilər deyirlər ki, Qalibaf Nikzadı aparat rəhbəri təyin etməklə iki məqsəd güdür. Birincisi, digər etnik azərbaycanlının - Pezeşkianın artan təsirini neytrallaşdırmaq və Azərbaycan seçicilərinin bəzi səslərini ondan almaq.
İkincisi, Ərdəbildən olan Nikzad kənd dindar seçicilərinə, yəni Qalibafın özünün hədəf aldığı “sosial bazaya” diqqət yetirəcək.
Qalibafın seçkiqabağı kampaniyasının əsas istiqamətlərindən biri əfqan qaçqınlarının İrana daxil olmasının qarşısının alınması və qeyri-qanuni mühacirlərin deportasiya edilməsinə yönəldib. “Hammehan” bu yanaşmanı “Avropada ifrat sağçı partiyaların üslubunda” adlandırıb.
Daxili İşlər Nazirliyinin statistikasına və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesablamalarına görə, İranda 4.5-5 milyon arası əfqan yaşayır və İslam Respublikası rəsmilərinin hesablamalarına görə, onlardan 4 milyona yaxını qanuni olaraq mövcuddur.
Səid Cəliliyə də qarşı müəyyən gözdənsalma kampaniyası var. Mühafizəkar bloger Reza Abbasi yazır ki, Rəisi ilə Cəlili arasında xüsusi münasibət iddiasında “xoruzun quyruğu” görünür: "Cəlilinin Şəhid Rəisi hökumətini dəstəkləmədiyi xəbəri mediada açıqlandıqdan sonra Möhsün Mənsuri və Əmir Hüseyn Sabeti xüsusi münasibətə sübut olaraq Rəisinin Cəliliyə 3 il əvvəlki məktubunun şəklini təqdim edirlər. Birincisi, hökumətin sabiq başçısının bu şəkilləri dərc etməsi seçkilərdə dövlət sənədlərindən sui-istifadədir. İkincisi, fikirləşin ki, Cəlili tərəfdarları 3 il əvvəl yazdığı məktuba əl atıb onun prezidentlə münasibəti olduğunu bildirəndə nə qədər mənasız görünürlər. Nəhayət, Şəhid Rəisinin bir neçə qohumu ilə danışdım, onlar Rəisi ilə Cəlili arasında hər hansı xüsusi əlaqənin olmasını, yaxud şəxsi görüşlər keçirməsini və s. qəti şəkildə təkzib etdilər”.
Ərəbdilli “Əl-Markaziyya” isə qeyd edir ki, prezident seçkilərinin taleyi və onların nəticələri praktiki olaraq əvvəlcədən, hətta onlar keçirilməzdən əvvəl həll edilir. Bütün kampaniya görüntü üçündür.
İran liderinin köməkçisi və müşaviri Yəhya Rəhim Səfəvi 14-cü prezident seçkilərində səs verəcək şəxslərdən birbaşa xahiş edib ki, fikirləri Əli Xameneyinin fikirləri ilə “zidd olmayan” birini “seçsinlər”. İyunun 11-də “Yaddaşın müqəddəs müdafiəsi” adlı konfransda çıxış edən Səfəvi əlavə edib ki, əgər hökumət başçısı “rəhbərlik bunu deyir, mən də belə deyirəm” desə, ölkədə problemlər yaradacaq. Prezident ikiqütblülük yaratmamalıdır”.
Cəmaləddin Quliyev, siyasi ekspert
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar