Bakıda Kərküklü yazarın kitabı təqdim olundu - FOTO
Bizi izləyin

Art

Bakıda Kərküklü yazarın kitabı təqdim olundu - FOTO

Bakıda İraq Türkmən Jurnalistlər Cəmiyyətinin sədri Şəmsəddin Kuzəçinin “İraq mətbuat tarixi (1869-2019)” adlı kitabının təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, “Azərkitab” kitab mərkəzində keçirilən təqdimat mərasiminə İraqın Azərbaycandakı səfiri Fadil Al-Şuveyli, millət vəkilləri Qənirə Paşayeva, Əflatun Amaşov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova, ictimaiyyət və mətbuat nümayəndələri qatılıb.

Səfir Al-Şuveyli çıxışı zamanı Azərbaycan və İraq arasındakı əlaqələrdən söz açıb və kitabın Azərbaycan dilində çap edilməsini yüksək qiymətləndirib.

Millət vəkilləri Qənirə Paşayeva və Əflatun Amaşov çıxış edərək Şəmsəddin Kuzəçinin iki ölkə arasındakı ədəbi və mədəni əlaqələrin inkişaf etdirilməsində böyük rol oynadığını bildiriblər.

Azərbaycan-İraq Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva müəllifi təbrik edərək, uğurlar arzulayıb. Azərbaycan və İraq münasibətlərinin inkişafına böyük potensial olduğunu bildirən millət vəkili jurnalistlərə də səslənib:

“Bütün Ərəb dilli ölkələr arasında Azərbaycana ən yaxını İraqdır. Bağdadla yaxınlıq, doğmalıq ədəbiyyatımızda da hər zaman önəmli yer tutub. Ona görə də Azərbaycan və İraq münasibətlərinin tarixən böyük kökləri var.

“Ədəbi-mədəni əlaqələrdə də həddindən artıq böyük imkanlar var. Bu potensialı cəmiyyətə daha çox çatdırın, tanıdın. Bu, imkanları daha da genişləndirər. Hamınızı bu istiqamətdə çalışmağa dəvət edirəm”.

Qənirə Paşayeva ölkələrarası münasibətlərin inkişafı üçün təkliflə də içıxış edib:

“İraqa getməkdə qorxulu heç nə yoxdur. Cənab Səfir, Azərbaycan-İraq münasibətlərində, ədəbi-mədəni əlaqələrində rol oynayan, hansısa fəaliyyəti olan bir qrupu İraq dəvət etmək çox yaxşı olardı. Elə bu da ölkələrarası əlaqələrin inkişafına bir təkan olar”.

Şəmsəddin Kuzəçi kitabın mahiyyətindən və belə bir səbəbdən dolayı Bakıda olmaqdan məmnunluğunu dilə gətirib:

“İraq mətbuat tarixi” kitabını magistratura, doktorantura araşdırması olaraq türkcə qələmə aldım. Qənirə Paşayeva giriş yazısı, Əflatun Amaşov isə ön söz yazdı. Kitabımın Azərbaycan dilinə çevrilməsində, onun çapında əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bu, sayca çap olunan 50-ci kitabımdır”.

Ş.Kuzəçi bildirib ki, bu əsərdə Osmanlı dövründən bu günə qədər 150 il müddətində İraqda fəaliyyət göstərən ərəb, kürd, türkman və süryani mediasını araşdırıb və geniş təhlil edib.

Sonda kitabın çapında əməyi keçən şəxslərə İraq səfirinin imzası olan təşəkkürnamələr təqdim edilib, xatirə fotosu çəkdirilib.

Sevinc Xanqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm