Art
Sənətdə ciddi, həyatda mülayim və zarafatcıl Xalq artisti: Ən böyük arzusu o idi ki...
Azərbaycan muğam ifaçıları arasında öz yeri, öz sözü, səsi, dəsti-xətti ilə seçilən muğam ifaçısı, milli musiqi ifaçılığında özünəməxsus yolu və rolu olan Xalq artisti, bütün zamanların sevilən səs sahibi, böyük xanəndə Ağaxan Abdullayev.
Publika.az xəbər verir ki, sənətkarın bu gün doğum günüdür. Yaşasaydı, bu gün 74 yaşını qeyd edəcəkdi...
O, milli musiqi ifaçılığında özünəməxsus bir yol açıb. Ağaxan Abdullayevin klassik xanəndələrimizin yaradıcılıq ənənələrinə əsaslanan sənət yolu milli musiqimizdə bir yenilik idi. Bu yenilik muğam, xanəndəlik sənətinə münasibətdə, mahnı ifaçılığında özünü qabarıq şəkildə göstərib.
Xanəndə 1950-ci il fevralın 6-da Bakı şəhərinin Əmircan kəndində anadan olub. 1958-1968-ci illərdə 84 nömrəli orta məktəbdə, 1969-1973-cü illərdə isə A.Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub.
Xanəndə pedaqoji və maarifçilik fəaliyyətinə hər zaman həssaslıqla yanaşıb. O, 1977-ci ildən ömrünün sonuna kimi Asəf Zeynallı adına musiqi məktəbində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində müstəsna xidmət göstərib. Ağaxan Abdullayev bir çox tanınmış xanəndələrin ustadı kimi də məşhur olub.
Mütəmadi olaraq keçirilən televiziya muğam müsabiqələrinin münsiflər heyətini onsuz təsəvvür etmək çətin idi. Ağaxan Abdullayev gücü, səhhəti imkan verdiyi qədər bu müsabiqənin ən sevilən münsiflərindən biri olmağı bacarıb.
Ağaxan Abdullayev muğamların, xalq mahnılarımızın mahir ifaçısı, yaxşı dost, ailə başçısı, bacarıqlı müəllim idi. Şərəfli bir ömür yaşadı, hər kəsin xatirəsində iz qoymağı bacardı. Ağaxan Abdullayev xanəndəlik sənətində öz dəsti-xətti ilə seçilən sənətkarlardan oldu. Gənclərə xüsusi qayğı ilə yanaşan bir insan idi. Azərbaycan muğam məktəbində onun öz yeri var. Hələ sağlığında ikən adını muğam sənətinə qızıl hərflərlə yazdıra bildi. Azərbaycan muğamını bütün dünyaya layiqincə tanıtdı. Eyni zamanda muğamı bir ustad kimi gənclərə sevə-sevə öyrətdi. Xanəndə bu həyatda mərd yaşadı, hər zaman dürüst oldu. İstər gənclərə, istər həmyaşıdlarına qarşı hər zaman hörmətlə yanaşan, əlindən gələn köməyi edən bir adam idi.
Ömrünün 40 ilini Azərbaycan musiqisinin inkişafı və təbliğinə həsr edən böyük sənətkar Azərbaycanı qarış-qarış gəzdi, silsilə konsert proqramı ilə onu sevənlərin görüşünə getdi. Dünyanın bir çox ölkəsində qastrol səfərlərində olan Ağaxan Abdullayev milli musiqimizi çox uzaqlarda belə özünə, adına layiq tanıda, sevdirə bildi. O, nə oxuyurdusa, hamısını ürəkdən, içdən səsləndirirdi. Bu səbəbdən də həmişə arzulanan, sevilən ifaçılar sırasında ilk pillələrdə qərarlaşıb.
Ağaxan Abdullayev özünü aktyor kimi də sınamağı bacarıb. Xanəndə “Ver sözə ehya ki...”, “Dağıdılmış körpülər”, “Abşeron lövhələri” filmlərində iştirak edib, “Küçələrə su səpmişəm” bədii filmini, “Bakı bağları. Nardaran”, “Biz qayıdacağıq”, “Muğam” filmlərini isə ifası ilə əbədiləşdirib. Özü haqqında isə “Ağaxan” , “Əslində Ağaxan Abdullayev” filmləri ekranlaşdırılıb.
Sənətində nə qədər ciddi idisə, həyatda bir o qədər mülayim və zarafatcıl idi. Özünəməxsus yüksək yumor hissinə malik xanəndə idi Ağaxan Abdullayev.
Ən böyük arzusu Şuşada çıxış etmək idi. Özü bu arzusuna çata bilməsə də, bu gün onun tələbəsi, dünya şöhrətli xanəndə Alim Qasımov Qarabağda, Şuşada, Cıdır düzündə səsi, avazı ilə ustadının da ruhunu şad edir... Sanki onun ruhu oxuyur Qarabağın qaşı sayılan Şuşada. Əbəs yerə deməyiblər ki, sənətkarları ustadlar yetişdirir...
Cəmilə Hətəmxanova
**
-
Magazin114 Dekabr 22:24
Aygün Kazımova evdə açıq-saçıq pozalar verdi - FOTO
-
Dəb14 Dekabr 21:48
Məşhur geyim şəbəkəsinin yaradıcısı VƏFAT ETDİ - FOTO
-
Magazin114 Dekabr 19:36
Xatirə fəxri ad almaq istəyir? - VİDEO
-
MDB14 Dekabr 18:40
"2024-cü il çətin sınaqlar dövrünə çevrildi"
-
Magazin214 Dekabr 18:36
Hamilə ulduz uşağını kiminlə böyüdəcəyinə QƏRAR VERDİ - FOTO
-
İdman14 Dekabr 18:24
Mbappe və "Real"ın sabiq ulduzu arasında düşmənçilik var
-
Müsahibə14 Dekabr 18:00
Seulun fəxri vətəndaşı olan azərbaycanlı xanım - O, Koreya vətəndaşlığını niyə qəbul etmir?
-
Yolçu14 Dekabr 17:00
“Harri Potter”in yazıldığı məkandan REPORTAJ - FOTOLAR