Art
Azərbaycan kinosunun şlyapalı dahisi: O, hansı filminin göstərilməsini qadağan edib?
Onun ekranlaşdırdığı hər bir film milli kinomuzun vizit kartı hesab olunur desək, yanılmarıq. Bu filmlərin əksəriyyətinin tarixi yarım əsrdən artıq bir dövrü keçsə də, sanki bu gün çəkilən film təsirini bağışlayır. Onu həm də Azərbaycan kinosunun bənzərsiz filmlərinin rejissoru adlandırırlar. Filmlərindəki obrazların cəmi kimi - flaqman-kameraman, fenomenal rejissor, universal kino xadimi Tofiq Tağızadə.
Publika.az xəbər verir ki, Azərbaycan kino tarixində ən gözəl, baxımlı filmlərlə tamaşaçıların görüşünə gələn Xalq artistinin bu gün doğum günüdür.
Onun filmləri insan taleləri haqqındadır. Dövrü, qarşılaşdıqları hadisələr fərqli olsa da, onların heç biri tamaşaçıya yad, uzaq görünmür. Çünki rejissor öz kino qəhrəmanlarını bütün hissi, həyəcanı, dərdi, sevinci, dürüstlüyü, yanlışlıqları ilə real şəkildə təsvir etməyə nail olub. Sənətkar bəzən tarixdə mühüm rol oynayan, bəzən isə heç əhəmiyyət vermədiyimiz həyat hadisələrinin dərin qatlarında necə böyük mətləblər olduğuna tamaşaçını inandırır.

Tofiq Tağızadə 1919-cu il fevralın 7-də Bakının Keşlə qəsəbəsində müəllim ailəsində dünyaya gəlib. Anasını çox erkən yaşlarında itirib balaca Tofiq. Orta məktəb illərindən incəsənətə maraq göstərib. Kinoya elə uşaqlıqdan böyük maraq və sevgisi olub. Güclü musiqi duyumu olan Tofiq Tağızadə beş il musiqi məktəbində də təhsil alıb. Orta məktəbi bitirdikdən sonra incəsənətdən fərqli bir sahəyə sənədlərini verir, Energetika Texnikumunun tələbəsi olur. Təhsilini isə başa vura bilmir. Üçüncü kursda təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanır. 1941-ci ildə Rostov yaxınlığında gedən döyüşlərdən birində ağır yaralanır. Döyüş yolu burada başa çatır gənc Tofiqin. O illərin xatirəsi isə bir ömür onunla yol yoldaşı olur. Müharibədən gələndən sonra Bakı Komsomol Komitəsində çalışmağa başlayıb, ancaq sənətə olan sevgisi onu Moskvaya qədər aparıb çıxarır.
1946-cı ildə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsinə daxil olaraq arzusunda olduğu bir aləmə düşür. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda məşhur kino xadimlərindən və pedaqoqlardan kino sənətinin incəliklərini, sirlərini mənimsəyir.

Rejissor 1953-cü ildə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Quruluş verdiyi filmlərlə kino aləmində yeni bir dəsti-xətt yaradaraq istedadının haqqını verməyi bacarır rejissor.
"Görüş", "Uzaq sahillərdə", "Əsil dost", "Mateo Falkone", "Mən rəqs edəcəyəm", "Arşın mal alan", "Mən ki, gözəl deyildim", "Yeddi oğul istərəm", "Flaminqo - qızıl qazdır", "Dədə-Qorqud", "Narlıq", "Babamın babasının babası", "Bağ mövsümü" və sadalamadığımız neçə-neçə sanballı ekran əsərləri Tofiq Tağızadə peşəkarlığını, imzasını, nəhəngliyini elə olduğu kimi təqdim edə bilir.
Filmlərindəki ən kiçik detallarda belə milli-mənəvi dəyərlərimizin görüntüləri öz əksini tapıb. Sovet imperiyasının ən kəskin bir dövründə milli-mənəvi dəyərlərimizi ön plana gətirmək böyük cəsarət və hünər tələb edirdi. Tofiq Tağızadə yaradıcılığı onun nə qədər qorxmaz və cəsur olduğunu sübut edir.

Rejissor filmlərə çəkiləcək aktyorları özü axtarıb həmişə. Seçimi isə hər zaman doğru olurdu. Bunu bütün ekran əsərlərində uğurlu aktyor oyunu da təsdiq edir. Filmlərinin musiqiləri də bir başqa gözəl, duyğulu olub həmişə. Səbəbi isə çox sadə idi. Bir peşəkar yalnız özü kimi peşəkarlarla işləyə bilərdi
Tofiq Tağızadə nə az, nə çox, ömrünün düz 40 ilini çox sevdiyi kino sənətinə həsr edib. Bu illər ərzində o, Azərbaycan kinosunun ən nadir nümunələrinin rejissorlarından biri kimi adını incəsənət tariximizə yaza bildi. Tofiq Tağızadə gördüyü işlərin, çəkdiyi filmlərin dəyərini özü də yaxşı bilirdi. Ancaq sənətin bir ümman olduğunu da əsla unutmurdu. Həmişə belə deyərdi: "Sənətkar, əgər yaratdığı əsərlərdə öz sözünü deyib qurtarırsa, deməli, onun yaradıcılığında qapanma əmələ gəlir. Sənətdə söz deyib, nöqtə qoymaq qeyri-mümkündür”.
Özünəməxsus geyinər, kino mühitində az görünərdi. Tofiq Tağızadəni başındakı "Meksika panaması"ndan tanımaq olurdu. Çox sadə, həssas, mülayim insan idi.

Ömür boyu cəmi 14 film çəkə bilib. Müstəqillik dövrünün ilk illərində Tofiq Tağızadə "O dünyadan salam" adlı filmini ekranlaşdırır. Ekran əsərində ölülərin dirilib evlərinə qayıtması səhnəsi ilə o, 15 respublikanın yenidən dirilib azad olmasını qabardır.
Kinoteatra təqdim olunan filmə marağın az olması, onu sənətdən küsdürür. O, televiziya kanallarına bu filmi yayımlamağı qadağan edərək deyir:
"Belə filmin gözdən düşməsinə yol verə bilmərəm".
Film yalnız Tofiq Tağızadə vəfat edəndən sonra yayımlanır.
60-ci illərdə film çəkmək üçün Bəyan kəndinə gedirlər. Ermənilər kəndə gedən yolu kəsirlər. Tofiq Tağızadə başa düşür ki, erməniləri qəsdən bura yığıblar ki, filmi çəkə bilməsin, dava-dalaş düşsün. Bu işlərin başında kənd sovetinin sədri dayanırdı. Tofiq müəllim gonbul bir kişidən milliyyətcə erməni olan kənd sovetinin sədrini çağırmağını tələb edir. Gonbul kişi, "nə deyim çağırım" - deyə soruşanda, rejissor hamı eşitsin deyə ucadan səslənir: "De ki, torpaqların sahibi gəlib!"
Bax budur rejissorun dahiliyi, peşəkarlığı, uzaqgörənliyi! Əbəs yerə onu "Azərbaycan kinosunun patriarxı" adlandırmayıblar ki…

Tofiq Tağızadə aktrisa, Xalq artisti Leyla Şıxlinskayanın anası ilə ailə həyatı qurub. Deyilənə görə, Leyla Şıxlinskayanın filmlərdə daha çox parlamasına səbəb də Tofiq Tağızadə olub. Tofiq Tağızadənin qızı İnara Tağızadə də son nəfəsinə kimi atasının sənətini layiqincə davam etdirib.
Daim sənət uğrunda mübarizə aparan Tofiq Tağızadə ömrünün son illərində xüsusi studiya yaradıb. Amma bura ilə bağlı arzularını gerçəkləşdirməyə ona ömür vəfa etməyib. 1998-ci il avqustun 27-də adını Azərbaycan kino sənətinə qızıl hərflərə yazdıran Tofiq Tağızadə 79 yaşında dünyasını dəyişib. Adının qarşısına ən ali mükafatları yazdırmağı bacaran Tofiq Tağızadə quruluş verdiyi filmlərlə hər zaman xatırlanacaq. Ən gözəl ekran əsərlərinin ən yaxşı rejissoru kimi…
Cəmilə Hətəmxanova
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?
-
Hadisə21 Aprel 21:00Bakı metrosunda bədbəxt hadisə - Ölən var


























.jpg)
.jpg)









