Art
Divarlarında xoşbəxtlik sirləri olan muzey - FOTOLAR
Dünyada 20 mart Beynəlxalq Xoşbəxtlik Günü kimi qeyd olunur. Bu tarixdə dünyadakı insanların və ölkələrin xoşbəxtliklərinin önəmi vurğulanır.
Danimarkanın Kopenhagen şəhərində yaradılan unikal Xoşbəxtlik Muzeyi də bu tarixə həsr olunub. Bu qeyri-adi muzey paytaxtın mərkəzi və sakit bir küçəsində yerləşir. Burada ziyarətçilər xoşbəxtliyi əsrlər və müxtəlif sivilizasiyalar prizmasından kəşf edə və muzeyin divarlarını öz ideyaları, həyatlarının ən xoş anlarının xatirələri ilə bəzəyə bilərlər. Muzeyə “Həyatdakı böyük şeylər haqqında kiçik bir muzey” deyilir.

Muzeyin eksponatları elmi baxımından xoşbəxtliyin bütün forma və təzahürlərinə həsr olunub. Ekspozisiyanın böyük hissəsi təqdim olunmuş eksponatlardan yaradılıb. Xoşbəxtlik anlayışı adi insanların baxış bucağından araşdırılıb.
Muzey Kopenhagenin pozitiv atmosferini əks etdirir və ziyarətçilərə ruhlandırıcı təcrübə təqdim edir.

Dünyaya bir az xoşbəxtlik gətirmək arzusu
Muzey Danimarkanın rifah, xoşbəxtlik və həyat keyfiyyətinə yönəlmiş beyin mərkəzi olan Xoşbəxtlik Tədqiqat İnstitutu tərəfindən yaradılıb. Muzeyin təsisçisi Mayk Vikinq eyni zamanda bu institutun direktorudur. O, uzun müddətdir ki, bu mövzu üzərində işləyir.

Təsisçi “Hygge: Danimarka Xoşbəxtliyinin sirri” kitabını yazıb. “Hygge”ni tək bir sözlə izah etmək çətindir, lakin bu, Şimali Avropadakı insanlar üçün xarakterikdir: gündəlik həyatda rahatlıq və rifah hissini ifadə edir. Mayk Vikinq günlərin birində sadəcə elmdən kənara çıxıb hər kəsin xoşbəxtliyi yaşaya və müxtəlif ölkələrdə necə başa düşüldüyünü öyrənə biləcəyi bir yer yaratmaq qərarına gəlib. Muzeyin rəhbərliyi ideyanın sadə olduğunu bildirib: dünyaya bir az xoşbəxtlik gətirmək. “Düşündük ki, dünyanın həqiqətən bir az daha çox xoşbəxtliyə ehtiyacı var. Ona görə də “niyə insanların bunu yaşaya biləcəyi bir yer yaratmırıq?” - deyə fikirləşdik. Biz hamımız xoşbəxtlik axtarırıq kimi görünürük, amma bəlkə də səhv yerlərdə axtarırıq. Cəmiyyətlər getdikcə daha da zənginləşir, amma çox vaxt daha xoşbəxt ola bilmirik. Buna görə də Xoşbəxtlik Tədqiqat İnstitutu xoşbəxtliyi həyata gətirə biləcəyimiz bir muzey yaratmaq qərarına gəldi”.

“Deyərdim ki, biz ən az bədbəxt ölkələrik”
Muzeyin açılmasının digər bir səbəbi BMT tərəfindən 2012-ci ildən bəri hər il dərc edilən Dünya Xoşbəxtlik Hesabatında Danimarkanın mütəmadi olaraq lider kimi yer almasıdır. Hesabatda qeyd edilir ki, mütəxəssislər xoşbəxtlik səviyyələrini adambaşına düşən ÜDM, ömür uzunluğu və həyat keyfiyyəti, sosial dəstək, qərar qəbuletmə azadlığı və sosial strukturlarda korrupsiyanın dərəcəsi kimi göstəricilərə əsasən müəyyən ediblər. Danimarka bu siyahıda birinci yerdədir.

Mayk Vikinq bildirir ki, Danimarka da daxil olmaqla, Skandinaviya ölkələrinin dünyanın ən xoşbəxt ölkələri olmasına dair bir çox məlumat var: “Deyərdim ki, biz ən az bədbəxt ölkələrik. Fikrimcə, Skandinaviya modeli həqiqətən bədbəxtliyin səbəblərini həll edir və buna görə də bu ölkələr birinci yerdədirlər”.

Ziyarətçilərdən xoşbəxtliyin tərifi soruşulur
Muzey həm də bir cəmiyyətin və ya ölkənin təmsilçilərinin niyə özlərini xoşbəxt və ya bədbəxt hesab etdiklərini, xoşbəxtliyin nədən qaynaqlandığını, həmçinin əsrlər boyu necə başa düşüldüyünü araşdırır.

Muzeydə müxtəlif ölkələrdən olan insanların xoşbəxtliyi necə başa düşdüyünü izah edən eksponatlar və interaktiv təcrübələr təqdim olunur. Anket doldurub muzey tərəfindən təklif olunan müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edən ziyarətçilərə mən də qarışıram. Ziyarətçilərdən həmçinin xoşbəxtliyin tərifi barədə soruşulur. Sərgilər ziyarətçilərə təsir göstərir və onların reaksiyaları xoşbəxtlik haqqında yeni tədqiqatlara əsas verir. Direktor deyir: “Xoşbəxtlik Muzeyində xoşbəxtliklə əlaqəli obyektlərə tur təşkil edirik ki, insanlar onu fərqli perspektivlərdən görmək imkanına malik olsunlar. Xoşbəxtliyin tarixini, xoşbəxtlik siyasətini, xoşbəxtlik elmini görürsünüz. Bu, kiçik bir muzeydir, amma həyatdakı böyük, vacib şeylər haqqındadır. Biz danimarkalı, meksikalı, amerikalı və ya çinli ola bilərik, amma ilk növbədə insanıq. Bizə eyni şeylər xoşbəxtlik gətirir. Ümid edirəm ki, insanlar sərgidə bunu başa düşürlər”.

Daha motivasiyalı və müdrik
Muzeyin divarında xoşbəxtlik və ÜDM arasındakı əlaqəni göstərən xəritə də yer alıb. Səkkiz otaqdan ibarət muzeydə xoşbəxtliyi müxtəlif perspektivlərdən araşdıran interaktiv sərgilər var.

“Xoşbəxtlik siyasəti” otağı sərvət və xoşbəxtlik arasındakı əlaqəni araşdırır. “Dünyada xoşbəxtlik” otağı isə ziyarətçilərin özləri tərəfindən yazılmış xatirələri və düşüncələri əks etdirən poçt qeydləri ilə örtülüb. Digər otaqlar xoşbəxtliyin elminə, tarixinə və coğrafiyasına həsr olunub, o cümlədən emosional cəhətdən ağıllı süni intellektdən tutmuş ölkələrin xoşbəxtliyə görə sıralandığı dünya xəritəsinə qədər məlumatlar sərgilənib.

“Gənclər bu muzeyə çox gəlirlər. Onlara xoşbəxtliyin nə demək olduğunu anlamaq maraqlıdır. Eksponatların qarşısında dayanıb düşünür, müzakirə edirlər. Bu, düşüncələr onların gələcək həyatlarını müəyyənləşdirməkdə də kömək edə bilər”, - deyə muzeydə əminliklə bildirilir.
Rəhbərlik ümid edir ki, Xoşbəxtlik Muzeyini ziyarət etdikdən sonra qonaqlar daha müdrik, daha xoşbəxt və daha motivasiyalı olacaqlar. ("Kaspi" qəzeti)









-
Ekologiya19:00Azərbaycana yaz gəldi
-
ABŞ18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı
-
İnanc18:00Tüstüdən gələn mistik güc: Cansız daş da can tapa bilər, əgər...
-
Nida Xəbər 17:06Mehriban Əliyeva xalqımızı bayram münasibətilə təbrik etdi
-
Rəsmi xronika16:32İlham Əliyev onu nazir müavini təyin etdi - Foto
-
Nəqliyyat16:00Bakıda sürücüsüz nəqliyyat dövrü başlayır: Birdən-birə şəhərin küçələrinə buraxılacaq?
-
Nida Təhlil 15:00Bu ixtisası bitirən çağırışçıların nəzərinə: 1 il müddətinə orduda…






.jpg)







.jpg)



.jpg)














.jpg)

