Dünya şöhrətli bəstəkar: “Uşaqlar o musiqidən uzaq dursalar, yaxşıdır”
Bizi izləyin

Art

Dünya şöhrətli bəstəkar: “Uşaqlar o musiqidən uzaq dursalar, yaxşıdır”

Fazıl Say tək Türkiyədə yox, bütün dünyada tanınmış pianoçulardan sayılır. "Hürriyət" qəzeti bu yaxınlarda "Uşaqlar üçün" adlı albomunu təqdim edən 46 yaşlı sənətçidən müsahibə alıb. Nadir hallarda müsahibəyə razı olan pianoçu mövzu uşaqlar olduğu üçün danışmağa razılaşıb, hətta özünəməxsus məsləhətlər verib.

Publika.az-ın "Şirin söhbət"ində Fazıl Sayla müsahibəni təqdim edirik.

- Uşağı klassik musiqi ilə tanış etmək üçün ən doğru zamanı necə müəyyənləşdirmək olar?

- Uşaq təkcə klassik musiqi ilə deyil, ümumiyyətlə, musiqi ilə nə qədər tez tanış olsa o qədər yaxşıdır.

- Albomu da bu məqsədlə çıxardınız?

- Bir layihə haqqında düşünürəm. "Türk bəstəkarlar" adı altında ən az 20-30 CD çıxarmağı planlaşdırıram. Bu o, albomlardan ilkidir. Türk bəstəkarların uşaqlar üçün yazdıqları mahnıları gündəmə gətirmək istədim. Onlarla albomum var, ancaq bunun verdiyi sevinc tam fərqlidir. Ona görə də bu albomun satılıb-satılmaması vecimə deyil. Uşaqlar üçün belə bir iş gördüyümə görə sevinirəm.

- Sizcə, uşaqlar niyə musiqi dinləməlidirlər?

- Musiqi insanı sülhsevər edir. Musiqi sayəsində başqa mədəniyyətlərə qarşı marağınız artar. Ancaq qərb-şərq arasında seçim etmək məcburiyyətində hiss etməzsiniz. "Mən insanam, hamının dilində danışaram", deyərsiniz. Çünki musiqi ilə hər şeyi anlatmaq mümkündür. Musiqi universal "dil"dir. Mənim 5 yaşım olanda müəllimim Mithat Fenmen dərsə bu tapşırıqla başlayırdı: "Bu gün nə gördün? Piano ilə mənə gördüklərindən bəhs et".

- Yeni nəsil fərqlidir. İndi onların diqqətini çəkmək üçün maraqlarına xitab eləmək lazımdır. Bu fikirlə razısınız?

- Düzdür, dövrün uşaqları bağçada oyun oynamırlar. Hamısı planşetlə, telefonla, kompüterlə maraqlanır. Məsələn, uşaqlar üçün mahnı bəstələsəm, yəqin ki, instaqram və ya feysbukla əlaqələndirməli olaram. Dövrün ruhuna uyğunlaşmaq, uşaqlarla eyni dalğanı tutmaq lazımdır. Ancaq bunu edərkən, məqsədimiz uşaqları bir az olsa da o dalğadan çıxarmaq olmalıdır.

- Albomda qızınız üçün bəstələdiyiniz musiqi də yer alıb. İnsanın övladına olan hisslərini belə ifadə etməsi çox gözəldir.

- Əlbəttə. O bəstəni Qumru dünyaya gələndə yazmışdım. Çox sevildi, məşhurlaşdı. İndi hər konsertdə ifa edirəm.

- İndi uşaqların çoxu qaçqın həyatı yaşayır, terror və ya təcavüz qurbanı olur. Bütün bunlara necə reaksiya verirsiniz?

- XXI əsrdə, kosmos dövründə belə hadisələrin yaşanması dünyanın ən böyük ayıbıdır. Bütün bunların siyasi həlli olmalı idi.

- Uşaqların musiqi ilə ünsiyyətini düzgün qurmaq üçün nə etməliyik?

- 1.Uşaq dünyaya gəldiyi gündən bəri musiqi onun həyatının bir parçası olsun.

2.Musiqi alətində ifa etmək düşünmək qabiliyyətini və diqqəti artırır. Uşağı musiqi alətində ifa etməyə həvəsləndirin, ancaq xoşuna gəlmirsə, məcbur etməyin. Musiqini oyun kimi qəbul etsin.

3.Nə ilə maraqlanmaq istəməyindən asılı olmayaraq ona dəstək olun. Keçmiş həyat yoldaşım da, mən də musiqiçiyik. Ancaq qızımızın atlara marağı var idi. Ona görə də musiqiyə həvəs göstərmədi, jokey oldu. Fazıl Sayın qızıdır deyə mütləq musiqi ilə məşğul olmalı deyil. Uşaqlar öz yollarını tapırlar.

4.Uşaqları yaxşı musiqi ilə tanış edin. Fərqli tərzlərdə olan musiqilər dinləyə bilərlər. Ancaq sadəcə biznes məqsədi güdən populyar mahnılardan uzaq dursalar, yaxşıdır.

İlknur

Oxumağa davam et
Reklam
Reklam

Gündəm