“Taliban” milyardları necə qazanıb? - ŞOK DETALLAR
Bizi izləyin

Digər

“Taliban” milyardları necə qazanıb? - ŞOK DETALLAR

Əfqanıstanda hakimiyyətə gələn “Taliban” ölkə iqtisadiyyatına da nəzarəti ələ aldı. Son onilliklər ərzində təşkilat təkcə tiryək və heroin ticarəti ilə deyil, həm də digər yollarla pul toplamağa başladı.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, “Taliban” nəzarət edilən ərazilərə vergi tətbiq edib, nəqliyyat şirkətlərindən və mobil operatorlardan xərac tələb edib, həmçinin Pakistan və Körfəz ölkələrindən pul alıb.

İldə 1,5 milyard dollardan çox pul toplanıb. Dövlət xəzinəsini doldurmaq üçün bu, kifayətdirmi?

Yalnız narkotik deyil

“Narkotik istehsalı və ya qaçaqmalçılığı olmayacaq. Əfqanıstan artıq tiryək becərilən bir ölkə deyil”, - “Taliban” sözçüsü Zabihullah Mücahid belə deyib. O bildirib ki, əlavə olaraq xarici yardımlar da lazım olacaq.

Belə vədlər dəfələrlə verilib. 2000-ci ildə beynəlxalq aləmdə tanınmaq istəyən islamçılar tiryək əkinini qadağan etdilər. Tarlalar məhv edildi və narkotik ticarəti kəskin şəkildə azaldı. Lakin ABŞ Əfqanıstanı işğal etdikdən və döyüşçülər hakimiyyəti itirəndən sonra tiryək, heroin və metamfetamin ticarəti yenidən çiçəkləndi.

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) Əfqanıstanı dünyanın ən böyük tiryək istehsalçısı olaraq sıralayır. Keçən il orada xaşxaş məhsulu istehsalı 37% artıb. Bu məhsulun əkildiyi torpaqların ümumi sahəsi 263 min hektardır - bu, mütləq rekorddur.

UNODC-nin hesablamalarına görə, narkotik biznesi “Taliban”a ildə 400 milyon dollar gəlir gətirir. Bu, uzun müddət onlar üçün əsas gəlir mənbəyi idi. Ancaq son illərdə vəziyyət dəyişdi - islamçılar iqtisadiyyatlarını şaxələndirdilər.

Bir çox fərqli gəlir

Hərəkatın liderlərindən biri, təşkilatın qurucusu Molla Ömərin oğlu Molla Məhəmməd Yaqub pul qazanmağın başqa yollarını axtarmağa çağırdı. Silahlılar məqsədli şəkildə mineral ehtiyatlarla zəngin bölgələri ələ keçirməyə başladılar.

Əfqanıstanda çoxlu minerallar var - mis, boksit, dəmir filizi, mərmər, litium, qızıl və s. Bütün bunların bir neçə trilyon dollar olduğu təxmin edilir. Bir çox təbii ehtiyat yataqları hələ də işlənməyib. Silahlıların əlinə keçənlər isə ildə 460 milyon dollardan çox gəlir gətirir. “The Financial Times” qəzetinin yazdığına görə, alıcılar əsasən Çin, Pakistan və BƏƏ-dən olan özəl şirkətlərdir.

BMT-nin may ayında yaydığı məlumata görə, “Taliban”ın illik gəliri 300 milyon - 1,6 milyard dollar arasında dəyişib. Təkcə keçən il 160 milyon dollar dəyərində vergi toplayıblar.

Əyalətləri ələ keçirən islamçılar yerli xəzinəni talan etdilər, silahları və zirehli maşınları mənimsədilər, eyni zamanda müəssisələrdən və əhalidən pul topladılar.

10% vergi və kommunal xərclər tətbiq etdilər (yalnız ildə 2 milyon dollar elektrikdən gəlir gəlirdi), malların tranziti üçün xərac tələb etdilər və istənilən gəlir gətirən bizneslə məşğul olmağa çalışırdılar. Ayrıca, yanacaq, siqaret, ərzaq, dərman və əsas ehtiyacların tədarükünə başladılar.

Əlavə olaraq, xaricdən də “Taliban”a kömək edilir. “BBC News”un əldə etdiyi məlumata görə, ildə təxminən 500 milyon dollar gəlir Körfəz ölkələrindən - Səudiyyə Ərəbistanı, BƏƏ və Qətərdən olan özəl sponsorlardan gəlir.

İlk çətinliklər

“ “Taliban” maliyyə imperiyası qurub, lakin onlar hökumətə başçılıq edəcəkləri vaxtdan hər şey sarsılacaq”, - Qərb mətbuatı bu cür proqnozlaşdırırdı. Belə də oldu. Əvvəllər yalnız iqtisadiyyatın boz sektorunda fəaliyyət göstərən islamçılar artıq ilk çətinliklərlə üzləşiblər.

“Bloomberg”in Kabildə fəaliyyət göstərən müxbirləri qeyd edirlər ki, yeni hökumətin vədlərinə inanmayan sakinlər əmanətlərini götürmək üçün banklara üz tuturlar. Bu, iqtisadiyyata ciddi zərbə vurub. Bankomatlarda nağd pul tükənir, qiymətlər kəllə-çarxa qalxır. Belə ki, un və yağ 30 faizdən çox bahalaşıb. Küçələr boşdur, əksər apteklər bağlıdır.

“Bank sistemi iflic vəziyyətə düşdü. Əfqanıstan idxaldan asılı bir ölkədir. 870 milyon dollarlıq ixracat və 8,6 milyard dollarlıq idxal edirlər. İndi “Taliban” xalqı qidalandırmalı, dövlət aparatını saxlamalıdır”, - Rusiya Şərq İnstitutunun tədqiqatçısı, Müasir Əfqanıstanın öyrənilməsi Mərkəzinin direktoru Ömər Nessar belə qeyd edib.

Hökumət xərclərinin 75 faizi adətən beynəlxalq yardım hesabına ödənilirdi. Kabil ildə 4 milyard dollardan çox gəlir əldə edirdi. Bundan sonra isə heç kim buna arxalana bilməz.

Ölkədən qaçan Əfqanıstan Mərkəzi Bankının rəhbəri Əcmal Əhmədinin sözlərinə görə, əvvəlki hakimiyyət orqanları tərəfindən toplanan vəsaitlərin çoxu respublika xaricindədir. 9 milyard dollarlıq valyuta ehtiyatlarından 7 milyardı ABŞ-da saxlanılır. Bayden administrasiyası bu aktivləri dondurmağa hazırlaşır.

Əfqanıstan inflyasiya, milli valyutanın dəyərdən düşməsi və yoxsulluğun artması ilə üzləşir. Yeni hökumət beynəlxalq birliyin tanınmasına nail olmasa, hər şeydən təcrid olunacaq. Ömər Nessar bölgə ölkələrinin tezliklə “Taliban”la dialoqa girəcəyinə inanır. Bu o deməkdir ki, rejimin yeni gəlir mənbələri ola bilər.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm