"Təhminə və Zaur" tam fərqli və MÖHTƏŞƏM FORMATDA: hamı DUYĞULARA QƏRQ OLDU - FOTO/VİDEO
Bizi izləyin

Art

"Təhminə və Zaur" tam fərqli və MÖHTƏŞƏM FORMATDA: hamı DUYĞULARA QƏRQ OLDU - FOTO/VİDEO

Azərbaycan Dövlət Rus Dram Teatrında Xalq yazıçısı Anarın "Beşmərtəbəli evin Altıncı mərtəbəsi" pyesinin motivləri əsasında çoxdandır ki, gözlənilən “Yuxularımdan çıx” adlı tamaşasının premyerası baş tutub.

Publika.az xəbər verir ki, tamaşa Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanıb və müəllifin 80 illik yubileyinə həsr olunub. Leonid Jukoviçkinin rus dilinə tərcümə etdiyi pyesin quruluşçu rejissoruluğunu Xalq artisti Aleksandr Şarovski edib.

Baş rolları Olqa Arsentyeva və İbrahim Çingiz canlandırıb. Tamaşada həmçinin Ayan Mirqasımova, Mələk Abbaszadə, Salman Bayramov, Naina İbrahimova, Yaqub Zeynalov, Rüstəm Kərimov, Murad İsmayılov, Ramil Əliyev, Maya Vorobjanskaya, İlkin Mehdiyev, Nadir Abdurəhimbəyov və Milana Sokolenko rol alıb.

Baxmayaraq ki, bu əsər uzun illər əvvəl qələmə alınıb, onun mövzusu müasir dövrümüz üçün hələ də aktual olaraq qalır. Roman həm də ona görə cəlbedicidir ki, obrazların düşüncə tərzi və davranışı bu gün də bizə "tanış" görünür.

“Yuxularımdan çıx” tamaşası köhnəlmiş mənəvi dəyərlərə arxalanan cəmiyyətimizdə Zaur (İbrahim Çingiz) və Təhminənin (Olqa Arsentyava) məğlubiyyətə düçar olan faciəvi məhəbbət hekayəsindən bəhs edir.

Pyes Zaurun həyat yoldaşı Firəngiz (Tamilla Abutalibova) ilə birlikdə bal ayından Bakıya qayıtması səhnəsilə başlayır. Hava limanında uçuş ləngiyir, Zaur yuxuya gedir və yuxusunda Təhminə ilə yaşadığı xoşbəxt günləri görür...

Tanınmış professor Zeynallının oğlu Təhminə adlı evli müğənniyə aşiq olur. Sonsuzluq və aralarındakı soyuqluq səbəbiylə Arifdən boşanan Təhminə Zaurla birlikdə yaşamağa başlayır. Oğlunun müğənni ilə görüşdüyünü bilən Zaurun ailəsi, xüsusilə anası Zivər xanım (Ayan Mirqasımova) buna qarşı çıxır. Zivər xanım hər gün telefonla zəng edərək Təhminəyə təhqirlər yağdırır. Bütün etirazlara rəğmən onlar bir-birilərini dəlicəsinə sevir və görüşməyə davam edirlər.

Qızıları Firəngizi Zaurla evləndirmək üçün dəridən-qabıqdan çıxan qonşuları Aliyə (Əməkdar artist Mələk Abbaszadə) və Murtuz isə (Rüfət Nəzər) oğulları Spartakın Təhminə ilə münasibətdə olduğunu iddia edərək gözəl müğənni haqqında müxtəlif şayiəlar yayırlar. Təhminənin çoxlu kişi dostlarının olması bu şayiələrin yaranmasına təkan verir, əsas hadisələr də bundan sonra cərəyan edir...

Hər fürsətdə Təhminəyə çirkin iftiralar atan Zivər xanım nəhayət ki, öz məqsədinə nail olur. Çox gözəl olduğundan bütün kişilərin diqqətini özünə çəkən Təhminə ilə Zaur arasında qısqanclıq üstündə mübahisə düşür. Onlar sonuncu dəfə dalaşır və barışmaq ümidi qalmayacaq şəkildə ayrılırlar. Cəmiyyətin dəyişməyən maneələrinə və “olmaz”larına qarşı çıxa bilməyən Zaur sevdiyi qadını tərk edir.

Dəlicəsinə sevdiyi qadından ayrılan Zaur qonşu qızı Firəngizlə ailə qurur. Bu xəbəri öyrənən Təhminə Zauru unutmaq üçün içkiyə qurşanır. Mühitin ona verdiyi ağır zərbələrdən daha çox Zaurun amansız xəyanətinə dözə bilməyən Təhminə qaraciyər sirrozu xəstəliyi nəticəsində həyatdan köçür. Həmin vaxt Zaur İstanbulda bal ayında olur və bu hadisədən yalnız qayıtdıqdan sonra xəbər tutur. Hər şeyin bir sonu olduğu kimi bu məhəbbətin də sonu olmalı idi, lakin belə son Zaurun ağlına gəlməzdi... Ölüm ayağında ikən Təhminənin yanında olmayan Zaurun yeganə təsəllisi xoşbəxt günlərindən xatirə qalan cəza qəbzi olur...

Xalq yazıçısı Anarın daha çox “Təhminə və Zaur” kimi tanınan məşhur əsəri anşlaqla başa çatıb. Hisslərini gizlətməyən qonaqlar finaldan sonra səhnəyə çıxan Xalq yazıçısını, rejissoru və aktyorları uzun müddət alqışlayıb. Əsəri izləmək üçün Rus Dram Teatrına toplaşanlar zalı tərk etmək istəməsə də, oradan böyük coşqu ilə ayrılıblar.

Durmadan davam edən alqışlar bir daha göstərdi ki, çoxlarına tanış olan bu məhəbbət tarixi tamaşaçıları hər dəfə dərindən sarsıdır. Bir qrup həmişə Təhminəni dəstəkləyir və iddia edir ki, sevgidə sərhəd yoxdur, digər qrup Zivər xanımın missiyasını alqışlayır və elə hesab edir ki, heç bir ana istəməz ki, real həyatda Təhminə xarakterli birini öz evində gəlin obrazında görsün. Kim bilir, Təhminə ilə Zaur qovuşsaydı, bəlkə də xoşbəxt olardılar. Lakin bu barədə dəqiq fikir yürütmək çətindir. Hər halda nə etmək olar, müəllif öz qəhrəmanlarının taleyinin bu şəkildə qurulmasına çoxdan qərar verib.

Xalq yazıçısı tamaşanı izləməyə həyat yoldaşı, Əməkdar incəsənət xadimi, müsiqişünas alim Zemfira Səfərova və qızı Günel Anarqızı ilə birlikdə gəlib. Müəllif məşhur əsərinə yeni həyat verən rejissora və bütün aktyor heyətinə təşəkkürünü bildirib:

“Çox xoş oldu. Bu tamaşa əsərimin tamam başqa cür və orijinal təfsirdir”.

Günel Anarıqızı tamaşa ilə bağlı təəssüratlarını bizimlə bölüşüb və təəssüf edib ki, Təhminə ilə Zaur kimi gənclərin qovuşmasına mane olan səbəblər bugünkü dövrdə də mövcuddur:

“Təəssüratlarım rəngarəng və müxtəlifdir, birmənalı deyil. Ümumilikdə truppanı və rejissoru təbrik edirəm, çox fərqli interpretasiyadır. Ümidvaram ki, bu interpretasiyada təqdim olunan tamaşanın gələcəyi parlaq olacaq. Ona görə ki, hər bir əsər dəyişikliyə uğrayanda yeni həyat qazanır. Ölməz olan “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri “Yuxularımdan çıx” tamaşası ilə yeni həyat qazanaraq Rus Dram Teatrının səhnəsində daha bir uğura imza atdı.

Tamaşanın bu tərəfi ona görə xoşuma gəldi ki, bizim cəmiyyətdə olan hansısa yanaşmada olan nöqsanlar indinin özündə də var. İki gəncin başına gələnlər əslində cəmiyyətimizin çox gözəl inikasıdır, müəllif burada cəmiyyətdə olan problemləri əks etdirib. Odur ki, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri həmişə yaşayır və həmişə də aktualdır. Amma cəmiyyət heç vaxt birmənalı ola bilməz və biz yeni tamaşada bunun bir daha şahidi olduq”.

1993-cü ildə Rasim Ocaqov tərəfindən Anarın yuxarıda adıçəkilən əsəri əsasında lentə alınan “Təhminə və Zaur” filmi Azərbaycan kinomatoqrafiyasında xüsusi rolu və ciddi uğuru olan ekran işidir. G.Anarqızı “Təhminə və Zaur” filminin müasir variantı çəkilərsə, çox müsbət qarşılayacağını söyləyib:

“Niyə də yox. Maraqlı interpretasiyaların olması tamaşaçıları da sevindirər. Bu əsərə nə qədər yeni interpretasiyalar və yeni baxışlar olarsa, bir o qədər gözəl olar. Sadəcə olaraq bu, peşəkarların əlində olmalıdır”.

Baş rol ifaçısı İbrahim Çingiz bildirib ki, çıxışına çox böyük məsuliyyətlə hazırlaşıb:

“İki gün böyük həyəcan içində idim ki, görəsən necə alınacaq. Şükürlər olsun ki, əla keçdi. Fuad Poladov və Səfa Mirzəhəsənovdan 26 il sonra teatrda Zauru oynamağı mənə həvalə etdilər. Bu rolu oynamaq qürurverici olmaqla yanaşı, həm də məsuliyyətli idi. Səhər saat ondan axşam 11-ə kimi dayanmadan məşqlər edirdik, demək olar ki, teatrda yatırdıq. Hər gün Zaurun psixoloji durumunu hiss etmək və onu yaşamaq emosional baxımdan asan deyildi. Ümumiyyətlə, Zaur olmaq çox çətin idi. Premyerada tamaşaçıların münasibəti göstərdi ki, işimizin öhdəsindən layiqincə gələ bilmişik”.

Tamaşanın quruluşçu rəssamı Azərbaycanın Əməkdar mədəniyyət işçisi Fyodor Aleksandr, geyim üzrə rəssam Azərbaycanın Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, işıq üzrə rəssam Nikolay Rudıçev olub. Tamaşanın video quraşdırılmasını Cavid İmamverdiyev, musiqi tərtibatını isə Vladimir Neverov həyata keçirib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm