• USD 1,7000 0,00% EUR 2,0063 0,00%
    • GBP 2,2204 0,00% RUB 0,0222 0,00%

“Milli musiqi xəzinəmizdən” layihəsi üzrə ilk nəşrlərin təqdimatı keçirildi - FOTO

  • Art
  • 28 Oktyabr 2019 19:29
“Milli musiqi xəzinəmizdən” layihəsi üzrə ilk nəşrlərin təqdimatı keçirildi - FOTO

Oktyabrın 28-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Milli musiqi xəzinəmizdən” layihəsi üzrə ilk nəşrlərin – görkəmli bəstəkarlar, SSRİ Xalq artisti Fikrət Əmirovun və Əməkdar incəsənət xadimi Elmira Nəzirovanın fortepiano üçün əsərlərindən ibarət not məcmuələrinin təqdimat mərasimi keçirildi.

Publika.az xəbər verir ki, təqdimat mərasimi Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov çıxış edərək layihə haqqında məlumat verdi. Vurğuladı ki, Milli Kitabxana sözügedən layihəni Mədəniyyət Nazirliyi ilə birlikdə üç il müddətində ərsəyə gətirib.

Rəhbəri olduğu qurumun bu yöndə gördüyü işlər haqqında danışan K.Tahirov dedi ki, hazırda layihə çərçivəsində 500-dək musiqi janrı toplanaraq kitabxananın elektron portalında yer alır. Ümumilikdə kitabxananın not məcmuələrinin toplanması və çap edilməsi istiqamətində görülən işlərin davam edəcəyini qeyd edən direktor belə təqdimatların gələcəkdə də reallaşdırılacağını bildirdi: “Bu gün müxtəlif musiqi janrı haqqında kitabxananın saytından məlumat əldə etmək olar. Bu sahədə tədqiqat işlərinin aparılması, müəyyən faktların toplanması üçün müvafiq elektron portaldan istifadə etmək mümkündür”.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev not məcmuələrinin ərsəyə gəlməsini və onların kitabxananın elektron portalında yerləşdirilməsini yüksək qiymətləndirdi, bu işdə zəhməti olan hər kəsə təşəkkürünü bildirdi: “Biz bu layihənin təqdimatını Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı çərçivəsində keçirməyi qərara aldıq. Bu günədək Azərbaycan mədəniyyətinin, musiqisinin xaricdə təbliği istiqamətində bir sıra önəmli layihələr həyata keçirilib. Son 10 ildə 676 adda kitabın nəşrinə nail olmuşuq”.

“Azərbaycan musiqisinin dünyada təbliğ olunması sahəsində daha fəal iş aparılmalıdır. Bunun üçün müasir vasitələrdən daha geniş yararlanmaq lazımdır. Ölkəmizin zəngin musiqi ənənələri, bəstəkarlarımızın əsərləri bu vasitələrdən istifadə edilərək təbliğ edilməlidir”, - deyə nazir qeyd etdi.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi dedi ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxananın göstərdiyi bu təşəbbüs təqdirəlayiqdir: “Bu işin ərsəyə gəlməsi o deməkdir ki, bizim bu sahədə biliyimiz zənginləşəcək. Belə layihələrlə Azərbaycan musiqi mədəniyyəti geniş auditoriyaya çatdırılır. Düşünürəm ki, görülən iş bütün musiqi məktəbləri üçün çox gözəl ərməğandır”.

Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Xalq artisti Sərdar Fərəcov, Bakı Musiqi Akademiyasının professoru Ülviyyə Hacıbəyova və bir sıra musiqi məktəblərinin rəhbərləri çıxış edərək layihənin önəmini vurğuladılar. Bu işdə zəhməti olanlar minnətdarlıq ifadə edildi.

Daha sonra təqdimat mərasimi müzakirələrlə davam etdi.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR