“Nitro Zevs” PLANI – ABŞ nəhəng ölkəni necə məhv etmək istəyirdi?
Bizi izləyin

Dünya

“Nitro Zevs” PLANI – ABŞ nəhəng ölkəni necə məhv etmək istəyirdi?

ABŞ-da nüvə proqramı üzrə İranla aparılan danışıqlar və mümkün hərbi münaqişənin uğursuzluğu halında ehtiyat plan var idi.

Publika.az “The New York Times” nəşrinə istinadən xəbər verir ki, Vaşinqton İrana genişmiqyaslı kiberhücumu planlaşdırırdı.

“Nitro Zevs” (Nitro Zeus) kod adlı plan Barak Obamanın prezidentliyinin ilk illərində hazırlanıb. 14 iyul 2015-ci il tarixində İran və “altılıq” arasında nüvə probleminin nizama salınması haqqında tarixi razılaşma imzalandıqdan sonra plan təxirə salınıb.

ABŞ-ın planı məşhur Amerika rejissoru, sənədli film istehsalçısı Aleks Qibninin “Sıfır günlər” sənədli filmi üzərində işi zamanı, həmçinin hərbi və kəşfiyyat idarələrinin əməkdaşları ilə müsahibələr zamanı ortaya çıxıb. Filmin ilk nümayişi bu gün Berlində keçirilən beynəlxalq kino festivalında baş tutacaq.

“Nitro Zevs” planı İranın hava hücumundan müdafiəsi sistemi və dövlətin energetika sisteminin mühüm hissələrinin sıradan çıxarılmasını nəzərdə tuturdu. İran ABŞ və onun Yaxın Şərq regionundakı müttəfiqlərinə qarşı çıxsaydı, “Nitro Zevs” tammiqyaslı müharibəyə alternativ olmalı idi. Mənbələrin məlumatına görə, planın hazırlamasında Müdafiə Nazirliyi və kəşfiyyat idarələrinin minlərlə əməkdaşı iştirak edib. Planın hazırlanması üçün milyonlarla dollar xərclənib.

Nəşr qeyd edir ki, ABŞ-da bütün potensial münaqişələr üçün planlar hazırlanıb: Koreya Xalq Demokratik Respublikasının Cənubi Koreyaya mümkün hücumu, Cənubi Asiyada nüvə silahının yaradılması, Afrika və Latın Amerikasında dövlət çevrilişləri. Bu planların əksəriyyəti hər il bir neçə dəfə yenilənir.

Məlumata görə, İsrailin İranın nüvə obyektlərinə zərbə endirməsi və mümkün hərbi əməliyyatlara ABŞ-ın da cəlb olunması ehtimalı Vaşinqtonu bu planı hazırlamağa vadar edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm