Dövlət məmurunun məşhur müğəninin başına GƏTİRDİYİ DƏHŞƏTLƏR - FOTO/VİDEO
Bizi izləyin

Art

Dövlət məmurunun məşhur müğəninin başına GƏTİRDİYİ DƏHŞƏTLƏR - FOTO/VİDEO

Ona hər şeyi qadağan edib

“Üzbəüzdə olan gözlər” adlı serial tanınmış müğənni, sovet estradasının ulduzlarından biri olan Valeri Obodzinski haqqındadır. Serialda onun taleyi və çox fərqli bir ömür yolundan bəhs edilir. Odessada doğulmuş sadə bir gənc birdən-birə SSRİ-nin super ulduzuna çevrilir. Heç kimə oxşamır, tamam başqa bir ifa tərzi ilə seçilir. O, komunist partiyasının, komsomolun mahnılarını oxumur, ancaq sevgidən, məhəbbətdən, lirikadan nəğmələr qoşur və onun bu inadkarlığı təbii ki, bir çox yerlərdə qarşısını kəsir, maneələr törədir, dövlət mükafatlarından məhrum edir. Getdikcə həyatdan küsən Obodzinski sənətini atır, tamamilə uzaqlaşır və qalstuk fabrikində adi bir gözətçi kimi işləməyə başlayır. Yalnız orada onu özünün sadiq fanatlarından biri tapır və xilas edib yenidən sənətə qaytarmaq istəyir. Bax, haqqında danışacağımız “Üzbəüzdə olan gözlər” belə bir bioqrafik serialdır.

Həqiqətən də Valeri Obodzinski sovet dövrünün çox məşhur ulduzlardan biri idi. Müslüm Maqomayev, Kabzon səviyyəsində tanınan, sevilən müğənnilərdən biri idi. Xüsusən də onun "Şərq motivi" mahnısı. Yeri gəlmişkən qeyd edək ki, "Şərq motivi" o dövrün çox məşhur nəğməkar şairi, həmyerlimiz olan, azərbaycanlı Onegin Hacıqasımovun sözlərindən yazılmışdı və bu mahnı ona çox böyük şöhrət gətirdi. Filmdə “Valeri Obodzinski” obrazını Aleksey Barabaş oynayır. İfa çox mükəmməldir. Biz müğənninin bütün yaşadıqlarını, ulduz həyatını, reallığını, ailəyə münasibətini görürük, bütün bunları detallarına qədər Aleksey Barabaş çatdıra bilir. Onun həyat yoldaşı Nelya Obodzinski obrazını isə Yevgeniya Brik oynayır. Aktrisa çox mükəmməl ifası ilə seçilir, amma təbii ki, biz serial boyu görürük ki, əslində müğənninin həyatının məhv olmasında həyat yoldaşının çox böyük rolu var. Çünki onu uğursuzluğa sövq edir, çox sıxır, yaradıcılığını anlamır, onun qısqanclıq səhnələri, ona qarşı bəzən haqsızlıqlar törətməsi nəticə etibarilə, onun həyatını zəhərləyir. “Zəhərləyən həyat yoldaşı” obrazını Yevgeniya Brik çox möhtəşəm ifa edə bilib.

Burada Obodzinskinin əsas düşməni Anatoli Zarubindir ki, onu da Kiril Safonov çox ustalıqla oynayır. Gənclik illərində müğənni olub və Obodzinski həyatında iki dəfə onun yolunu kəsib. Birinci dəfə orkestrdə onun əvəzinə mahnı oxuyub, ikinci dəfə isə onun sevdiyi qadınla evlənib. Bax bu düşmənçilik sona qədər davam edir və Zarubin artıq böyük məmur olduqda sonra bütün yollardan istifadə edərək çalışır ki, Obodzinskinin qarşısını alsın. Onu alacağı mükafatlardan məhrum edir, böyük saraylarda çıxışlarını qadağa qoyur, hətta Moskva şəhərində ümumiyyətlə, ifasına sədd çəkilir. Obodzinski artıq o həddə çatır ki, gedib kəndlərdə, kolxozlarda çıxış edir, amma onun plassinkaları bir milyon tirajla alınırdı, bu çox böyük rekord idi və bu rekord ona görəydi ki, tamaşaçılar, dinləyicilər onu çox sevirdi və qulaq asmaq istəyirdilər. Müğənni kimi çox böyük fanat ordusu vardı. Zarubin rolunun ifaçısı Kiril Safonov çox mükəmməlliklə obrazın çalarlarını çatdıra bilib. Xüsusən də, orada bir neçə səhnə var ki, Obodzinski ilə görüş səhnələrində özünü aparma tərzi, davranışı olduqca mükəmməldir və o, öz obrazının öhdəsindən mükəmməl gəlib.

Ümumiyyətlə, qeyd etmək lazımdır ki, personajlar çox uğurlu seçilib, eyni zamanda dövrün mənzərəsi də çox gözəl göstərilib. Burada əslində bir neçə dövr göstərilir, başlanğıc 50-ci illərdir. Biz 50-ci illərdə gənc Obodzinskini görürük, o, təbliğat dəstəsinə qoşulur və bütün SSRİ-ni gəzir. Sonra 60-cı illəri görürük, o illər ki, biz ona “Ərimə dövrü” deyirik. Həmin illərdə o, artıq Moskvada səhnələri fəth edir və 70-ci illər, artıq Obodzinski çox tanınmış və populyar adamdır. Nəhayət 90-cı illər, artıq Obodzinski hamı tərəfindən unudulub. Qeyd etmək lazımdır ki, rəssam işi çox mükəmməldir, hər dövrün detalları, anturajı çox mükəmməl göstərilib, ümumiyyətlə, qüsursuz təqdim olunub. Xüsusən də, 60-70-ci illər Obodzinskinin ulduz olduğu dövrün mənzərələri, geyimlər, davranışı, bütün bunlar hamısı ümumilikdə xoş ab-hava yaradıb. Maraqlı cəhətlərdən biri odur ki, Obodzinskinin həyat yoldaşı çox tələbkar qadın olur. O dövrdə sovet estradasında nə qədər çıxış etsən də qonorarlar az olurdu, yəni nə qədər populyar olmağına baxmayaraq qonorarla işləyirdilər və mənzil arzusunda olur, istəyir ki, mənzilləri olsun, kooperativ mənzilə növbəyə durmaq üçün ona pul lazım olur və o qanunsuz bilet satışı ilə konsertlər verməyə başlayır.

Buna görə də Obodzinski həbs olunur, lakin sonra onun köməyinə dostları gəlir və onu həbsdən xilas edirlər. Obodzinskinin həyatı çox da mükəmməl keçməyib, çox ziddiyyətli həyat yaşayıb. Hətta o, elə bir həddə çatır ki, artıq əsəbləri ilə mübarizə apara bilmir, alkoqola meyil salmağa və xüsusi sakitləşdirici, psixotrop dərmanlar qəbul etməyə başlayır və dərmanların təsiri ilə az qala koma vəziyyətinə düşür, yəni belə acınacaqlı həyat keçirir və ən sonda öz həyat yoldaşından ayrılıb çox uzaqlara çıxıb gedir. Biz burada Obodzinskinin sonunu görürük. Qalstuk fabrikində adi gözətçi işləyir və orada onun bir qadın fanatı var ki, qulluğunda durur, birtəhər tanış tapır, televiziya ilə danışır Obodzinskini yenidən efirə dəvət edir və artıq yaşlanmış, qocalmış Obodzinski eyni səs ilə tamaşaçıların sevdiyi mahnıları ifa etməyə başlayır. Yeri gəlmişkən, bu qayıdış səhnəsi çox möhtəşəm alınıb, tamaşaçılar həsrətlə Obodzinskinin yolunu gözləyir, ümumiyyətlə, onlar Obodzinskinin öldüyünü hesab edirdilər və birdən qarşılarında görəndə çox sevinirlər. Qayıdışda arıq kökəlmiş müğənni bu eybi örtmək üçün qara plaşa bürünmüş efirə çıxır. Bu səhnə çox təsirli alınıb.

Serialda bir xətt də var, hansı ki bu bizim həmyerlimiz, tanınmış Azərbaycan sovet şairi Onegin Hacıqasımov xəttidir. Təəssüf ki, vətənimizdə bu gün Onegin Hacıqasımov unudulub, amma 60-70-ci illərdə, sovet dövründə ən məşhur mahnıların sözləri məhz Onegin Hacıqasımova məxsus olub. Bakı şəhərində doğulan bu istedadlı şair, Rusiyada çox məşhur və sevilən şair olubdur. Mərkəzi televiziyada redaktor vəzifəsində çalışıb, amma təəssüf ki, elə həmyerlilərimizin əli ilə ona qarşı haqsızlıqlar törədilib və o, işindən azad olunmağa, bütün işlərdən uzaqlaşdırılmağa məcbur olub. Tərcümə işləri ilə məşğul olmağa başlayıb və təbii ki, bütün bu işsizlik ailə həyatına da təsir edib, o ailəsini də itirib. Nəhayət, Onegin Hacıqasımov 1985-ci ildə hamı ilə vidalaşaraq kilsəyə üz tutub, kahinliyi qəbul edir və ömrünün sonuna qədər bütün yaradıcılıqdan uzaqlaşır. Biz serialda Onegin Hacıqasımovun gənclik, parlayan dövrünü, onun uğur qazandığı dövrünü görürük. Əslində bu da bir qürurverici hissdir ki, həmyerlimizi, Azərbacanın tanınmış şairini bu serialda görür, onun həyat tərzinin şahidi oluruq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Təəssüf ki, sağlığında da, öz dövründə də biz onun qədrini bilmədik, bu gün də əslində onun qədrini bilməməyimiz bir az kədərlidir, amma məsələnin başqa bir tərəfi də var ki, bunu da qeyd etmək lazımdır ki, Obodzinksi həqiqətən istedadlı müğənnidir. Hamı da bilir və etiraf edir ki, o, Müslüm Maqomayev deyil. Bir az ürəkağrıcıdır ki, niyə belə bir serial Müslüm Maqomayev haqqında çəkilməyib?! Axı Müslüm Maqomayevin də çox maraqlı bir ömrü, çox maraqlı bir yaradıcılığı olub. Müslüm Maqomayev milyonların sevdiyi şəxs və həqiqətən birinci olan müğənnidir. Bunu hər kəs etiraf edir. Çox arzulayardıq ki, bu serial Müslüm Maqomayev haqqında olsun və biz bu gün Müslüm Maqomayev haqqında çəkilən serialdan danışaq. Amma bunu “Birinci kanal”, Rusiya telekanalları etmirsə, yəqin ki, Azərbaycanda televiziyalar var və televiziyalar varsa, seriallar da çəkirlər və əgər seriallar çəkirlərsə, yəqin düşünərlər ki, məhz bu mövzulara da toxunmaq lazımdır.

Axı bunlar Azərbaycanı dünyaya tanıdan insanlardır, istər Rəşid Behbudov, istər Müslüm Maqomayev. Bütün bunlar məşhur simalar kimi Azərbaycanı dünyada təmsil ediblər, böyük bir ömür sürüblər və o ömürlərin özü gənclər üçün, gənc müğənnilər üçün böyük bir nümunə ola bilər. Ümumiyyətlə, hər kəs üçün örnəh olar. Tanınmış insanların həyatlarından bioqrafik serialların çəkilməsi, həm də bir nümunə kimi göstərilir. Bu baxımdan əlbəttə ki, arzulayardıq bizdə də belə ənənə olsun, əslində 70-ci illərin sonu, 80-ci illərin əvvəllərində bu proses başlamışdı. “Üzeyir ömrü” adlanan ikihissəli televiziya bədii filmi çəkilmişdi və bu, çox mükəmməl bir iş idi. Əlbəttə arzulayardıq ki, belə bir serial olsun, çünki Üzeyir bəyin keçdiyi ağrılı, acılı həyat yolunun özü seriala bir mövzu ola bilər. Lakin təəssüflər olsun ki, bizdə hələ ki kriminal həyatla bağlı və yaxud sosisləri necə yemək haqqında seriallar daha çox dəbdədir.

Əsasən serial qəhrəmanlarımız anormal şizofreniklərdir, yəni qardaşlardır və ya bacanaqlardır, bacılardır, yəni hər kimlərdirsə hamısı anormaldır, içlərində ağıllı bir adam yoxdur. Bu ağlı olmayan insanların əhvalatları da serial kimi təqdim olunur. Halbuki ağıllı insanların həyatı təqdim oluna bilərdi ki, insanlar onlara baxıb ağıllı olsunlar, amma qurşaqdan aşağı mövzuların çiçəkləndiyi bir dövrdə, biz təbii ki, Müslüm Maqomayevin və yaxud Rəşid Behbudovun həyatı haqqında serial görə bilmərik. Ancaq Rusiya televiziyasında Obodzinski haqqında serial çəkilir, təqdim olunur və yüksək səviyyədə reklamı da nümayiş etdirilir.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, rejissor işi, ssenari müəllifinin işi olduqca mükəmməldir, bütün ssenari qaydalarına əməl olunub, tipik televiziya serialı formatında çəkilib. Eyni zamanda rejissor dövrü çox mükəmməl öyrənib, yaşantıları olduğu kimi çatdırmağa çalışıb, aktyorlarla onun işini yüksək dəyərləndirmək lazımdır, operator işi də uğurlu alınıb. Bütünlükdə əgər Obodzinskini sevirsinizsə, bu filmə baxmaqla siz yenidən onun dövrünə qayıda bilərsiniz.

Doğrudur, filmdə mahnılar öz ifasında verilmir, başqa müğənnilər tərəfində oxunulur, amma maraqlı olardı ki, onun həyatı ilə yaxından tanış olasınız və ən azından istərdim ki bu filmə baxasınız, çünki filmdə bizim həmyerlimiz, Azərbaycanın şairi Onegin Hacıqasımov görünür, onun haqqında danışılır və bu da bizim qürur yerimizdir. Bizim hər bir şöhrətli, tanınmış həmvətənlərimizin adı çəkiləndə biz sevinirik, çünki o bizim vətənimizin övladıdır və buna görə baxmağa dəyər. Eyni zamanda vaxtınızı səmərəli keçirmək istəyirsinizsə, çox gözəl musiqili, bir qədər də lirik, əyləncəli filmdir. Ona görə lirikdir ki, lirik məqamlar, sevgi xətləri var filmdə. Əyləncəli ona görə hesab edirəm ki, çünki musiqi nömrələri çoxdur, amma ümumilikdə dram öz yerində qalır. Baxa və təbii ki, zövq ala bilərsiniz.

Elçin Əlibəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm