Bilgi.az
Maaşsız işləyən prezident: həbsə düşür, dəfələrlə məğlub olur, sonra... - MARAQLI FAKTLAR - FOTO
Zambiyada keçirilən prezident seçkilərinin xronoloji ardıcıllığına baxsaq görərik ki, Hakainde Hiçilema düz 5 dəfə məğlubiyyətə uğrayıb, üstəlik 2 dəfə müxtəlif vaxtlarda həbs edilib. Bununla belə ölkəsinin taleyini dəyişmək və inkişaf etdirmək arzusundan imtina etməyib. Düz 5 cəhddən sonra rəqibini 1 milyon səslə geridə qoyan Hiçilema 2021-ci ilin avqustunda nəhayət ki, Zambiyanın prezidenti seçilib. Sələfindən ona boş bir xəzinə miras qalsa və dövlət büdcəsindən “dəhşətli” pullar oğurlansa da, Hiçilema hakimiyyətə gəldiyi ilk gündən xalqın maariflənməsi və ölkənin inkişafı yolunda ciddi islahatlar aparmaqla məşğuldur. “Dünyanı dəyişmək istəyirsənsə, ilk növbədə özünü dəyiş” prinsipi ilə addım atan cənab elə bu ənənədən başlayır. Necə? O, 9 aydır ki, ölkəyə maaşsız rəhbərlik edir. Nə üçün və niyəsini aşağıda öyrənəcəyik...
Publika.az oxucuları Zambiya prezidentinin həyat yolu və hakimiyyətə gəldikdən sonra gördüyü işlərlə tanış edir.
Hakainde Hiçilema 1962-ci il iyunun 4-də Monze şəhəri yaxınlığında kasıb ailədə anadan olub. Zambiya Universitetində dövlət təqaüdü ilə təhsil alan Hiçilema 1986-cı ildə iqtisadiyyat və biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsini başa vurub, daha sonra Birmingem Universitetində (Böyük Britaniya) MBA proqramı çərçivəsində təhsilini davam etdirib.
Uğurlu iş adamı
Hiçilema uğurlu sahibkardır, milyonçudur və özünü inkişaf etdirən bir rəhbər kimi tanınır. Şəxsi kapitalı milyonlarla dollarla qiymətləndirilir. Bundan əvvəl onun yerli mehmanxana və maldarlıq müəssisələrində pay sahibi olduğu bildirilir. O, investisiya sektorunda uğurlu korporativ karyera qurub: 1994-2006-cı illərdə o, böyük beynəlxalq audit və konsaltinq şirkətləri “Coopers & Lybrand” (sonralar PricewaterhouseCoopers) və “Grant Thornton”un Zambiya ofislərində rəhbər vəzifədə çalışıb. Bundan başqa, Hiçilema Britaniyanın “Barclays” bankının Zambiya filialının və Cənubi Afrikadakı “Sun International” holdinqinin direktorlar şurasına da rəhbərlik edib və Zambiyada sərmayə qoyuluşu ilə bağlı bir sıra beynəlxalq konfransların da təşkilatçısı olub. Siyahı bununla bitmir, dövlət başçısı həm Şərqi və Cənubi Afrika üçün Ümumi Bazarın (COMESA) üzv ölkələrinin beynəlxalq təşkilatı olan Afrika Ticarət Sığorta Agentliyinin direktorlar şurasına rəhbərlik edib, həm də korporativ idarəetmə standartlarını yüksəltməyə həsr olunmuş qeyri-kommersiya təşkilatı - Zambiya Direktorlar İnstitutunun üzvüdür.
Ölkənin ən böyük təsərrüfat (100 min başdan çox mal-qara) sahibidir, yerli bazara və ixraca əsas ət tədarükçüsü eyni zamanda turizm sektoruna da böyük sərmayələr yatırıb.
Siyasi fəaliyyəti
Hiçilema Birləşmiş Milli İnkişaf Partiyasının (UNDP) üzvüdür. 1998-ci ildə yaradılan bu liberal partiya 2016-cı ildən bəri ölkənin ən böyük müxalifət qüvvəsidir. Hakainde Hiçilema 2006-cı ildə onun həmyerlisi, dostu, biznes mentoru və ilk rəhbəri Anderson Mazokinin vəfatından sonra BMTİP-in sədri seçilib. Bundan əlavə, o, Mazokinin təşəbbüsü ilə yaradılmış və üç müxalifət partiyasından: BMTİP, Vahid Milli İstiqlal Partiyası və Demokratiya və İnkişaf Forumundan ibarət “Vahid Demokratik Alyans” koalisiyasına rəhbərlik edib. 2006-cı il parlament seçkilərində koalisiya Milli Assambleyada seçilmiş 150 yerdən 26-nı qazanıb, lakin bu siyasi birlik 2008-ci ildə dağılıb.
BMTİP-in dəstəyi ilə Hiçilema 6 dəfə prezident seçkilərində iştirak edib. 2006, 2008 (prezident Levi Mvanavasanın ölümündən sonra keçirilən növbədənkənar seçkilər) və 2011-ci illərdə o, müvafiq olaraq 25,3%, 19,9% və 18,5% səslə üçüncü olub. 2015-ci ildə prezident Maykl Satanın ölümündən sonra keçirilən növbədənkənar seçkilərdə o, 47,16% səslə ikinci olub. Bu seçkilərdə 48,84 faizlə, daha dəqiq desək, 27 minə yaxın səs fərqi ilə rəqibi Edqar Lunquya qalib gəlib. O dövrdə qüvvədə olan normalara görə, seçkilər bir turda keçirilirdi və qalib gəlmək üçün sadə səs çoxluğu kifayət edirdi. 2016-cı ilin seçkilərində Hiçilema yenidən kiçik fərqlə Lunquya uduzur (50,35% səsə qarşı 47,63%).
4 aylıq həbs cəzası
2017-ci ilin aprelində Hakainde Hiçilema vətənə xəyanət və dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilir və yetərli dəlil olmadığı üçün məhkəmə işi rədd edilənə qədər 4 ay həbsdə yatır. Lakin onu Zambiyanın və qonşu ölkələrin tanınmış siyasətçiləri, o cümlədən ölkənin birinci prezidenti Kennet Kaunda, Nigeriyanın keçmiş prezidenti Olusequn Obasanco, Britaniya Birliyinin baş katibi Patrisiya Skotland, Cənubi Afrika siyasi partiyalarının liderləri Culius Malema və Mmusi Maimane tək qoymur. Görkəmli siyasət xadimlərinin dəstəyi ilə azadlığa çıxandan qısa müddət sonra o, Zambiya tarixində ilk dəfə Kral Beynəlxalq Münasibətlər İnstitutunun “Chatham House”da (Böyük Britaniya) mühazirə oxumağa dəvət edilir, həmçinin Afrikada siyasi azadlıqları təşviq etdiyinə görə Almaniyanın Fridrix Nauman Fondundan mükafat alır.
Hiçilema 2004-cü ildə etdiyi iddia edilən daşınmaz əmlak əməliyyatında iqtisadi fırıldaqçılıq ittihamı ilə 2020-ci ildə yenidən həbs olunsa da, tezliklə sərbəst buraxılır.
Növbəti cəhd
2021-ci ildə Hakainde Hiçilema yenidən seçkilərdə namizədliyini irəli sürür. Bu, Hiçilemanın ölkənin ən yüksək vəzifəsinə seçilmək üçün atdığı altıncı cəhdi idi. Seçki proqramında o, iqtisadiyyatı bərpa etmək üçün struktur islahatlarının aparılmasına diqqət yetirir. Böhranda o, Lunqu hökumətini günahlandırdı, belə ki, onun fəaliyyəti dövründə Zambiyanın ÜDM-i 2014-cü ildəki 27,1 milyard dollardan 19,3 milyard dollara qədər, demək olar ki, 30% azalıb. 2020-ci ilin noyabrında Zambiya pandemiya böhranı nəticəsində beynəlxalq borcunu defolt edən ilk Afrika ölkəsi olur.
O, həmçinin dövlət borcunun restrukturizasiyası, xarici sərmayələrin cəlb edilməsi, yeni iş yerlərinin açılması, səhiyyənin, təhsilin inkişafı və əhaliyə sosial dəstəyin genişləndirilməsi istiqamətində ciddi işlər görüləcəyini vəd edir. Xüsusilə 73 tayfanın yaşadığı ölkənin birləşməsi və acınacaqlı vəziyyətdə olan iqtisadiyyatın bərpası üçün kampaniya aparır. Bundan əlavə, Hiçilema gənclərin iqtisadi imkanlarını artırmaq üçün ardıcıl olaraq təhsil sistemində islahatların aparılmasını müdafiə edir.
Beləliklə, 2021-ci ilin avqustunda Zambiya Seçki Komissiyası məşhur iş adamını prezident seçkilərinin qalibi elan edir. Yerli və beynəlxalq əlaqələri olan iqtisadçı və iş adamı olan 59 yaşlı Hiçilema 15 illik müxalifətdən sonra o vaxtkı prezident Edqar Lunqunu məğlub edərək prezident kürsüsünə layiq görülür. Yeri gəlmişkən, bu dəfə o, Edqar Lunqunu 1 milyon səslə geridə qoymağa müvəffəq ola bilir.
Beynəlxalq Əmək Təşkilatı hesab edir ki, Zambiyada işsizlik 2020-ci ildə 12 faizdən çox artıb ki, bu da 2011-ci ildən bəri ən yüksək göstəricidir. Hiçilemanın seçkilərdə qalib gəlməsinin digər əsas səbəbi də odur ki, o, gənc zambiyalılar üçün iş yerlərinin yaradılacağına vəd verib.
src="/storage/files/upload/8068ad338dfbe5a220ebb47806e4a3187b71fa20.jpg" style="width: 566px; height: 360.353px;" class="fr-fic fr-dib">
Həyat yolu
Hakainde Hiçilema Mutinta Hiçilema ilə evlidir, onların bu nikahdan bir qızı və iki oğlu var. Xanımı xeyriyyə işləri ilə məşğul olur, o cümlədən Zambiyanın ənənəvi mədəniyyətinin və rituallarının dirçəldilməsinə dəstək fondunun yaradıcısıdır. Hiçilema və həyat yoldaşı Mutinta Şepande Hiçilema Yeddinci Gün Adventist Kilsəsinin Lusaka Konfransının Çilanqa missioner bölgəsinin vəftiz olunmuş üzvləridir. Yeri gəlmişkən, seçki kampaniyası zamanı Hiçilema ölkədəki bütün inancların dini azadlığını dəstəkləyəcəyinə söz verir və siyasi rəqiblərinin iddialarından fərqli olaraq heç kimi öz kilsəsinə qoşulmağa məcbur etmir. Vatikana səfəri ərəfəsində yerli mətbuata eksklüziv müsahibə verən Hiçilema Papa Fransisk ilə görüşündə də hökumətinin bütün kilsələrin dini azadlığına hörmət etdiyini dilə gətirib: “Biz hökumət olaraq ölkəmizdəki bütün dini qurumları əhatə edəcəyik. Onların hamısının öz yeri var”.
Təhsil hamı üçün prioritetdir!
Hakimiyyətə gəldikdən sonra Hiçilemanın rəhbərlik etdiyi UPND hökuməti ibtidai və orta məktəblərdə bütün təhsil haqlarını ləğv edib. Gələcəkdə ümumi məqsəd həm də kollec və universitetlərdə pulsuz ali təhsilin təmin edilməsidir. Bu addımı ilə bağlı suala Hiçilema belə cavab verib: “Təhsil Zambiya cəmiyyətini dəyişdirmək üçün əsas vasitə olacaq. İmkansız tələbələrin də təhsil almasına yol açmalı və qayğı göstərməliyik. Təhsil bacarıqları olmayan bir cəmiyyəti necə inkişaf etdirə bilərsiniz? Kənd təsərrüfatı biliyi olmadan necə daha səmərəli ərzaq istehsal edə bilərsiniz?”
Hiçilema həm də onu vəd verib ki, ölkənin sərvətləri regionlar arasında bərabər paylanacaq: “Biz Zambiya xalqını bütün bölgələrə bərabərlik və ədalətli münasibət yolu ilə yenidən birləşdirmək istəyirik. Məhz bu platforma vasitəsilə biz bir Zambiya, bir millət və bir xalq olaraq özümüzə bağlı qalmağa davam etmək istəyirik.
Bu ölkə neçə illərdir parçalanıb və parçalanmalar göz qabağındadır. Yalnız bundan sonra işin ikinci lövbərini ata bilərik... yenidənqurma, ölkəmizi yenidən dirçəltmək. Beləliklə, iqtisadi rifahı geri qaytarmaq üçün ölkəni iqtisadi cəhətdən yenidən qurmaq lazım gələcək. Bu da investisiyaları qaytarmağa, iş yerlərini qurmağa və genişləndirməyə yol açacaq”.
Maaşsız işləyən prezident
Hiçilema 9 aydır vəzifədə olsa da, maaş almır. O, insanların həyatını necə yaxşılaşdıracağına diqqət yetirdiyi üçün dövlət büdcəsini “mənimsəməyə” ehtiyac görmür. Prezident maaş və müavinətlərinin ödənilməsinə cavabdeh olan nazirlik də bildirib ki, aylıq məvacibindən dövlət başçısı şəxsən özü imtina edib. O, eyni zamanda müxtəlif titullarını da rədd edir və “Zati-aliləri” kimi deyil, “Cənab Prezident” kimi tanınmağa üstünlük verir. Onun üçün titullar diktatura və sitayiş təsiri doğurur.
“Sadəcə mən buna (prezidentin maaşına) əhəmiyyət verməmişəm. İnsanların həyatını yaxşılaşdırmaq mənim üçün vacibdir. Maaş məsələsi problem deyil, çünki pul mənim motivasiyam deyildi”, - Hiçilema bildirib.
İstənilən halda üzülməyə dəyməz. O səbəbdən ki, prezident seçilməzdən əvvəl də, indi də o, Zambiyanın ən zəngin iş adamlarından biri hesab olunur. Onun xalis sərvəti əsasən aqrobiznes fəaliyyəti sayəsində 390 milyon ABŞ dollarına yaxındır. Var-dövləti seçkilər zamanı araşdırılıb, çünki siyasi opponentlər onun var-dövlətinin 1990-cı illərdə dövlət aktivlərinin mübahisəli özəlləşdirilməsi ilə əlaqəli olduğunu iddia edirdilər.
Qeyd edək ki, Hiçilema prezident və hökumət nazirlərinin maaşlarının artırılmasının əleyhinə də tez-tez çıxışlar edir. “Bu, yemək almağa çətinlik çəkən Zambiya xalqına qarşı təhqirdir. Mən öz maaşımı artırmaqdansa, insanlara pul verməyi üstün tuturam”, - o, keçən il tvitter hesabında yazıb.
Hiçilemanın bu qərarını bəziləri ölkə üçün çətin iqtisadi dövrdə humanist bir jest kimi qiymətləndirilə bilər, lakin o da həqiqətdir ki, bu, onu sələfindən tamamilə fərqləndirmir. Prezident öz maaşını millətinə bağışlayan yeganə lider deyil. 2016-cı ildə Lunqu ölkənin borcunun ödənilməsi öhdəliklərini yerinə yetirmək üçün tətbiq edilən hökumətin qənaət tədbirlərini dəstəkləmək üçün maaşı 50%, 2019-cu ildə isə 15-20% arasında azaldıb.
Seçildiyi gündən Hiçilema Zambiya prezidentinin Dövlət Evinin ərazisində yerləşən rəsmi iqamətgahı olan Nkwazi Evindən mil məsafədə, paytaxt Lusakanın təmtəraqlı yaşayış sahəsi olan Yeni Kasamadakı şəxsi iqamətgahında yaşayır.
Məlumat üçün bildirək ki, dünyada bir çox prezident maaş almaqdan imtina edir. ABŞ-ın 45-ci prezidenti Donald Trampın bir illik simvolik maaşı cəmi 1 dollar idi. O, maaşını mütəmadi olaraq hökumətdəki agentliklərə bağışlayırdı. Maaşdan imtina etmək ehtiyacı hiss edən başqa bir prezident isə 1789-cu ildə ABŞ prezidenti Corc Vaşinqton olub.
Korrupsiyaya qarşı sıfır “dözümlülük”
Zambiyalı iş adamı hakimiyyətə gələn kimi korrupsiya ilə mübarizə tədbirlərinin başlanmasına əmr verib. Yeri gəlmişkən, onun korrupsiya ilə bağlı yekun nitqi bütün dünyada gündəm olmuşdu.
src="/storage/files/upload/f227858f38af96b1b4f29b8645344a5ea7c3ea53.jpg" style="width: 691px; height: 518.25px;" class="fr-fic fr-dib">
“Korrupsiya nifrət etməli olduğumuz bir şeydir. Korrupsiya resursları ona ən çox ehtiyacı olanların əlindən alır: gənclər, xəstələr, qocalar. Ölkəmizdə bütövlüyü bərpa etməliyik. Bilməliyik ki, dövlət vəzifəsi həyatınızı yaxşılaşdırmaq üçün nəzərdə tutulmayıb. O, xalqa xidmətdir. Mən hadisələri qabaqlamaq istəmirəm, lakin bizim gördüklərimiz dəhşətlidir. Təəssüf ki, çoxlu ziyan var. Bilirik ki, borc bir çox hallarda həddindən artıq artıb, xüsusən də layihə ilə bağlı borc... Biz bu məsələlərə diqqətlə baxacaq və bu borcu aradan qaldırmaq üçün hansı imkanlarımız olduğunu görəcəyik” , - Zambiya prezidenti qeyd edib.
Zambiyanın yeni prezidenti BBC-yə verdiyi müsahibədə etiraf edib ki, “dəhşətli” pulların oğurlandığı aşkar edilib. Hiçilema əlavə edib ki, onun hökuməti korrupsiyaya qarşı “sıfır dözümlülük” nümayiş etdirəcək.
“Siz ictimai aktivləri qorumaq və böyütmək üçün hakimiyyətə gəlirsiniz, onları tükəndirməyə deyil. Hesab edirəm ki, bu mesajın Avropa İttifaqındakı həmkarlarıma, müttəfiqlərimə və dövlət qulluğunda olan insanlara çatdırılması vacibdir... Biz korrupsiya ilə mübarizədə bizə kömək edən institutlarla əlaqələrimizi gücləndirəcəyik.
Belə bir fikir var idi ki, güc tətbiq edirsənsə, o zaman hakimiyyətdə qalırsan. Biz bunun səhv olduğunu sübut etdik. Bir vaxtlar öz şəhərimə girə bilmirdim, o zaman belə bir sual vermişdim: “Niyə bu şəhərə girməyim? Bu şəhərə girmək üçün nə vaxtdan pasporta ehtiyacım var? Mən bu məsələləri izah etməyə davam etmək istəmirəm. Amma demək istəyirəm ki, bitdi. Beləliklə, ilk işimiz bunu təmizləməkdir ki, heç kimin icazəyə ehtiyacı yoxdur. Görüş keçirmək üçün heç kimə heç kimdən icazə lazım deyil... Keçdiyimiz ağrıları başqalarının yaşamasına icazə verməyəcəyik.
Biz aydın dəyərləri müdafiə edirik: konstitusionalizm, demokratiya və konstitusiyamıza uyğun olan demokratik məkan. Biz fundamental insan hüquqlarına, azadlıqlarına hörmətlə yanaşırıq. Artıq demokratiya övladı olduğumuza dair siqnal vermişik. Biz demokratiyanın məhsuluyuq... və hər şeyə rəğmən, seçildik. Düzünü desəm, biz demokratiyanın qəddar şəraitdə belə inkişaf etməli olduğuna dair gözəl nümunəyik”.
Bu məqalə Hiçilemanı qitədə ən yaxşı performans göstərən lider kimi tərifləmək və ya təsnif etmək məqsədi daşımır. Zambiya onun rəhbərliyi altında daha yaxşı inkişaf etdimi? Ola bilsin ki, ümumi performansı qiymətləndirmək hələ tezdir. Lakin onun rəhbərliyinin əsas prinsipləri və Zambiyanın şöhrət yoluna qaytarılması istiqamətində xidməti əvəzsizdir. Bir çox Afrika liderləri prezidentliyi xalqa xidmət kimi görmür və varlı həyat tərzlərini və həddindən artıq müavinətləri inkişaf etdirmək üçün dövlətlərin resurslarından istifadə etməkdən imtina etmir.
src="/storage/files/upload/fabc5056e5151730ef4d03ca6badb4efe1ba8979.jpg" style="width: 732px; height: 488px;" class="fr-fic fr-dib">
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..."
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?
-
Dünya13:30
Putindən ən yaxın dostuna sürpriz hədiyyə: Yük təyyarəsi ilə göndərdi - VİDEO
-
İqtisadi gündəm13:16
Dollarla bağlı SON MƏZƏNNƏ - İlk dəfə olaraq bu həddi ÖTDÜ