Qəbələ Beynəlxalq Musiqi Festivalı İNANILMAZ ANŞLAQLA başa çatdı - FOTO
Bizi izləyin

Art

Qəbələ Beynəlxalq Musiqi Festivalı İNANILMAZ ANŞLAQLA başa çatdı - FOTO

X Qəbələ Beynəlxalq Musiqi Festivalının möhtəşəm bağlanış mərasimi və son konserti keçirilib.

Publika.az xəbər verir ki, Heydər Əliyev Fondunun təşkilatçılığı və “Gilan Holdinq”in dəstəyi ilə həyata keçirilən X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi Qəbələ Rayon Mədəniyyət Mərkəzində baş tutub.

Konserti izləməyə gələnlər arasında Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, İsrail Dövlətinin Azərbaycan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri Dan Stav, millət vəkili Elmira Axundova, Azərbaycan Dövlət Filarmoniyasının direktoru Murad Adıgözəlzadə, Aysel Adıgözəlzadə və bir sıra tanınmış incəsənət xadimləri olub.

Xalq artisti Fərhad Bədəlbəyli xarici ölkələrdən gələn görkəmli musiqiçilərin, bədii kollektivlərin, solistlərin və dirijorların Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində ölkəmizlə daha yaxından tanış olduqlarını vurğulayıb. Görkəmli musiqiçinin sözlərinə görə, bu festival Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində mühüm addımdır:

"İlk növbədə bütün jurnalistlərə təşəkkür edirəm ki, bu dəfə mətbuatda, mediada festival barəsində piar çox yüksək səviyyədə aparıldı. Festivalın proqramı çox maraqlı və zəngin idi. Festival çərçivəsində həm muğam, həm caz, həm də simfonik musiqilər səsləndi. Bu gün bağlanış mərasimində isə ən gözəl əsərlər ifa olunundu.
Yerli icra başçısından və tamaşaçılardan razıyam. Kim istəyirdi gəlib, konsertləri izləyirdi. Bəziləri isə bəyənmiyib gedirdi. Təbii ki, məcburiyyət yox idi, istəyən şəxs sonadək dinləyirdi. Burada əsas məsələ iki amildir – maarifçilik və kommersiyadan kənar festival keçirmək. Bildiyiniz kimi bu festivalda bilet satılmır. Festival çərçivəsində bəstəkarlar haqqında da məlumatlar verilirdi. İnşallah ki, gələn il yenə bu cür festival təşkil edəcəyik”.

Festivalın bədii rəhbərlərindən biri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, Dmitri Yablonski çıxışında diqqətə çatdırıb ki, Azərbaycan öz musiqi mədəniyyəti ilə hər zaman fərqlənir.

Xalq artisti Samir Cəfərov təntənəli mərasimiylə bağlı təəssratlarını bizimlə bölüşüb:

“Qəbələ festivalı Azərbaycanın artıq bir imicinə çevrilib. Keçirilən musiqi festivalları, beynəlxalq konkurslar hər bir dövlətə uğur gətirən amildir. Azərbaycanda da bu cür festivalların, beynəlxalq yarışların keçirilməsi çox əhəmiyyətlidir. Çox sevinirəm ki, bu cür festival keçirilir. Ümid edirəm ki, bu axarıncı olar”.

Sonda səhnə Azərbaycan Dövlət Simfonik Orkestrinin ixtiyarına verilib.

Dünya şöhrətli ispan dirijor Salvador Brontosun rəhbərliyi ilə keçən konsertdə orkestri Adil Axundov (tenor), Samir Cəfərov (tenor), Gürcüstandan Giorgi Çelidze, Türkiyədən Mine Kurtoğlu (soprano) və Elnarə Məmmədova (soprano) müşayiət ediblər.

Yerusəlim Orkestrinin açılışı ilə baş tutan konsertdə dünya şöhrətli bəstəkarlar Üzeyir Hacıbəyli, C.Rossininin, C.Puççininin, V.A.Motsartın, C.Verdinin, J.Massnenin əsərləri səsləndirilib.

Bu musiqi bayramını izləmək üçün həm ölkəmizin bölgələrindən, həm də xaricdən insanlar Qəbələyə axışıblar. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı əldə edən tamaşaçılar Qəbələ Beynəlxalq Musiqi Festivalının konsertlərini böyük səbirsizliklə gözlədiklərini vurğulayıblar.

Publika.az xəbər verir ki, avqustun 7-də Qəbələ Rayon Mədəniyyət Mərkəzində təşkil olunan X Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti anşlaqla keçib. Konsert atəşfəşanlıqla başa çatıb.

Qeyd edək ki, iyulun 30-dan avqustun 8-dək davam edəcək festivalın builki proqramı əvvəlki illərdə olduğu kimi, yenə də çox zəngin olub. Festivala Rusiya, İsrail, ABŞ, İsveçrə, Avstriya, Kuba, Macarıstan, Türkiyə, İspaniya, İtaliya, Gürcüstan kimi ölkələrdən dünya şöhrətli dirijor, ifaçı və kollektivlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri dəvət olunub.

Xatırladaq ki, 2009-cu ildən ənənəvi olaraq hər il keçirilən bu musiqi festivalı ölkəmizdə və onun hüdudlarından kənarda böyük əks-səda doğurur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm