Stalinin paytaxtda ÖLÜM OYUNU: bir-birini satan, şərləyən, ölümə göndərən sakinlər - - FOTO/VİDEO
Bizi izləyin

Art

Stalinin paytaxtda ÖLÜM OYUNU: bir-birini satan, şərləyən, ölümə göndərən sakinlər - - FOTO/VİDEO

Paytaxt sakinləri bir-birinin quyusunu qazır.

Əvvəlcə ondan başlayaq ki, heç bir şəkildə Anatoli Rıbakovun məşhur “Arbat övladları” əsəri ilə Andrey Eşpayın çəkdiyi serialı müqayisə etmək olmaz, çünki başqa-başqa əsərlərdir. Birbaşa müqayisəyə başlasaq, təbii ki, tamam mənasız bir işlə məşğul olmuş olarıq, çünki serial həmin əsərin motivləri əsasında çəkilib. Kitabın verdiyi təəssürat təbii ki, filmdə yoxdur, amma filmin özünün də verdiyi təəssüratlar var. Doğrusu, çoxları bu filmi möhtəşəm olacağını gözləyirdilər, amma unutmaq olmaz ki, kinematoqrafiyanın, xüsusilə televiziya işinin öz dili var və bu mənada filmin özü də olduqca yaradıcı alınıb. Pis alınmayıb, ancaq tamamilə kitabdan gözlədiyiniz burada yoxdur.

Rıbakovun trilogiyası təbii ki, ekran versiyasında tamam fərqli alınıb, amma rejissor Eşpay onu bir adla birləşdirib. Biz burada gənclərin ömrünü, onların həyatını görürük. Sovet dövrünün ilk illərində - quruculuq dövründə Moskva şəhərinin ən məşhur küçəsi Arbatda yaşayan uşaqlar və onların böyüməsi, onları erkən yaş uşaqlıq və gənclik dövrlərinin repressiya illərinə düşməsinin şahidi oluruq. Filmdə tamamilə 30-cu illərin atmosferi yaradılıb. Burada repressiya və şəxsiyyətə pərəstişin formalaşmasının bütün cəhətlərini görə bilirik. Romantika artıq keçmişdə qalıb, onu əvəzləyən isə qan, repressiya, azad danışanlara qarşı cəzalardır. Dövlətinin “Cəza maşını” nəfəs alanı başının üstündən vurur. Tamaşaçı bunu daim hiss edir. Rıbakovun romanını oxuyanda hiss etdiyimiz həmin təəssürat filmdə də var. Arbat evində yaşayan məktəblilər və məktəbi bitirən uşaqların bu rejimin sərtləşməsində həyatları dəyişir. Onlar ilk dəfə üsyan etmək istəyirlər. Azad ruhlarını, azad fikirlərini qorumaq istəyirlər, lakin anlayırlar ki, rejimə qarşı bu, mümkün deyil. Bir-bir öz içlərindən xalq düşməninin necə tapılıb çıxarıldığının şahidi olurlar.

İfaçılardan danışarkən. Çulpan Xamatovanın çox möhtəşəm ifası, bir qızcığazın üsyankar ruhu, qışqırığı, gülüşü, onun baş vermiş hadisələrə üsyanı, daxili inamla mübarizə aparmağı dövrün yetişdirdiyi gəncliyinin simvoluna çevrildi. Elə kitabda da təqribi obraz bu idi. Rejissor aktyora doğru istiqamət verdi və Çulpan Xamatova obrazı düzgün ifa etdi. Varka həbslərdən, güllələnmələrdən, sürgünlərdən sonra birdən-birə dəyişir, hamıya qarşı çıxır, başqalaşır. Filmin paradoksu burada yaranır. Varkanın yumoru, ironiyası, sarkazmı tamamilə başqa bir oyuna çevrilir. İndi o, qəmli, sarkazmla dolu bir rəqsi oynayır, amma bütün film boyu tamaşaçını enerji ilə yükləyir, ona enerji verir, doydurur.

Aktyorlar ustalıqla öz obrazlarının mahiyyətini çatdıra bildilər. Yevgeni Tsıqanov Saşa Pankratovu oynayır. O, onun ruhunu, sarsılmazlığını tamamilə göstərə, qısa və faciəli ömrünü canlandıra bilir. Həbsdən çıxandan sonra ətrafdakıların ona şübhə ilə yanaşması belə xarakterini sındırmır. O mühəndis kimi vətənə kömək edə bilmədi, amma əsgər kimi bunu etdi və öz vətən borcunu yerinə yetirdi. Biz bayaq Çulpan Xamatovun ifasında Varyanı göstərdik, ancaq burada təbii ki, Strelkovanı-Aboldinanın ifasında İnnanı da göstərməliyik. İlk baxışda biz çılğın bir qız obrazı görürük, getdikcə anlayırıq ki, bu, onların üsyanıdır. Lyondovanın Lena Budyagina rolu da olduqca maraqlı, tragik bir fiqur kimi ekrana çıxır. Yura Şaroku (Danila Straxova) romanda olduğu kimi də ekranda görürük. Olduqca əclaf, özündən müştəbeh bir tip kimi çıxır ekrana. Zoya Kaydanovskayanın Vika Maraseviçi uğurlu alınıb. Digər aktyorların da ifası olduqca maraqlıdır. Ən əsası odur ki, filmdə bütöv aktyor ansamblı alınıb və bu ansambl işin öhdəsindən gəlib, dövrün amansızlığını, qəddarlığını, insanların bir-birinə canavarcasına hücumunun mənzərəsini yarada biliblər və bu, ekran təcəssümündə öz əksini tapıb. Musiqi sujetinin inkişafı serialda çox yüksək səviyyədə həyata keçirilib və demək lazımdır ki, mətnə münasibət də çox fərqlidir. Klassik mətndən uzaqlaşmaq və söhbət janrına yaxın bir janrda danışılmağın özü maraq doğurur. Həmçinin filmin musiqi həlli olduqca uğurludur. Dövrün mühitini mükəmməl şəkildə çatdırır. Bu sözləri rəssam və operator işi haqqında da deyə bilərik.

Hər halda söhbət Arbatdan gedir. Arbat Moskvanın tam mərkəzidir, oranın öz mədəniyyəti mövcuddur. Arbat övladlarının özünəməxsus danışıq tərzi var. Burada məhəbbət də, faciə də çox fərqli bir rəngdə göstərilir. Vaxt isə daralır, hadisələr sürətlə inkişaf edir. Bu uşaqlar da tez böyüyürlər. Zaman onlara elə böyük zərbələr vurur ki, hətta ən xoş hissləri belə yaşaya bilmirlər. Serialda Stalin və qəddar Beriyanın amansız əlinin onları necə dağıtdığının şahidi oluruq. O uşaqlar iş yerlərində, məktəbdə, ali məktəbdə başqa şeylər barədə danışdıqları kimi, Arbatın həyətində də başqa mövzular barədə danışmağa məcbur idilər. Çünki mühit bunu tələb edirdi və serialda həmin mühiti açıq-aşkar görürük. Hətta orada belə bir uğurlu ifadə var: “стучат, стучат и еще раз стучат”. Yəni “xəbər vermək, xəbər vermək və bir daha xəbər vermək”. “Kim daha çox xəbər verərsə, o sağ qalar” prinsipi şüara çevrilmişdi. Nina İvanova bütün serial boyunca müxtəlif emosiaların spektrlarını göstərir: simpatiyadan nifrətə qədər, açıq nifrətdən təəssüfə qədər. Varyanın böyük bacısı kimi o, sanki siyasi rejim tərəfindən zombiləşib. O, partiyanın ədalətinə çox inanır. İnamı o qədərdir ki, heç sarsılmır. Onun inamı yalnız o zaman sınır ki, NKVD (XDİK) qapısını döyür və onu öz sinif yoldaşının verdiyi donosla həbs edir. Nina bundan sonra anlayır ki, səhv edib. Buna baxmayaraq əvvəlcədən hökumətə inanmayan, ona gülüşlə, ironiya ilə lağ edən Varya bacısını xilas edir. İki bir-birinə zidd personajın emosional təqdimatı rejissor tərəfindən uğurlu verilib. Burada həmçinin uğurlu ifalar içərisində Yevgeni Tsıqanovla Daniel Straxovun da ifasını qeyd elədik.

Saşa Pankratov isə sakit, yaxşı, xoşniyyətli bir gəncdir. Partiyanın xətti ilə getmək istəyir. O, heç kimlə inqilab əleyhinə söhbətlər aparmayıb. Lakin onun həyatını divar qəzeti korladı. Absurd da olsa divar qəzetində yol verdiyi bir səhv ona baha başa gəlir və siyasi repressiyanın qurbanı olur. Yura Şarok əsl əclaf, bütün mənəvi prinsiplərdən uzaq və yalnız öz həyatını düşünən biridir. Maksim Suxanov bu əclaf, cəllad obrazını yarada bildi. Xoşumuza gələn cəhətlərdən biri Saşa Pankratovun ifası oldu. Rıbakov məhz intelligent gənci bu cür göstərir: prinsipial və ağıllı. Yevgeni Çıqanov da öz obrazını - Saşanı uğrulu ifa edib. Lena Budyagina, Yura Şarok, Nina İvanova, Maksim Kostin – bunlar da öz obrazlarının xarakterlərini dəqiqliklə göstərib. Təbii ki, çatışmayan cəhətlər də var. Zoya Kaydanovkaya Vika rolunda bəzi hallarda xarakterin gerçəkliyini tam şəkildə çatdıra bilmir və onun uduzduğu məqamlar var. Təbii ki, bunlar xırda məqamlardır, ancaq ən əsas məqam ondan ibarətdir ki, söhbət serialda təsvir edilən dövrdən – 3o-cu illərdən gedir.

Rıbakovun “Arbat övladları” kitabı ən çox sevilən kitablardan biridir. Oxucular bilir ki, bu kitab uzun müddət çap olunmayıb. Yalnız 80-ci illərin sonlarında çap olunamasına icazə verildi və dərhal Azərbaycan dilində də dərc olundu. Çox uğurlu nəşr idi və çox oxunan kitab, habelə əl-əl gəzilən kitablardan idi. Serial bu kitabın çox maraqlı bədii həllini təqdim edə bildi.

30-cu illər hansı dövrdür? Bu dövrdə SSRİ dövləti quruldu, proletariat inqilabı oldu. Leninin şüuarı da belə idi: proletariat diktaturası. Amma proletariat diktaturası hələ o demək deyildi ki, ziyalılara qarşı amansızlıq olmalıdır. Doğrudur, ziyalılara qarşı amansızlıqlar həyat keçirildi. Leninin vaxtında Məşhur “fəlsəfə gəmisi” mövcud idi. “Kim bizimlə deyilsə, çıxsın getsin” prinsipi vardı. Lakin 25-ci ildə Stalinin hakimiyyətə gəlməsi ilə SSRİ tamamilə dəyişdi. Qarşıya bir məqsəd qoyuldu, yad fikirlə düşünən kim varsa, uzaqlaşdırılmalı idi. Yad fikir ola bilməzdi. Kollektivləşmə və siyasi müxalifətin aradan qaldırılması adı altında repressiyalar başladı. Bu repressiyalar həm iqtisadi, həm də siyasi mahiyyət kəsb edirdi. Repressiyalar daha çox böyük şəhərlərdə hiss olundu. Zərrə qədər belə, fərqli düşünən insanlar birmənalı repressiya qurbanı idi. Lakin repressiya elə bir həddə çatmışdı ki, artıq böhtan xarakteri daşıyırdı. İnsanlar sağ qalmaq üçün bir-birilərinə böhtan atırdılar. Kiminsə gözündə ucalmaq və beləcə özünün repressiya qurbanı olmaması üçün kimisə qurban etmək. “Arbat övladlar” filmi məhz Stalin və Beriyanın yaratdığı o çirkabı göstərir. Moskvanın balaca bir məhələsində qonşular bir-birini satmağa məhkumdur ki, özləri sağ qalsınlar. Məktəbli də öz sinif yoldaşını satmağa məhkumdur.

Əsərin tam məzmununu təbii ki, danışmaq istəməzdim. Tövsiyə edərdim ki, siz həm əsəri oxuyasız, həm də seriala baxasız. Çünki hər ikisi dəyərlidir. Əsər 3 hissədən ibarətdir, serialda isə bu üç hissə birləşdirilib. İstərdim baxasınız və bu dövrün mühitini, çirkinliklərini görəsiniz. Azərbaycan ədəbiyyatında da həmin dövrü əhatə edən bir neçə əsərlərin şahidi olmuşuq. Hətta bəzi filmlərdə də mövzuya toxunulub. Məsələn, “Qətl günü”, “Güllələnmə təxirə salınır” “Ölsəm bağışla “ filmlərində az-çox həmin repressiyanın ab-havasını görürük. Lakin “Arbat övladları”nda bu daha kəskinliklə, ciddiliyilə Stalinin idarəçiliyinin iyrəncliyinin göstərilməsi ilə təqdim olunur. Həmçinin estetik baxımdan maraqlı filmdir. İzlədikcə gözlərinizi oxşayacaq, vaxtınızı maraqlı keçirməyinizə səbəb olacaq. Eyni zamanda serial tarixi yenidən vərəqləmək baxımından əhəmiyyətlidir, xüsusən repressiya illərini öyrənmək, 80 il bundan əvvəl baş verənləri yada salmaq istəyirsinizsə, “Arbat övladlar” serialı sizin köməyiniz olacaq.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm