• USD 1,7000 0,00% EUR 2,0122 -0,28%
    • GBP 2,3617 -0,22% RUB 0,0233 0,00%

Həyatı faciələrlə dolu olan aktyor: “İlk görüşdən qadın cazibəsinin sehrinə düşə bilərəm”

  • Art
  • 22 Yanvar 2018 18:48
  • 1 837 Baxış
Həyatı faciələrlə dolu olan aktyor: “İlk görüşdən qadın cazibəsinin sehrinə düşə bilərəm”

İnsan həyatında elə bir travmalı hadisə baş verə bilər ki, ondan sonra gələcək taleyi tamamilə alt-üst ola və başqa bir adama çevrilə bilər. Dünya şöhrətli kino ulduzu Kianu Rivz həyatın ən sərt şilləsini, ən ağrılı zərbələrini almasına baxmayaraq, qəlbindəki humanizm kimi yüksək dəyərləri, insan sevgisini və ən nəhayət öz sadəliyini qoruyub saxlaya bilib. Əlçatmaz ulduz həyatı aktyordan çox-çox uzaqdır. Hər kəs kimi tez-tez ictimai nəqliyyatdan istifadə edən Kianu özü haqqında ən adi insan kimi danışmağı sevir.

Publika.az bu yazıda oxucuları xeyriyyəçiliklə məşğul olan Kianu Rivzin şəxsi həyatı, karyerası, pul və sevgi, keçmiş və gələcək həyat haqqında ibrətamiz fikirləriylə tanış edib.

Həyatı haqqında

Kianunun 3 yaşı olanda atası ailəsini tərk edib, sonradan onu narkotik satışına görə həbs ediblər. Aktyor anası və bacısı ilə birlikdə Avstraliyaya, ABŞ-a, daha sonra isə Kanadaya köçüb. Bu müddət ərzində aktyorun anası bir neçə dəfə ərə gedib. Kianu tez-tez məktəblərini dəyişməsi onun dərs qiymətlərinə mənfi təsir edib.

90-cı illərin sonlarında yaraşıqlı aktyorun sevgilisi Cennifer Saym hamiləliyinin doqquzuncu ayında uşağını itirib. Kino ulduzunun övlad yarası sağalmamış tale ona daha qəddar zərbə vurub. Belə ki, 1999-cu ildə sevgilisi Cennifer Saym avtomobil qəzasında dünyasını dəyişib. O vaxtdan bəri Rivzin heç bir qadınla ciddi münasibəti olmayıb. Daha dəqiq desək, o, aşiq olmaq qabiliyyətini itirib. Yenidən aşiq olmaq ümidini itirməsə də, Kianu hesab edir ki, bu dünyada ikinci yarısı mövcud deyil.

1. Özü haqqında

Mənim adım “dağlardan əsən sərin meh" kimi tərcümə olunur. Düşünürəm ki, külək kimi yaşayıram. Düzdür, indi özümü bir qədər torpağa daha yaxın hiss edirəm. Görünür, külək səngiyir.

Qapalı insanam və istəmirəm ki, mənə böyüdücü şüşədən baxsınlar.

Tək olmağı sevirəm, amma eyni zamanda tənha qalmamağa çalışıram, çünki son dözülməzdir.

Mən yazışmaları adi poçt vasitəsilə aparmağa üstünlük verirəm. Elektron poçtda yazışmağı sevmirəm.

Fikirləri oxumaq sevimli məşğuliyyətimdir. Amma mən oxuya bilmirəm, ona görə xüsusilə elmi-fantastik komiksləri sevirəm.

Tanrıya inanıram, amma bilmirəm ki, bu, nə deməkdir.

2. Həyat haqqında

Real həyatda qisas əladır, lakin çirkli işdir. Bundan başqa filmlərdə, xüsusən namus üstündə qisas almaq çox yaxşıdır.

Dərd heç yana getmir, sadəcə başqa şeyə çevrilir. Kədər kimi o da sadəcə formasını dəyişir.

Keçmiş həyatının keçdiyi yerlərə qayıtmaq mənasızdır, mütləq məyus olacaqsan.

Mənim üçün hər an qiymətlidir. Çalışıram, səyahət edirəm, xəyallar qurmağı sevirəm. Kitab oxumaq xoşuma gəlir.

Mən bilirəm ki, həyat daha gözəl ola bilər. Və bundan heç yana qaçmaq istəmirəm.

3. Məhəbbət haqqında

Sevgi tarixçələri ədəbiyyatda da, ekranda çox gözəl görünür, amma həyatda məhəbbət həmişə faciə ilə bitir.

Aşiq olmaq gözəldir, amma hər şeyin bitməsi necə də dəhşətlidir...

Sevdiyin insanlar səni tərk edəndə tək qalırsan. Onların yanımda olmaması məni elə ağrıdır ki...

Qızımın və Cenniferin ölümündən sonra uzun müddət avara kimi yaşadım. Özümə və qapalı dünyama heç kəsi yaxın buraxmırdım.

Mən birinci görüşdən qadın cazibəsinin sehrinə düşə bilərəm. Xüsusilə də onu güldürməyə nail ola bilsəm. Dünyada qadın təbəssümündən gözəl mənzərə yoxdur.

Mən həyat yoldaşlarının yüngül əxlaqlı qadınlar kimi geyinməsinə razı olan kişilərin yaşadığı dünyanın bir hissəsi olmaq istəmirəm. Qadının gizli tərəfləri də qalmalıdır...

Tez-tez görüşə gedirəm. Və taleyimdən xahiş edirəm ki, mənə əsl sevgi göndərsin. Hər halda uzun müddət tək qalmamağa çalışıram. Bu, mənim üçün ölüm-dirim mübarizəsidir.

Güclü qadınlar və zəif kişilər çox xoşuma gəlir.

Mən evlənmək istərdim. İstərdim ki, uşaqlarım olsun. Amma bu, uzun və mürəkkəb yoldur, çox yüksək dağa dırmaşmaq kimi.

4. İş və pul haqqında

Karyerama çox ciddi yanaşıram. Ümidvaram ki, çəkildiyim hər bir film insanlara sevinc və məmnunluq gətirir.

İşdən sonrakı həyatım tamamilə adidir və heç nə ilə seçilmir.

Hansı rolu oynamışamsa, onu yaşamağa çalışıram. Bir müddət sonra qəhrəman özüm oluram. Bəzən film üzərində iş zamanı reallıqda dolaşıram. Ssenari hissələri başımda möhkəm ilişib qalır, belə anlarda hətta öz adıma dərhal cavab vermirəm.

Maliyyə məsələlərimə xüsusi adamlar nəzarət edir. Bu pul mənə kifayətdir, onlarla iki-üç əsr də yaşaya bilərəm.

Xeyriyyəçiliklə məşğul olmuram. Sadəcə yardıma ehtiyac duyan insanlara kömək edirəm.

İşdə daha çox bəxtim gətirib, nəinki şəxsi həyatda.

5. Yaş və gələcəyi haqqında

Nə olsun ki, 50 yaşım var. Etiraf etməliyəm ki, qırx yaşım yaxınlaşanda bir qədər narahat idim. Amma mənə izah etdilər ki, bunlar hamısı boş şeydir. Ad gününü keçir, sən də başa düşürsən ki, burda ümumiyyətlə dəhşətli heç nə baş verməyib.

Yaşlaşdıqca ətraf aləmi başqa cür dərk etməyə başlayırsan. Başa düşmək lazımdır ki, sən yenə yaxşı və pis təcrübələr toplayacaqsan. Əsas onu almağa davam etməkdir.

Öz gələcəyim haqqında heç nə bilmək istəmirəm. Məgər dəqiq təminat verirlər ki, mən gözəl bir yerdə olacağam?

Aytən

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR