Süni şəkildə artırılmış məbləğ, MƏNİMSƏNİLMİŞ MİLYONLAR: Metroda gedişhaqqı ucuzlaşacaq?
Bizi izləyin

Sosial

Süni şəkildə artırılmış məbləğ, MƏNİMSƏNİLMİŞ MİLYONLAR: Metroda gedişhaqqı ucuzlaşacaq?

Ərzaq, istehsal, sərnişindaşıma, geyim və digər sahələrdəki qiymət artımı hər zaman kasıb, aztəminatlı təbəqənin durumunu bir qədər də ağırlaşdırır. Çünki aylıq kiçik büdcəsi olan bu təbəqə hər qiymət artımında yaranmış əlavə xərcləri qarşılamaqda çətinlik çəkir. Son vaxtlar ölkədə qiymət artımı demək olar ki, bütün sahələrdə müşahidə olunur.

Qeyd edək ki, Hesablama Palatasının Bakı Metropoliteni QSC-də apardığı audit nəticəsində sərnişindaşımanın maya dəyərinin süni şəkildə artırıldığı üzə çıxıb. Müəyyən edilib ki, sərnişindaşıma fəaliyyəti üzrə subsidiyalar düzgün tənzimlənməyib. Yəni, yaranan sərbəst vəsaitlər əsaslandırılmadan muzdlu işçilərə fərdi mükafat adı ilə ödənilib. Bu ödənişlər gəlirdən çıxılan xərclərə aid edilərək sərnişindaşıma xidmətlərinin maya dəyərinin artmasına səbəb olub. Bununla da metroda gedişhaqqı süni şəkildə artırılıb.

Maraqlıdır, metroda gedişhaqqındakı artımın süni şəkildə baş verdiyi təsdiqini tapdıqdan sonra qiymət tənzimlənməsinə yenidən baxıla bilər? Maya dəyərinin bu qədər baha olmadığı nəzərə alınaraq metroda gediş haqqı ucuzlaşa bilər? Görəsən, eyni süni şişirtmə yerüstü nəqliyyata da şamil olunurmu?

Məsələ ilə bağlı Publika.az-a danışan iqtisadçı ekspert Razi Abasbəyli bildirdi ki, əslində həm yerüstü nəqliyyatda, həm hava nəqliyyatında, eyni zamanda digər xidmət sahələrində xidmətin maya dəyərinin qiymətinin artırılmasının şahidi oluruq:

“Ən azından ortada ciddi şübhələr var. Çünki maya dəyərinin formalaşması ilə bağlı rəqəmlər ictimaiyyətə açıqlanmır. Nə AZAL bunu açıqlayır, nə də BNA-dan bu məlumatları əldə etmək mümkün olur.

Hər dəfə Nazirlər Kabinetinə, dövlət qurumlarına dövlət sektoru tərəfindən müraciət olunanda ki, xidmətlərin səviyyəsinin yüksəldilməsi məqsədi ilə və maya dəyərinin artması baxımından qiymətlər, gedişhaqları artırılsın, o zaman ortaya suallar çıxır. Açıqlayın görək maya dəyəri hansı kriteriyalarla, hansı mal və məhsulların alınmasından, hansı təmir bərpa, yenidənqurma və inkişaf perspektiv layihələrindən sonra artır? Yəni bu barədə suallar daim açıq qalır”.

R.Abasbəylinin sözlərinə görə, istər Bakı Metropoliteni, istər Bakı Nəqliyyat Agentliyi, Yerüstü Nəqliyyat Agentliyi, istərsə də AZAL tərəfindən, hətta su daşımaları, dəmir yol idarəsindən bu barədə heç bir məlumat əldə etmək mümkün olmur:

“Bu məlumatlar qapalı saxlanılır və maya dəyərinin hansı halda artdığına dair detallı məlumatlar alınmır. Sadəcə olaraq Hesablama Palatası Bakı Metropolitenində belə bir araşdırma apardı və audit yoxlaması nəticəsində məlum oldu ki, süni şəkildə maya dəyərinin artırılması halları var. Nəticə etibarilə də aydın oldu ki, dövlət aldadılıb”.

Qiymət məsələsinə yenidən baxılmasına gəlincə isə ekspert belə bir halın gözlənilmədiyini bildirdi:

“Hesab edirəm ki, qiymətlərdə azalma baş verməyəcək. Çünki adətən belə hallar mütəmadi olaraq ilin sonunda büdcə xərcləmələrinin auditini həyata keçirən təşkilatlar tərəfindən aşkar olunur və aşkarlanmış pozuntular üzrə mənimsənilmiş vəsaitlərin büdcəyə geri ödənilməsi təmin olunur. Yəni bu şəkildə həyata keçirilir. Yəqin ki, bu ənənəvi hal illərdir ki, davam edir və bundan sonra da belə olacaq. Növbəti ildə ola bilsin ki, AZAL-da maya dəyəri xidmətlər üzrə tariflərin sini şəkildə artmasına dair hansısa bir hesabat görəcəyik, o biri il dəmir yolu daşınmalarında və yaxud sərnişin daşınmalarında bunun şahidi olacağıq. Sonda da açıqlanacaq ki, büdcədən mənimsənilmiş, süni yolla şişirdilmiş xərclər büdcəyə geri qaytarıldı. Yəni bu mexanizm bu şəkildə işləyir. Yenidən maya dəyərinin aşağı olduğunu sübut etmək və gedişhaqqlarını həm yerüstü nəqliyyatda, həm yeraltı nəqliyyatda, həm hava, həm su, həm də dəmir yol nəqliyyatında tariflərin gedişhaqqlarının salınması gözlənilən deyil. Yəni bu, praktikada olmayıb. Sadəcə olaraq hər il bir təşkilatla bağlı faktların açıqlandığının şahidi oluruq. Təəssüf ki, hər il belə faktlar Hesablama Palatası tərəfindən ortaya çıxarılır, Milli Məclisdə müzakirə olunur, Baş Prokurorluqda bununla bağlı araşdırmalar aparılır, amma mexaniki olaraq proses davam edir. Nəticədə burada yalnız bir mexanizm işləyir. Büdcədən mənimsənilmiş vəsaitlərin geriyə qaytarılması təmin edilir. Yəni bu şəkildə həyata keçirilir. Amma burada vətəndaşlara dəymiş ziyan geri qaytarılmır”.

Məsələyə aydınlıq gətirmək üçün “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi ilə də əlaqə saxladıq. Qurumdan sorğumuzu [email protected] ünvanına yönləndirməyimizi desələr də, suallarımıza cavab ala bilmədik.

Gülnar Süleymanova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm