"MÜHARİBƏ PROQNOZU": Minlərlə minanın içində... - VİDEO
Bizi izləyin

Art

"MÜHARİBƏ PROQNOZU": Minlərlə minanın içində... - VİDEO

Dostoyevski deyir ki, müharibə sülhdür. Yəni müharibə olmasa, insanların əmin-amanlığın dəyərini bilməz. Xalqları birləşdirən, həmrəylik gətirən yollardan biri də müharibədən keçməkdir.

Müharibənin ən mənəvi ağrılı silahlarından biri minalardır. Mina basdırılaraq gözəgörünməzləşdirilir, daha sonra unudulur və hiyləgər bir qurğu kimi öz qurbanını gözləyir. Ölüm səssizliyinə bərabər bir taqqıltı ilə "şikarını" ovlayır və onu göz görə-görə, şüur qavraya-qavraya ölümə aparır.

Publika.az minaların insanların həyatına vurduğu zərbələr, törətdiyi faciələr haqqında çəkilmiş ən yaxşı bir neçə filmi təqdim edir.

Mina (Mine, ABŞ - 2017)

ABŞ dəniz snayperi Mayk Stivens və hərbçi yoldaşı Tommi Madison Şimali Afrikada bir bədəvi toyunda iştirak edən təhlükəli bir terror liderinə sui-qəsd etmək üçün gizli bir tapşırıq əsasında minalarla dolu səhraya göndərilir. Snayperin əhatəsindəki bir parıltı səbəbilə Mayk və Tommi düşmən tərəfindən aşkar edilir və hücuma məruz qalır. Lakin qum fırtınası düşməni geri çəkilməyə məcbur edir. Təcili evakuasiya axtararaq, ikisinə qum fırtınası dayandıqdan sonra götürülə biləcəyi bir kəndə yol tapmaları tapşırılır. Uğursuz alınan tapşırığın icrasından sonra Stivenin hərbçi yoldaşı minaya düşür və ardınca Mayk da eyni təhlükəyə məruz qalır. Tommi Maykdan ona yardım etməməsini istəyir və tapançası ilə özünü vurur.

Mayk səhrada tək qalır. Gündüz yandırıcı istilik, gecə isə dondurucu soyuğun olduğu, çətin şəraitə sahib və suyun tapılmadığı bu yerdə qalan Mayk komandanlığın onu xilas etməyə gəlməsinə qədər bütün bilgi və istedadından istifadə edib həyatda qalmaq üçün savaşmalıdır. Ötürücü vasitəsi ilə komandanlığı ilə əlaqə quran Mayka bir neçə gün səbr etməsi deyilir. Terrorçu lider Maykı bir neçə dəfə ziyarətə gəlir və ona bəzi təkliflər edir...

Ermi Hemr və Annabelle Vallisin baş rollarını canlandırdığı filmin rejissorları Fabio Qualyone və Fabio Rezinarodur.

***

Minalar ölkəsi (Land of Mine, Danimarka-Almaniya – 2016)

Martin Zandvlietin rejissoru olduğu film İkinci Dünya Müharibəsindən sonra Danimarka sahillərində basdırılan milyonlarla minanı zərərsizləşdirmək üçün tapşırıq alan bir qrup gənc alman hərbi əsirindən bəhs edir. İlk dəfə “Toronto Beynəlxalq Film Festivalı”nda nümayiş olunan film real hadisələrə əsaslanır. Sahil boyu çılpaq əllərlə qum qazan 2 mindən çox alman əsirlərdən yarısının həlak olduğu və bədən üzvlərini itirdiyi bildirilir.

Döyüş filminin baş rollarını Roland Moller, Mikkel Bo Folsqard və Yoel Basman canlandırır.

***

Kajaki (Minalar arasında, Britaniya – 2014)

2006-cı ilin sentyabrında 3 ingilis əsgər Taliban terror qruplaşması ilə bağlı bir tapşırıq əsasında Əfqanıstanın cənubuna doğru gedir. Qurumuş çay yatağından keçərkən onlardan biri ruslar tərəfindən 25 il əvvəl basdırılmış minaya düşür. Yoldaşları yardım etmək üçün hərəkətə keçir. Amma birdən hər yerin minalarla dolu olduğunu görürlər və atacaqları hər addımın onları ölümə aparcağını anlayırlar.

Filmin baş rollarını Mark Stenli, Malaçi Kirbi, Ali Kuk, Devid Elliot və Paul Luebke canlandırır. Filmin rejissoru Paul Katisdir.

***

Əncir çəyirdəyi - (Not Worth a Fig, Türkiyə -2009)

Batmanda yaşayan və mina partlayışında həlak olan sevgililərin hekayəsindən yola çıxaraq hazırlanan ekran əsəri sənədli film əsasında çəkilib. Türkiyə-Suriya sərhədində basdırılan yüzminlərlə minaya diqqəgt çəkən filmdəki hadisələr 2002-ci ildə keçir. Ailənin yeganə övladı olan Cəlil vətənə borcunu qaytararaq evinə geri qayıdır. Cəlilin bacısı Dəlal Nəziflə evlənib və cütlüyün qızı dünyaya gəlib. Ailə Cəlili həyəcanla qarşılayır. Daha sonra çıxdıqları gəzintidə Dəlal qardaşının qonşu qızı Hədaya aşiq olduğunu görür. Hələ çox gənc olan Hədanı qardaşının arxasınca göndərir. Onun məqsədi danışaraq razılaşmalarını təmin etməkdir. Amma Cəlil qızla gəzərkən minaya düşür və həlak olur. Dəlal isə bir müddət sonra bunun vicdan əzabına dözmür və intihar edir. 7 il sonra Həda bacısının həyat yoldaşı ilə evləndirilir və onların qızına analıq edir. Daha sonra hamilə qalır. Ailə uşağın oğlan olacağına inanır. Amma Nazif arvadı ilə maraqlanmır və gecələri sevgilisi Dəfnə ilə keçirir.

Filmin rejissoru Səlda Çiçəkdir. Baş rollarını Özgü Namal və Dərya Durmaz canlandırır.

***

Tısbağalar da uçar (Turtles can fly, İran – 2004)

ABŞ işğalından sonra İraq-Türkiyə sərhədindəki kürdlərin qaçqın düşərgəsində mina toplayaraq həyatlarını davam etdirməyə çalışan uşaqlardan bəhs edir. Müharibəni uşaqların gözündən və onların həyatlarına fokuslanaraq anlarmağı üstün tutan “Tısbağalar da uçar” filmində hekayəsinə daha yaxından baxdığığımız uşaqlardan ilki “Peyk” ləqəbli Sorandır. Reallıqları görənə qədər Amerika heyranı olan və digər qaçqın uşaqların lider kimi qəbul etdiyi 13 yaşlı uşaq texnologiyaya marağı ilə seçilir. Yaşından və bədənindən böyük məsuliyyətlərin altına gözünü qırpmadan girir və yaşanan ziddiyyətləri dərhal görür. Kənddə qurduğu peyk sayəsində televiziya xəbərlərinə baxıb kəndlilərin müharibənin nə zaman başlayacağını xəbər verə biləcək olan yeganə insandır. Təbii ki, ala-yarımçıq bildiyi ingilis dili sayəsində. Corc Buşun müharibə çıxışlarını “sabah hava yağışlı olacaq” formasında tərcümə edəcək qədər...

Sorandan başqa, film Aqrin, Henqov və Riqanın çətinliklərlə dolu uşaqlığını da gözlə önünə sərir.

Filmin rejissoru iranlı Bəhmən Qobadidir. O, filmi diktator və faşistlərin siyasətlərinə qurban edilən bütün məsum dünya uşaqlarına ithaf edib.

***

Hardasan, Supermen? (Bekas, İsveç – 2012)

10 yaşlı Dana və 6 yaşlı Zana 90-cı illərin əvvəllərində Şimali İraqdakı bir kürd kəndində yaşayır. Bənzər xəyaletmə gücləri sayəsində həyata tutunan bu uşaqların həyatı baxdıqları “Supermen” filmindən sonra qəribələşir. Supermenə heyran olan uşaqlar nə bahasına olur-olsun, gedib bu heç nəyin məğlub edə bilmədiyi adamı tapmağı qərarlaşdırır. Harada olduğunu bilmədikləri Amerikaya getmək üzrə Maykl Cekson adını verdikləri eşşəklərinə minərək yola çıxırlar. Mina, müharibə və bütün çətinliklərlə dolu səyahət onları gözləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm