Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi
Bizi izləyin

Art

Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi

Mədəniyyət Nazirliyi tərəfindən respublikamızın ərazisində yeni mədəni marşrutların yaradılması, mövcud olanların inkişafı, Avropa Şurası Mədəni Marşrutlar şəbəkəsinə qoşulması, habelə həmin təşkilatla daha sıx əlaqələrin formalaşdırılması və ölkəmizin layiqincə təmsil olunması ilə bağlı olan işlər davam etdirilir.

Belə ki, 2018-ci ilin 26-28 sentyabr tarixində Almaniya Federativ Respublikasının Görlitz şəhərində keçirilmiş Avropa Şurası Mədəni Marşrutların İllik Məşvərət Forumunda “Zeytun ağacları” beynəlxalq mədəni marşrutunda Azərbaycanın iştirakı, marşrut boyunca ölkəmizin mədəniyyəti və incəsənətinin, o cümlədən mədəni irsinin üzv ölkələrdə tanıdılması, xarici qonaqların cəlb olunması məqsədilə təqdimat, və “Zeytun ağacları” marşrutunun ekspertləri ilə görüş keçirilmişdir. Görüşdə Avropa Şurasının mədəni marşrutunun ekspertlərinin Azərbaycana səfər etməsi qərara alınmışdır.

Məlumat üçün bildiririk ki, Almaniyanın Görlitz şəhərində keçirilmiş görüşdə alınan qərara əsasən 2019-cu ilin 20-24 may tarixində sözügedən ekspert qrupu ölkəmizdə səfərdə olmuşdur. Səfərin əsas məqsədi Azərbaycanın zeytunçuluq sahəsində mövcud təcrübəsinin və “Zeytun ağacları” mədəni marşrutuna qoşulmasının mümkünlüyünün araşdırılması olmuşdur. Səfər çərçivəsində ekspertlərin Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayevlə, eyni zamanda zeytunçuluq sahəsində ixtisaslaşmış bir sıra şirkətlərin rəhbərlikləri ilə görüşləri olmuş, həmçinin həmin şirkətlərin zeytun bağlarına, zeytun emalı zavodlarına baxış həyata keçirilmişdir.

Ekspert qrupunun səfərindən sonra onlar tərəfindən hazırlanmış hesabat Avropa Şurasına təqdim olunmuş və Azərbaycanın bu mədəni marşruta qoşulması yekdilliklə qəbul olunmuşdur.

Qeyd edək ki, qarşılıqlı əməkdaşlıq nəticəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutu arasında “Razılaşma” sənədi imzalanmışdır.

Beləliklə, adıçəkilən mədəni marşruta qoşulmaq üçün aparılan işlərin məntiqi nəticəsi olaraq Azərbaycan cari ilin 12 iyun tarixində Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm