• USD 1,7000 0,00% EUR 1,9338 +0,70%
    • GBP 2,1676 +0,38% RUB 0,0269 -0,37%

Rus rəssamların 20 ən bahalı əsəri - FOTO

  • Art
  • 20 İyun 2017 16:15
  • 1 914 Baxış
Rus rəssamların 20 ən bahalı əsəri - FOTO

Rus rəssamlarının hərraclarda satılan əsərlərinin reytinqinə baxdıqca, belə başa düşülür ki, rəsmin çox baha qiymətə satılması üçün ölmək lazımdır. Sağlığında bu qədər dəyər qazana bilməyən bu fitri istedad sahiblərindən hazırda yalnız bir nəfər həyatdadır: İlya Kabakov Nyu-Yorkda yaşayır və Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür.

Publika.az ART həvəskarlarını nəzərə alaraq, rus rəssamlarının ən baha qiymətə satılan 20 əsərini təqdim edir.

1. Kazimir Maleviç (1879-1935)

«Suprematist tərkib» (1916) — 60 milyon dollar (satılma ili 2008)

Kazimir Maleviç – suprematizmin banisi sayılır. Suprematizm abstrakt üslubda avanqard bir cərəyandır – fərqli rəngdə həndəsi fiqurların kompozisiyası da demək olar. Latınca “suprem” sözündən götürülüb - üstün olma, hökm etmə mənalarını verir. Burada əsasən məhz rənglərin digər atributlardan üstün olması aşılanır.

Öz dövründə Maleviç çox kasıb yaşayıb, hətta Rəssamlar İttifaqından məvacib belə almırdı.

2. Vasiliy Kandinski (1866-1944)

«İmprovizasiya üçün etüd N8» (1909) - 23 milyon dollar (satılma ili 2012)
Kandinskiy – abstraktsionizmin banisidir. Bu əsərin satıldığı “Sotheby's” hərraclarında rəssamın ümumi məbləği 56 milyon dollar olan daha 6 əsəri satılıb.

3. Mark Şaqal (1887–1985)

«Yubiley» (1923) — 16.3 milyon dollar — (satılma ili 1990)
Mark Şaqal – Avanqard stilin qəbul olunmuş lideri sayılır. İnqilabdan sonrakı dövr tale onu şəhərdən-şəhərə, ölkədən-ölkəyə atdı. Almaniyada, Fransada və başqa ölkələrdə yaşayıb, yaradıb.

“Sotheby's” hərraclarında rəssamın ümumi məbləği 32 milyon dollar olan daha 4 əsəri satılıb.

4. Nikolay Rerix (1874-1947)

«Madonna Laboris» (1931) — 13.5 milyon dollar — (satılma ili 2013)

Bu əsərin maraqlı süjet xətti var: Müqəddəs Məryəm cənnətin qala divarlarından öz şərfini aşağı sallayır. Qapıçı apostolun içəri buraxmadığı ruhları şərfin üzərindən qaldırır. Əsər ilk müəyyən olunmuş məbləğdən 7 dəfə daha baha satılır.

Daha bir maraqlı fakt vudur ki, uzun illər bu rəsm amerikalı bir ailəyə məxsus olub və onlar Rerixin kim olmasını da bilmirdilər.

Rəssamdan 7000 şəkil miras olaraq qalıb. Bundan əvvəlki hərraclarda 3 əsəri ümumi məbləği 7 milyon dollara satılıb.

5. Nikolay Feşin (1881-1955)

«Balaca Kovboy» (1940) — 13.9 milyon dollar — (satılma ili 2010)

Bu parça rəssam tərəfindən ABŞ-ın Nyu-Meksika ştatında işlənib, hazırlanıb. Ümumiyyətlə Rusiyadan ABŞ-a köçəndən sonra rəssam “Kovboy” obrazında bir çox əsər yaradır. Nikolay Feşinin müəllimi olan Repin öz tələbəsini qədər sevməsə də, həmişə etiraf edirdi ki, o müdhiş istedada malikdir.

6. Natalya Qonçarova (1881- 1962)

«İspan» (1916) — 11 milyon dollar — (satılma ili 2010)

Avanqard üslubun ən parlaq nümayandələrindən sayılan Qonçarova art-bazarın daim ehtiyac duyduğu dahilərdəndir. Onun əsərləri çox dərin qiymətləndirilir və təbii ki, çox baha da satılır. 2007-ci ildə Sotheby’s hərraclarında “Çətirli qadın”, “Çiçək açan ağaclar”, “Alma yığını” əsərləri ümumi məbləği 12.6 milyon dəyərində satılır. 2008-ci ildə isə “Güllər” və “Çınğırağım” əsərləri ümumi məbləği 16.9 milyon dollar dəyərində qiymətləndirilir.

7. İlya Maşkov (1881-1944)

«Meyvələrlə natürmort» (1910) — 8.1 milyon dollar — (satılma ili 2013)

İlya Maşkovun 1912-ci ildə çəkdiyi “Güllərlə natürmort” əsəri isə 2005-ci ildə satışa çıxarılaraq 3.4 milyon dollara satılır.

8. İlya Repin (1844-1930)

«Paris kafesi» (1875) — 7.7 milyon dollar — (satılma ili 2011)

İlya Repinin ilk əsərlərindən biridir. Rəsm tənqidçiləri tərəfindən topa tutulan bu əsərin süjet xətti belədir ki, yüngül əxlaqlı qadın - kurtizanka kafeyə tək gəlib. Bütün kolleksionerlər, o cümlədən Tretyakov da bu əsəri almağa cürət etmirdi. Yalnız 1916-cı ildə “Paris kafesi” isveç kolleksioner tərəfindən alınır. Son 100 ildə bu rəsm geniş auditoriyaya yalnız 3 dəfə nümayiş etdirilib. Çünki rəssamın demək olar ki bütün mirası muzeylərdə saxlanılır. Hərraclarda, satış mərkəzlərində nadir hallarda qeydə alınır. Xatırladaq ki, 1905-ci ildə çəkdiyi “Ailə portreti” əsəri 1.9 milyon dollara satılıb.

9. Boris Kustodiyev (1878-1927)

«Sürücü» (1923) — 7.5 milyon dollar — (satılma ili 2012)

1924-cü ildə Nyu-York sərgisində ən parlaq nümayişlərdən biri hesab olunurdu. 1936-cı ildə isə əsəri sovet fiziki Pyetr Kapits alır. Alimin varisləri 2012-ci şedevri 7.5 milyon dollara sata bilirlər.

10. Vasiliy Polenov (1844-1927)

«İçinizdən günahsız olanı kimdir?» (1908) — 7 milyon dollar — (satılma ili 2011)

Bir əsir bundan əvvəl Amerikaya aparılan bu əsər, ABŞ universitetlərinin birinin kolleksiyasında 80 il qalır. Sonradan hərraca çıxarılaraq çox uğurla satılır.

11. Konstantin Somov (1869-1939)

«Göy qurşağı» (1927) — 6.3 milyon dollar — (satılma ili 2007)

Somovun əsərləri də 1924-cü ildə Nyu-York sərgisinin ən parlaq nümayişlərindən hesab olunurdu. Rəssam bir müddət ABŞ-da yaşayandan sonra Fransaya yerləşir. “Rus çoban həyatı”, “Pyero və qadın”, “Pəncərədən görünüş” əsərləri “Sotheby's” hərraclarında ümumi məbləği 8.6 milyon dollara satılıb.

12. Vasiliy Vereşaqin (1842-1904)

«Aqradakı inci məscid» (1870—80) — 6.2 milyon dollar — (satılma ili 2014)
Vereşaqın demək olar ki bütün ömrünü şərq mədəniyyətini öyrənməyə həsr edib. Bu baxımdan yaradıcılığın çox hissəsini məhz şərq ekponatları tutur. Onun əsərləri yüksək qiymətləndirilir: “Ağlama divarı”, “Tac-Mahal. Axşam” əsərləri ümumi məbləği 5.9 milyon dollara satılıb.

13. Vladimir Borovitskiy (1757-1825)

«Qrafinya Kuşelovanın oğulları Aleksandr və Qriqor ilə portreti» (1803) — 5.1 milyon dollar — (satılma ili 2014)
Sizə təqdim olunan reytinq siyahısının ən qədim əsəridir (1803), muzey səviyyəsində qorunmalıdır, lakin 2014-cü ildə müəyyən olumuş ilkin məbləğdən 6 dəfə artığını təklif edərək satın alıblar. Rəssamın bir başqa “Qraf Kuşelevun portreti” əsəri isə 2.6 milyona satılmışdı

14. İlya Kabakov (1933)

«Böcək». (1985) — 5 milyon dollar — (satılma ili 1998)

Bu dərəcədə təbiilik insanı valeh edir. “Phillips de Pury” müasir sənət yarmarkalarında 20 il əvvəl elə bir qiymətə satılıb ki, bu rekord “Phillips de Pury” yarmarkası üçün bugünə qədər yenilənməyib.

15. Aleksander Yakovlev (1934-1998)

«Rəssam Vasiliy Şuxayevin portreti və emalatxanası» (1928) — 4.8 milyon dollar — (satılma ili 2007)

Bu əsərdə Yakovlev ən yaxın dostunun portretini təqdim edir. Rəssamın bir başqa - “Padşahların döyüşü” 1.8 milyon, “Teatr lojasında 3 qadın” əsəri isə 1.97 milyon dollara satılıb.

16. İvan Ayvazovskiy (1771-1841)

«Gibraltar qayalığının önündə Amerika qayıqları» (1873) — 4.6 milyon dollar — (satılma ili 2007)

Ayvazovskinin maraqlı əsərləri dünya satış yarmarkalarında böyük həvəslə qarşılanır. Rəssamın özünün saydığına görə, təqribən 6000 əsəri bizə miras qoya bilib. Hər hansı şəkil satışa çıxarılan kimi böyük ajiotaj yaranır. Məsələn 2005-2007-ci illərdə rəssamın Sotheby’s həraclarında təqdim olunan 10 əsəri ümumi məbləği 19.7 milyon dollar satılıb.

17. Pavel Kuznesov (1878-1968)

«Şərq şəhəri Buxara» (1928) — 4 milyon dollar — (satılma ili 2014)

Kuznetsov öz yaradıcılığında Şərq poeziyasına romantik ab-hava qatır. Buxara seriyasından olan əsərlər Kuznetsovu yüksək səviyyəli rəssamlarla bir sıraya qoya bildi.

18. Boris Qriqoryev (1886-1939)

«Dağda çoban» (1920) — 3.72 milyon dollar — (satılma ili 2008)

Keçən əsrin 20-ci illərində rəssam “slavyan qəlblərinin tarixçısı” şöhrətinə malik idi. Slavyan insanının xarakterini heç kəs onun qədər qabarda bilməmişdi. 2000-ci ildən başlayaraq, onun əsərləri yüksək qiymətləndirilməyə başlayır və 7 əsəri ümumi məbləği 14.2 milyon dollara satılır.

19. Kuzma Petrov-Vodkin (1878-1939)

«Almalar və yumurtalar natürmortu» 1921) — 3.6 milyon dollar — (satılma ili 2012)

Yaradıcılığında əsasən dini və şərqi motivləri müasir formada simvolizə etməyə çalışıb. Digər “Balaca Vasyanın portreti” 2.7 milyon dollara satılıb.

20. Yuriy Annenkov (1889-1974)

«Tixonovun portreti» (1922) — 2.26 milyon dollar — (satılma ili 2007)

Rəsmin unikallığı ondadır ki, kollaj şəklində çəkilib – şüşə, sıvaq və təbii qapı zilindən istifadə olunub.

Zaur H.

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR