Fırıldaq “NBS Bank”, aldadılan vətəndaşlar və “təkərsiz” qalmış avtomobillər - ARAŞDIRMA
Bizi izləyin

Banklar

Fırıldaq “NBS Bank”, aldadılan vətəndaşlar və “təkərsiz” qalmış avtomobillər - ARAŞDIRMA

Fırıldaq “NBS Bank”, aldadılan vətəndaşlar və “təkərsiz” qalmış avtomobillər

Cari ilin sonuna ölkədə fəaliyyət göstərən bankların bir neçəsi ya bağlanacaq, ya da digər banklarla birləşdiriləcək. Xüsusilə bu, məcmu kapitalı aşağı olan, maliyyə əməliyyatlarının həcmi yüksək olmayan banklara şamil ediləcək. Qeyd edək ki, hazırda ölkədəki bankların bir qisminin gəlirlərini istehlak kreditləşməsi, bir qisminin gəlirlərini isə avtomobil kreditləşməsi formalaşdırır. MB-nın ikinciləri daha çox hədəfə alması məhz burada hərc-mərcliyin daha yüksək olduğunu deməyə əsas verir.

Publika.Az həmin banklardan olan “Nurgun Group”a daxil “NBS Bank”la bağlı araşdırmasını təqdim edir.

Bankın yarımçıq missiyası

Məlumat üçün bildirək ki, bank 1992-ci ildən fəaliyyət göstərir. Bank "Ruzu" SKB kimi Mərkəzi Bankı tərəfindən qeydiyyatdan keçib. 17 yanvar 2002-ci il tarixindən adında dəyişiklik edilərək "NBCBank" KB kimi bank sektorunda fəaliyyətini davam etdirib. 2005- ci ilin mart ayından isə qanunvericiliyin tələbinə uyğun olaraq təşkilatı-hüquqi formasında dəyişiklik olunaraq ASC –yə çevrilib. Bankın Bakı şəhərində 7, regionlarda 4 filialı var. Bu da onu göstərir ki, mövcud olduğu 20 il ərzində “NBS Bank”strukturlaşa bilməyib. Bank haqqında olan məlumata görə, maliyyə qurumunun əsas missiyası - müştəri münasibətlərini inkişaf etdirmək, kiçik və orta sahibkarlığın inkişafına hər cür kömək göstərmək, əhalinin istehlak kreditlərinə olan ehtiyaclarının ödənilməsinə töhfə vermək, iqtisadiyyatı keyfiyyətli bank məhsulları və ximətləri ilə təmin etmək, insan resurslarını qorumaqdır.Gerçəklikdə isə bank sırf “Nurgun Group”a daxil olan “Nurgun Motors”un avtomobillərinin kreditlə satışını həyta keçirir. Müasir bankçılığa inteqrasiyadan tamamilə kənar qalaraq fəaliyyətini buna kökləyib. Necə? Başlayaq bankın kredit portfelindən.

İstehlak kreditləri üzrə faizlər 40- ı keçir

Bank partnyor аvto krediti, digər avto kredit, məişət krediti, mebel krediti, telefon krediti, kompyuter krediti, səyahət krediti, pul krediti, lombard krediti, plastik kartla kredit, həmçinin ipoteka krediti təklif edir. Digər bankların aşağı, dükanların isə faizsiz təklif etdiyi kredit xidmətləri “NBS Bank”da tükləri ürpədəcək qədər çox bahalıdır. Belə ki, ən adi məişət avadanlığı üzrə kreditlər 30-32 faizlə (faktiki illik faiz dərəcəsi 6 aylıq kredit üzrə FİFD -min 44,81% - max 46,86%,12 aylıq kredit üzrə FİFD -min 38,17% - max 40,21%, 18 aylıq kredit üzrə FİFD -min 35,73% - max 37,77%), telefon krediti üzrə 30-32 faizlə (faktiki illik faiz dərəcəsi 6 aylıq kredit üzrə FİFD -min 52,58% - max 54,65%, 12 aylıq kredit üzrə FİFD -min 42,44% - max 44,50%), səyahət krediti üzrə 28- 30 faizlə (faktiki illik faiz dərəcəsi 6 aylıq kredit üzrə FİFD -min 42,77% - max 44,81%, 12 aylıq kredit üzrə FİFD -min 36,13% - max 38,17%), ilkin ödəniş 10-20%, mebel krediti üzrə 30-32 faizlə (faktiki illik faiz dərəcəsi 6 aylıq kredit üzrə FİFD -min 44,81% - max 46,86%, 12 aylıq kredit üzrə FİFD -min 38,17% - max 40,21%, 18 aylıq kredit üzrə FİFD -min 35,73% - max 37,77%, 24 aylıq kredit üzrə FİFD -min 34,48% - max 36,51%), ilkin ödəniş 10-20 %, kompyuter krediti üzrə 30-32 faizlə (faktiki illik faiz dərəcəsi 6 aylıq kredit üzrə FİFD -min 44,81% - max 46,86%, 12 aylıq kredit üzrə FİFD -min 38,17% - max 40,21%, 18 aylıq kredit üzrə FİFD -min 35,73% - max 37,77%) təklif olunur. Bu qədər yüksək faizdən əlavə müştəridən üstəlik 30 manat komissiya haqqı da tutulur.

“NBS Bank”ın pul krediti üzrə faizləri də boğazları qurudur. Bank 5 000 manata qədər girovsuz, 200 000 manata qədər daşınar və daşınmaz girovla pul kredit xətti açır. Girovsuz kredit 24 aya, girovla isə 48 аya qədər illik faiz dərəcəsi depozit %+6% (nəğd vəsaitlə təmin olunmuş kreditlər üçün), 26%-30% (digər verilən kreditlər üçün) təşkil edilir. Kreditin faktiki illik faiz dərəcəsi isə 12 aylıq kredit üzrə FİFD -min 34,09% - max 38,17%, 18 aylıq kredit üzrə FİFD -min 31,66% - max 35,73%, 24 aylıq kredit üzrə FİFD -min 30,4% - max 34,48%,36 aylıq kredit üzrə FİFD -min 29,93% - max 34,02%, 48 aylıq kredit üzrə FİFD -min 29,11% - max 33,22%-dir. Hansı bankda belə faizlərlə pul krediti verilir?! Bundan əlavə mobil telefon kreditləri üzrə faizlər faktiki müştərinin telefonu dəyərindən iki qat baha alması deməkdir.

Yada salsaq ki, dövlətin banklara kreditlərin verilməsi üçün qoyduğu faiz dərəcələri kifayət qədər aşağıdır. Yəni Mərkəzi Bankın uçot dərəcəsi 4,75 faizdir, “NBS Bank”ın uçot dərəcəsindən 10 dəfəyə qədər artıq faizlə kredit təklif etməsinin heç bir iqtisadi əsaslandırması yoxdur. Düzdür, mərkəzləşdirilmiş kreditlərin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 5 faizini təşkil edir. Bu da bankların vəsaitlərinin 95 faizini kənardan cəlb etməsinə gətirib çıxarır. Amma ortada heç bir kreditorun indiki reallıqda 24 faizdən yuxarı kredit vermədiyi faktı da var. Eyni zamanda MB-nın cari ilin yanvarında banklara qarşı tələbləri sərtləşdirdikdən sonra bir çox banklar müştəri cəlb etmək üçün faizləri aşağı saldılar. “NBS Bank” da hələlik hansısa faiz azalmasından söhbət belə getmir. Belə nəticə çıxır ki, kredit faizlərinin yüksək olması “NBS Bank”ın qısa müddətdə gəlir əldə etmək istəyindən başqa bir şey deyil. Xüsusilə,nizamnamə kapitalına qoyulan tələblə bağlı müddətin azaldığı şəraitdə ən asan maliyyə mənbəyi vətəndaşların cibindən başqa nə ola bilər?

Avtomobil krediti yalanı

Bankın “Nurgun Motors“ un avtomobillərinin satışını nəzərdə tutan avtomobil krediti ilə bağlı şərtləri isə bir qədər yüngüldür. Bu da ondan irəli gəlir ki, “NBS Bank”ın fəaliyyəti sırf “Nurgun Group”un avtomobillərinin hissəli ödənişlə satışına hesablanıb. Misal üçün, partnyor avtomobil kreditləri 100 min manat olmaqla (“Nurgun Group”un xaricdən gətirdiyi “Nissan”, “Ford”, “Renault”, “İnfiniti” avtomobillərinə hesablanıb) illik 16%-18%-lə təklif olunur. Faktiki illik faiz dərəcəsinə gəlincə, 12 aylıq kredit üzrə FİFD - 19,89%, 18 aylıq kredit üzrə FİFD - 18,7%, 24 aylıq kredit üzrə FİFD - 18,08%, 36 aylıq kredit üzrə FİFD - 17,44%,48 aylıq kredit üzrə FİFD - 18,13%, 60 aylıq kredit üzrə FİFD - 18,95%-dir. Bu arada partnyor tərəfindən verilmiş qaimə-arayışı banka təqdim ediləndə bu rəqəmlərin hamısı qüvvədən düşür. Bank yuxarıda adı çəkilən avtomobillərə 22 faizlə kredit ayırır. İlkin ödəniş minimum 50% (30 000 AZN - ə qədər avtomobillər), min 40% (30 000 AZN və yuxarı) avtomobillər üçündür. Kreditin verilməsi üçün tələb olunan sənədlərə gəlincə, ərizəçinin şəxsiyyət vəsiqəsi, zamin(lər)in şəxsiyyət vəsiqəsi (tələb olunarsa), iş yerindən(təqaüd haqqında)arayış və ya biznes gəlirlərini təsdiq edən hesabatlar (tələb olunarsa), partnyor tərəfindən verilmiş qaimə-arayış tələb olunur. Onu da bildirək ki, “NBS Bank” əsas gəlirlərini “Nurgun Motors“un avtomobillərinin kreditoru kimi çıxış etməklə formalaşdırır. Araşdırmalar göstərir ki, Mərkəzi Bankın avtomobil kreditləri ilə bağlı qadağası “Nurgun Motors” un bazarını ”bağlamayıb”. Şirkətin salonları əvvəlki qaydada bank vasitəsilə satışları davam etdirirlər.

“NBS Bank”ın kredit protfelinə daxil olan digər avtomobil kreditlərində isə məbləğ aşağı (30 min manat) olsa da faizlər kəllə-çarxa çıxır. Bank 36 ay müddətinə, 30 manat komissyon haqqı ödəməklə, illik faiz dərəcəsi 20%-26%, faktiki illik faiz dərəcəsi 12 aylıq kredit üzrə FİFD -min 25,94% - max 32,02%,18 aylıq kredit üzrə FİFD -min 24,13% - max 30,21%, 24 aylıq kredit üzrə FİFD -min 23,19% - max 29,28%, 36 aylıq kredit üzrə FİFD -min 22,24% - max 28,32% ilə kredit verir. Girov qismində alınmış avtomobil iştirak edir. Girovun qiymətləndirilməsi bank daxili komissiya tərəfindən real bazar qiymətinin 70% - əsas alınaraq aparılır bu da heç də ədalətli prinsip deyil.

Bankdakı əmanətlər bata bilər

“NBS Bank” təkcə bahalı kredit siyasəti deyil, eləcə də yuxarı faizlə əmanətlərin cəlbini həyata keçirir. Əmanət portfelinə “Müddətli depozit”,”Uşaq depoziti”, “Cəm depozit”, “Yubley Əmanəti”, “Universal depozit”,”Tələbli” kimi xidmətləri daxil edən bankda əmanətlər (müddətli depozit, Yubley Əmanəti, Cəmi depozit üzrə manat və dollarla yerləşdirilən əmanətlər) üzrə faizlər cari ilin əvvəlinə qədər 13-14 faiz təşkil edirdi. Hansı ki, bu da birbaşa müştərinin aldadılması, əmanətinin təhlükəsizliyinə heç bir təminatın verilməməsi demək idi. Çünki Əmanətlərin Sığortalanması Fondu12 faizdən az divident verən əmanətləri sığortalayır.Bu ildən bankın faizləri 8-11 faizdir. Yenə də digər bankların faizindən çox. Belə ki,

əksər banklarda faizlər illik 7 faiz təşkil edir. Görünür, “NBS Bank “ vətəndaşları şirniklədirməklə əlindəki vəsaitləri artırır. Yüksək faizlə cəlb etdiyi əmanətləri daha yüksək artıq faizlə kredit formasında müştərilərə təklif edir. Lakin nəzərə alsaq ki, ilin sonunda bankın bağlanma təhlükəsi 90 faizdir əmanətçiləri gözləyən sürpriz gecikməyəcək. Belə ki, bildirdiyimiz kimi fondun müəyyənləşdirdiyi faiz dərəcəsindən yüksək faizlə cəlb edilən əmanətlərin 1 qəpiyi də sığortalanmadığından qaytarılmır. Onu da qeyd edək ki, 2012-ci ilin oktyabr ayının 1-nə bankdakı fiziki şəxslərin əmanətlərinin həcmi 35.5 milyon manat olub.

Məcmu kapitalla bağlı tələbi yerinə yetirə bilmir

Kommersiya bankı bu qədər yüksək faizlərə, asan qazanca rəğmən Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinə də cavab vermir. 2013-cu ilin aprel ayında bankın məcmu kapitalı 26.838 mln manat təşkil edir. İlin sonuna olan hesabatda bu rəqəm 39,579 mln manat göstərilib. Nəzərə alsaq ki, həmin tarixdə vergilər ödənildikdən sonra bankın xalis mənfəəti 448min manat təşkil edib, bankın qısa müddətdə məcmu kapitalını 9.741 mln. manat artırması hansı möcuzənin nəticəsidir bəlli deyil. Bundan əlavə maliyyə qrumunun vaxtı keçmiş kreditlərinin həcmi də diqqət çəkir. Belə ki, 5,923 mln. manat kreditin vaxtı keçib. Fiziki şəxslər üzrə bu həcm 4,915 mln manat olub. Vaxtı keçmiş kreditlərin kredit portfelində xüsusi çəkisi 6 faiz təşkil edib. Bu da kiçik rəqəm deyil. Onu da bildirək ki, bankın iqtisadiyyatın sahələri üzrə kredit portfelinin həcmi 97,751 mln manat olub.

Bu hamısı deyil. Rəqəmlərdən göründüyü kmi, NBS bankın məcmu kapitalının həcmi Mərkəzi Bankın məcmu kapitalın həcmi (50 milyon manat) ilə bağlı tələbinə hələ də uyğun gəlmir. Ən azı 11 milyon manata yaxın azdır.

Kirilcə veb səhfə

“NBS Bank”la bağlı diqqəti çəkən daha bir məqam bankın rəsmi veb səhfəsində bir çox xidmətlər üzrə təkliflərin bu ilin əvvəlinə qədər kril əlifbası ilə yazılması idi. Ciddi bankçılığa iddialı maliyyə qurumu ölkədə latın əlifbasına keçiddən, Azərbaycan dili haqqında qanundan illərdir xəbərsiz olub.

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm