Sənətə həsr olunan ömür
Bizi izləyin

Art

Sənətə həsr olunan ömür

Sənətə həsr olunan ömür

Ömrünü sənətinə adayan, onun mürəkkəb, keçməkeşli yollarını inamla addımlayan, fərdi özünəməxsusluğu, üslubu,dərin musiqi təfəkkürü, fantaziya hüdudlarının genişliyini intelekt sücgəcindən keçirərək yeni yaradıcılıq üfüqləri açan bir sənətkar - Azərbaycan Respublikasının Xalq artisti, dirijor Fəxrəddin Kərimov. Yaradıcılığı ilə musiqi mədəniyyətimizin inkişafına xidmət edən, milli və dünya klassik musiqisinin təbliğində mühüm rol oynayan Fəxrəddin Kərimovun sənət yolu, yaradıcılıq prinsipləri və musiqiyə baxışı hər zaman maraq doğurur.

Dirijor sənəti ən mürəkkəb musiqi sahələrindən biri olaraq sadəcə zəka ilə istedadın bir arada qovuşaraq özünü təcəssüm etdirməsində deyil, geniş yaradıcılıq axtarışlarının və ən əsası böyük bilik və əxz edilmiş təcrübənin labüdlüyündən asılıdır desək, heç də yanılmarıq.

Dirijorun şəxsiyyət kimi formalaşması, insani keyfiyyətlərin zirvəsinə qalxması da bu prosesin tərkib hissəsi olaraq onun formalaşdığı ictimai-siyasi mədəni mühitdən son dərəcə asılıdır. Nəzərə alsaq ki, 60-70-ci illər Azərbaycan musiqi mədəniyyətinin çiçəklənmə, gərgin inişaf dövrü idi və bu zəmində Fəxrəddin Kərimov kimi istedadlı gəncin formalaşma prosesi də sürətlə gedirdi. Bakıda orta musiqi təhsilini tamamladıqdan sonra violin ifaçılığının sirlərini mənimsəmək üçün P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasına daxil olur.
Qocaman təhsil ocağının peşəkar mühiti Fəxrəddin Kərimovun musiqi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərir. Burada əldə etdiyi fundamental nəzəri biliklər, zəngin ifaçılıq təcrübəsi və dünya musiqi mədəniyyəti ilə yaxından tanışlıq gələcək sənət yolunun möhkəm təməlini təşkil etmiş oldu. Tələbəlik illərindən etibarən onun musiqiyə münasibətində yalnız yüksək peşəkarlıq deyil, həm də dərin analitik düşüncə, əsərin məzmununa nüfuz etmək bacarığı və yaradıcı təfəkkür əsas xüsusiyyət kimi diqqəti cəlb edir.

Sonrakı dövrdə onun dirijorluq sənətinə yönəlməsi Fəxrəddin Kərimovun yaradıcılıq bioqrafiyasında yeni mərhələnin başlanğıcı oldu. Əlbəttə, burada 1982-1988-ci illər ərzində təhsil aldığı R.Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının da rolu, V.A.Gergiyev, İ.A.Musin kimi məşhur professorlardan mənimsənilmiş biliklər də öz sözünü dedi. Orkestr kollektivinin idarə olunması, müxtəlif üslublu və janrlı əsərlərin yüksək bədii səviyyədə təqdim edilməsi, hər bir partituranın ideya-məzmununun incəliklərinə dərindən bələd olması onun sənətkar kimi kamilləşməsini təmin etdi. Dirijor üçün texniki hazırlıq nə qədər vacibdirsə, musiqinin fəlsəfəsini duymaq, bəstəkarın estetik idealını dərk etmək və onu ifaçılara aşılamaq da bir o qədər əhəmiyyətlidir. Məhz bu xüsusiyyətlər Fəxrəddin Kərimovun yaradıcılıq dəst-xəttini səciyyələndirən başlıca cəhətlərdəndir.

Azərbaycan musiqi sənətinin inkişafında onun fəaliyyəti yalnız dirijorluqla məhdudlaşmır. Müxtəlif simfonik və kamera orkestrlərinin proqramlarının hazırlanması, milli bəstəkarların əsərlərinin təbliği, klassik musiqi irsinin geniş auditoriyaya çatdırılması istiqamətində gördüyü işlər, pedaqoji fəaliyyəti musiqi mədəniyyətimizin zənginləşməsinə mühüm töhfə vermişdir. O, repertuar siyasətində milli və ümumbəşəri dəyərlərin vəhdətini qorumağa çalışaraq, həm Azərbaycan, həm də dünya bəstəkarlarının əsərlərinə eyni həssaslıq və məsuliyyətlə yanaşır.

Maestro Fəxrəddin Kərimovun uzunillik yaradıcılıq fəaliyyəti zəngin və çoxşaxəli dirijorluq təcrübəsi ilə səciyyələnir. O, həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində 200-dən artıq simfonik konsertə və opera tamaşasına dirijorluq etmiş, milli dirijorluq sənətinin inkişafına mühüm töhfələr vermişdir.

Dirijorun yaradıcılıq bioqrafiyasında Bakıda reallaşdırılmış bir sıra premyeralar xüsusi yer tutur. Onların sırasında Hektor Berliozun “Romeo və Cülyetta”, Coakkino Rossininin “Stabat Mater”, Sergey Prokofyevin “Poruçik Kije” əsərlərinin ilk ifaları, Antonin Dvorjak, Pyotr Çaykovski və Dmitri Şostakoviçin simfoniyalarının səsləndirilməsi, Vinçenso Bellininin “Norma” və Pyotr Çaykovskinin “Qaratoxmaq xanımı” operalarının səhnə quruluşları mühüm yer tutur.

Bununla yanaşı, Cövdət Hacıyevin "Nəsimi", Firəngiz Əlizadənin "İntizar", "Cosmology" operalarının konsert ifaları, eləcə də Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Musa Mirzəyev, Ceyhun Allahverdiyev və digər görkəmli Azərbaycan bəstəkarlarının müəllif konsertlərinin yüksək peşəkarlıqla təqdim olunması Fəxrəddin Kərimovun sənət yolunun mühüm nailiyyətləri sırasında yer alır. Bu layihələr onun həm klassik dünya musiqisinin, həm də Azərbaycan bəstəkarlıq məktəbinin ən dəyərli nümunələrinin təbliğində mühüm rol oynadığını bir daha təsdiq edir.

Fəxrəddin Kərimovun dirijorluq üslubunun əsas xüsusiyyətlərindən biri orkestrin hər bir üzvü ilə yaradıcı dialoq qurmaq bacarığıdır. Onun məşqləri sadəcə texniki hazırlıq prosesi deyil, musiqi əsərinin ideya-estetik mahiyyətinin birgə axtarışı kimi xarakterizə olunur. Bu səbəbdən rəhbərlik etdiyi kollektivlər daim yüksək peşəkarlığı, intizamı və bədii səviyyəsi ilə seçilmişdir.

Həyatı boyu fəaliyyət göstərdiyi müxtəlif orkestrlər- Marinski adına Sankt-Peterburq Opera və Balet Teatrı, İstanbul Bələdiyyə Opera və Balet Teatrı, İzmir Dövlət Opera və Balet Teatrı, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri onun yaradıcılıq dəst-xəttinin özünəməxsusluğunu ifadə edə bilmişdir. İfa edilən hər əsərin təfsiri yeni ideya və məzmun çalarları ilə zəngin bir şəkildə dinləyicinin qəlbinə, ruhuna nüfuz etmiş olur. Bu gün də hər yeni konsert, hər yeni əsər xüsusi bir əzm, ruh, təfsir elementləri ilə zənginləşmiş bir şəkildə təqdim olunur.

Fəxrəddin Kərimovun yaradıcılıq yolu Azərbaycan dirijorluq sənətinin ən parlaq səhifələrindən birini təşkil edir. Onun sənətə sonsuz sədaqəti, yüksək peşəkarlığı, musiqiyə dərin fəlsəfi yanaşması və yorulmaz fəaliyyəti gənc musiqiçilər üçün əsl məktəb, musiqisevərlər üçün isə ilham mənbəyidir. Maestro hər yeni çıxışı ilə klassik musiqinin əbədi dəyərlərini yaşadır, milli ifaçılıq ənənələrini beynəlxalq sənət məkanında layiqincə təmsil edir və Azərbaycan dirijorluq məktəbinin nüfuzunu daha da yüksəldir.

Bu gün də onun zəngin yaradıcılığı yeni layihələr, möhtəşəm konsert proqramları və uğurlu beynəlxalq əməkdaşlıqlarla davam edir. Fəxrəddin Kərimovun çoxşaxəli fəaliyyəti Azərbaycan musiqi mədəniyyətinin inkişafına xidmət edən qiymətli bir irs kimi hər zaman yüksək dəyərləndiriləcəkdir.

Hörmətli Maestro Fəxrəddin Kərimov!

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, tükənməz yaradıcılıq enerjisi, yeni sənət zirvələri və möhtəşəm uğurlar arzulayırıq. Qoy rəhbərlik etdiyiniz hər bir orkestrdə musiqinin sehri, sənətinizin qüdrəti və yüksək peşəkarlığınız daim alqışlarla qarşılanıb yeni nəsillərə örnək olsun. Azərbaycanın musiqi mədəniyyətinə bəxş etdiyiniz misilsiz xidmətlərə görə Sizə dərin minnətdarlığımızı bildirir, həyatınızın hər anının yeni nailiyyətlər, sevinc və uğurlarla dolu olmasını diləyirik.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül HÜSEYNOVA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm