Bakıda həbs edilən musiqiçi ŞOK FAKTLARI AÇIQLADI - TƏFƏRRÜAT/FOTO
Bizi izləyin

Kriminal

Bakıda həbs edilən musiqiçi ŞOK FAKTLARI AÇIQLADI - TƏFƏRRÜAT/FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin həbsdə olan sabiq direktoru və bədii rəhbəri Lütfi Qədirovun məhkəməsi başa çatıb.

Publika.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə L.Qədirov 11 il azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə, iş üzrə təqsirləndirilən Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.

Lütfi Qədirov qarşı qaldırılan 355 minlik mülki iddia da təmin edilib, onun əmlakının müsadirəsinə qərar verilib.

Məhkəmədə çıxış edən L.Qədirov hemç vaxt heç kimdən rüşvət almadığını bildirib və istintaq prosesində müstəntiqlə razılaşmadığını bildirib. Orkestr rəhbəri qeyd edib ki, o, canlı şəxsdən pul almayıb və bu rüşvət sayıla bilməz. Publika.az Lütfi Qədirovun ifadəsini təqdim edir:

“1988-ci ildən Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri yaranan gündən həmin orkestrdə işə qəbul olunmuşam. 1991- ci ilin sentyabr ayından 1992-ci ilin may ayına qədər dirijor assisenti vəzifəsində işləmişəm, 1992-ci ilin may ayından oktyabr ayına qədər direktor vəzifəsini icra etmişəm. 1992-ci il 01 oktyabrda direktor vəzifəsinə təyin olunmuşam. 2013-cü ildə mənə həm də bədii rəhbər vəzifəsi həvalə olundu, hər iki vəzifəni birlikdə aparmışam. Hər iki vəzifəni tutulana qədər icra etmişəm. Vəzifədə işlədiyi dövrdə bir çox təltiflərə layiq görülmüşəm. Özümü Cinayət Məcəlləsinin 311-ci maddəsi ilə təqsirli bilmirəm və qeyd edim ki, heç kimdən rüşvət almamışam. Mən bankomatdan kart sahiblərinin razılığı əsasında pul çıxarmışam ki, bunu da rüşvət hesab etmirəm. Pulu canlı şəxsdən almamışam, bankomatdan pul çıxarmışam və bunu da razılıq etmişəm. İşçilər gəlib bir müddət işləyib daha sonra maaşının az olması ilə əlaqədar buraxılmalarını istəyirdi. Mən də işçilərlə razılaşmışdım işçinin adı işdə qalmaqla işə gəlməsin və əmək haqqı kartı məndə qalsın. İşçilərin təklifi ilə işçilərin əmək haqqı kartı məndə qalıb və müəyyən məbləği işçilərə vermişəm, qalan məbləği isə fonda qoymuşdum. Mən orkestr fondu yaratmışdım, bunu yaratmaqda məqsədim ancaq orkestrin tələbatını ödəmək idi. Binanı təmir etdirmişəm. 60 nəfər ştatda olan işçinin təxminən 18-20 nəfəri ilə həmin qaydada razılaşmışdım. Qalan işçilər davamlı işə gəlib gedirdilər. Mən şəxsən müstəntiq ilə razılaşmamışam. Çünki əməlimdə 311-ci maddənin tərkibi yoxdur. Razılaşmadığım üçun müstəntiq mənə yeni maddələrlə də ittiham verdi. İş üçün lazım olan ləvazimatları mən alırdım. Stol-stulun hamısını öz yaratdığım fond hesabından almışam. Dovlət mənə həmin məqsədlər üçün pul ayırmırdı, mənə yalnız işçilərin maaşını verirdilər. 28 il direktor olmuşam, bu zaman ərzində Mədəniyyət nazirliyindən heç vaxt konsertlər üçün pul ayrılmayıb. Ayda ən azı 10 konsert verməli idik. Konsertlərdən əldə olunan gəlir ilə idarəni saxlamalı idim. Əvvəllər konsertlər üçün idarələr zəng edirərək çox yerə dəvət edirdilər, vəziyyətimiz yaxşı idi. Keçid dövrü ilə əlaqədar vəziyyət ağırlaşmışdı, orkestrin fəaliyyəti dayanmaq üzrə idi. Ona görə bu yola əl atdım ki, işləməyənin pulunu alaraq işləyənlərə verib. Elə işçi olub ki, əvvəl işləyib sonra mənimlə razılaşıb gedib, elesi də olub gedib sonradan yenidən gəlib işləməyə. Çünki mən buraxdığım işçilərin hamısı ilə eyni cür danışmışdım. İşçi olub kartı özündə olub, özü pulu çıxarıb və götürüb pulu mənə verib. Mən bu orkestri gücləndirmişəm, xaricə aparmışam. 2 dəfə xaricdən təkliflər olub konsert üçün. Nazirliyə müraciət etdim, dedilər imkan yoxdur. Xarici səfərlərdə bizə yalnız yataqxana veriblər, qalan xərcəri özüm çəkmişəm. Dağıstana gedənda xahişlə avtobus da vermişəm. İşçiləri yığanda hətta onların taksi pulunu da vermişəm. İşçilərin çayı, cörəyi hamısı orkestrin hesabına olub. Bunların hamısını mən etmişəm. 09 mayda Moskvaya getmişəm. Çoxlu tədbirlərdə olmuşam, Azərbaycanı təmsil etmişəm. Orkestr üçün kostyumlar tikdirmişəm. Nazirlik yeganə olaraq maaş verib, axır 2 ayda stol, stul veriblər. Mən vəzifə səlahiyyətlərimi aşmışam, ancaq rüşvət almamışam. Dağıstana gedib gəlməyə 6000 -7000 azn xərc çıxıb. Bəzi musiqi alətlərini yaratdığım fonddan ayrılan pullarla almışam. Nəzakət xanımın bu işdə heç bir günahı olmayıb. Nəzakət xanıma bank kartlarından pul çıxarmaq üçün heç zaman pul verməmişəm. Bir neçə dəfə Nəzakət xanımdan bank kartlarından pul çıxarıb mənə gətirməsini xahiş etmişəm. İbtidai istintaqda verdiyim ifadəni müstəntiq başqa cür yazıb, ona görə də o həmin ifadəni imzalamamışam”.

Məhkəmədə təqsirləndirilən Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova bildirib ki, ona bütün göstərişləri Lütfi Qədirov verib, əgər tapşırıqları yerinə yetirməsəydi rəhbəri onu işdən çıxara bilərdi.

Qeyd edək ki, Lütfi Qədirov Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, Lütfi Qədirov 2010-2020-ci illərdə Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar tabeçiliyində olan əməkdaşlara ümumi himayədarlıq və laqeydlik müqabilində onlardan külli miqdarda rüşvət almasına dair kifayət qədər dəlillər aşkar edildiyindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqla Lütfi Qədirovun Orkestrin vəzifəli şəxsləri ilə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətə əsasən korrupsiya sxemlərindən istifadə etməklə, Orkestrdə müxtəlif vəzifələrdə fəaliyyət göstərən ayrı-ayrı şəxslərə 2017-ci ilin yanvar ayından 2020-ci ilin iyul ayınadək olan müddət ərzində işə gəlməyərək əmək funksiyalarını yerinə yetirməmələrinə baxmayaraq, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməyib xidmət illəri üzrə əmək stajının hesablanması müqabilində əməkdaşların hər biri üçün ayrılmış plastik kart hesablarına köçürülmüş əmək haqqının 85-90 faiz həcmini təşkil edən ümumilikdə 54 min manatdan artıq məbləğdə pul vəsaitini özü və qabaqcadan əlbir olduğu şəxslər üçün rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3-cü (qabaqcadan əlbir olaraq külli miqdarda təkrar rüşvət alma) maddəsi ilə ittiham elan olunub.

Lütfi Qədirovun cinayət işi üzrə məhkəmə araşdırması zamanı məlum olub ki, o ayrı-ayrı şəxslərin adına açılmış kartlara köçürülən vəsaiti şəxsi ehtiyaclarına xərcləyib. İşçilərinin bir neçəsi ilə razılaşıb ki, işə gəlməsinlər, amma əmək stajının yazılmasının qarşılığında əmək haqlarını özü alsın.

İbridai istintaqın gedişində L.Qədirov barəsindəki cinayət işi 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 311.3.1 (rüşvət alma-qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə) maddələrinə tövsif edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm