Flora Kərimova Seyran Səxavətin qarşısında niyə ağladı?
Bizi izləyin

Art

Flora Kərimova Seyran Səxavətin qarşısında niyə ağladı?

“İnsan yalnız ölümünə yaltaqlana bilmir”. Yazıçının “İt intervüsü” hekayəsindən yaddaşıma hopan bu məşhur ifadəni beynimdə dolandıra-dolandıra üz tutdum Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubuna.

Bu gün burada yazıçı Seyran Səxavətin 70 illik yubileyi qeyd olunurdu.

Seyran Səxavət – oxucuların heç vaxt üz çevirmədiyi, əksinə, dönə-dönə oxumaq istədikləri yazıçı. Adın da insana düşər-düşməzi olur. Baxır o adı sənə kim verir? Dediyinə görə, Seyran adını ona kənd həkimi, təxəllüsünü isə Qasım Qasımzadə verib. Belə görünür ki, Qasım Qasımzadənin də elə ağzı fal, əli düşərli imiş. O vaxt yaşlı yazarlar gənc yazarlar haqqında “uğurlu yol” yazardılar. Qasım Qasımzadə Ramiz Rövşənə, Seyran Səxavətə, sonra isə Nüsrət Kəsəmənliyə “uğur olsun” demişdi. Elə üç yazarın üçü də oxucu sevgisi qazanan bəxtəvər qələm sahiblərindən oldular. Qələm adamına bundan böyük nə mükafat? Özünü nə dərəcədə xoşbəxt sayır, deyə bilmərəm, amma mən bilən oxucu sarıdan yarımışların yarımışı olan Seyran Səxavətin 70 yaşında ən böyük hədiyyəsi də elə oxucularının sevgisidir…

İndi də keçək, “70”-in şərəfinə təşkil olunan ədəbi məclisə. Məclisdə səbəbkarın ən yaxın dostları: millət vəkili, şair Sabir Rüstəmxanlı, Nəriman Həsənzadə, xalq artistləri Flora Kərimova, Fuad Poladov da iştirak edirdilər.

Sabir Rüstəmxanlı qələm dostuna xoş sözlər yağdırdı: “Biz hələ cavan idik, şair Qabil Seyranla mənə dedi ki, artıq ağsaqqallaşırsınız. Mən də dedim biz ağsaqqallaşırıqsa, onda bəs siz kimsiniz? Qabil dedi mən artıq Qobustan qayasıyam. Seyranı bu gün 70 yaşında cavan saxlayan onun sevdiyi işlə məşğul olmasıdır. İnsan sevdiyi işlə məşğul olanda cavan qalır”.

Nəriman Həsənzadə isə əsas vurğunu Seyran müəllimin səmimiyyətinin üstünə vurdu: “Seyran, sənin yanında olanda mən özüm oluram. Həmişə də belə olub”.

Xalq artisti Flora Kərimova isə çıxışı zamanı göz yaşlarına hakim ola bilmədi: “Seyran, bizi bir-birimizə bağlayan tellər çox möhkəmdir. Mən səni sevənlər sırasında birincilərdənəm. Anamla da xoş münasibətiniz olub. Anam həmişə deyirdi ki, məni Şuşaya apar. Amma apara bilmədim, qismət olmadı. Sizin şirin Qarabağ ləhcənizi eşidəndə anamı xatırlayıram”.

Hər kəs səbəbkarın şəninə təriflər yağdırdı. Amma Seyran Səxavət yaradıcılığı o təriflərdən də yüksəkdə dayanır. Bunu məclisə toplaşanların üzündən oxumaq o qədər də çətin deyildi.

Bəlkə də son illərdə AYB-nin Natəvan Klubunu belə izdihamlı görməmişdim. İynə atsaydın, yerə düşməzdi. Məncə, yazıçı üçün bundan gözəl hədiyyə ola bilməzdi.

Yetmişiniz mübarək, ustad!

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm