• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Xalq artisti Yaşar Nurinin 70 illiyi qeyd olundu - FOTO

  • Art
  • 4 Noyabr 2021 17:11
  • 1 851 Baxış
Xalq artisti Yaşar Nurinin 70 illiyi qeyd olundu - FOTO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nurinin (1951–2012) 70 illiyinə həsr olunan yubiley tədbiri keçirilib. Tədbirdə mədəniyyət naziri Anar Kərimov, teatr və kino ictimaiyyətinin nümayəndələri, sənətkarın ailə üzvləri iştirak ediblər.

Yubiley gecəsində çıxış edən Anar Kərimov Yaşar Nurinin həyat və sənət yoluna nəzər salıb, onu Azərbaycan mədəniyyətinin böyük sənətkarı kimi xarakterizə edib: “Özünəməxsus səhnə mədəniyyəti və davranışı, improvizə qabiliyyəti, yaradıcılıq istedadı, obrazlara məxsusi yanaşma tərzi onu həmkarlarından fərqləndirirdi. Onun film və tamaşalarda yaratdığı obrazların dili ilə dediyi sözlər az qala hər birimizin dilində gündəlik işlədilən və tez-tez rast gəldiyimiz ifadələrə çevrilib. Yaşar Nurinin yaratdığı obrazlar hər bir tamaşaçı tərəfindən daima seviləcək və xatırlanacaq. Bu, sənətkarın xoşbəxtliyidir. Böyük teatr və kino aktyoru, gözəl insan Yaşar Nuri hər zaman böyük hörmət və ehtiramla anılacaq”.

Çıxışının sonunda nazir Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edib, müharibədə qazanılan Qələbənin teatr və kino əsərlərində də təcəssüm olunmasını arzulayıb.

Teatrşünas, professor İlham Rəhimli deyib ki, Azərbaycanın teatr və kino sənətində nadir sənətkarlarından biri də Yaşar Nuri idi: “Yaşarın həssas ürəyi olduğu üçün tamaşaçının daxilində keçən duyğuları hiss edə bilirdi. O, Azərbaycanın nadir sənətçilərindəndir ki, satira, faciə və komediya janrında bənzərsiz rollar yaradıb. O, Dövlət Akademik Milli Dram Teatrında yeganə aktyorlardandır ki, kukla teatrında da rol oynayıb. Onun daxilində o qədər enerji var idi ki, obrazlı şəkildə desək, onunla su dəyirmanını hərəkətə gətirmək olardı”.

Xalq artisti Vaqif Mustafayev bildirib ki, Yaşar Nuri canlandırdığı obrazları daxilən dərindən hiss etdiyindən, onu bütün varlığı ilə yaşadığından çəkilişlər bitəndən sonra da həmin obrazdan uzun müddət çıxa bilmirdi. Xarici qastrol səfərlərində də Yaşar öz istedadı ilə tamaşaçıların üzündə təbəssüm yaradırdı. “Hər şey yaxşılığa doğru” filmində Yaşar Nuri “Pobeda za nami” (Qələbə bizimlədir) sözünü işlətmişdi. Belə də alındı, apardığımız 44 günlük müharibədə Azərbaycan xalqı uzun illər gözlədiyi Zəfəri qazandı”.

Xalq artisti Ramiz Həsənoğlu və başqa çıxış edənlər də sənətkarın yaradıcılıq keyfiyyətlərindən danışıb, xatirələrini bölüşüblər. Bildirilib ki, sevilən sənətkarın səhnədə “Övlad”da Silva, “Bağlardan gələn səs”də Pərviz, “Ölülər”də Məşədi Oruc, “Od gəlini”ndə Altunbay, “Bizim qəribə taleyimiz”də Davud, “Bəşərin komediyası və yaxud Don Juan”da Sqanarel, “Dəli yığıncağı”nda Sərsəm Salman və s. rolları ona geniş tamaşaçı rəğbəti qazandırıb.

Yaşar Nuri eyni zamanda televiziya tamaşalarında da yaddaqalan obrazların görkəmli ifaçısıdır. “Yollar görüşəndə”, “Ömrün yolları”, “Qatarda”, “Evləri köndələn yar”, “Qonşu qonşu olsa”, “Kökdən düşmüş piano”, “Topal Teymur”, “Yarımştat” və s. teletamaşalarda bənzərsiz rolların mahir ifaçısı kimi sevilib.

Diqqətə çatdırılıb ki, kino sahəsində də bir-birindən parlaq obrazlar yaradan aktyor “Dörd bazar günü”, “Bəyin oğurlanması”, “Ad günü”, “Yol əhvalatı”, “Yaramaz”, “Yuxu”, “Hər şey yaxşılığa doğru”, “Lətifə”, “Qətl günü”, “Fransız”, “Yoxlama” və digər filmlərdə də səhnədəki uğurlarını təkrarlayıb,

Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Teymur Əmrah və Aybəniz Haşımova, sənətkarın qızı Ülkər Nuriyevanın ifasında musiqi nömrələri yubiley gecəsinə rəng qatıb.

Gecədə həmçinin Yaşar Nurinin rol aldığı səhnə əsərləri, film və televiziya tamaşalarından fraqmentlər tamaşaçıların könlünü oxşayıb.

Sənətkarın ailəsi adından çıxış edən qızı Ülviyyə Nuriyeva yubiley tədbirinin təşkilinə görə Mədəniyyət Nazirliyinə və Akademik Milli Dram Teatrına təşəkkürünü bildirib.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR