Banklar ötən il 8,8 milyard dollar satıb - HESABAT
Bizi izləyin

Banklar

Banklar ötən il 8,8 milyard dollar satıb - HESABAT

2015-ci ilin sonuna strateji valyuta ehtiyatları 26 aylıq mal və xidmət idxalına kifayət edib, xarici dövlət borcunu 5.2 dəfə üstələyib.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il üzrə pul siyasəti icmalında deyilir.

Qeyd olunur ki, hesabat ilində ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin olunub. Strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbətinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutmaqda davam edib.

Banklar ötən il 8,8 milyard dollar satıb

İcmalda qeyd edilir ki, 2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin isə kəskin artması müşahidə edilib. Xarici valyuta təklifinin azalması ilk növbədə neftin dünya qiymətinin aşağı düşməsi və tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı xarici valyuta gəlirlərinin azalması ilə izah olunur. Tədiyyə balansı profisitinin aşağı düşməsi şəraitində dövlət xərclərinin əsas mənbəyi olan neft gəlirləri üzrə transfertlərin əhəmiyyətli azaldılması müşahidə olunub. Xarici valyutaya tələbin kəskin artması isə əsasən dollarlaşmanın yüksəlməsi ilə izah olunur. Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları ölkədə milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirib və dollarlaşmanın yüksəlməsinə səbəb olub. Xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verib. İl ərzində banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilə nəzərən 47.4% artaraq 8.8 mlrd. dollar olub. 2015-ci ildə xalis satılan ABŞ dollarının 50%-i, Avronun isə 29%-i ilin I rübündə satılıb.

Mərkəzi Bank ötən il 8.4 milyard dollar satıb

İcmalda valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərdən də söz açılıb. Bildirilib ki, bunları nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 fevral 2015-ci il tarixində ABŞ dollarının manata qarşı məzənnəsinin 1.05 AZN səviyyəsində müəyyən edilməsi haqqında qərar verib. Eyni zamanda, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu ikivalyutalı səbət mexanizmi əsasında həyata keçirilməsinə başlanıb. Fevral devalvasiyası və yeni əməliyyat mexanizminə keçiddən sonra valyuta bazarı və manatın məzənnəsi neftin 50-55 dollar qiymətinə adaptasiya olunmağa başlayıb. Cari ilin may-iyul aylarında Mərkəzi Bank müəyyən həcmdə valyuta alışları da həyata keçirib. Lakin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta bazarında təzyiqi yenidən artırıb, manatın məzənnəsinin dəyişməsi gözləntilərini yüksəldib. Eyni zamanda, tərəfdaş ölkələrdə davam edən devalvasiyaların milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsirləri güclənib. 2014-cü ilin əvvəlindən etibarən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi tempi 100%-i ötüb. Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə uyğunlaşmasını zəruri edib. Bunu nəzərə alaraq 21 dekabr 2015-ci il tarixində Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul edilib. Bu qərar manatın məzənnəsinin valyuta bazarındakı konyunktura uyğun yeni səviyyədə formalaşmasını şərtləndirib.

Qeyd edək ki, yeni məzənnə rejiminə keçidlə əməliyyat çərçivəsi olaraq ABŞ dolları və avronun daxil olduğu bivalyuta səbəti mexanizminin tətbiqinə son qoyulub. Yeni rejimin tətbiqindən sonra Mərkəzi Bankın valyuta bazarına müdaxilələri əhəmiyyətli azalıb. Ümumilikdə, 2015-ci ildə Mərkəzi Bankın xalis valyuta satışları 8.4 mlrd. dollar təşkil edib. 2015-ci ilin sonuna Mərkəzi Bankın xarici valyuta ehtiyatlarının həcmi 5 mlrd. dollar olub.

Mərkəzi Bankın xarici valyuta ehtiyatları manatla geniş pul kütləsinin (M2) 90.3%-nə (beynəlxalq normaya görə minimum 10-20%) bərabər olub. 2015-ci ilin sonunda Mərkəzi Bankın məzənnə siyasətinin əməliyyat çərçivəsi yeni rejimə uyğunlaşdırılıb. Hazırda Mərkəzi Bankın valyuta satışları hərraclar vasitəsilə həyata keçirilir. Mərkəzi Bankın məzənnə ilə bağlı hər hansı kəmiyyət hədəfi yoxdur. MB-nin əməliyyatları yalnız məzənnədəki kəskin tərəddüdlərin qarşısını almağa yönəldilib. Banklararası əməliyyatlar üzrə ortaçəkili məzənnə rəsmi məzənnə kimi götürülür.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm