Qatarsız vulkanlar ölkəsi futbolda necə inqilab etdi – MARAQLI FAKTLAR
Bizi izləyin

Bilgi.az

Qatarsız vulkanlar ölkəsi futbolda necə inqilab etdi – MARAQLI FAKTLAR

Hazırda dünyanın bir çox ölkələrində İslandiya futbol komandasının göstərdiyi möcüzədən danışılır. Tarixdə ilk dəfə olaraq Avropa Çempionatına qatılan İslandiya millisi, avropalıların dili ilə desək, futbolda dastan yazdılar. Əhali sayına görə, dünyanın ən kiçik dövlətlərindən biri olan İslandiya millisinin qarşısında hətta futbolun vətəni sayılan İngiltərə komandası da dayana bilmədi.

Fransada keçirilən Avropa çempionatı çərçivəsində iyunun 27-də baş tutan oyunda İslandiya millisi, heyətində Ueyn Runi, Daniel Starric, Harri Keyn, Markus Reşford və Ceymi Vardi kimi ulduz futbolçuları olan İngiltərə komandasını 2:1 məşğul etdi. Bu oyundan sonra İslandiya bütün Avropanın diqqət mərkəzinə düşdü. Şübhəsiz ki, insanlar indiyə qədər elə də tanınmayan İslandiya haqqında daha çox öyrənməyə maraqlı oldular.

Publika.az olaraq biz də bu ada dövləti haqqında maraqlı olan məlumatları oxuculara çatdırmağı özümüzə borc bilirik. Məlumat üçün bildirək ki, İslandiya Avropa qitəsinin ən ucqar qərbində yerləşən ada dövlətidir. İslandiyanın Paytaxt Reykyavik isə dünyanın ən ucqar şimalında yerləşən paytaxt şəhəridir.

ABŞ və Kanadaya ən yaxın Avropa ölkəsi olan İslandiya ada dövləti olduğu üçün quru sərhəddən qonşusu yoxdur. İslandiyanın ən yaxın qonşusu şimaldan 300 kilometr məsafədə yerləşən Qrenlandiya adasıdır. Həmçinin, adanın Şərqdən isə İsveç və Norveç, cənubdan Böyük Britaniya ilə su sərhədi vardır.

Bu dövlət Atlantik okeanının şimalında, Şimal qütbünə yaxın məsafədə yerləşir. Bu dövlət həm də dünyanın ən böyük adası olan Qrenlandiya ilə Avropa qitəsi arasında strateji əhəmiyyətə malikdir.

İslandiyanın tərcümədən mənası "Buzlaqlar ölkəsi" deməkdir. Ərazisinin çox hissəsi buzlaqlardan və vulkanlardan ibarət olan adaya "İslandiya" adının verilməsi də bu baxımdan məntiqlidir. Hazırda İslandiya adasında dünyanın 5 nəhəng buzlağı mövcuddur.

İslandiya soyuq buzlaqları ilə yanaşı, yanan vulkanlar ölkəsi hesab olunur. Hazırda bu adada 100-dən çox aktiv vulkan fəaliyyət göstərir. Eyni zamanda dünyanın ən aktiv vulkanı da məhz İslandiyada yerləşir. Bu adada zəlzələlər də tez-tez baş verir. Hətta, tektonik hərəkətlər səbəbindən İslandiya sahillərində yeni adalar da yaranır.

İslandiya planetin ən çətin yaşamalı olan yerlərindən biridir. Vulkanlardan ibarət olan bu ada dövlətinin ərazisində milyon illərdir ki, ərimiş qayalar od püskürür. İslandiyada yer üzünün hər yanı canlıdır və ada hələ də hərəkətdədir. Ona görə də İslandiyada insanın yaşaması sonsuz mübarizə və qəhrəmanlıq tələb edir. Bu ada dövləti nəhəng geoloji tavaların toqquşma zonasında yerləşir. Bu nəhəng tavalar İslandiyanı ikiyə ayırır.

Ərazisi 103 min kvadrat kilometr olan İslandiyanın mərkəzi hissələri yaşayış üçün yararsız olsa da, ancaq adanın əlverişli bölgələrində ümumilikdə 198 min nəfər əhali yaşayır. İslandiya dünyanın ən az əhalisi olan ölkələrindən biridir. Bütün bunlara baxmayaraq, islandiyalılar çətin və əlverişsiz torpaqlarda həyatda qalmağın yollarını tapıblar. İslandiyalılar vulkanik torpaqları becərmək əvəzinə, dənizləri qurudaraq məhsul əldə edirlər, vəhşi təbiətdən qaçmaq əvəzinə, onun gücündən yaralanırlar.

İslandiyada buzlaqlarla qaynar termal suların bir arada olması bir-birinə zidd olsa da, ancaq islandlar təbiətin bu zənginliklərindən gündəlik məişətdə, işdə və istixanalarda istifadə edirlər.

Ötən yüz illər ərzində İslandiyada yaşayan insanlar dəyişərək çox inkişaf ediblər. Bu baxımdan da islandiyalılar bənzərsiz və homogen mədəniyyət formalaşdırıblar. Dilləri əcdadlarının zamanındakı kimi saf qalıb, dəyişməyib. İslandiyalılar Yer kürəsində oturaq məskən salan ilk vikinqlərdir.

Ümumiyyətlə, İslandiya qədim tarixə sahib ölkə hesab edilir. IX və X əsrlərdə, əsasən Norveçlilər tərəfindən məskunlaşmalar başlayıb. İslandların Xristianlıq dinini qəbul etməsi 1000-ci ildə baş verir. 1262-ci il uniyasına əsasən İslandiya Norveçdən tam asılı vəziyyətə düşür.

İslandiyada parlament vəzifəsini yerinə yetirən aypinq qanunvericilik funksiyalarının əksəriyyətindən məhrum edilir. 1380-cı ildə İslandiya, Norveç və Danimarka arasında üçtərəfli uniya imzalanır.

1537-ci ildə krallıq funksiyasını itirən Norveç eyni zamanda İslandiya üzərində olan hüquqlarından da məhrum olur və bununla da İslandiyanın idarəsini Danimarka tək başına icra etməyə başlayır.

Danimarkanın İslandiyada Lüteranlıq məzhəbini rəsmi din kimi tətbiq etməsi ilə İslandiya müstəqilliyini tamamilə itirib. Kilsə tərəfindən keçirilən islahatlar yerli əhalinin kəskin etirazı ilə qarşılanır. Qısa zaman ərzində kilsə əleyhinə başlanan hərəkat xalq hərəkatına çevrilir.

1551-ci ildə zor gücü ilə islandlara protestantlıq qəbul etdirilir. İslandiya adası 26 gün müddətində Osmanlı imperiyası tərəfindən idarə edilib.

1627-ci ilin 20 iyun və 16 iyul tarixləri arasında adaya gələn türklər 400 nəfərlik island əsirləri və ərzaq yüklü gəmi ilə birlikdə Əlcəzairə qayıdırlar.

XVII əsr İslandiya üçün uğurlu olmayıb. Bu dövrdə adada durmadan vulkan püskürmələri yaşanırdı, digər tərəfdən aclıq, susuzluq və soyuq hava şəraiti adada yaşan islandların bir qurupunun ölməsinə və bir qisminin də Danimarkaya köçməsinə səbəb olur.

Dünyanın ilk parlamenti də İslandiyaya məxsusdur. Belə ki, 1843-cü ildə dünyanın ilk parlamenti olan aypinq yenidən formalaşdırılır.

İkinci dünya müharibəsi illərində təhlükəsizlik adı ilə İngiltərə tərəfindən ada işğal edilir.

1941-ci ildə adanın idarə edilməsi Amerika Birləşmiş Ştatlarına keçir və İslandiya ilə olan münasibətlərini dondurduğunu elan edir.

1944-cü ilin 17 iyun tarixində İslandiya rəsmən müstəqil dövlət olduğunu elan edir.

İslandiyanın ilk müstəqilliyini tanıyan dövlət isə ABŞ olur. Daha sonra İslandiya 1949-cu ildə NATO-ya üzv qəbul edilir.

İslandiyanı maraqlı edən digər məqam isə adadakı məktəblərlə bağlıdır. Belə ki, İslandiya məktəblərində məktəblilərin siniflərə ayaqqabı ilə girməsi rəsmən qadağandır.

Bu gün İslandiyada heç bir qatar yolu mövcud deyil. Dünyanın ən az əhalisi olan dövlətlərdən biri olduğu üçün, İslandiyada işsizlik problemi ümumiyyətlə yoxdur. Bura gələn hər kəs çox asan şəkildə iş tapa bilir. İslandiyada rəsmi dövlət dili islandcadır, ancaq ölkənin hər yerində ingiliscə danışırlar. İslandiya əhalisinin oxuyub-yazma səviyyəsi 100 faiz təşkil edir.

BMT 2007-ci ildə yaşayış, təhsil və adambaşına düşən gəlir səviyyəsinin yüksək olması baxımından İslandiyanı dünyanın ən yaşamalı ölkəsi hesab edib. İslandiya əhalisinin adambaşına düşən illik gəliri 50 min dollar təşkil edir.

İslandiya ordusu olmasa da, ölkənin müdafiə xidmətində çalışanlar, buna görə minimum 1200 avro əmək haqqı alır.

Eyni zamanda İslandiya çox bahalı ölkə sayılır. Burada meyvə-tərəvəz və ev kirayəsinin qiymətləri çox yüksəkdir. Restoran və kafelərdə təklif olunan yeməklərin qiyməti digər Avropa ölkələri ilə müqayisədə 3-4 dəfə bahadır.

Hazırda İslandiyada yaşayan əcnəbi millətlər arasında sayına görə 10 min nəfər olan polşalılar birincidir. Polşalılardan sonra sayına görə danimarkalılar və almanlar gəlir.

İslandiya iqtisadiyyatının əsas gəlir mənbəyini balıqçılıq sənayesi təşkil edir. Hər il bu ölkədə 1,5 milyon ton balıq ovlanır və ixracat gəlirlərinin 70 faizi balıqçılığın payına düşür. İslandiyada çalışan insanların əksəriyyəti də balıqçılıq sektorunda təmsil olunur.

İslandiyada atlarla bağlı da dövlətin qadağası mövcuddur. İslandiyaya xas olan vikinq atlarının ölkədən çıxarılması rəsmi şəkildə qadağan olunur. Hətta, bu atları kimsə ölkədən kənara çıxaran zaman tutularsa, onu böyük cəzalar gözləyir.

Deyilənə görə, vikinq atları 900-cü illərdə vikinqlər tərəfindən adaya gətirilib.

Vikinq atlarının əsas özəlliyi 5 fərqli formada qaça bilməlidir. Bu atların 900-cü ildən bəri nəsli və cinsi dəyişməyib. Çünki İslandiyadan bu atların çıxarılması qadağandır. Eyni zamanda adaya kənardan atların gətirilməsi də qadağan edilir.

Hazırda İslandiyada təqribən 100 min baş vikinq atının olduğu deyilir. Bu atların çoxu İslandiyada sahibsiz şəkildə təbiətin qoynuna buraxılıb və dövlət tərəfindən ciddi mühafizə olunur.

İnsanlara Fransada keçirilən "Euro 2016" çempionatından tanınan İslandiya futbol komandası az bir zamanda özünə böyük azarkeş kütləsi toplaya bilib. Əslində, İslandiyada da futbolun inkişafı yaxın tarixə dayanır. Bu ölkədə futbolun fəlsəfəsi 17 il öncə dəyişməyə başlayıb. 1995-ci ildən başlayaraq, buzlaqlarla örtülən İslandiyada qapalı futbol meydançalarının inşasına başlanılır. Həmin dövrdə İslandiya hökuməti uşaq futboluna da ciddi diqqət göstərir. Ona görə də indi "Euro 2016"-da oynayan İslandiya komandası üzvlərinin əksəriyyəti 1995-2000-ci illərdə uşaq futboluna gətirilən oyunçular olur. Əsas maraqlısı odur ki, bu gün həmin İslandiya milli komandasının 25 futbolçusundan 23-ü xarici ölkələrin aparıcı futbol klublarında oynayır.

İslandiya komandası təkcə oynadığı futbolu ilə deyil, həm də təmkinli azarkeşləri ilə da diqqətdən yayınmayıb. İslandiya azarkeşlərinin stadiondan səsləndirdiyi "huh huh" kəlmələrinin mənası da çox maraqlıdır. əslində, islandiyalılar "huh huh" deyərək, balinaları çağırırlar. Stadionda da island azarkeşlərin öz komandasını "huh huh" deyərək çağırması, əslində onların gücünə inamını ifadə edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm