Azərbaycan kinosu Parisdə müzakirə edildi - FOTO
Bizi izləyin

Art

Azərbaycan kinosu Parisdə müzakirə edildi - FOTO

Azərbaycan kinosu Parisdə müzakirə edildi - FOTO

Parisdə Kino və Audiovizual Sənətlər Akademiyasında milli kino ənənələrinin qorunması, yeni yaradıcı nəslin yetişdirilməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında audiovizual sənətin rolu müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Ədibin Evi”nin icraçı direktoru, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının təsisçi direktoru Şəfəq Mehrəliyeva Paris Kino və Audiovizual Sənətlər Akademiyasının təsisçisi və direktoru, rejissor Benattu Benişu, həmin akademiyanın prezidenti Salya Ayaş ilə görüşüb.

Görüş qlobal mədəniyyətlərarası dialoqun və yaradıcılıq mübadiləsinin getdikcə daha böyük əhəmiyyət qazandığı bir dövrdə Parisdə kino sənətinin gələcəyinə, milli mədəniyyətin ekran vasitəsilə təbliğinə və yeni nəsil kino mütəxəssislərinin yetişdirilməsinə həsr olunub.

Cəmi üç il əvvəl fəaliyyətə başlayan Kino və Audiovizual Sənətlər Akademiyası Fransa kinematoqrafiyasının zəngin ənənələrini yaşatmaq, eyni zamanda, müasir kino sənayesinin tələblərinə cavab verən yeni yaradıcı simalar yetişdirmək məqsədi daşıyır.

Tərəflər kino sənətinin inkişaf perspektivləri, milli kimliyin ekran əsərlərində əks olunması və müasir texnologiyaların yaradıcılıq prosesinə təsiri ətrafında geniş fikir mübadiləsi aparıblar.

Benattu Benişu izlədiyi Azərbaycan filmlərində milli mədəniyyətin dərin izlərini və bu mədəniyyətə məxsus qürur hissini müşahidə etdiyini vurğulayıb. Onun fikrincə, kino yalnız texniki imkanların və vizual effektlərin nümayişi deyil, hər şeydən əvvəl, özündə incəsənət ruhunu, yaradıcı düşüncəni və milli dəyərləri ehtiva edən bir sənət sahəsi olmalıdır.

O hesab edir ki, kino sənətinə incəsənətin mahiyyətini və ruhunu qaytarmaq müasir dövrün əsas çağırışlarından biridir. Xüsusilə süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi şəraitdə bu məqsədə nail olmaq üçün kino sahəsində çalışanların peşəkar və yaradıcı potensialının davamlı şəkildə inkişaf etdirilməsi vacibdir.

Səfər çərçivəsində Akademiyanın müəllim və tələbə heyətinin həyata keçirdikləri layihələrlə tanışlıq olub. Tədris prosesinin diqqətçəkən xüsusiyyətlərindən biri tələbələrin kino istehsalının müxtəlif mərhələlərində bilavasitə iştirak etməsidir. Onlara verilən tapşırıqlar gələcək mütəxəssislərin yalnız bir istiqamət üzrə deyil, ssenarist, operator, montajçı və prodüser kimi müxtəlif peşə bacarıqlarına yiyələnməsini nəzərdə tutur. Beləliklə, Akademiya kino sənətini bütöv bir yaradıcılıq prosesi kimi mənimsəyən, müasir sənayenin tələblərinə cavab verən universal mütəxəssislər yetişdirməyə çalışır.

Görüşdə Azərbaycan kinosunun tarixi, milli kimliyin qorunmasında onun rolu və ölkəmizin həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məsələləri də diqqət mərkəzində olub.

Bu barədə fikirlərini bölüşən Şəfəq Mehrəliyeva Azərbaycan kinosunun tarixi inkişaf yoluna nəzər salaraq, milli kino ənənələrinin formalaşmasında yaradıcı şəxsiyyətlərin rolunu xüsusi vurğulayıb.

“Akademiyanın qarşıya qoyduğu məqsədlər bizə kifayət qədər yaxındır. Azərbaycan milli kinosunun tarixi dünya kinosunun tarixi ilə eyni dərəcədə zəngin ənənələrə malikdir. Bununla belə, onun inkişafının uzun bir dövrü Sovet İttifaqında incəsənətə tətbiq edilən senzuranın təsiri altında keçib. Məhz belə mürəkkəb şəraitdə Azərbaycan kino sənətinin simasını formalaşdıran əsas amillər görkəmli yaradıcı şəxsiyyətlərin fəaliyyəti, onların milli ruhu və öz mədəniyyətlərinə bağlılığı olub.

Müstəqilliyimizin bərpasından sonra milli kinomuzun əsas mövzularından birinə çevrilən Qarabağ münaqişəsi və onun dağıdıcı nəticələri Azərbaycan cəmiyyətinin və incəsənətinin gündəmində xüsusi yer tutdu. Altı il əvvəl Azərbaycanın Vətən müharibəsində qazandığı parlaq Qələbə və torpaqlarımızın işğaldan azad edilməsi isə miqyasına və tarixi əhəmiyyətinə görə son dərəcə böyük bir mövzudur. Əminəm ki, bu hadisələrə həsr olunmuş sənət əsərləri – istər ədəbiyyat, istər kino, istərsə də incəsənətin digər sahələrində – hələ uzun illər ərzində yaradılmağa davam edəcək.

ADA Universitetinin yeni yaratdığı Kommunikasiya və Rəqəmsal Media ixtisası da Kino və Audiovizual Sənətlər Akademiyasının qarşıya qoyduğu məqsədlərlə səsləşir. Bizim də əsas hədəfimiz Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa qadir olan yeni nəsil mütəxəssislər yetişdirməkdir”, - deyə Ş. Mehrəliyeva vurğulayıb.

Paris səfəri çərçivəsində baş tutan bu görüş bir daha göstərdi ki, kino sənəti xalqlar arasında mədəni dialoqun qurulması, milli kimliyin qorunması və tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm vasitədir.

Fransız kinematoqrafiyasının zəngin peşəkar təcrübəsi ilə Azərbaycan kinosunun milli-mədəni irsinin qarşılıqlı tanıdılması isə gələcək əməkdaşlıq və yaradıcı təşəbbüslər üçün yeni imkanlar açır. Akademiyada aparılan müzakirələrin əsas mesajı da məhz bu idi: texnologiyalar dəyişsə də, kino sənətinin əsasını insanın yaradıcılığı, milli yaddaş və incəsənətə bağlılıq təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm