Amerika böyük olmağa tələsmir: Trampın vədi və reallıq
Bizi izləyin

Dünya

Amerika böyük olmağa tələsmir: Trampın vədi və reallıq

Seçkiqabağı vədlərə baxmayaraq iqtisadiyyatı inkişaf etdirmək hələ də mümkün olmur.

ABŞ prezidenti Donald Trampın seçkiqabağı vədlərinə baxmayaraq iqtisadiyyatı inkişaf etdirmək hələ də mümkün olmur.

Publika.az Gazeta.ru saytına istinadən xəbər verir ki, əksinə Birləşmiş Ştatların ümumi daxili məhsulun artım səviyyəsi üçillik minimuma qədər çöküb.

Tramp seçkilərdən əvvəl ABŞ iqtisadiyyatının 4 faiz artımla inkişaf etdirəcəyinə söz verib. Təsadüdi deyil ki, “Amerikanı yenidən böyük edək!” şüarı Trampın seçkiqabağı kampaniyasında əsas şüar olub.

Amma hələ ki, bu vədin reallaşdırılması son dərəcə ağlasığmaz görünür. 2017-ci ilin birinci rübündə ABŞ iqtisadiyyatında son üç ilin ən pis göstəriciləri qeydə alınıb, istehlak xərcləri kəskin azalıb. ABŞ-ın İqtisadi Analiz Bürosunun qiymətləndirmələrinə görə, ümumi daxili məhsul 2017-ci ilin birinci rübündə 0,7 faiz artıb. Bu 2014-cü ildən sonra ən pis rüblük göstəricidir. Analitiklərin proqnozu isə 1,2 faiz idi. 2016-cı ilin son rübündə isə 2,1 faiz artım qeydə alınmışdı.

Lakin, iqtisadçılar investisiya üçün yaxşı şərtlərə diqqət çəkərək yaxın gələcəkdə artımı gözləyirlər və qeyd edirlər ki, tələsik nəticələr çıxarmaq lazım deyil.

“Son illərdə birinci rübdə ümidləri boşa çıxaran və qalan üç rübdə sürətlənən ümumi daxili məhsulun artım tendensiyası müşahidə olunur. 2010-cu ildən başlayaraq birinci rüb ərzində orta hesabla artım göstəricisi 0,9 faiz, digər üç rübdə isə 2,4 faiz təşkil edir”, - “Capital Economics”in iqtisadçısı Pol Eşuort deyib.

ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Rezerv Sisteminin) nümayəndələri daha əvvəl bildiriblər ki, ümumi daxili məhsulun artım göstəriciləri qorxmağa əsas vermir.

2017-ci ilin birinci rübündə ümumi daxili məhsulun artım sürətinin ləngiməsi əsasən istehlak xərclərinin azalması ilə bağlıdır. Bu xərclərın artımı cəmi 0,3 faiz təşkil edib. “The Independent” nəşri qeyd edir ki, bu, son yeddi il ərzində ən aşağı göstəricidir. Analitiklər bunu qismən mülayim qışla izah edirlər. Havaların mülayim keçməsi qaz istilik sistemi və elektrik enerjisinə çəkilən xərclərin azalmasını gətirib çıxarıb.

Hökumətin hesabatına əsasən, ABŞ-da apreldə 211 min yeni iş yeri yaradılıb. Bu, təxminən keçən il ərzində qeydə alınan göstəricilərə bərabərdir. Bundan başqa, işsizlik ilin əvvəlindən 4,5 faizdən 4,4 faizə qədər azalıb və 2007-ci ildən bu yana minimal səviyyəyə enib. İşsizliyin səviyyəsi daha da aşağı düşərsə, bu halda göstərici 16 illik minimuma uyğun olacaq. Ekspertlər qeyd edirlər ki, əmək bazarının inkşafı həmçinin ümumi daxili məhsulun artımı haqqında narahatlığın qarşısını alır.

Daha bir əhəmiyyətli göstərici aprel ayında pərakəndə satışlar üzrə məlumatlardır. Gözlənilir ki, martda və fevral aylarında qeydə alınan göstəriçilər yeni iş yerlərinin açılmasından sonra artacaq. Bu gün ABŞ-da işləyənlərin sayı 2007-ci ildən bu yana istənilən dövrlə müqayisədə daha çoxdur. Əmək haqları artıb, evlərin satışı sabitdir və istehlakçıların etibarı yüksəkdir. “Marketwatch” qeyd edir ki, başqa sözlə, ev təsərrüfatlarında qənaət etməyin mənası yoxdur.

“Regions Financial”dan Riçard Mudi deyir ki, zəif istehlak xərcləri iqtisadiyyatın gücünə heç bir halda uyğun deyil. Bundan başqa, ekspertin sözlərinə görə, mart ayında satışların zəif olmasının əhəmiyyətli hissəsi müvəqqəti amillərlə bağlıdır.

Pərakəndə satışlardan başqa, inflyasiyanın barometrlərinə xüsusi diqqət yetirilir. 2016-cı il ərzində inflyasiya benzin və icarə haqlarının yüksəldilmiş qiymətlərinə görə əhəmiyyətli dərəcədə artıb. Bu ilin fevralında isə istehlak qiymətlərin göstəricisi beşillik maksimuma - 2,7 faizə çatıb. Bununla belə, hazırda inflyasiya əmək haqqının artması və icarə ödənişlərinin yavaş artması fonunda azalıb. Aprel ayında inflyasiyanın səviyyəsinin 2,2 faizə qədər azalacağı proqnozlaşdırılır.

Baxmayaraq ki, bütün bunlar ən yaxşı göstəricilər deyil, bu, ortamüddətli perspektivdə biznesmenlərin əlinə oynaya bilər.

“İqtisadi fəallığın azalması investisiyalara marağı azaldır. Baxmayaraq ki, bütün dünya qorxur. Amma bilirik ki, Amerika hər şeyin öhdəsindən gələcək. Biz iqtisadiyyatın sabitliyinə inanmalıyıq”, - “Berkshire Hathaway” şirkətinin rəhbəri Uorren Baffet şirkətin illik yığıncağında bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm