“Ədibin Evi”ndə xarici diplomatlar üçün mədəniyyət kursları başlandı - FOTO
Bizi izləyin

Art

“Ədibin Evi”ndə xarici diplomatlar üçün mədəniyyət kursları başlandı - FOTO

“Ədibin Evi”ndə xarici diplomatlar üçün mədəniyyət kursları başlandı - FOTO

Sentyabrın 8-də İçərişəhərdə yerləşən “Ədibin Evi”ndə “Azərbaycan mədəniyyətinin qlobal səfirləri” (Azerbaijani Culture for Global Envoys) adlı kursun açılış mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək layihə haqqında məlumat verib. Deyib ki, kurslarda dörd qitənin səkkiz ölkəsini təmsil edən diplomatik korpus nümayəndələrinin iştirakı təmin olunub. “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının prioritet istiqamətlərindən biri olan mədəniyyət diplomatiyasının inkişafına töhfə verəcək kurslar milli mədəniyyətimizin fundamental dəyərlərinin öyrənilməsinə xidmət edir. Xarici diplomatlar arasında Azərbaycan mədəniyyətinə dair məlumatlılığın artırılmasının ölkələrimiz arasında münasibətlərə də müsbət təsir göstərəcəyi vurğulanıb.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva son beş ildə Fondun fəaliyyətində ədəbiyyatla yanaşı, mədəniyyətin digər istiqamətlərinin təbliği və tədqiqinə də yer verildiyini söyləyib. Bildirib ki, Azərbaycanda akkreditə olunmuş xarici diplomatik korpus üzvlərinin ölkənin mədəni irsinə daha dərindən bələd olmaları yalnız ikitərəfli əməkdaşlığın deyil, həm də qarşılıqlı hörmətin, məlumatlı beynəlxalq dialoqun və uzunmüddətli tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək.

“Azerbaijani Culture for Global Envoys” proqramının rəhbəri, sənətşünas Nigar Axundova qeyd edib ki, kurslar çərçivəsində diplomatlar Azərbaycan musiqisi, ədəbiyyatı, təsviri incəsənəti, teatr və kino sahələrini ayrıca modullar üzrə öyrənəcəklər. Vurğulanıb ki, Azərbaycanın mədəni zənginlikləri mühazirələr, interaktiv sessiyalar, tətbiqi məşğələlər və müxtəlif mədəniyyət ocaqlarına təşkil olunacaq ziyarətlər vasitəsilə təqdim ediləcək.

“Ədibin Evi”nin həmtəsisçisi, professor Ədibə Paşayeva layihənin işinə uğurlar arzulayıb.
Açılış mərasimi gənc ifaçılar Lalə Bədəlbəyli və Müşfiq Quliyevin təqdimatında musiqi proqramı ilə davam edib.

Daha sonra layihənin “Azərbaycan ədəbiyyatı” modulu üzrə ilk dərs təşkil olunub. Filologiya elmləri doktoru, professor Rahilə Qeybullayevanın apardığı dərs diplomatlar tərəfindən maraqla qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm