Yazıçı Hüseynbala Mirələmovla məktəblilərin görüşü - FOTO
Bizi izləyin

Art

Yazıçı Hüseynbala Mirələmovla məktəblilərin görüşü - FOTO

Bu günlərdə Ağdam rayon 149 nömrəli köçkün tam orta məktəbi sözün işığına toplaşan ürəkaçan bir qələbəliyə ev sahibliyi edib. Sözügedən təhsil müəssisəsində məktəbin direktoru Arzu Hüseynin təşəbbüsü və təşkilatçılığı ilə Milli Məclisin deputatı, tanınmış yazıçı Hüseynbala Mirələmovla görüş keçirilib.

Tədbirdə tanınmış ədiblə canlı ünsiyyət zövqü ədəbiyyatsevər məktəb kollektivinin sevincini birə-on artırıb.

Görüşü açan Arzu Hüseyn hər kəsi salamlayaraq yazıçıya dəvəti qəbul etdiyi üçün minnətdarlığını bildirib, ədəbi görüşdən məmnunluğunu ifadə edib. Direktor çıxışında Hüseynbala Mirələmovun ədəbi yaradıcılıq yoluna nəzər salıb: “Çox şadıq ki, müasir Azərbaycan ədəbiyyatının məhsuldar və tanınmış yazıçılarından olan Hüseynbala Mirələmov dəvətimizi qəbul edərək məktəbimizin müəllim və şagird kollektivi ilə görüşə gəlib.

Hüseynbala Mirələmov ədəbiyyata 1961-ci ildə “Bir tikə çörək” hekayəsi ilə gəlib. Yazıçının 1986-cı ildə ilk hekayələr kitabı – «Tənha durna uçuşu» işıq üzü görüb. Hüseynbala Mirələmovun Heydər Əliyev, Zərifə Əliyeva və İlham Əliyev haqqında «Görkəmli adamların həyatı» seriyasından dünyanın müxtəlif dillərinə tərcümə olunaraq nəşr edilmiş kitabları, “Missiya”, “Güllələnmiş heykəllər”, “Durnalar qayıtdı”, “Son arzu”, “Tənha durna uçuşu”, “Simuzər”, “Babagil əfsanəsi”, “Gəlinlik paltarı”, “Qırxıncı otaq”, “Cəza”, “Bir gecənin sehri”, “Həyat eşqi”, “Gecə bənövşələri”, “Yanan qar”, “Qayada çiçək”, “Od və büt”, “Sonuncu fateh”, “Vəsiyyət”, “Yaddaş ağrısı”, “Qumru yumurtaları”, “Xəcalət”, “Vicdanın hökmü”, “Gəncə qapıları”, “Ədəbiyyat imperiyasının sultanı”, “Pənah xan Cavanşir”, “Ləyaqət” və digər əsərləri əsərləri təkcə Azərbaycanda deyil, tərcümə olunaraq nəşr edilən xarici ölkələrdə də böyük oxucu marağı ilə qarşılanır”.

Arzu Hüseyn Azərbaycanda ədəbiyyata, söz sənətinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini qeyd edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunmasını bunun bariz örnəyi kimi səciyyələndirib: “2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan olunması haqqında Prezidentimizin Sərəncamı məktəbimizdə də çox sevinclə qarşılanıb. Çünki ədəbiyyata, şeirə, ümumiyyətlə, sözə olan ümumxalq sevgisi bizim hamımızın ortaq dəyəridir. Tanınmış yazıçı Hüseynbala Mirələmov da həm “Nəsimi ili”nə, həm də məktəbimizə əlidolu gəlib: Azərbaycan bədii və fəlsəfi fikrində müstəsna yeri olan şair, mütəfəkkir İmadəddin Nəsimiyə həsr etdiyi, "Apostrof-A" nəşriyyatında nəfis şəkildə yenicə işıq üzü görən "Son səfər" kitabını bizlərə hədiyyə gətirib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan povest Azərbaycan ədəbi mühitinə və "Nəsimi ili"nə mühüm töhfədir. Hüseynbala Mirələmov bu gün bu dəyərli nəşrin ilk nüsxələrini ədəbiyyatsevər kollektivimiz üçün imzalayacaq”.

Məktəbin direktoru görüş iştirakçılarına “Son səfər” əsərinin bədii məziyyətləri haqqında söz açıb: “Son səfər” povesti kitab şəklində nəşr edilməzdən öncə bir əsrdən artıq yaşı olan “Azərbaycan” qəzetində hissə-hissə işıq üzü görüb. Məhz həmin qəzetdə povesti oxumaq imkanım yaranıb. “Son səfər” əsəri ilk cümlələrdən diqqətimi necə çəkdisə, “Azərbaycan” qəzetinin sonrakı nömrələrini məhz həmin povestin ardını oxumaq üçün səbirsizliklə gözləyirdim. Sevindiricidir ki, hazırda həmin əsər kitab şəklində çap edilib oxuculara təqdim edilir. Bu povest İmadəddin Nəsiminin doğma Şamaxıya son səfəri haqqında bədii cəhətdən son dərəcə axıcı, oxunaqlı və nisgilli dillə yazılmış bir əsərdir. Əsəri oxuduqca sanki İmaddədin Nəsiminin həyatı insanı kövrəldən bir film kimi gözümüz önündən keçir. Təsadüfi deyil ki, Milli Məclisin deputatı, əməkdar jurnalist Bəxtiyar Sadıqov da kitaba yazdığı ön sözdə “Son səfər”in gözəl bir filmin ilkin ssenarisi olduğu qənaətinin yarandığını vurğulayıb.

Akademik Nizami Cəfərovun da bu əsər haqqında maraqlı düşüncələri var. O yazır: “Son səfər” povestində bir neçə ayın hadisələri barədə söhbət getsə də, şairlər şairinin obrazı kifayət qədər səciyyəvi cizgilərilə və sənətkarlıqla təsvir edilmişdir. Və nəticə etibarilə əminliklə demək olar ki, Hüseynbala Mirələmovun istedadlı qələmi Nəsimi haqqındakı təsəvvürlərimizi xeyli genişləndirən yeni bir ədəbi abidə yaratmaqla dahi şəxsiyyəti mənsub olduğu xalqa daha da yaxınlaşdırır, doğmalaşdırır”.

Direktor bütün bu məziyyətlərinə görə əsərin müxtəlif yaş təbəqəsinə mənsub oxucu auditoriyası tərəfindən seviləcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış üçün söz Hüseynbala Mirələmova verilib. Yazıçı məktəb kollektivini ürəkdən salamlayıb, buradakı növbəti görüşə görə özünü xoşbəxt hiss etdiyini deyib: “Bu məktəbdə ilk yaradıcılıq görüşümüz iki il əvvəl olub. Həmin vaxt gənclərin mütaliəyə həvəsini, kitaba olan sevgisini görüb ürəyim dağa dönmüşdü. İndi də ədəbiyyata, sözə eyni sevgini hiss etdiyim üçün qürur hissi keçirirəm. “Son səfər” kitabım bu günlərdə işıq üzü görüb və ürəyimdən gəldi ki, ilk nüsxələrini “isti-isti” bu ədəbi görüşdə müəllimlərə və şagirdlərə hədiyyə edim”.

Yazıçı görüş iştirakçılarına Ulu Öndərin Nəsimi irsinə olan sayğısından bəhs edib: “Ulu Öndər Nəsimi sözünün qüdrətini aydın dərk edirdi. Heydər Əliyevin Nəsimi şəxsiyyətinə yüksək sevgi və ehtiramı ondan irəli gəlirdi ki, onun ictimai fikir tariximizdəki əzəməti bu böyük dövlət adamına əyan idi.... Millətin, dövlətin, bir qədər də geniş götürsək, ümumən külli-bəşəriyyətin belə şəxsiyyətlərlə ucaldığının, dünyanın, insanın kamilliyə doğru ancaq belə mütəfəkkirlərin kəlmələri izində rəvan addımlaya biləcəyinin fərqində idi... Bu gün İlham Əliyevin Nəsimi şəxsiyyətinə yanaşması eyni münasibətin davamıdır. 2019-cu ilin cənab Prezident tərəfindən “Nəsimi ili” elan edilməsini eşidəndə ürəkdən sevindim. Çünki türk dünyasının mənəvi nailiyyətləri, bu coğrafiyanın müsəlman aləmində yaratdığı mütərəqqi fərq İmadəddin Nəsimi kimi mütəfəkkirlərimizin yaradıcılığından başlanır, bu irsin işığından yola çıxır. Nəsimi sözü indiyə qədər yer üzünə gəlib-keçmiş ən böyük ədəbi həqiqətlərdən biridir. Zəmanəsinin digər böyük sufi alimləri kimi, Nəsimi də bəndəni daima Allaha yaxınlaşdırır, Məqama – kamillik mərtəbəsinə qaldıraraq Haqqa qovuşdurur”.

Hüseynbala Mirələmov çıxışında “Son səfər”in yaranma tarixçəsini də görüş iştirakçıları ilə bölüşüb: “İllər boyu beynimdə dolandırdığım bir fikir ötən il qəlbimə də iz saldı. Nəsimidən yazmaq istədim. Niyyətim Nəsiminin timsalında cahilliyə qarşı müqavimətini azaltmayan kamilliyi, nadanlıq önündə çox vaxt susdurulan əsl insanlığı, mübarizliyi, dəyanəti qələmə almaq idi. Uzun müddət ərzində qalaqlanaraq yığılmış qeydlərimi ötən ilin oktyabrında bir masanın üstünə toplayaraq, onlardan bir povest ərsəyə gətirməyə anidən qərar verdim. Bu ilin ilk günlərində “Son səfər”i bitirdim. Və cəmi bir neçə gün sonra 2019-cu ilin Prezidentimiz tərəfindən “Nəsimi ili” elan edilməsini eşidəndə çox sevindim. Deməli, fəhmim məni bu işə sövq edərək tələsdirirmiş... Bu əsərdə şairlər şairi Seyid Əli İmadəddin Nəsiminin iztirablarını, ağrılarını, öz vətənində nadanlar tərəfindən təklənməsini qələmə almışam. 48 illik ömrün bitməyən məşəqqətlərini qısa bir dövr üçün – Nəsiminin Azərbaycana, Şamaxıya son səfəri müddətində rəmzləşdirmişəm.

Əziz uşaqlar və gənclər, siz qüdrətli Azərbaycanımızın parlaq gələcəyinin növbəti qurucuları olacaqsınız. Arzu edirəm ki, bu müqəddəs yolda dahi sələflərimizdən biri olan Nəsiminin arzuladığı kimi insanlaşaraq, kamilləşərək, mənəvi vəhdətə çataraq addımlayasınız. Ümid edirəm ki, dahi Nəsimiyə həsr etdiyim “Son səfər” bu yolda sizə yardımı toxuna biləcək ədəbi-bədii ünvanlardan biri olacaq”.

Hüseynbala Mirələmov çıxışında həmçinin “Nəsimi ili”nin mahiyyət etibarilə özündə böyük mətləbləri ehtiva etdiyini dilə gətirib: “ “Nəsimi ili” həm də Azərbaycan dilinin, bu doğma dilin istisinə qızınan milyonlarla soydaşımızın ilidir. Ulu öndər Heydər Əliyevin qədim tarixi təməl üzərində formalaşdırdığı və İlham Əliyevin daha da inkişaf etdirdiyi azərbaycançılıq ideyasının, multikultural dəyərlərin, tolerantlığın, mədəniyyətlərarası dialoqun ilidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın bütün dünyada təbliğ etdiyi milli-mənəvi dəyərlərimizin ilidir. “Nəsimi ili” söz mülkünün qüdrətli sultanlarından olan Nəsimini dərindən anlamaq, onun bələdçiliyi ilə kamilliyə doğru yola çıxmaq üçün bir fürsət ilidir...”

Çıxışlardan sonra şagirdlərin ifasında "Uşaqlar gülsə, dünya gülər" adlı bədii-əyləncəli bayram proqramı təqdim edilib.

Sonda yazıçı Hüseynbala Mirələmov şagirdlərə hədiyyə etdiyi “Son səfər”i və digər kitablarını görüş iştirakçıları üçün imzalayıb, zəngin təəssüratlarla yaddaqalan unudulmaz bir ədəbi görüşün zövqü fotolarda əbədiləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm