Gənc rəssam Amir Hüseynlinin fərdi sərgisi açıldı - Foto
Bizi izləyin

Art

Gənc rəssam Amir Hüseynlinin fərdi sərgisi açıldı - Foto

Gənc rəssam Amir Hüseynlinin fərdi sərgisi açıldı - Foto

Gənc rəssam Amir Hüseynlinin bu gün Bakı Fotoqrafiya Evində fərdi sərgisi açılıb.

Publika.az xəbər verir ki, iyunun 7-dək davam edəcək sərgidə Azərbaycanın ilk milli superqəhrəmanı “ALOV” təqdim olunur.

Qeyd edək ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə keçirilən sərginin mentorları Əməkdar rəssamlar Sabina Şıxlinskaya və Rəşad Mehdiyevdir. Layihənin həyata keçirilməsində SS production, art-dizayner Ruslan Cəbrayılov, animator Nigar Nigassandra da öz dəstəyi və yaradıcı töhfələri ilə iştirak edir.

2012-ci ildə Böyük Britaniyanın London şəhərində anadan olan Amir Hüseynli erkən yaşlarından yaradıcılıq, söz və bədii düşüncə mühitində formalaşıb. Öz kainatının yaradıcısı olan Amir artıq 10 ildir ki, Azərbaycanda yaşayır və akademik təhsilini incəsənət, dil və musiqi sahəsindəki aktiv inkişafını özündə uğurla birləşdirir. O, çoxşaxəli yaradıcı şəxsdir, mütaliəni sevir, komediya janrında stendapla maraqlanır və fortepiano ixtisası üzrə musiqi məktəbində təhsilini artıq başa vurmaq üzrədir. Onun əsas maraq istiqaməti öz dünyasını və qəhrəmanlarını yaratmaqdır. Amirin “ALOV” adlı orijinal azərbaycanlı superqəhrəman obrazı parlaq identikliyə malikdir və geniş bir kainatın qurulması üçün böyük potensial daşıyır. “ALOV” layihəsi Amir üçün təkcə komiks deyil. O, bu obrazda Azərbaycan mədəniyyətinin, milli motivlərinin, qəhrəmanlıq ənənələrinin və müasir yaradıcı düşüncəsinin beynəlxalq auditoriyaya təqdim olunması üçün böyük imkan görür. Gənc müəllif gələcəkdə komiksin ingilis dilində nəşr olunaraq xarici ölkələrdə təqdim edilməsini arzulayır və artıq seriyanın növbəti buraxılışı üzərində işləyir. Amirin uzunmüddətli məqsədi dünya miqyasında öndə gedən yaradıcı şirkətlərlə rəqabət apara biləcək müstəqil bir studiya yaratmaqdır. Hazırda “ALOV”un iştirakı ilə ilk komiksin nəşri istiqamətində danışıqlar aparılır. Bu layihə yalnız bir gəncin yaradıcılıq təşəbbüsü deyil, həm də Azərbaycanda komiks mədəniyyətinin inkişafı, milli qəhrəman obrazlarının formalaşdırılması və onların beynəlxalq səviyyədə tanıdılması üçün perspektivli bir platforma kimi qiymətləndirilə bilər. Müəllif bu istiqamətdə maraqlı tərəflərin, mədəni qurumların, tərəfdaşların və dəstək verməyə hazır təşkilatların diqqətini cəlb etməyə ümid edir.

Azərbaycanın ilk milli superqəhrəmanı “ALOV”un təqdimatına Beynəlxalq Təhsil Mərkəzi IMEC-in gənc və istedadlı musiqiçiləri və ifaçıları da qatılaraq layihəyə öz töhfələrini veriblər. Tədbir iştirakçıları üçün xoş sürprizlər hazırlayan məşhur “Happy Day Cake” şirniyyat evi isə qonaqları öz ləzzətli təamları ilə sevindirərək tədbirin səmimi atmosferinə xüsusi rəng qatıb.

Qeyd edək ki, “ALOV” komiksinə aid bu illüstrasiyalar Azərbaycan mifologiyası, qəhrəmanlıq ruhu və müasir vizual sənətin birləşməsini əks etdirir. Uzun illər əvvəl Azərbaycan torpaqları qorxu ilə qidalanan qaranlıq dünyanın şahı olan ruh Xoxanın hökmü altında əzab çəkirdi. O, dünyanı tam olaraq öz zülmətinə qərq etmək üzrə idi. Lakin qədim qəhrəmanların birləşmiş alovu və cəsarəti sayəsində Xoxan məğlub edildi və öz maskasının içində möhürlənərək Atəşgah adlandırılan müqəddəs od məbədinin dərinliklərində gizlədildi. İllər sonra Əli adlı bir yeniyetmə həmin unudulmuş əfsanələrin ilhamı ilə böyüyür və özü də qəhrəman olmağı arzulayır. Atəşgaha gedən yolda dara düşmüş insanları görüb onlara kömək etmək üçün ayaq saxlayır. Lakin məbədə çatdıqda Əli, Xoxan fanatiklərinin lənətlənmiş maskanı oğurlamağa çalışdıqlarını görür. Gücsüz və tək olmasına baxmayaraq, Əli başqalarını qorumaq üçün özünü döyüşə atır. Ağır şəkildə məğlub edilərək Atəşgahın əbədi alovunun yanında yerə sərilən Əli, qəfil sirli Od Aləminə çəkilir. Orada onu qədim qəhrəmanların sonuncusu qarşılayır. Qaranlıq yenidən yüksəlməyə başladığı anda Əlinin “ALOV" - Odlar Yurdunun Qəhrəmanına çevriləcək yeni yolçuluğu başlayır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm